Məhkəmə qərarları › İş №e-2-2(3-6)-628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-628/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-628/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi tərəfinizdən iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməməsi əsası ilə geri qaytarılıbdır. Məhkəmə iddia ərizəsini geri qaytararkən tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə istinad etmiş və iddiaçının müqavilədə nəzərdə tutulmuş 30 iş günü müddətini gözləmədiyini əsas gətirmişdir. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr ilk növbədə qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilməlidir. Həmin bənddə göstərilir ki, mübahisə 30 iş günü ərzində həll olunmadıqda və ya danışıqlar yolu ilə həll mümkün olmadıqda məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, tərəflər mübahisənin məhkəməyə çıxarılması üçün iki alternativ əsas müəyyən etmişlər və bu əsaslardan hər hansı birinin mövcudluğu məhkəməyə müraciət etmək üçün kifayətdir. Müqavilədə məhkəmədənkənar həll üsulu kimi yalnız danışıqlar mexanizmi nəzərdə tutulmuş, hər hansı məcburi pretenziya proseduru müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, tərəflər üçün əsas olan formal müddətin gözlənilməsi deyil, mübahisənin real olaraq danışıqlar yolu ilə həll edilməsinə cəhd göstərilməsidir. Hazırkı iş üzrə tərəflər arasında mübahisə yarandığı andan etibarən pretenziya göndərilməzdən əvvəl də danışıqlar aparılmış, pretenziya göndərildikdən sonra da həmin danışıqlar davam etdirilmiş, eləcə də hazırda tərəflər arasında mübahisənin barışıq yolu ilə həlli məqsədilə danışıqlar aparılmaqdadır. Lakin bütün bu cəhdlərə baxmayaraq, mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmamış və tərəflər arasında razılıq əldə edilməmişdir. Bu hal müqavilədə nəzərdə tutulmuş “danışıqlar yolu ilə həllin mümkün olmaması” şərtinin faktiki olaraq baş verdiyini və iddiaçının məhkəməyə müraciət etmək hüququnun yarandığını bir daha təsdiq edir. Bununla yanaşı, iddiaçı tərəfindən əlavə olaraq ##.##.2026-cı il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, mübahisənin yenidən məhkəmədən kənar həlli üçün əlavə imkan yaradılmışdır. Müqavilədə belə bir tələb nəzərdə tutulmasa da, iddiaçı tərəfindən bu addım atılmış, lakin buna baxmayaraq, mübahisə həll edilməmişdir. Belə olan halda iddiaçının ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etməsi müqavilənin tələblərinə tam uyğun olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinin tələblərinə əməl edilməmişdir. İlk öncə, qeyd olunmalıdır ki, 9-cu bəndin yarımbəndləri ayrılıqda deyil, tam şəkildə təfsir olunmalıdır. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fıkir ayrılıqları qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll edilir; 9.2-ci bəndində deyilir ki, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar və barışdırma ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Beləliklə, həmin bənddən göründüyü kimi, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar və barışdırma ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisə məhkəmə qaydasında həll edilir. Elektron qaydada göndərilmiş sənədlərdən görünür ki, müqavilə ilə müəyyən olunan həmin qaydaya riayət olunmamışdır. Belə ki, pretenziya məktubu ##.##.2026-cı il tarixdə cavabdehə göndərilmiş, ##.##.2026-cı il tarixdə isə iddia ərizəsi elektron imza ilə imzalanaraq məhkəməyə göndərilmişdir. Beləliklə, iddiaçı mübahisənin pretenziya qaydasında nizama salınmasına dair müqavilədə göstərilmiş 30 günlük (iş günü) müddəti gözləməyərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədəməlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar