Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-693/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilə öhdəliyi, subyektiv hüquq, icarə haqqının tutulması) hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. İddiaçı (“icarəyəverən”) ilə Cavabdeh (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli ***** nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən 40000 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir; 1.2-ci bəndinə əsasən torpaq sahəsi sahibkarlıq obyektinin layihələndirilməsi üçün verilir. Qeyd olunan istifadə məqsədləri yekundur və tərəflərin razılığı ilə dəyişdirilə bilər; 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: Torpaq sahəsinin illik icarə haqqı 42.000,0 manat; aylıq icarə 3.500 manat; Icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ01451700000000001944 VÖEN: **********, S.W.İ.F.T. BIK: NABZAZ 2C) ödənməlidir; 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti ##.##.2025-ci il tarixdən ##.##.2027-ci il tarixədək müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə ##.##.2026-cı il tarixə 48800,54 manat manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq sonuncunun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ01451700000000001944 VÖEN: **********, S.W.İ.F.T. BIK: NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 40000 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə ##.##.2025-ci il tarixli ***** nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ##.##.2026-cı il tarixinə ödənilməli olan 48800,54 manat icarə haqqı borcu mövcuddur. Icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahlar verdi və təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, məhkəmə iclaslarının yeri və vaxtı barədə mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Əvvəla, göstərilməlidir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hazırkı işin hallarında görünür ki, ## ###### 2025-ci il tarixli ***** nömrəli torpaq icarəsi müqaviləsi üzrə 40000 kv.m torpaq sahəsi sahibkarlıq obyektinin layihələndirilməsi məqsədilə cavabdehin icarəsinə verilmiş, torpaq sahəsində hər hansı tikilinin mövcudluğu öz təsdiqini tapmamışdır. Iddiaçı dövlətə məxsus torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət etmək hüququna yalnız hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə münasibətdə malik olduğundan, hazırkı iş üzrə cavabdeh fiziki şəxsin icarəsinə verilmiş torpaq sahəsinin üzərində tikililərin yerləşməsi sübut olunmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malik olmadığından iddia ərizəsi təmin edilməməlidir.
8. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli *** nömrəli Fərmanının 2.5-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9, 4.0.27-ci yarımbəndlərinə istinad etmişdir.
9. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın tam olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər üzərində qeyri-yaşayış obyekti yerləşən 91.575 kv.m vahid daşınmaz əmlak kompleksinin tərkib hissəsi olmuş, “xxxx” MMC-yə icarəyə verilmişdir. Sonradan MMC-nin direktorunun razılığı ilə həmin sahədən ayrılaraq X4 icarəyə verilmişdir. Daha sonra Tağıyeva Natiqə də cavabdehlə “icarə hüququnun bağışlama müqaviləsi” bağlayıb. Bundan əlavə, iddiaçı hesab etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti həm qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə, həm də tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzrə icarə haqqının dövlət büdcəsinə daxil edilməsini təmin etmək və bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Birinci instansiya məhkəməsinin işin faktiki hallarını tam araşdırmayıb.
Apellyasiya şikayətinə qarşı etiraz
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
11. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Maddə 710.3. Icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
“Torpaq icarəsi haqqında”Azərbaycan RespublIkasının Qanunu:
23. Maddə 14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
24. Maddə 19. Icarəyəverənin hüquqları aşağıdakılardır: icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək; icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını mübahisənin faktiki hallarına uyğun təfsir etməmiş və nəticədə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı barədə səhv nəticəyə gəlmişdir.
34. Iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli ***** nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə bağlanmış və ünvan 1 ünvanında yerləşən 40.000 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir.
35. Tərəflər arasında bağlanmış həmin müqavilə ilə cavabdehin torpaq sahəsindən istifadə hüququ ilə yanaşı, icarə haqqını müqavilədə müəyyən edilmiş qaydada və müddətdə ödəmək vəzifəsi də yaranmışdır. Müqavilənin 3.1-ci bəndində icarə haqqı və onun ödənilməsi qaydaları müəyyən edilmiş, 3.2-ci bəndində isə ödənilməli olan icarə haqqının müvafiq hesaba ödənilməsi nəzərdə tutulmuşdur.
36. Iş materiallarından müqavilənin ləğv edilməsi, etibarsız hesab olunması və ya başqa əsasla qüvvədən düşməsi müəyyən edilmir. Beləliklə, tərəflər arasında müqavilədən irəli gələn icarə hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlərin davam etməsi işin mübahisəsiz halıdır.
37. Mülki Məcəllənin 385.1, 389.1 və 700.1-ci maddələrinin mənasına görə, müqavilədən irəli gələn öhdəliyin icrasını tələb etmək hüququ müqavilə üzrə kreditora məxsusdur, icarəçi isə müəyyən edilmiş icarə haqqını ödəməyə borcludur.
38. Bu baxımdan, iddiaçının cavabdehdən icarə haqqını tələb etmək hüququ “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan daxilolmalara nəzarət səlahiyyətindən deyil, bilavasitə tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Birinci instansiya məhkəməsi isə nəzarət səlahiyyəti ilə müqavilədən irəli gələn tələb hüququnu eyniləşdirməklə səhv hüquqi nəticəyə gəlmişdir.
39. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci abzasına görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
40. Həmin Qanunun 19-cu maddəsinə görə icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aiddir.
41. Kollegiya qeyd edir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin sonuncu abzasında qeyd olunan “nəzarət” sözü icarə müqavilələri üzrə icarəyəverənin hüquqlarının Dövlət Vergi Xidmətinə keçməsi və icarə haqlarının icarəçi tərəfindən ödənilməsinin tələb etməsi ilə bağlı hüquqların yaranması anlamına gəlmir.
42. Çünki torpaq icarə müqaviləsi Mülki Məcəllənin 386.1 və 389.1-ci maddələri baxımından öhdəlikləri əmələ gətirən və mülki hüquq və vəzifələri müəyyənləşdirən müqavilədir.
43. İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında ## ###### 2025-cü il tarixli ***** saylı müqavilənin 2.1-ci bəndinə görə icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aiddir.
44. Eyni zamanda həmin müqavilədə icarə haqqının ödənilməsi ilə bağlı fərqi qaydalar müəyyən edilməmişdir.
45. Kollegiya onu da qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
46. Qeyd olunan maddi hüquq normaları və icarə müqaviləsinin şərtlərindən müəyyən olunur ki, torpaq icarəsi müqaviləsi üzrə icarə haqqı icarəçi tərəfindən icarəyəverənə ödənilməli və yalnız sonuncu onun ödənilməsini tələb etmək hüququna malikdir.
47. Mübahisəli torpaq sahəsində cavabdehə məxsus tikilinin yerləşib-yerləşməməsi də hazırkı mübahisə üzrə həlledici əhəmiyyət daşımır. Çünki mübahisənin predmetini qüvvədə olan müqavilə üzrə icarə haqqının ödənilməsi təşkil edir.
48. Iş materiallarından müəyyən olunur ki, cavabdehin ## ###### 2025-ci il tarixli, ***** nömrəli icarə müqaviləsi üzrə ## ##### 2026-cı il tarixinə 48.800,54 manat məbləğində icarə haqqı borcu yaranmış, həmin borcun ödənilməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq öhdəlik icra edilməmişdir. Cavabdeh tərəfindən isə borcun tam və ya qismən ödənilməsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.
49. Mülki Məcəllənin 442-ci maddəsinin mənasına görə öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi ilə ifadə olunur. Cavabdehin müqavilə ilə müəyyən edilmiş müddətdə icarə haqqını ödəməməsi onun müqavilə öhdəliyini icra etməməsi kimi qiymətləndirilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
51. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün 236,40 manat, apellyasiya şikayətinin verilməsi üçün 118,20 manat ödənilməli dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınsın. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” na dair iddia tələbi təmin edilsin. ## ###### 2025-ci il tarixli, ***** nömrəli icarə müqaviləsi üzrə Cavabdeh 48.800,54 (qırx səkkiz min səkkiz yüz manat əlli dörd qəpik) manat İddiaçı xeyrinə tutularaq sonuncunun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ01451700000000001944 VÖEN: **********, S.W.İ.F.T. BIK: NABZAZ 2C) köçürülsün. Iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi qismində 354,60 (üç yüz əlli dörd manat altmış qəpik) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.