Məhkəmə qərarları › İş №e-2-2(3-7)-136/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-136/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-136/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(*- **)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. Işin halları

1. Iddiaçı və cavabdeh arasında ##.##.2025-ci il tarixdə **/** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndələrinədə tərəflər razılaşmışlar ki, icraçı özünün sürücüləri və istifadəsində olan olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək sfarişçiyə təhvil verir, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür və müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur.

2. ##.##.2025-ci il tarixli **/** nömrəli müqaviləyə əlavə 1 imzalanmış və tərəflər görüləcək işlərin dəyəri və iş günlərinin sayı ilə bağlı razılığa gəlmişlər.

3. Bundan sonra iddiaçı tərəfindən müqavilə ilə müyyən edilmiş işlərin icrası həyata keçirilmiş və 2025-ci ilin may ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 20586,76 manat, 2025-ci ilin iyun ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 18517,54 manat, 2025-ci ilin iyul ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 19617,46 manat, 2025-ci ilin avqust ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 17499,89 manat, 2025-ci ilin sentyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 14539,36 manat, 2025-ci ilin oktyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 13138,12 manat olmaqla, ümumilikdə 103899,13 manat dəyərində işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

4. Iddiaçı müavilə şərtlərinə əsasən işləri yerinə yetirmiş və görülmüş işləri cavabdehə təhvil versə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən onun iddiaçıya 67980,11 manat məbləğində borcu yaranmışdır.

5. Iddiaçı cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etmiş və tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı 67980,11 manat borcun və 21853,11 manat cərimənin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, , icraçı kimi onunla sifarişçi qismində “xxxx ” MMC arasında **/** nömrəli ##.##.2025-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin * nömrəli əlavəsi olan “X3”u tərəflərin imzası ilə təsdiq edilmişdir. Həmin Müqavilənin 1-ci maddəsində göstərilmişdir ki, icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu Müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməsini, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil təslim aktı ilə müəyyən olunur. Həmin Müqavilənin 2.13-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətə görə bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulmuş ödənişi bu müqavilənin şərtinə uyğun şəkildə həyata keçirir. Ilk təhvil-təslim aktı 2025-ci ilin may ayında tərtib edilmiş, sifariş verilmiş xidmətlər tərəflərindən icra olunmuşdur. Sonrakı aylar üzrə də (iyun, iyul, avqust, sentyabr, oktyabr ayları) digər təhvil-təslim aktları tərtib olunaraq imzalanmış, işlər cavabdeh şirkət tərəfindən təhvil alınsa da, ödənişlər tam həyata keçirilməmişdir. Halbuki, həmin Müqavilənin 8-ci maddəsinə əsasən öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən tərəf onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ayrı-ayrı təhvil-təslim aktları üzrə cavabdeh tərəfindən təhvil alınan xidmətlərə görə cəmi 20070 manat ödənilmiş, 67980,11 manat xidmət haqqı borcu isə bu günə kimi ödənilməmişdir. Gecikdirilən məbləğlərə görə 0,3 cərimə faizi əsas götürülməklə 21853,11 manat cərimə borcu yaranmışdır. Ümumilikdə Cavabdehin əsas borcu 67980,11 manat, faiz borcu isə 21853,11 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər etməyimizə baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Sonuncu dəfə ##.##.2026-cı il tarixdə cavabdehə rəsmi qaydada pretenziya məkubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilmir. Cavabdeh borcun qaytarılması ilə bağlı tələblərimizə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək, borcu qaytarmaqdan yayınır.

7. Cavabdeh ərizə ilə məhkəməyə müraciət bildirmişdir ki, iddiaçının ona qarşı vermiş olduğu iddiası üzrə borc məbləği olduğu kimi hesablanmamışdır, Belə ki işə əlavə edilmiş qaimələrdən görünür ki, onun iddiaçıya olan borcu 45000 manat həcmindədir, tələbi 60000 manatdan yuxarıdır. Işə əlavə edilmiş olduğu sübutların mühasibatlıq ekspertizasına göndərilməsi barədə qərardad qəbul edilsin. Iş materialında olan aktda olan işlərin icrasını başa çatdırmamışdır. Başa çatdırmış olduğu işlərin qaiməsinə qol çəkmişdir. Iddianın 45000 manat hissəsini qəbul edir. Bundan başqa ## ### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında səhəti ilə əlaqəli iştirak edə bilmir, məhkəmə iclasını 2026-cı ilin iyul ayına təxirə salınmasını xahiş edir, vermiş olduğu ekspertizanın təyin edilməsi barədə vəsatətinə onun iştirakı ilə qiymət verilməsini xahiş etmişdir.

8. Iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış ## ### 2025-ci il tarixli xidmət müqaviləsinə əsasən cavabdehə xidmətlər göstərilmişdir. Göstərdiyi xidmətlərlə bağlı təhvil-təslim aktı da tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən göstərdiyi xidmətin dəyəri ödənilməmişdir. Bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) ##.##.2026-ci il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 67980,11 manat borcun və 293,94 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış ## ### 2025-ci il tarixli, **/** nömrəli xidmət müqaviləsinə əsasən icraçı özünün sürücüləri ilə və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək, sifarişçiyə təhvil verilməsini sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərinin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Iş materiallarında olan görülmüş işlər barədə 2025-ci ilin may ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 20586,76 manat, 2025-ci ilin iyun ayı üçün tərtib edilmiş təhviltəslim aktına əsasən 18517,54 manat, 2025-ci ilin iyul ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 19617,46 manat, 2025ci ilin avqust ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 17499,89 manat, 2025-ci ilin sentyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 14539,36 manat, 2025-ci ilin oktyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 13138,12 manat olmaqla, ümumilikdə 103899,13 manat dəyərində işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş işlər göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 67980,11 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 67980,11 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə iddia tələbinin cavabdehdən 21853,11 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış ## ### 2025-ci il tarixli, **/** nömrəli xidmət müqaviləsində sifarişçi tərəfindən icraçıya borcun gecikdirilməsi nəticəsində cərimə məbləğinin ödənilməsi ilə bağlı hər hansı şərt müəyyən olunmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi təmin edilə bilməz. Iddiaçı iddia tələbində 100 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi 100 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz.

13. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 753.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Məhkəmə zamanı o, məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə bildirişi ona gec çatdığına görə iddia tələbi ilə tam tanış ola bilməmişdir. Iddia məbləği olduqca yüksək məbləğ olduğuna görə izahatı və onda olan sübutların təqdim edilməsi vacib idi. Məhkəmə iclasında iştirak etsə idi sübutlarını təqdim edərdi. Aralarında müqavilə olsa da təhvil təslim aktı zamanı qiymətlər real bazar dəyərindən artıq hesablanmışdır. Məbləğlər ağıla batan deyildir, iş üzrə ekspertiza təyin olunsa məsələ aydınlaşacaqdır. Məhkəməyə təxir ərizəsi ünvanlasada məhkəmə nəzərə almamışdır, iş üzrə öz vəsatətlərini, etirazlarını verəcəkdi. Borcun məbləğinin artıq hesablanması ortada olan təhvil təhsil aktlarının ümumi bazar dəyərindən artıq hesablanmasıdır. Onların hesabladığı ağlabatan ümumi bazar dəyəri qədər deyildir. Bu səbəblədə ekspertiza təyin olunmalıdır. Aralarında olan tapşırıq müqaviləsi ilə həyata keçirilməli idi. Belə ki o, tapşırığı müqaviləyə uyğun təhvil təslim etmişdir. Sadəcə qiymətlər yuxarı olmasından narazıdır. Məhkəmə tapşırıq müqaviləsini və iş üzrə qüsurları qeyd etməmişdir. Qüsurlar isə qiymətin real bazar qiymətindən qat-qat üstün olmasıdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Iddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh apellyasiya şikayətini vaxt qazanmaq üçün vermişdir. O, müqaviləyə uyğun işləri yerinə yetirmiş və təhvil-təslim aktları ilə işləri təhvil vermişdir. Cavabdehin 67980,11 manat borcu vardır. Gördüyü işlərin həcmi 100.000 manatdan çoxdur. Cavabdehin ödənişlərlə bağlı sübutu olmasada ona haqsız qazanc lazım deyildir. Ödənilmiş pulları nəzərə almış və yekun borcu tələb etmişdir. Cavabdehdən borcunu ala bilmədiyindən borclarını ödəyə bilmir. Apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etrməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ekspertizaın keçirilməsi ilə bağlı vəsatət verdiklərini və bunun üçün sənədlərin hazırlanması məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, cavabdeh qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirir, iddianın qətnamə ilə rədd edilmiş hissəsi isə onun maraqlarına toxunmur.

21. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

32. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

33. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur və tərəflərin həqiqi iradələrinə uyğun hüquqi nəticələr yaratmışdır.

43. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı və cavabdeh arasında ##.##.2025-ci il tarixdə **/** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndələrinədə tərəflər razılaşmışlar ki, icraçı özünün sürücüləri və istifadəsində olan olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək sfarişçiyə təhvil verir, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür və müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. ##.##.2025-ci il tarixli **/** nömrəli müqaviləyə əlavə 1 imzalanmış və tərəflər görüləcək işlərin dəyəri və iş günlərinin sayı ilə bağlı razılığa gəlmişlər. Bundan sonra iddiaçı tərəfindən müqavilə ilə müyyən edilmiş işlərin icrası həyata keçirilmiş və 2025-ci ilin may ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 20586,76 manat, 2025-ci ilin iyun ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 18517,54 manat, 2025-ci ilin iyul ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 19617,46 manat, 2025-ci ilin avqust ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 17499,89 manat, 2025-ci ilin sentyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 14539,36 manat, 2025-ci ilin oktyabr ayı üçün tərtib edilmiş təhvil-təslim aktına əsasən 13138,12 manat olmaqla, ümumilikdə 103899,13 manat dəyərində işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Iddiaçı müavilə şərtlərinə əsasən işləri yerinə yetirmiş və görülmüş işləri cavabdehə təhvil versə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən onun iddiaçıya 67980,11 manat məbləğində borcu yaranmışdır.

44. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, o, məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də məhkəmə iclası təxirə salınmamış və o, sübutlarını və etirazların təqdim edə bilməmişdir.

45. Iş materiallarının araşdırılmasında müəyyən edilmişdir ki, birinci instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmənin hazırlıq iclası ##.##.2026-cı il tarixə təyin edilərək məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. ##.##.2026-cı il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və mübahisəyə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir.

46. Cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixdə, yəni məhkəmə iclasından bir gün öncə məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyi bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə iclasında iştirak edə bilməyəcəyinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

48. Göründüyü kimi, məhkəmə iclasına gəlməyən məhkəmə icraatının iştirakçısı məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etmədikdə məhkəmə iclası həmin tərəfin iştirakı olmadan keçirilə bilər ki, birinci instansiyası məhkəməsinin məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə bağlı hərəkətləri prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

49. Bundan başqa cavabdeh tərəf apellyasiya şikayətində ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verdiyini lakin eksperizanın keçirilmədiyi bildirir.

50. Bununla bağlı məhkəmə qeyd edir ki, vəsatət məhkəmə icraatı işitrakçılarının məhkəməyə ünvalanan xahişidir. Bu xahiş sübutların təmin edilməsi, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi və s. ifadə oluna bilər ki, vəsatətlər hər bir halda bu halın nəyə səbəb ola biləcəyi və iş üçün hansı əhəmiyyət kəsb edəcəyi baxımından əsaslandırılmalıdır.

51. Cavabdehin birinci instansiyası məhkəməsinə ekspertizanın keçirilməsi ilə bağlı müstəqil vəsatəti daxil olmamış və iddiaya münasibət bildirdiyi ##.##.2026-cı il tarixli ərizəsində ekspertizanın keçirilməsini xahiş etmiş və ekspertiza vasitəsi ilə hansı halın müəyyən edilməsi bağlı əsaslandırma aparılmamışdır.

52. Birinci instansiyası məhkəməsi ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəfindən ekspertiza keçirilməsi ilə bağlı ərizəsini iddiaçı ilə müzakirə etmiş və məhkəmə iclasının protokol qərardadı ilə ərizəni əsaslandırılmadığından baxılmamış saxlamışdır.

53. Bunlardan başqa apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məbləğlər ağıla batan deyildir. O, tapşırığı müqaviləyə uyğun təhvil təslim etmişdir. Sadəcə qiymətlər yuxarı olmasından narazıdır.

54. Məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (Mülki Məcəllə maddə - 390.1. 752.1. 753.1).

55. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər öz sərbəst iradə ifadələrinə uyğun podrat müqaviləsi bağlamış və müqaviləyə əsasən muzd barədə razılığa gələrək görüləcək işlərin dəyərini müəyyən etmişlər.

56. Podrat müqaviləsində nəzərdə tutulmuş işlər icraçı tərəfindən icra edilmiş, icra edilmiş işlərin həcmi müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən təhvil alınmış və təhvil alınmış işlərin dəyəri həmin aktlarda öz əksini tapmışdır ki, cavabdeh həmin təhvil-təslim aktları təsdiq etməklə həm işləri təhvil almış, həm də dəyəri ilə razılaşmışdır.

57. Belə olan halda görülmüş işlərin dəyərinin bazar qiymətlərindən artıq olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır ki, cavabdeh müqaviləni bağladığı zaman həmin qiymətlərlə razılaşmışdır.

58. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəmə iş üzrə qüsurları qeyd etmədiyini və qüsurların isə qiymətin real bazar qiymətindən qat-qat üstün olmasını bildirir.

59. Məhkəmə qeyd edir ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (Mülki Məcəllə maddə - 762.1, 762.2, 763.1, 770, 773).

60. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, podratçı olan iddiaçı tərəfindən müqaviləyə uyğun işlər görülmüş və cavabdeh olan sifarışçı görülmüş işləri 2025-ci ilin mayoktyabr aylarında qəbul etmişdir. Işlərin təhvil-təslim aktlarında qüsurlarla bağlı hər hansı qeyd şərt öz əksini tapmamışdır ki, cavabdehin qüsura istinad etməsi hazırki vəziyyətdə hər hansı hüquqi əsasa söykənmir.

61. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək ekspertizaın keçirilməsi ilə bağlı vəsatət verdiklərini və bunun üçün sənədlərin hazırlanması məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

62. Vəsatətin anlayışı, məzmunu və əsaslandırılmalı olması ilə bağlı məhkəmənin mövqeyi qətnamənin 51-ci bəndində göstərilmişdir.

63. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ekspertizanın keçiriməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə vəsatət daxil olmamışdır.

64. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazıki mübahisənin həlli ilə bağlı ekspertizanın keçirilməsinə nəinki zərurət yoxdur ekspertizanın keçiriməsi hazırki işin hallarına və mahiyyətinə uyğun deyildir.

65. Hazırki mübahisənin həlli podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsi, podrat muzdunun məbləği və işlərin qəbul edilməsi əhəmiyyət kəsb edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi təhvil-təslim aktlarına əsasən cavabdeh ümumilikdə görülmüş 103899,13 manat dəyərində işləri qəbul etmiş və görülmüş işlərin dəyərinin tam ödəməmişdir.

66. Cavabdeh borcun 45000 manat hissəsini qəbul etdiyini bildirsə də digər məbləğlərin iddiaçıya ödənilməsini təsdiq edən sübutları birinci və apellyasiya məhkəmələrinə təqdim etməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal olaraq borcun ödənilməsini yubatmaq məqsədi daşıyır. Qətnamənin qiymət verilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

68. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, cavabdeh 45000 manat borcu etiraf etsə də ondan tutulan məbləğ 67980,11 manat təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 22980,11 manat təşkil edir ki, bu da 10000 manatdan çox olduğundan qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar