Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-750/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (açar sözlər: pul tələbi, icarə müqaviləsi) Hakim Elşən Uğur oğlu Abdullayevin sərdliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi (Yeni qaydalarla: AZ1117, ünvan 1) ünvanında yerləşən 0,7290 ha-dan ibarət torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir və onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 1124136708) alınmaqla bu barədə Çıxarış verilmişdir.
2. Tərəflər arasında ##.##.2024-cü il tarixli, ** saylı icarə müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, İcarəyə verən ona məxsus aşağıda göstərilən qeyri-yaşayış anbar sahəsini (bundan sonra “Sahə” adlandırılacaq) İcarəçiyə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən sahənin yerləşdiyi ünvan: Binəqədi qəs., DSK yeni yaşayış massivi ünvanında 75.0 sot torpaq sahəsində yerləşən “Anbar” binası. İcarəyə verilən sahə: (kv/m) 1000 kv/m.
4. Müqavilənin 2.1-2.4-cü bəndlərinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. Müqavilə 12 ay (on iki) müddətinə bağlanmışdır. İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi Sahə bu Müqavilənin şərtlərinə uyğun olaraq İcarəçinin tam istifadəsinə keçir. Müqavilənin bağlanma və bitmə tarixi: ## ###### 2024 - ## ###### 2025.
5. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən aylıq icarə haqqı 1500 manat (bir min beş yüz) Azərbaycan manatı təşkil edir. İcarə haqqı hər aya görə cari ayın 01-05 tarixi aralığında qabaqcadan İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülür.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2025-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə 12.000 manat, icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0,1 % dəyərində, yəni 1.620 manat cərimə, 6.000 manat məbləğində ziyan, cəmi 19.620 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı sonradan iddianı dəqiqləşdirilməklə hazırkı iş üzrə yekun məhkəmə qətnaməsinin icra olunduğu günədək hər ay icarə haqqı olaraq 3000 manat və icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0,1 % dəyərində cərimənin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ünvan 1 ünvanda yerləşən 1000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi olan “Anbar” binasının icarəyə verilməsi barədə cavabdehlə ## ###### 2024-cü il tarixli, ** saylı İcarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1500 manat təşkil edir və 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 01-05 tarixi aralığında qabaqcadan İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülməlidir. Lakin cavabdeh 2025-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr və dekabr aylarına görə 12.000 manat məbləğində icarə haqqını müxtəlif bəhanələrlə ödəməkdən boyun qaıçırır. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən icarə haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilən icarə haqqının 0,1 % dəyərində, yəni 1.620 cərimə İcarəçi tərəfindən ödənilməlidir. O, cavabdehə pretenziya qaydasında müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bundan başqa cavabdehə məxsus əmlaklar “Anbar” sahəsində yerləşdiyinə görə həmin “Anbar” sahəsini 01.09. 2025-ci ildən 3.000 manata razılaşdığı şəxsə icarəyə verə bilmir. Bununla da, cavabdeh mənə sentyabr, oktyabr, noyabr və dekabır aylarına görə hər aya 1.500 manat, cəmi 6.000 manat ziyan vurmuşdur.
9. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının tələbləri tamamilə əsassızdır, faktiki halları təhrif edir, qanunsuz varlanmağa və cavabdehə məxsus külli miqdarda dəyəri olan əmlakı qanunsuz olaraq girov saxlamağa (mənimsəməyə) yönəlmişdir. İddiaçı müqavilədə icarə haqqının guya 1500 manat olduğunu göstərsə də, reallıqda tərəflər arasında aylıq icarə haqqı 4500 manat məbləğində şifahi olaraq razılaşdırılmışdır və ödənişlər əlbəəl icra edilmişdir. Cavabdehin əvvəlki rəhbəri vəfat etdikdən sonra yeni rəhbərlik icarəyə götürülən əmlakdan faktiki olaraq 5 ay istifadə etməməsinə baxmayaraq, vicdanlı davranış nümayiş etdirərək iddiaçıya hər ay üçün 4500 manat ödəniş etmişdir. Sonuncu ay icarədar obyektin boşaldılacağını iddiaçıya əvvəlcədən bildirmişdir. Obyektdən cəmi 10 gün gec çıxılacağına görə əlavə 1000 manat ödəniş ediləcəyi vəd edilmiş, iddiaçı buna etiraz etməmiş, əksinə, obyekti tez boşaltmaları üçün heç bir əlavə ödəniş tələb etmədən malların yandakı əraziyə (obyektə) yığılmasını özü təklif etmişdir. Tərəflər bu barədə qarşılıqlı razılığa gəlmişdir. İddiaçı 19.620 manatlıq qondarma bir tələb irəli sürərək, obyektdə qalan və dəyəri yüz minlərlə manat təşkil edən şirkətə məxsus malları (əmlakı) qanunsuz olaraq girov saxlayır, obyektdən çıxarılmasına fiziki maneə törədir. İddiaçı qeyd edir ki, cavabdehə məxsus əmlaklar anbarda yerləşdiyinə görə o, obyekti başqasına icarəyə verə bilmir və buna görə 6.000 manat zərər çəkmişdir. Bu iddia absurd və məntiqsizdir. Malların hazırda anbarda qalmasının yeganə səbəbi iddiaçının özünün qanunsuz olaraq malları onlara qaytarmaqdan imtina etməsi və onları qapalı saxlamasıdır. İddiaçı öz qanunsuz əməlləri ilə (malları buraxmamaqla) özü-özünə yaratdığı vəziyyətdən sui-istifadə edərək onlardan zərər tələb edə bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı icarə obyektinin 1500 manata, yoxsa 4500 manata icarəyə verilməsi ilə bağlı iddiasının faktiki əsaslarını göstərə bilməmiş, icarə haqqının 4500 manat ödənildiyi bildirsə də, tələbini 1500 manat icarə haqqının ödənilməsi ilə əsaslandırmış, bu halda isə cavabdehin hansı aylar üzrə icarə haqqını ödəməsi, hansı aylar üzrə isə ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır.
12. Digər iddia tələblərinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, onlar icarə haqqının ödənilməsindən doğan tələblər olduğundan, icarə haqqının ödənilməsi isə təmin edilmədiyindən digər tələblər də təmin edilməməlidir.
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, iddianın dəlillərini və iş materiallarını araşdıraraq iddianın qismən əsassız hesab etsədə, nəyin əsaslı, nəyin əsassız olmasını göstərməmiş, cavabdeh tərəfindən icarə haqqının 2025-ci ilin may ayından ödəməsi barədə subut təqdim etməsədə, ünvan 1 ünvanda yerləşən 1000 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi olan “Anbar” binasının icarəyə verilməsi barədə Cavabdeh MMC ilə ## ###### 2024-cü il tarixli, ** saylı İcarə Müqaviləsinin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1500 Azərbaycan manatı təşkil edir və 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 01-05 tarixi aralığında qabaqcadan İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülməsi göstərilsədə, cavabdehlə aralarında bağlanmış müqavilədə icarə haqqınının ödənilməsi qaydası müəyyən edilməməsi və hər hansı forma və qaydada rəsmiləşdirilməməsi qənaətinə gələrək işi tam və hərtərəfli araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakının olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu ... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. ...
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5 Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ...
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ## ###### 2024-cü il tarixli ** nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus qeyri-yaşayış sahəsini (anbar) icarəçiyə icarəyə vermiş, icarəçi isə bunun müqabilində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2 və 1.3-cü bəndlərində icarə obyektinin 75 sot torpaq sahəsində yerləşən “Anbar” binası olduğu, icarəyə verilən sahənin isə 1000 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndində həmin obyektə görə aylıq icarə haqqı 1.500 manat müəyyən olunmuşdur.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında cavabdehə məxsus avadanlıqların 2025-ci ilin may ayında anbardan çıxarılaraq onun razılığı ilə özünə məxsus anbarın yanındakı torpaq sahəsinə yerləşdirildiyini, buna görə də cavabdehin aylıq 4500 manat ödəməli olduğunu bildirmişdir.
26. Kollegiya hesab edir ki, iddiaçının bu izahatı ilə cavabdehə məxsus avadanlıqların müqavilənin predmeti olan anbar sahəsində yerləşmədiyi, həmin əmlakların anbardan çıxarılaraq ayrıca torpaq sahəsində yerləşdirildiyi müəyyən olunur.
27. Halbuki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, icarə predmeti torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən 1000 kv.m sahəsi olan anbar binası olmuşdur.
28. Belə olduğu təqdirdə cavabdehin əmlakının sonradan iddiaçıya məxsus torpaq sahəsində qalması ## ###### 2024-cü il tarixli ** nömrəli icarə müqaviləsi üzrə anbarın icarəsinin davam etməsi kimi qiymətləndirilə bilməz.
29. Mülki Məcəllənin 700.1-ci maddəsinin mənasına görə icarə haqqının ödənilməsi icarə predmetindən istifadə hüququnun verilməsinin qarşılığıdır. Buna görə konkret müqavilədən irəli gələn icarə haqqının tələb edilməsi üçün tələb olunan dövrdə məhz həmin müqavilənin predmetindən istifadə edilməsinin hüquqi əsası mövcud olmalıdır.
30. Hazırkı halda isə iddiaçı müqavilənin predmeti olmayan torpaq sahəsində yerləşdirilmiş əmlaka görə icarə haqqının ödənilməsini tələb edir. Halbuki sözügedən icarə müqaviləsində anbara bitişik torpaq sahəsinin ayrıca icarəyə verilməsi, həmin torpaq sahəsində cavabdehə məxsus əmlakın saxlanılması və bunun müqabilində ayrıca icarə haqqının ödənilməsi barədə şərt müəyyən edilməmişdir.
31. Həmçinin, iş materiallarında olan sənədlərdən cavabdehin əmlakının anbardan çıxarılmasından sonra yerləşdirildiyi torpaq sahəsinin cavabdehə ayrıca icarəyə verildiyini təsdiq edən sübutun olduğu da müəyyən edilmir.
32. Kollegiya qeyd edir ki, cavabdehə məxsus avadanlıqların iddiaçının torpaq sahəsində faktiki mövcudluğu mövcud olan icarə müqaviləsinin predmetini genişləndirmir və həmin müqavilədə nəzərdə tutulmuş icarə haqqının torpaq sahəsinə tətbiqinə səbəb olmur.
33. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının verdiyi izahata hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehin 2025-ci ilin may ayında icarə obyektindən çıxdığını, cavabdehə məxsus avadanlıqların isə müqavilənin predmeti olan anbardan çıxarılaraq anbarın yanında ona məxsus torpaq sahəsinə yerləşdirildiyini bildirmişdir.
34. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərindən müəyyən olunur ki, müqavilənin predmeti iddiaçıya məxsus torpaq sahəsi deyil, həmin ərazidə yerləşən 1000 kv.m sahəsi olan “Anbar” binası olmuşdur. Müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş aylıq 1.500 manat icarə haqqı da məhz həmin icarə predmetindən istifadə üçün nəzərdə tutulmuşdur.
35. Cavabdehin 2025-ci ilin may ayında həmin obyektdən çıxması nəzərə alındıqda, sonrakı dövr üçün müqavilənin predmeti olan anbardan faktiki istifadənin davam etdiyi qənaətinə gəlmək üçün əsas yoxdur. Çünki müqavilənin predmeti ilə sonradan əmlakın yerləşdirildiyi yer eyni obyekt deyildir.
36. Məhkəmə kollegiyası iddiaçının 6.000 manat zərərin və qətnamənin icra olunduğu günədək hər ay 3.000 manat icarə haqqının tutulması tələblərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, 6.000 manat tələb iddiaçının anbarı üçüncü şəxsə daha yüksək qiymətə icarəyə verə bilməməsi nəticəsində əldən çıxmış fayda kimi əsaslandırıldığı halda, aylıq 3.000 manat ayrıca icarə haqqı kimi tələb edilmişdir.
37. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdehin 2025-ci ilin may ayında müqavilənin predmeti olan anbarı boşaltdığı, cavabdehə məxsus avadanlıqların isə anbardan çıxarılaraq iddiaçıya məxsus ayrıca torpaq sahəsinə yerləşdirildiyi müəyyən edilmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin predmeti məhz anbar olduğundan, həmin müqavilənin şərtləri müqavilə predmeti olmayan torpaq sahəsinə şamil edilə bilməz.
38. Odur ki, vaqonların torpaq sahəsində qalması anbar üzrə icarə münasibətlərinin davam etməsi kimi qiymətləndirilə və həmin hala əsasən aylıq 3.000 manat icarə haqqının tutulmasına hüquqi əsas yarada bilməz. Torpaq sahəsində əmlakın saxlanılmasının ayrıca pul tələbi yaradıb-yaratmaması isə hazırkı mübahisənin predmeti deyildir.
39. Eyni zamanda, 6.000 manat zərər tələbinə münasibətdə iddiaçı anbarı üçüncü şəxsə aylıq 3.000 manata icarəyə vermək barədə razılaşmanın mövcudluğunu və həmin gəlirin məhz cavabdehin hərəkətləri nəticəsində əldə edilmədiyini mötəbər sübutlarla təsdiq etmədiyindən, bu tələb də əsaslı hesab edilə bilməz.
40. Çünki zərərin əvəzinin ödənilməsi üçün zərərin faktiki mövcudluğu, onun məbləği, cavabdehin hüquqazidd davranışı və həmin davranışla zərər arasında səbəbli əlaqə sübuta yetirilməlidir. Hazırkı işdə qeyd edilən hallar sübut olunmur.
41. Halbuki iddiaçı özünün razılığı ilə cavabdehin avadanlıqlarının anbardan çıxarılaraq torpaq sahəsinə yerləşdirildiyini bildirmişdir. Belə şəraitdə əmlakın həmin torpaq sahəsində qalması cavabdehin anbar üzrə icarə haqqını ödəmək öhdəliyinin davam etməsini və ya iddiaçının tələb etdiyi məbləğdə zərərə məruz qalmasını təsdiq etmir.
42. Kollegiya şikayətin dəlillərindən biri olan 1.620 manat dəbbə puluna münasibətdə qeyd edir ki, dəbbə pulu əsas öhdəliyin pozulmasından asılı əlavə öhdəlik olduğundan, mübahisəli dövr üçün iddiaçının tələb etdiyi icarə haqqının tutulmasına hüquqi əsas müəyyən edilmədiyi halda həmin məbləğə hesablanmış dəbbə pulunun tutulması üçün də hüquqi əsas mövcud deyildir.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas yaratmır.
44. Birinci instansiya məhkəməsinin əsaslandırmasında qeyri-müəyyənliyin olmasına baxmayaraq, iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tərəflər arasındakı müqavilə münasibətinin məzmununa uyğundur. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
46. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.