Məhkəmə qərarları › İş №e-2-2(3-6)-673/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-673/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-673/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(**-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli ***/** nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 3278,11 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 492 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2022- ci tarixli ***/** nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdeh tərəfindən göndərilmiş avtomobillərə texniki servis xidmətləri göstərməyi və ehtiyat hissələri təqdim etməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə və ehtiyat hissələrinə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür İddiaçı tərəfindən aşağıdakı xidmətlər göstərilmiş və ehtiyat hissələri təqdim edilmişdir: ##.##.2022-ci il tarixdə borcluya məxsus “Hyundai” markalı (BAN: KMFGA17HPLC343259), model HD-78, qeydiyyat nömrəsi **-JZ-*** olan avtomobilə ƏDV daxil 3278,11 manat məbləğində xidmət göstərilmiş və kreditor tərəfindən ##.##.2023-cü il tarixli elektron qaimə borcluya göndərilmişdir. Qeyd edilən elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmiş, lakin cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri olan ümumilikdə ƏDV daxil 3278,11 manat borcunu bu günədək ödəməmişdir. Yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və müraciətlər edilmiş, rəsmi pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

4. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 445.1-ci və s. maddələri göstərilmişdir.

5. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Təxminən 2022-ci ilin noyabr ayında iddiaçının servis mərkəzinə müraciət olunmuş və maşına baxış keçirilərək texniki nasazlığın nasosla bağlı olduğu bildirilmişdir. Təxminən dekabr ayının sonlarına yaxın servisə yaxınlaşılanda maşının hazır olduğu bildirilmişdir. Maşın servis mərkəzindən götürüldükdən sonra işləməmiş, yenidən servisə aparılmış, sonradan servis mərkəzində maşında olan texniki nasazlıq aradan qaldırıla bilmədiyindən maşın başqa servisə aparılmış və həmin servisdə texniki nasazlıq aradan qaldırılmışdır. Bütün bunlara baxmayaraq, texniki nasazlığı aradan qaldıra bilmədikləri halda, iddiaçı əsassız olaraq elektron qaimə göndərərək ödəniş aparılmasını tələb etmişdir. Ödənişlə bağlı göndərilən elektron qaimələr qanunsuz və əsassız olduğundan onlar geri qaytarılmışdır. Belə ki, nəqliyyat vasitəsinin 2 dəfə xeyli müddətdə iddiaçıda servisdə qalmasına baxmayaraq, texniki nasazlıq aradan qaldırılmamışdır. Bundan başqa, yük avtomobilinin servisdə qəbul edilərək texniki müayinə edilməsi, nasazlıqların nədən ibarət olması, texniki nasazlığın aradan qaldırılması müddəti və avtomobilin saz vəziyyətdə sahibinə qaytarılması barədə tərəflərin razılaşması əsasında hər hansı təhvil-təslim aktı və ya razılaşma olmamışdır. İddiaçının guya göstərdiyi texniki xidmət və ehtiyat hissələri ilə bağlı sonradan birtərəfli qaydada tərtib etdikləri, lakin cavabdehin hər hansı razılıq və imzası olmayan sənədlərlə iddianın qaldırılması tamamilə əsassızdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(**-**)-**/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

8. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(**-**)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan ##.##.2022-ci il tarixli ***/** nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin 3.3.3-cü bəndinə əsasən müqavilə üzrə “İcraçının” razılığı olduğu təqdirdə, xidmət haqqının müəyyən hissəsinin və ya hamısının ödənilməsinə xidmət yerinə yetirildikdən sonra 30 iş günü möhlət verilə bilər. Belə ki, ##.##.2022-ci il tarixdə cavabdehin mülkiyyətində olan “Hyundai” markalı (BAN:KMFGA17HPLC343259), model HD-78, qeydiyyat nömrəsi **-JZ- *** olan avtomobilə servis iş kartı açılmış və tərəflər arasındakı əvvəlki işgüzar adətlərdən formalaşmış qaydalara əsasən ##.##.2023-cü il tarixdə xidmətlərin dəyərinin ödənilməsi üçün elektron qaimə-faktura göndərilmişdir. Lakin həmin elektron qaimə-faktura cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün geri qaytarılmışdır. Halbuki, borclunun kreditor qarşısında hər hansı öhdəliyi olmadığı təqdirdə elektron qaimə-faktura ləğv olunmalı, düzəliş üçün geri qaytarılmamalıdır. Bu hal işin faktiki sübütları kimi məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə qiymətləndirilməmişdir. İddiaçı və cavabdeh arasındakı mülki münasibətləri tənzimləyən müqavilə bağlanmış və eyni zamanda tərəflər arasında əvvəlki dövrlərdən formalaşmış işgüzar adətlər mövcud olmuşdur

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, həmin elektron qaimə ##.##.2023-cü il tarixdə “əməliyyat baş tutmayıb” qeydi ilə, ##.##.2023-cü il tarixdə “əməliyyat təsdiqlənməyib” qeydi ilə, ##.##.2023-cü il tarixdə “əməliyyat səhvi” qeydi ilə, ##.##.2023-cü il tarixdə “səhv vurulub” qeydi ilə, ##.##.2023-cü il tarixdə “qaimə yanlış verilib” qeydi ilə, ##.##.2023-cü il tarixdə “qaimə yanlışdır” qeydi ilə cavabdeh tərəfindən iddiaçıya düzəlişə qaytarılmışdır. Həmin qaimə Cavabdeh MMC tərəfindən mübahisələndirilmişdir. Belə ki, poçt rabitəsi vasitəsilə cavabdeh iddiaçıya ##.##.2023-cü il tarixdə məktub ünvanlayaraq, ##.##.2023-cü il tarixli EBCO 623051 seriya və nömrəli elektron qaimənin əsassız olduğunu, bu səbəbdən təkrarən ləğvə qaytarıldığını bildirmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştriak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi(vəkili) cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli ***/** nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı əlavəsində göstərilən avtomobillərə texniki xidməti və təmir işlərini göstərməyi, cavabdeh isə xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin xidmətlərin göstərilməsi və ödənişlə bağlı şərtlərinə əsasən avtomobil təmir olunduqdan sonra tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və akt ilə birlikdə avtomobil verilir, əgər xidmət haqqı 500 manatdan çox olarsa, bu məbləğin 50 faizi miqdarında avans ödənilir, xidmət tam yerinə yetirildikdən sonra xidmət haqqının dəqiq məbləği müəyyən edilərək qalıq hissəsi ödənilir, əgər xidmət haqqı 500 manatdan çox olmazsa, xidmətin yerinə yetirilməsindən sonra hüquqi şəxs olan sifarişçi 3 iş günü ərzində xidmət haqqını tam olaraq ödəyir.

28. iddiaçı ##.##.2023-cü il tarixli EBCO 623051 seriya və nömrəli elektron qaimə üzrə 3278,11 manat məbləğində pulun tutulması tələbinin əsasını təşkil edir.

29. Kollegiya qeyd edir ki, elektron qaimə ##.##.2023-cü il tarixdə “əməliyyat baş tutmayıb” qeydi ilə, ##.##.2023-cü il tarixdə “əməliyyat təsdiqlənməyib” qeydi ilə, ##.##.2023-cü il tarixdə “əməliyyat səhvi” qeydi ilə, ##.##.2023-cü il tarixdə “səhv vurulub” qeydi ilə, ##.##.2023-cü il tarixdə “qaimə yanlış verilib” qeydi ilə, ##.##.2023-cü il tarixdə “qaimə yanlışdır” qeydi ilə cavabdeh tərəfindən iddiaçıya düzəlişə qaytarılmışdır.

30. Həmçinin poçt rabitəsi vasitəsilə cavabdeh iddiaçıya ##.##.2023-cü il tarixdə məktub ünvanlayaraq, ##.##.2023-cü il tarixli EBCO 623051 seriya və nömrəli elektron qaimənin əsassız olduğunu, bu səbəbdən təkrarən ləğvə qaytarıldığını bildirmişdir. Eyni zamanda tərəflər arasında ödənildiyi təsdiq olunan elektron qaimələr ya sistem tərəfindən, ya da cavabdeh tərəfindən birbaşa təsdiq edilmişdir.

31. Həmçinin müqavilənin 2.7-ci bəndi ilə xidmətlərin təhvil-təslim aktı ilə qəbul edilməsi nəzərdə tutulmuşdur.

32. Beləliklə, məhkəmə qeyd edir ki, müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla ##.##.2023-cü il tarixli EBCO 623051 seriya və nömrəli elektron qaimə üzrə xidmətin cavabdehə təqdim edildiyi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı 3278,11 manat məbləğində pulun tutulması hisssində öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

33. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

34. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(**-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar