Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-854/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli, № **/**/SA saylı “Xidmətlər müqaviləsi” üzrə 95 296.00 AZN (doxsan beş min iki yüz doxsan altı manat 00 qəpik) əsas borcun, cərimə kimi maddi və dəymiş ziyanın əvəzi kimi 7839.88 AZN (yeddi min səkkiz yüz otuz doqquz manat 88 qəpik) olmaqla, cəmi 103 135.88 AZN (yüz üç min yüz otuz beş manat 88 qəpik) məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi Rəhmanov Emin Yelmar oğlu Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi müddətin bərpası barədə ərizəsini belə əsaslandırmışdır ki, apellyasiya şikayətinin cavabdeh tərəfindən 2 gün gec olmaqla verilməsinə səbəblərdən birinin 1) şirkətin Baş direktorunun məzuniyyətdə olması, daha sonra 2) “xxxx”nın (qeyri-iş günlərinin olması) olması, həmçinin 3) şirkətin bank hesablarına inkasso sərəncamlarının qoyulması olmuşdur. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 200 manat dövlət rüsumunun ödənilməsi qeyd olunan səbəblərə görə mümkün olmamışdır. Yalnız bu gün müvafiq rüsumun nağd şəkildə əldə olunaraq terminal vasitəsi ilə ödənilmişdir. Məhz buna görə qeyd olunan hal baş vermişdir. İddiaçı müddətin bərpası barədə ərizəyə yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizədə müddətin buraxılması şirkətin baş direktorunun məzuniyyətdə olması, xxxx ilə əlaqədar qeyri-iş günlərinin mövcudluğu və şirkətin bank hesablarına inkasso sərəncamlarının qoyulması ilə əsaslandırılmışdır. Göstərilən səbəblər prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixində qəbul edilmiş və tərəflərə E-məhkəmə şəxsi kabineti vasitəsilə təqdim edilmişdir. ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinə qədər Cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə hazırlayıb təqdim etməsi üçün kifayət qədər vaxtı (16 iş günü) olmuşdur. Cavabdehin istinad etdiyi baş direktorun məzuniyyəti müddətin yalnız son günlərinə təsadüf etmişdir. Hüquqi şəxs kimi cavabdeh öz fəaliyyətini təşkil etmək, digər səlahiyyətli nümayəndə təyin etmək və prosessual hüquqlarını həyata keçirmək imkanına malik olmuşdur. Cavabdehin E-məhkəmə şəxsi kabineti vasitəsilə təqdim etdiyi etibarnamənin tarixi ##.##.2026-cı il tarixinə təsadüf edir. Bu da Cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə hazırlayıb təqdim etməsi üçün əsas hesab edilə bilər. Əlavə olaraq sənədlərin elektron qaydada qəbul edildiyi nəzərə alınsa Cavabdehin baş direktorunun məzuniyyətdə olması prosessin ləngiməsinə səbəb ola bilməz. xxxx ilə əlaqədar qeyri-iş günlərinin mövcudluğu da cavabdehin bütün prosessual müddət ərzində hərəkətsiz qalmasını əsaslandırmır. Bank hesablarına inkasso sərəncamlarının qoyulması isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübut sayıla bilməz. Cavabdeh tərəfindən dövlət rüsumu nəğd şəkildə müddət bitməzdən ödənilə bilərdi. Dövlət rüsumunun vaxtında ödənilməsinin mümkünsüzlüyü və bunun onun iradəsindən asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin (Apellyasiya şikayətinin verilməsi müddəti-Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.) tələbini pozmuşdur. Göstərilən hallar prosessual müddətin buraxılmasına səbəb olmuş obyektiv, qarşısıalınmaz və üzrlü hallar hesab edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi Rəhmanov Emin Yelmar oğlu tərəfindən verilən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında özü göstərmişdir ki, prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan, qarşısıalınmaz və prosessual hərəkətin edilməsini obyektiv surətdə mümkünsüz edən hallarda mümkündür. Lakin qərardadın nəticə hissəsində həmin meyarlara cavab verməyən halların üzrlü səbəb kimi qəbul edilməsi qərardadın motivləndirici hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət yaratmışdır. Məhkəmə müəyyən etdiyi hüquqi meyarı konkret işin hallarına tətbiq etməmişdir. qərardadda cavabdehin apellyasiya şikayətini cəmi iki gün gec təqdim etməsi müddətin bərpasını əsaslandıran hal kimi qiymətləndirilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində gecikmənin az olması prosessual müddətin bərpası üçün müstəqil hüquqi əsas kimi nəzərdə tutulmamışdır. Müddətin bərpası yalnız üzrlü səbəb müəyyən edildiyi halda mümkündür. Üzrlü səbəb sübuta yetirilmədiyi halda gecikmənin iki gün və ya daha uzun müddət təşkil etməsi hüquqi nəticəni dəyişmir. məhkəmə may ayında qeyri-iş günlərinin çox olmasına istinad etmişdir. Lakin Mülki Prosessual Məcəllədə qeyri-iş günlərinin sayının çoxluğu prosessual müddətin bərpası üçün ayrıca əsas kimi nəzərdə tutulmamışdır. Qanun apellyasiya şikayətinin verilməsi üçün bir aylıq müddət müəyyən etmiş və həmin müddətin hesablanması qaydalarını ayrıca tənzimləmişdir. Bu səbəbdən yalnız qeyri-iş günlərinin çox olması müddətin bərpası üçün kifayət edən hüquqi əsas hesab oluna bilməz. Bundan əlavə, cavabdeh tərəfindən göstərilən halların prosessual hərəkətin vaxtında edilməsini obyektiv surətdə mümkünsüz etdiyi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə isə bu halların sübuta yetirilibyetirilməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2006-cı il tarixli qərarına əsasən, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Kollegiya hesab edir ki, MPM-in 133.1-ci maddəsi tətbiq edilərkən üç hal müəyyən edilməlidir: birincisi, müddətin buraxılmasına səbəb olmuş konkret maneənin mövcudluğu; ikincisi, həmin maneənin şəxsin iradəsindən asılı olmaması və ağlabatan tədbirlər vasitəsilə aradan qaldırıla bilməməsi; üçüncüsü, həmin maneə ilə prosessual müddətin buraxılması arasında birbaşa səbəbli əlaqənin olması. Hazırkı işdə həmin şərtlərin məcmusu müəyyən edilmir. İş materiallarından görünür ki, qətnamə ##.##.2026-cı il tarixdə cavabdehin özünün və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 2 gün gecikdirilməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Cavabdeh müddətin buraxılmasının səbəbi kimi şirkətin baş direktorunun məzuniyyətdə olmasını, xxxx ilə əlaqədar cari ilin may ayında qeyri-iş günlərinin çoxluğunu və bank hesablarına inkasso sərəncamlarının qoyulması səbəbindən dövlət rüsumunun vaxtında ödənilə bilməməsini göstərmişdir. Kollegiya hesab edir ki, hüquqi şəxsin rəhbərinin məzuniyyətdə olması özlüyündə hüquqi şəxsin prosessual hüquqlarını həyata keçirməsini qeyri-mümkün edən hal kimi qəbul edilə bilməz. Hüquqi şəxs öz fəaliyyətini təşkilati struktur, işçiləri və nümayəndələri vasitəsilə həyata keçirir. Buna görə hüquqi şəxsin konkret vəzifəli şəxsinin müvəqqəti olaraq işdə olmaması yalnız o halda üzrlü səbəb sayıla bilər ki, bunun hüquqi şəxsin prosessual hərəkəti vaxtında həyata keçirməsini həqiqətən qeyri-mümkün etdiyi konkret sübutlarla təsdiqlənsin. Hazırkı işdə isə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şirkətdə üç hüquqşünasın fəaliyyət göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qərardadında da bu hal birbaşa qeyd edilmişdir. Belə olan halda baş direktorun məzuniyyətda olması şirkətin apellyasiya şikayətini hazırlaması və təqdim etməsi imkanını aradan qaldıran obyektiv və qarşısıalınmaz maneə kimi qiymətləndirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin cari ilin may ayında qeyri-iş günlərinin çoxluğunu ayrıca üzrlü səbəb kimi qiymətləndirməsi ilə də razılaşmır. Çünki mülki prosessual qanunvericilik apellyasiya şikayətinin verilməsi müddətini təqvim ayı ilə müəyyən etmişdir. Qanunla müəyyən edilmiş bayram və qeyri-iş günləri həmin müddətin tərkib hissəsidir. Bu səbəbdən qanunvericiliklə əvvəlcədən müəyyən edilmiş qeyri-iş günlərinin mövcudluğunun sonradan həmin qanuni müddətin bərpası üçün müstəqil üzrlü səbəb kimi qəbul edilməsi MPM-in 360-cı maddəsində müəyyən edilmiş bir aylıq müddətin hüquqi mahiyyəti ilə uzlaşmazdı. Əks yanaşma eyni prosessual müddətin bayram günlərinin sayından asılı olaraq faktiki şəkildə uzun müddətdə tətbiq edilməsinə gətirib çıxara bilərdi. Həmçinin kollegiya bank hesablarına inkasso sərəncamlarının qoyulmasını da apellyasiya şikayətinin verilməsini obyektiv olaraq mümkünsüz edən hal hesab etmir. Hazırkı işdə inkasso sərəncamının mövcudluğu ilə apellyasiya şikayətinin özünün hazırlanıb təqdim edilməsinin qeyri-mümkünlüyü arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında dövlət rüsumunun rəhbərliklə razılaşdırılmaqla nağd şəkildə ödənildiyini bildirmişdir. Bu fakt onu göstərir ki, bank hesablarında məhdudiyyətin mövcudluğu dövlət rüsumunun başqa qanuni üsulla ödənilməsini obyektiv olaraq istisna etməmişdir. Bu səbəbdən cavabdehin maliyyə və təşkilati fəaliyyətindən irəli gələn həmin hal MPMin 133.1-ci maddəsi mənasında onun iradəsindən asılı olmayan və aradan qaldırılması mümkün olmayan maneə hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gecikmənin cəmi 2 gün olmasına verdiyi hüquqi qiymətlə də razılaşmır. Çünki MPM-in 133.1-ci maddəsi müddətin nə qədər buraxılmasını deyil, onun hansı səbəbdən buraxılmasını bərpanın həlledici şərti kimi müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “29.07.19 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2019-cu il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq xarakter daşımır və onun həyata keçirilməsi qanunla müəyyən edilmiş prosessual şərtlərə tabe edilə bilər; bu məhdudiyyətlərin hüquqi müəyyənlik və hüquqi təminat məqsədlərinə xidmət etməsi qəbul edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 133.1-ci maddəsinin tətbiqi üçün zəruri olan üzürlü səbəbin mövcudluğunu iş materialları əsasında müəyyən etmədən, gecikmənin qısa müddətli olması və qeyri-iş günlərinin çoxluğunu faktiki olaraq müstəqil bərpa əsası kimi qəbul etmişdir. Bu isə prosessual müddətlərin müəyyən edilməsinin məqsədi, hüquqi müəyyənlik prinsipi və Konstitusiya Məhkəməsinin Plenumunun prosessual müddətlərin bərpasına dair formalaşdırdığı hüquqi mövqe ilə uzlaşmır. Buna görə iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdeh ‘xxxx’ MMC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-854/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-854/2026
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver