Məhkəmə qərarları › İş №e-2-2(3-6)-613/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-613/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-613/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması, borcun tutulması, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, cavabdeh X2 nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (istifadəyə verən) ilə Cavabdeh (istifadəçi) arasında ##.##.2024-cü il tarixdə 03-İS/24 saylı “Soyuducu kameranın istifadəyə verilməsi barədə” müqavilə bağlanmış, müqavilənin predmetini, istifadəyə verənin Şəmkir şəhərində yerləşən 1000 tonluq soyuducu kameranı hər ay 3750 (üç min yeddi yüz əlli) manat olmaqla, müvəqqəti istifadə üçün 4 (dörd) ay müddətinə istifadəçiyə verməsi (1.1-ci bənd) təşkil etmişdir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə ümumi istifadə haqqı 15 000 (on beş min) manat təşkil edir.

3. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, istifadəyə verən istifadəçi tərəfindən soyuducu kameranın təyinatı üzrə istifadə olunmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunmasına nəzarət edir.

4. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, istifadəçi istifadəyə verilən soyuducu kameranı təhvil alındığı vəziyyətdə saxlayır və istifadə normalarına əməl edir, təyinatı ürzə səmərəli istifadəsini, sazlanmasını, vaxtında texniki qulluqların aprılmasını həyata keçirir.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kənd təsərrüfatı istehsal vasitələrinin satışı şöbəsinin müdiri Rasim İsmayılov və Oktay Əliyev tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı ASC-nin balansında olan, Şəmkir şəhəri ərazisində quraşdırılmış 1000 ton tutumlu soyuducu kamera avadanlığı təyinatı üzrə Oktay Əliyevə təhvil verildi”.

6. Cavabdeh (icraçı) ilə X5, X4, İsmayıllı Məcnun Elşən oğlu (sifarişçi) arasında ##.##.2024-cü il tarixdə bağlanılan xidmət müqavilələrinin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçiyə malların soyuducu kamerada saxlanılması xidmətini göstərəcəkdir.

7. İddiaçı ASC-nin nümayəndələrinin və Cavabdeh iştirakı ilə tərtib olunmuş ##.##.2025ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “Soyuducu anbarda mövcud olan 8 kameranın 1 ədədi işləmədiyi üçün meyvə yığılmamışdır. Digər 7 kamerada ümumilikdə 40 800 ədəd yeşikdə xurma saxlanılır. Anbarın əməkdaşının bildirdiyinə görə kameralardan birində saxlanılan 3000 yeşik xurma lazım olan temperatur olmadığı üçün xarab olmuşdur və daha əvvəl 1500 yeşik qurutma məntəqəsinə göndərilmişdir. Monitorinq nəticəsində müəyyən olundu ki, 3000 yeşik xurma çillənmişdir və bəzi yeşiklərdə çürümə prosesi başlamışdır.”

8. İddiaçı ASC-nin nümayəndələri Cavabdeh ilə birlikdə ##.##.2025-ci il tarixdə monitorinq apardıqları zaman 8 kameradan ibarət olan soyuducu kamera avadanlığının 6 kamerasının işlək vəziyyətdə, digər 2 kamerada isə nasazlıq olduğunu müəyyən etmiş, bu barədə akt tərtib etmişlər.

9. Cavabdeh, X5, X4 və İsmayıllı Məcnun Elşən oğlunun imzaları ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli “Yararsız halda olan soyuducuda məhsulların yararsız hala düşməsi haqqında akt”da göstərilmişdir ki, “1 və * nömrəli kameraların nasaz olması səbəbindən vətəndaşlara məxsus ümumilikdə 4500 yeşiyədək xurma (49 500 kq) məhsulları yararsız hala düşmüşdür”.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2025-ci il tarixdə “Soyuducu kamera avadanlığının alqı-satqısı barədə” müqavilə bağlanmış, ##.##.2024cü il tarixli müqavilənin predmeti olan 1000 tonluq soyuducu kamera 100 000 manata Oktay Əliyevə satılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 11 250 manat əsas borcun, 682,50 manat cərimənin və 125,80 manat dövlət rüsumunun, yəni cəmi 12 058,30 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2024-cü il # ###### tarixli 03-İS/24 nömrəli müqaviləyə əsasən, Cəmiyyətə məxsus 1000 tonluq soyuducu kameralar cavabdehin müvəqqəti istifadəsinə verilmiş, müqavilə üzrə ümumi istifadə haqqı 15 000,00 (on beş min) manat müəyyən olunmuşdur. Sözügedən soyuducu kamera avadanlıqları 4 (dörd) ay müddətinə, hər ay 3750,00 (üç min yeddi yüz əlli) manat olmaqla cavabdehə müvəqqəti istifadəyə verilmişdir. Cavabdeh 3750,00 (üç min yeddi yüz əlli) manat ilkin ödəniş etmiş, hal-hazırda Cəmiyyətə müqavilə üzrə 11 250,00 (on bir min iki yüz əlli) manat borcu qalmışdır.

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi ünvanlamış, etirazında göstərmişdir ki, iddiaçı ilə ##.##.2009-cu il tarixdə bağladığı müqavilənin şərtlərinə əməl olunmamış, dəfələrlə iddiaçıya müraciətlər ünvanlasa da heç bir nəticə əldəedə bilməmiş, nəhayət razılaşma əsasında soyuducu kameranın çatışmayan avadanlıqlarının bir hissəsini öz vəsaiti hesabına alıb quraşdırmışdır. İddiaçının öz öhdəliyini, yəni soyuducu kameranı tam şəkildə quraşdırıb ona təhvil vermək vəzifəsini 2009-cu ildən hazırkı dövrədək icra etməməsi nəticəsində şəxsi torpağından faydalana bilməmişdir. 2024-cü ildə “yenidən müqavilə bağlamalısan” deyib obyekti möhürlədikləri üçün müqavilə bağlamış, gecikmiş də olsa işə başlamışdır. İşə başladığı ilk günlərdən məlum olmuşdur kameraların ikisi işləmir, lakiin iddiaçı kameraların təmiri üçün heç bir köməklik göstərməmişdir.

14. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətexniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması qərara alınmışdır.

15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyində aşağdakılar göstərilmişdir: “...Ekspertiza baxışına təqdim edilmiş 08 ədəd istifadədə olmuş soyuducu kameralardan biri olan * nömrəli soyuducu kamera elektrik cərəyanına qoşulduqdan sonra qısa müddət normal işləsə də, sonradan dayanmış və təxminən 30 dəqiqə gözlənilsə də, iş rejiminə keçmədiyi, qapının üzərində 2 nömrəsi qeyd olunmuş soyuducu kamera elektrik cərəyanına qoşulduqdan sonra ilkin mərhələdə təxminən 40 dəqiqə ərzində işə düşmədiyi, sonradan qısa müddət ərzində (təxminən 20 dəqiqə) normal işlədikdən sonra avtomatik dayandığı, qapılarının üzərində 3,4,5 və 8 nömrələri qeyd olunmuş soyuducu kameraların elektrik cərəyanına qoşulduqdan sonra nasazlıq göstərmədən normal işləməsi, qapılarının üzərində 6 və * nömrəli qeyd olunmuş soyuducu kameraları elektrik cərəyanına qoşulduqdan sonra ventilyator blokundan normadan kənar gurultulu səs qeydə alındığı müəyyən olunmuşdur”.

16. Məhkəmənin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, soyuducu kameralar cavabdehdə olduğu 4 ay müddətdə istifadəyə yararlı olmamış və bunun nəticəsində, soyuducu kameralardan təyinatı üzrə istifadə etmək mümkün olmamış, əksinə cavabdeh tərəfin müştərilərdən qəbul etmiş olduğu meyvələrin bir hissəsi soyuducunun işlək vəziyyətdə olmaması səbəbindən yararsız hala düşmüşdür. Bu səbəbdən də qeyd edilmiş müddət üçün iddiaçının istifadə haqqı (icarə haqqı) tələb etməsi üçün əsas mövcu deyildir.

18. Həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla həmçinin aşağıdakıları bildirmişdir: “Məhkəmə iddia tələbini rədd edərkən qətnamədə İddiaçı ASCnin nümayəndələrinin və Cavabdeh iştirakı ilə tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsaslanmış və Soyuducu anbarda mövcud olan 8 kameranın 1 ədədi işləmədiyi üçün meyvə yığılmadığı, digər 7 kamerada ümumilikdə 40 800 ədəd yeşikdə xurma saxlanılması, anbarın əməkdaşının bildirdiyinə görə kameralardan birində saxlanılan 3000 yeşik xurmanın lazım olan temperatur olmadığı üçün xarab olmasına əsaslanmışdır. Halbuki bir-birindən təcrid vəziyyətdə və ya ayrıca qapısı olan soyuducu kameralardan 1 ədədinin işləmədiyi halda digərlərində saxlanılan malların xarab olması sual yaradır. Digər tərəfdən xarab olmuş mallar barədə yalnız anbarın əməkdaşlarının şifahi məlumatlarına əsaslanılmış və ətraflı araşdırılmamışdır. Həmin avadanlıqların uzun illər yalnız cavabdeh tərəfindən istismar olunması və cavabdehin saxlancında qalması hallarına qiymət verilməmişdir. Halbuki həmin avadanlıqlar (əgər avadanlıqlar “yararsız”dırsa) cavabdehin müraciəti əsasında mövcud bazar dəyəri ilə ona satılmışdı. İddiaçı ASC-nin nümayəndələrinin Cavabdeh ilə birgə ##.##.2025-ci il tarixdə monitorinq zamanı 8 kameradan ibarət olan soyuducu kamera avadanlığının 6 kamerasının işlək vəziyyətdə olması, digər 2 kamerada isə nasazlıq olduğu müəyyən edilmiş, bu barədə akt tərtib edərək, öz imzaları ilə təsdiq etmişlər. Lakin məhkəmə işlək vəziyyətdə olan və ayrıca funksiyaya malik digər avadanlıqların fəaliyyəti barədə heç bir münasibət bildirilməmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş avadanlıqların qanunsuz istismar olunduğu müəyyən olunmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh və onun vəkili isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

25. Maddə 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır.

26. Maddə 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır.

27. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

28. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

29. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

30. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

31. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

32. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.

33. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğısatqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.

34. Maddə 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

35. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

36. Maddə 748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir.

37. Maddə 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

38. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

39. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.

40. Maddə 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir.

41. Maddə 748-1.11. Əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir.

42. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi

51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

52. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə "Soyuducu kameranın istifadəyə verilməsi barədə" adlandırılsa da, onların münasibətlərində lizinq elementləri də mövcuddur - bununla belə, hazırkı mübahisənin predmeti lizinq münasibətlərinin hüquqi təsnifatı deyil, müqavilə üzrə istifadə haqqının ödənilməsi öhdəliyidir. Ona görə də tərəflərin faktiki hüquq və vəzifələri ##.##.2024-cü il tarixli müqavilənin şərtləri əsasında qiymətləndirilməlidir.

53. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

54. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

55. Beləliklə, mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

56. İşin hallarından və cavabdehin özünün verdiyi izahatdan görünür ki, tərəflər arasındakı münasibətlər 2009-cu ildən başlamış, bu münasibət sonuncu dəfə ##.##.2024-cü il tarixli müqavilə ilə rəsmiləşdirilərək Şəmkir şəhərində yerləşən 1000 tonluq soyuducu kamera hər ay 3750 (üç min yeddi yüz əlli) manat ödəməsi şərtilə 4 (dörd) ay müddətinə cavabdehin istifadəsinə verilmiş, sonradan isə avadanlıq ona satılmışdır.

57. İddiaçı məhz ##.##.2024-cü il tarixli müqavilə üzrə qalıq borcun ödənilməsini tələb edir; cavabdeh isə soyuducu kameranın işlək vəziyyətdə olmadığını, bu səbəblə onun təmirinə, habelə əlavə avadanlıqların alınmasına xərclər çəkdiyini, obyektin qüsurlarına görə digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini irəli sürməklə iddia tələbinə etiraz edir.

58. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, müqavilə müddətində soyuducu kameralar istifadəyə yararsız olmuş, nəticədə cavabdeh onların təyinatı üzrə istifadəsindən məhrum qaldığından istifadə haqqının ödənilməsi üçün hüquqi əsas yaranmamışdır.

59. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır; belə ki, soyuducu kamera avadanlığı ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilərkən onun qüsurlu olmasına dair cavabdeh tərəfindən heç bir pretenziya irəli sürülməmiş, bununla belə sonradan 2 kamerada nasazlıq olduğu təsbit olunaraq bu hal iddiaçının əməkdaşlarının tərtib etdikləri aktda da öz əksini tapmış, birinci instansiya məhkəməsinin əldə etdiyi ekspert rəyi ilə də müəyyən olunmuşdur.

60. ## ###### 2025-ci il tarixli aktdan da görünür ki, monitorinq zamanı 8 kameradan yalnız birinin işləmədiyi, digər kameralarda isə ümumilikdə 40 800 yeşik xurma məhsulunun saxlanıldığı müəyyən edilmişdir. ## ###### 2025-ci il tarixli aktda isə artıq 8 kameradan 6-sının işlək vəziyyətdə olduğu, yalnız 2 kamerada nasazlığın mövcud olduğu göstərilmişdir.

61. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 1 və * nömrəli kameralarda nasazlıq mövcud olmuş, 3, 4, 5 və * nömrəli kameralar normal işləmiş, 6 və * nömrəli kameralarda isə yalnız ventilyator blokundan normadan kənar səs müşahidə edilmiş, onların işləmədiyi müəyyən edilməmişdir.

62. Göstərilən sübutlar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, müqavilə predmetini təşkil edən avadanlığın tamamilə istifadəyə yararsız olması deyil, yalnız müəyyən hissəsində nasazlıqların mövcud olması öz təsdiqini tapmışdır.

63. Digər tərəfdən, cavabdeh müqavilə bağlandıqdan sonra üçüncü şəxslərlə malların soyuducu kameralarda saxlanılmasına dair xidmət müqavilələri bağlamış, həmin müqavilələri faktiki icra etmiş və müqavilə predmetindən sahibkarlıq fəaliyyəti məqsədilə faydalanmışdır. Bu hal da müqavilə predmetindən ümumiyyətlə istifadə edilməməsi barədə nəticəni istisna edir.

64. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iki kameradakı nasazlığı bütün müqavilə predmetinin istifadəyə yararsız olması kimi qiymətləndirərək cavabdehin istifadə haqqının ödənilməsindən tamamilə azad edilməsi nəticəsinə gəlməklə səhvə yol vermişdir.

65. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarında da nasazlıqların yalnız iddiaçının təqsiri nəticəsində yarandığını təsdiq edən mötəbər sübut mövcud deyildir. Əksinə, müqavilənin 2.2.3-cü bəndi ilə cavabdehin üzərinə avadanlığın sazlanmasını və vaxtında texniki qulluqların aparılmasını təmin etmək öhdəliyi qoyulmuşdur və cavabdehin həmin öhdəliyi lazımi qaydada yerinə yetirməsi, nasazlıqların qarşısının alınması və ya aradan qaldırılması üçün hansı tədbirləri gördüyü iş materialları ilə təsdiq edilmir.

66. Bu şəraitdə nasazlıqların mövcudluğu faktının özü cavabdehin istifadə haqqının ödənilməsi öhdəliyindən tam azad edilməsi üçün kifayət etmir.

67. Mülki qanunvericiliyin müqavilə öhdəliklərinin lazımi qaydada icrası, öhdəliklərin vicdanla yerinə yetirilməsi və qarşılıqlı ifa prinsiplərindən irəli gələn tələblərinə əsasən, istifadə üçün verilmiş əmlakın müəyyən hissəsinin istifadəyə yararsız olması istifadə haqqının tamamilə aradan qalxmasına deyil, istifadə imkanının məhdudlaşdığı hissəyə uyğun şəkildə müəyyən edilməsinə əsas verə bilər.

68. Hazırkı iş üzrə müəyyən edilən odur ki, müqavilə predmetini təşkil edən 8 kameradan 6-sı istifadəyə yararlı olmuş, bu səbəblə cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş istifadədən tam deyil, əsas etibarilə 6/8 hissəsində faydalanmışdır. Belə olan halda müqavilə üzrə müəyyən edilmiş 15 000 manat istifadə haqqının 75 faizi, yəni 11 250 manat məbləğində istifadə haqqının hesablanması hüquqi əsaslara uyğun hesab edilə bilməz, çünki həmin məbləğ bütün 8 kameraya görə nəzərdə tutulmuş istifadə haqqının istifadə edilməyən hissəsini də əhatə edir.

69. İstifadə haqqı müqavilə predmetinin faktiki istifadəyə yararlı hissəsinə mütənasib müəyyən edilməli olduğundan, cavabdehin öhdəliyi 15 000 manatın 75 faizi, yəni 11 250 manat təşkil etmiş, cavabdeh isə həmin məbləğin 3750 manatını ödəmişdir.

70. Buna görə də cavabdehin ödənilməmiş əsas borcu 7500 manat təşkil edir və həmin məbləğ ondan iddiaçının xeyrinə tutulmalıdır.

71. Əsas öhdəliyin qismən təmin edilməsi nəzərə alınaraq, müqavilə ilə müəyyən edilmiş dəbbə pulu da təmin edilmiş əsas borca mütənasib qaydada hesablanmalı, cavabdehdən 100 manat dəbbə pulunun tutulması məqsədəmüvafiq hesab edilməlidir.

72. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.

73. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumlarının 120 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır; ekspertiza tədqiqatının dəyəri isə tərəflərdən mütənasib qaydada alınıb müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh 7500 manat əsas borc, 100 manat cərimə borcu, 120 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 7720 (yeddi min yeddi yüz iyirmi) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı Cavabdeh, 40 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar