Məhkəmə qərarları › İş №e-2-2(3-6)-725/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-725/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-725/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şabanova Lyudmila Borisovnaya qarşı “icarə müqaviləsi üzrə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: icarə müqaviləsi, öhdəliyin pozulması, icarə haqqı) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi İsmayılov Elvin Bəybala oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şabanova Lyudmila Borisovnaya qarşı “icarə müqaviləsi üzrə borc tələbinə dair” Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Lyudmila Shabanova arasında bağlanmış ##.##.2024-cü il tarixli, İC/113 nömrəli icarə müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcarəyə verən” 008011002118-06301- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 E.Məhərrəmli ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan qeyriyaşayış sahəsinin 90 kv.m hissəsini (icarə obyektini) "İcarəçi"nin istifadəsinə verməyi, İcarəçi isə bu sahədən istifadə edərək, icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.1-ci bənində əsasən İcarənin məqsədi: Gözəllik salonu Müqavilənin 2.2-ci bəndinə əsasən İcarə obyektinin təyinatı: Qeyri-yaşayış sahəsi. Müqavilənin 2.3-cü bəndinə əsasən İcarə obyektinin mülkiyyət sənədləri: 008011002118-06301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarış. Müqavilənin 2.4-cü bəndinə əsasən İcarə obyektinin vəziyyəti: Təmirli.

4. Müqavilənin 2.6-cı bəndinə əsasən icarənin müddəti: 01 (bir) il.

5. Müqavilənin 2.7-ci bəndinə əsasən icarə haqqı məbləği: 1350 manat + 18% ƏDV.

6. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilənin 2.7-ci bəndi ilə müəyyən olunan icarə haqqı məbləği hər ayın sonuncu günü, bu mümkün olmadıqda həmin gündən ən geci 3 gün ərzində İcarəyə verənin bank hesabına bank köçürməsi yolu ilə ödəniləcəkdir.

7. ## ##### 2024-cü il tarixli ödəniş tapşırığına əsasən Lyudmila Shabanova tərəfindən təyinatı “icarə haqqı fevral,mart” göstərməklə 2986 manat LPO İddiaçı ASC-nin hesabına ödəniş edilmişdir.

8. ## ###### 2024-cü il tarxili ödəniş tapşırığına əsasən X1 tərəfindən təyinatı “may, iyun ayları üçün icarə haqqı” göstərməklə 2938 manat LPO İddiaçı ASC-nin hesabına ödəniş edilib.

9. İddiaçının əməkdaşları ilə cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli “##.##.2024-cü il tarixli İC/113 nömrəli icarə müqaviləsi üzrə icarə obyektinin təhvil-təslim aktına tərəflər təsdiq ediblər ki, ## ####### 2024-cü il tarixli **-*/*-L-*-****/**** nömrəli Pretenziya məktubuna əsasən ünvan 1 E.Məhərrəmli ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin 90 kv.m hissəsi Şabanova Lyudmiladan təhvil alındı. Bu təhvil-təslim aktının imzalandığı tarixdə ##.##.2024-cü il tarixli İÇ/113 nömrəli icarə müqaviləsi üzrə Şabanova Lyudmilanın icarə haqqı borcu ƏDV daxil 9.758,00 (doqquz min yeddi yüz əlli səkkiz) manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, İÇ/113 saylı icarə müqaviləsi üzrə cavabdeh Lyudmila Şabanovadan 14.337 (on dörd min üç yüz otuz yeddi) manat borcun və ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC (bundan sonra İcarəyə verən) ilə Şabanova Lyudmila (bundan sonra İcarəçi) arasında "daşınmaz əmlakın icarəsinə dair" ##.##.2024-cü il tarixli, İÇ/113 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İcarəyə verən mülkiyyətində olan (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2019-cu il qeydiyyat tarixinli, ********** qeydiyyat nömrəli, 008011002118-06301- ****** reyestr nömrəli çıxarışa əsasən) ünvan 3 A, E. Məhərrəmli ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 90 m² hissəsini İcarəçiyə istifadəyə verməyi, İcarəçi isə bu sahədən istifadə edərək hər ayın ikisindən gec olmayaraq 1350 (bir min üç yüz əlli) manat + 18% ƏDV məbləğində icarə haqqını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.İcarəçi öz üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, icarə müqaviləsinin 4.1.2-ci bəndinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, İcarəçi 10 (on) ay müddətində icarə obyektindən istifadə etməyinə, yüksək miqdarda gəlir əldə etməyinə baxmayaraq icarə haqqını və ondan istifadə ilə bağlı obyektin mülkiyyətçisinə - İcarəyə verənə heç bir ödəniş etməmişdir. İcarə haqqı borcunun ödənilməsi ilə bağlı İcarəçi ilə çoxsaylı danışıqlar aparıldıqdan sonra sonuncu ödəniş tapşırıqları təqdim edərək 10 (on) aylıq icarə haqqı borcundan 4 (dörd) ay (2024-cü ilin fevral, mart, aprel, may ayları) üçün olan hissəni ödədiyini iddia etmişdir. ##.##.2024-cü il tarixində İcarəçiyə pretenziya məktubu göndərilərək icarə obyektini təhvil verməsi və icarə haqqı borcunun tam şəkildə ödənilməsi tələb edilmişdir. Pretenziya ünvanlanan zaman İcarəçinin 4 (dörd) aylıq ödənişlə bağlı təqdim etdiyi ödəniş tapşırıqları nəzərə alındığına görə pretenziyada icarə haqqı borcunun məbləği 9.758 (doqquz min yeddi yüz əlli səkkiz) manat olaraq göstərilmişdir. Lakin daha sonra tərəfimizdən aparılan araşdırmalara əsasən İcarəçinin təqdim etdiyi ödəniş tapşırıqları üzrə İcarəyə verənin bank hesabına heç bir ödəniş daxil olmadığı aşkar edilmişdir.Nəticə etibarı ilə ##.##.2024-cü il tarixində icarə obyekti İcarəçidən təhvil alınsa da, hazırda İcarəçinin İcarəyə verən qarşısında əlavə dəyər vergisi ilə birlikdə nağd 14.337 (on dörd min üç yüz otuz yeddi) manat borc öhdəliyi mövcuddur. Məsələnin məhkəmədənkənar qaydada danışıqlar yolu ilə həll edilməsi üçün İcarəçi ilə danışıqlar aparılmağa cəhd göstərilmiş, hətta borcun hissəli şəkildə edilməsi belə təklif edilmişdir. Lakin İcarəçi hər bir halda icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İcarəçi - Şabanova Lyudmila genişmiqyaslı gözəllik salonları şəbəkəsinin rəhbəridir. Onun ləğv prosesində olan Bankın əmlakından əvəzsiz istifadə etməsi ilk öncə Bankın kreditorlarının maraqlarına zidd olmaqla qanunvericiliyin və icarə müqaviləsinin tələblərinin pozulmasıdır.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, ##.##.2024-cü il tarixli, İÇ/113 saylı icarə müqaviləsi üzrə cavabdeh Lyudmila Şabanovadan 11399 manat borcun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Şabanova Lyudmila arasında daşınmaz əmlakın icarəsinə dair ##.##.2024-cü il tarixli, İC/113 saylı İcarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 1350 + 18% ƏDV olmaqla müəyyən edilmişdir. İcarəçi 9 ay müddətində icarə obyektindən istifadə etmiş və nəticədə 14.337 manat borcu yaranmışdır. İcarə haqqı ödənilmədiyindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ##.##.2024-cü il tarixli, İC/113 saylı İcarə müqaviləsi üzrə işə məhkəmədə baxılarkən 2938 manat ödəniş olunduğu üçün iddia tələbinin azaldılmasına zərurəti yaranmışdır.

9. Cavabdehin nümayəndəsi-vəkili iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki, Şabanova Lyudmila Rusiya Federasiyası vətəndaşıdır, Azərbaycanda təhsil almamışdır və Azərbaycan dilini (xüsusən də rəsmi-hüquqi dili) sənədlərin məzmununu anlayacaq səviyyədə bilmir. Doğrudur ki, Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Lakin "Dövlət dili haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər. Hazırki mübahisə ilə bağlı da, qeyd edilməlidir ki, tərəflərdən biri müqavilənin yazıldığı dili bilmirsə, müqavilənin mahiyyətini anlaması üçün tərcüməçi xidmətindən istifadə etməsi mütləqdir. Əks halda, şəxsin iradə ifadəsi şübhə altına düşür. Bütün bunlara baxmayaraq qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə və hazırda sübut qismində istifadə edilən həmin sahənin təhvil verilməsinə dair ##.##.2024-cü il tarixli təhvil-təslim aktı imzalanarkən tərcüməçi xidməti təmin edilməmiş, sənədlərin şərtləri iddiaçının bildiyi dildə ona izah olunmamışdır. Buradan belə nəticəyə gəlmək olar ki, əsas məqsəd müqavilədə yazılanlarla reallıqda olanların uyğunsuzluğunu müqavilə tərəfi olan Lyudmila Şabanova müəyyən edə bilməsin. Belə ki, imzalanmış sənədlərdə qeyd olunan şərtlər reallığı əks etdirmir, xüsusən də icarəyə verilən sahənin ölçüsü və icarə haqqının hesablanması qaydası cavabdehə yanlış təqdim olunmuşdur. Belə ki, şifahi olaraq Lyudmila Şabanovaya bildirilmişdir ki, ona Jalə Plazada yerləşən və sahəsi 90 kv.m olan qeyri yaşayış sahəsi icarəyə verilir və hər plazada olduğu kimi icarə haqqı kv.m üçün hesablanacaq. Aralarında olan razılaşmaya görə kv.m-nə görə 15 manat olmaqla, ümumilikdə 90 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinə görə icarə haqqı 1350 manat olacaqdır. İcarə haqqına ƏDV-nin də əlavə edilməsi barədə ona heçnə deyilməmiş, müqavilədə yazılanları isə iddiaçı dili bilmədiyinə görə anlamamışdır. Sonradan cavabdeh icarəyə verilən qeyri-yaşayış sahəsinin real ölçülərinin 74 kv.m olduğunu müəyyən etdikdən sonra, qeyri-yaşayış sahəsini İcarədara təhvil vermişdir. Lakin cavabdeh tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq İcarədar qeyri-yaşayış sahəsinin təhvilini rəsmiləşdirməyi gecikdirirdi. Bunu da işlərin çoxluğu ilə izah etmiş və obyektin Plazada yerləşməsi səbəbindən cavabdehin obyektin boşaldılmasına əmin olduqlarını və hər hansı bir problem olmadığını qeyd etmişdir. AR Mülki Məcəlləsinin 347-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər, yəni etibarsız hesab edilə bilər. Həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişsə və ya tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildirsə bu vacib əhəmiyyətli yanılma hallarıdır. İddiaçının imzaladığı sənədlərin tərtib olunduğu dili bilməməsi onun sənədin hüquqi mahiyyəti barədə yanlış təsəvvürə malik olmasına və hüquqi nəticələrinin dərk edilə bilməməsinə səbəb olmuşdur. Sənədlər imzalanarkən iddiaçı tərəfindən tərcüməçinin iştirakının təmin edilməməsi L.Şabanovanın real iradəsinin müqavilə mətnində əks olunmadığını sübut edir. Buradan görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh olan peşəkar tərəf (Bank/Ləğvedici) real sahənin və icarə haqqının fərqli olduğunu bildiyi halda, iddiaçının dili bilməməsindən istifadə edərək saxta göstəricilər olan sənədi ona imzalatmışdır. Bundan əlavə AR MM-nin 425-ci maddəsinə görə, tərəflər birbirinin mənafelərinə hörmət etməli və lazımi məlumatları verməlidirlər. Cavabdeh tərəfindən xarici vətəndaşa başa düşmədiyi dildə, real sahədən fərqli ölçülər göstərilən sənədlərin imzalatdırılması aşkar sui-istifadə və vicdanlılıq prinsipinin kobud şəkildə pozulmasıdır.

10. Cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək Ləğv prosesində olan "xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış ##.##.2024-cü il tarixli, İC/113 saylı icarə müqaviləsinin və həmin müqavilə üzrə tərtib edilmiş ##.##.2024-cü il tarixli təhvil-təslim aktınin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-*****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ## #### 2022-ci il tarixli, **/**** nömrəli Qərardadına istinad edilərək Lyudmila Shabanova tərəfindən verilmiş “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşlıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-2(113)-10169/2025 qətnaməsi ilə (hakim Günay Namazova) iddianın təmin edilməsi, cavabdeh Lyudmila Shabanovadan 11399 manat icarə haqqı borcu və dövlət rüsumunun əvəzi olaraq 124 manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə qədər icarə münasibətləri mövcüd olmuşdur (icarə münasibətlərinin daha tez bitməsinə dair cavabdeh tərəfindən hər-hansı mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim edilməmişdir, əksinə cavabdeh şəxsən ##.##.2024-cü il tarixli akt imzalayaraq (aktda olan imza cavabdeh tərəfindən mübahisələndirilməmişdir) həmin tarixdə obyektin geri təhvil verilməsini təsdiq etmişdir). Həmin dövr üzrə hesablanan icarə haqqının cəmi məbləği 14331 manat (1350+18% ƏDV x 9 ay =14331 manat) təşkil etmiş, həmin məbləğdən 2938 manat (edilən ödənişin məbləğini də (daha çox olması) cavabdeh mübahisələndirməmiş) ödəniş edilmişdir, 11393 manat isə ödənilməmiş icarə haqqı borcu qalmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti etiraz ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdehin dili bilməməsindən istifadə edərək dəfələrlə ondan fərqli məbləğlərdə pul istəmiş, ona anlamadığı sənədlərə başqa adlarla imza etdirməyə nail olmuşdur. Belə ki, ##.##.2024-cü il tarixli təhvil-təslim aktını cavabdehə təqdim edərək imzalamasını tələb etmişlər və aktda yazılanları oxuyub anlaya bilmədiyinə görə, guya cavabdehin 9758 manat borcu olduğunu yazmışlar. Təqdim edilmiş vergi bəyənnamələrindən müəyyən olunur ki, 2024-cü ilin aprel ayına qədər icarə obyektində cavabdehin fəaliyyəti olduğuna görə ona müvafiq vergi hesablansa da, 2024-cü ilin aprel ayından etibarən cavabdehin icarə obyektində hər hansı bir fəaliyyəti olmadığına görə vergi hesablanmamışdır. Bundan əlavə cavabdehin həmin dövr üçün işçiləri tərəfindən təqdim edilmiş aktdan da görünür ki, 2024-cü ilin aprel ayında icarə obyekti faktiki təhvil verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. ...

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. ...

Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər ... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

Maddə 385.Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.

Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Lyudmila Şabanova arasında ##.##.2024-cü il tarixli İC/113 saylı daşınmaz əmlakın icarəsi müqaviləsi bağlanmış, həmin müqavilə ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 90 kv.m hissəsi gözəllik salonu kimi istifadə olunmaq üçün cavabdehə verilmiş, aylıq icarə haqqı 1.350 manat və 18 faiz ƏDV məbləğində müəyyən edilmişdir. Müqavilədə icarənin müddəti ##.##.2024-cü ildən ##.##.2025-ci ilədək müəyyən edilmişdir.

26. İddiaçı əvvəlcə cavabdehdən 14.337 manat icarə haqqı borcunun tutulmasını tələb etmiş, işə baxılarkən 2.938 manat məbləğində ödənişin həyata keçirildiyini nəzərə alaraq tələbini 11.399 manatadək azaltmışdır.

27. Apellyasiya şikayətində cavabdeh əsasən müqavilənin Azərbaycan dilində tərtib olunmasına baxmayaraq həmin dili bilmədiyini, müqavilə və təhvil-təslim aktı imzalanarkən tərcüməçi ilə təmin edilmədiyini, buna görə onun həqiqi iradəsinin müqavilədə əks olunmadığını, nağd qaydada etdiyi ödənişlərin nəzərə alınmadığını, vergi bəyannamələri və keçmiş işçilərinin tərtib etdikləri aktın icarə obyektinin 2024-cü ilin aprel ayında faktiki olaraq təhvil verildiyini təsdiq etdiyini, birinci instansiya məhkəməsinin isə həmin sübutları lazımi qaydada qiymətləndirmədiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası müqavilənin dilinə və tərcüməçinin iştirak etməməsinə dair dəlilini əsaslı hesab etmir.

29. Apellyasiya şikayətində Mülki Məcəllənin 337-ci maddəsinə və “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə istinad edilməklə müqavilə bağlanarkən tərcüməçinin iştirak etməməsinin cavabdehin iradə ifadəsini şübhə altına aldığı göstərilmişdir.

30. Kollegiya qeyd edir ki, dövlət dilini bilməyən şəxsin tərcüməçidən istifadə etmək hüququnun mövcudluğu, özlüyündə həmin şəxsin bağladığı hər bir əqdin etibarlılığı üçün tərcüməçinin məcburi iştirakını nəzərdə tutmur. Təkcə müqavilənin cavabdehin bilmədiyini bildirdiyi dildə tərtib olunması və müqavilənin bağlanmasında tərcüməçinin iştirak etməməsi həmin əqdin etibarsızlığı barədə nəticəyə gəlmək üçün kifayət deyildir.

31. Əksinə, müqavilənin cavabdeh tərəfindən imzalanması ilə yanaşı, tərəflərin sonrakı davranışları müqavilə münasibətlərinin faktiki olaraq icra edildiyini göstərir. Cavabdeh özü də obyektdən istifadə etməsini və icarə münasibətlərinin mövcudluğunu inkar etmir, əksinə, müəyyən ödənişlər etdiyini və sonradan obyekti qaytarmaq istədiyini bildirir. Bu hallar müqavilənin mövcudluğunun və onun icrasına başlanmasının cavabdeh tərəfindən qəbul edildiyini göstərən əsas hallardan biridir.

32. Bundan başqa, iş materiallarından cavabdehin müqavilənin bağlanması zamanı onun məzmununun başqa cür təqdim edilməsi, aldadılması və ya məcbur edilməsi barədə mötəbər sübut müəyyən edilmir.

33. Belə olan təqdirdə müqavilə bağlanarkən yalnız tərcüməçinin iştirak etməməsinə istinad olunması müqavilədən yaranmış icarə haqqının ödənilməsi öhdəliyini aradan qaldırmır.

34. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələbi ilə nağd qaydada ödənişlər etdiyini, lakin həmin ödənişlərin borcun müəyyən edilməsində nəzərə alınmadığını bildirir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişin həyata keçirilməsi öhdəliyin tam və ya qismən icra edilməsini təsdiq edən hüquqi faktdır və həmin fakta istinad edən tərəf onu mötəbər sübutlarla təsdiq etməlidir.

36. Hazırkı halda cavabdeh iddia etdiyi nağd ödənişlərin məbləğini, tarixini və ödənişi qəbul etmiş şəxs barədə mötəbər yazılı sübut təqdim etməmişdir.

37. Eyni zamanda iddiaçının işə baxılması zamanı müəyyən edilmiş 2.938 manat ödənişi nəzərə alaraq tələbini 14.337 manatdan 11.399 manatadək azaltması həmin ödənişin artıq mübahisəli borcun hesablanmasında nəzərə alındığını göstərir.

38. Apellyasiya şikayətinin digər bir dəlili də ondan ibarətdir ki, cavabdeh 2024-cü ilin aprel ayından etibarən icarə obyektindən istifadə etməmiş və həmin tarixdən obyekti iddiaçıya qaytarmışdır.

39. Cavabdeh bu mövqeyini əsaslandırmaq üçün vergi bəyannamələrinə və keçmiş işçilərinin tərtib etdikləri akta istinad edir.

40. Məhkəmə kollegiyası həmin sübutların icarə obyektinin məhz 2024-cü ilin aprel ayında icarəyə verənə qaytarıldığını təsdiq etmək üçün yetərli olmadığı qənaətinə gəlir.

41. Belə ki, vergi bəyannamələrində müəyyən dövrdən sonra sahibkarlıq fəaliyyəti və ya vergi öhdəliyinin əks olunmaması mübahisəli daşınmaz əmlakın həmin tarixdə mülkiyyətçiyə faktiki qaytarılması ilə eyni məna kəsb etmir. İcarəçinin obyektdə sahibkarlıq fəaliyyətini dayandırması ilə icarə obyektinin icarəyə verənə qaytarılması müxtəlif hüquqi faktlardır.

42. Odur ki, cavabdehin obyektdə sahibkarlıq fəaliyyətini dayandırması özlüyündə icarə haqqını ödəmək öhdəliyindən azad etmir.

43. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi 2026-cı il tarixli aktı (i.v. 87) da digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək qeyd edir ki, həmin sənəd icarəyə verənlə icarəçi arasında obyektin qaytarılmasını rəsmiləşdirən ikitərəfli təhvil-təslim sənədi deyildir.

44. Aktda əvvəllər həmin obyektdə çalışan şəxslər tərəfindən obyektin istifadəsi, sonrakı dövrdə başqa sahəyə keçilməsi və müəyyən müddətdən sonra işdən ayrılmaları barədə məlumatlar göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi həmin aktın tərtib olunmasında iştirak etməmişdir.

45. Aktda adları qeyd olunmuş şəxslərin icarə müqaviləsinin tərəfi olmaması, icarəyə verən adından obyektin təhvilini qəbul etmək səlahiyyətlərinin müəyyən edilməməsi nəzərə alınmaqla, onların ifadə etdikləri məlumatlar cavabdehin icarə obyektini konkret tarixdə müqavilə üzrə icarəyə verənə qaytarması faktını özlüyündə təsdiq etmir.

46. Bunun əksinə cavabdeh ## ####### 2024-cü il tarixli aktı imzalayaraq həmin tarixdə obyektin geri təhvil verildiyini təsdiq etmişdir.

47. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin ## ###### 2024-cü il tarixdən ## ####### 2024-cü il tarixinədək cavabdehin faktiki istifadəsində olması öz təsdiqini tapır.

48. Apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, cavabdeh ##.##.2024-cü il tarixli təhvil-təslim aktında (i.v.29) 9.758 manat borcun göstərildiyini və iddiaçının sonradan həmin məbləğdən fərqli borc tələb etməsinin əsaslandırılmadığını bildirir.

49. Bu dəlilə münasibətdə nəzərə alınmalıdır ki, iddia ərizəsində həmin fərqin yaranma səbəbi ayrıca göstərilmişdir. İddiaçı izah etmişdir ki, ##.##.2024-cü il tarixli pretenziya göndərilərkən cavabdehin dörd aylıq ödənişə dair təqdim etdiyi ödəniş tapşırıqları nəzərə alındığından borc 9.758 manat göstərilmiş, sonrakı araşdırma zamanı həmin ödəniş tapşırıqları üzrə bank hesabına vəsait daxil olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, işə məhkəmədə baxılarkən 2.938 manat məbləğində faktiki ödəniş nəzərə alınmış və iddia tələbi müvafiq olaraq azaldılmışdır.

50. İcarəyə verilmiş obyektin sahəsinin müqavilədə nəzərdə tutulandan az olmasına münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən dəlilləri təsdiq edən hər-hansı sübut (icarə obyekti təhvil alınarkən sahənin ölçüsünə hər-hansı etirazın edilməsi, sahənin az olmasına görə icarə obyektindən imtina edilməsi və müqaviləyə xitam verilməsi və ya icarə haqqının sahəyə mütənasib olaraq azaldılması barədə icarəyə verənə müraciət edilməsi və s.) təqdim edilməmişdir.

51. Əksinə, cavabdeh tərəfin verdiyi izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, icarə müqaviləsi bəyənilmiş, icarə obyektindən istifadə edilmiş, hətta iki aylıq müddət üçün ödənişlər edilmişdir.

52. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icarə münaibətləri dövrü üzrə hesablanan icarə haqqının cəmi məbləği 14331 manat (1350+18% ƏDV x 9 ay =14331 manat) təşkil etmiş, həmin məbləğdən 2938 manat (edilən ödənişin məbləğini də (daha çox olması) cavabdeh mübahisələndirməmiş) ödəniş edilmişdir, 11399 manat isə ödənilməmiş icarə haqqı borcu qalmışdır.

53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

54. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Şabanova Lyudmila Borisovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar