Məhkəmə qərarları › İş №e-2-2(3-8)-90/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-90/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-90/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqının tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Icarəyə verən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ##### 2025-ci il tarixli IM-*** nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Moskva prospekti 92 (indiki Heydər Əliyev prospekti) ünvanında yerləşən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş ##.##.1999- cu il tarixli ****** nömrəli “Mülkiyyət hüququ haqqında" şəhadətnaməyə əsasən ümumi sahəsi 4871.4 kv.m olan əmlakın 2720 kv.m sahəsini (bundan sonra "icarə obyekti") icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Icarəçi qeyd edilən icarə obyektini qəbul etməklə hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə icarə haqqını ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən icarə obyekti bu müqavilə təsdiq edildikdən sonra icarəyə verən tərəfindən təhvil verilir və icarəçi tərəfindən təhvil alınır. - 2.3-cü bəndinə əsasən müqavilənin imzalanmasından sonra icarə obyekti icarəyə verilmiş hesab edilir. - 2.4-cü bəndinə əsasən icarəçi o halda icarə obyektini təhvil alır ki, orada obyektin istifadəsinə mane olan heç bir təmir işləri və ya qalıq işlər qalmış olmasın və icarə obyekti icarə məqsədinə uyğun yararlı şəkildə olsun. Bu müqavilə rəsmi qaydada təsdiq edildikdən sonra 1 (bir) il müddətinə qüvvədə qalır. - 3.1-ci bəndinə əsasən icarəçi icarə müddətində icarəyə verənə icarə obyekti üçün aylıq vergilər daxil 13600,00 (on üç min altı yüz) manat məbləğində icarə haqqı ödəyəcəkdir. - 3.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi hər ayın 10-na qədər icarəçinin müvafiq ödəniş sənədini alması şərti ilə həyata keçiriləcəkdir. - 3.3-cü bəndinə əsasən icarəçi icarəyə verən tərəfindən təqdim edilən hesabfakturaya əsasən icarə haqqını ödəyir. Istənilən ödəmənin yerinə yetirilməsi üçün əsas şərt müqavilənin müvafiq qaydada icra olunmasından və fakturanın icarəçiyə vaxtında təqdim edilməsindən ibarətdir.

3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 13600 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar ## ### 2025-ci il tarixli MT2501 seriyalı ******** nömrəli, 13600 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli, 13600 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli, 13600 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar ## ###### 2025-ci il tarixli MT2508 seriyalı ******** nömrəli və 4533,32 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar ## ######## 2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli elektron qaiməfakturalar göndərilmişdir.

4. Köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ## #### 2025-ci il tarixində 2074,58 manat və ## #### 2025-ci il tarixində 2074,58 manat ƏDV ödənilib.

5. “xxxx” Bank ASC tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli arayışda göstərilir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ## #### 2025-ci il tarixdə MT2505 seriyalı ******** nömrəli elektron qaimə üzrə 11525,43 manat və ## #### 2025-ci il tarixdə MT2506 seriyalı ******** nömrəli elektron qaimə üzrə 11525,43 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. Iddiaçı cavabdehə qarşı “icarə haqqının tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31733 (otuz bir min yeddi yüz otuz üç) manat məbləğində icarə haqqı, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 185,2 (yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ##### 2025-ci il tarixli IM-*** nömrəli icarə müqaviləsi bağlanıb. Lakin cavabdeh 2025-ci ilin iyul – sentyabr aylarını əhatə edən dövrdə yaranan 31733 manat məbləğində icarə haqqını ödəməyib. Buna görə də mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranıb və cavabdehə ## ###### 2026-cı il tarixdə pretenziya məktubu göndərilib. Pul tələbinin həcminə uyğun olaraq iddiaçı tərəfindən 185,20 manat dövlət rüsumu ödənilib. Bundan başqa iddiaçı tərəfindən vəkil xidmətlərinin ödənilməsi üçün 500 manat xidmət haqqı ödənilib. Buna görə də cavabdehdən 31733 manat məbləğində icarə haqqının, məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 185,20 manat dövlət rüsumunun və 500 manat vəkil xidməti haqqının tutulub iddiaçıya ödənilməsini xahiş edirlər.

8. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 31733 (otuz bir min yeddi yüz otuz üç) manat məbləğində icarə haqqı, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 185,2 (yüz səksən beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 32418,2 (otuz iki min dörd yüz on səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Qətnamə onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, icarə haqqını lazımi qaydada iddiaçıya ödəməmişdir.

10. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:

11. Cavabdeh apellyasiya şikayətini Konstitusiyanın 10, 12, 60-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarına istinad etməklə onunla əsaslandırmışdır ki, icarə obyektindən cavabdeh tərəfindən hər hansı formada istifadə və sahiblənmə həyata keçirilməmiş və iddiaçı da iş materiallarına bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir, lakin məhkəmə qeyd olunan nüansa heç əhəmiyyət verməyərək qanunsuz və əsassız qərar çıxarmaqla cavabdehi ağır bir maddi yükün altına qoymuşdur ki, buda qəbuledilməzdir. Bundan başqa, iddiaçı tərəfindən elektron qaimə göndərilməsi iddia tələbinin əsaslı olması üçün yetərli deyil, çünki bununla paralel olaraq əlavə mötəbər sübutlar mövcud olmalıdır ki, məhkəmə yekun nəticəyə gələ bilsin, lakin iddiaçı təkcə elektron qaiməni məhkəməyə təqdim etməklə cavabdehin icarə obyektindən istifadə etdiyini sübut etməyə çalışmışdır. Məhkəmə də öz növbəsində qeyd olunan elektron qaiməni iddianın əsası kimi qəbul etmiş, lakin nəyə görə sübut qismində qəbul etdiyini əsaslandıra bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquqları pozmuş və iddiaçının əsassız iddiasını təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində eləcə də, MPM-in 9, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 220.4-cü maddələrinə istinad edərək həmin normaların tələblərinin pozulduğunu göstərmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehın nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 675. Əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 704. 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarı: “...“lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi icarəyə verən tərəfindən təqdim edilən hesab-fakturaya əsasən icarə haqqını ödəyir. Istənilən ödəmənin yerinə yetirilməsi üçün əsas şərt müqavilənin müvafiq qaydada icra olunmasından və fakturanın icarəçiyə vaxtında təqdim edilməsindən ibarətdir (müqavilənin 3.3-cü bəndi).

19. Tərəflər arasında icarə haqqının tələb edildiyi 2025-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövrdə dövrdə icarə münasibətlərinin mövcud olmamasına dair apellyasiya şikayətinin müvafiq dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər müqavilənin 1 (bir) il müddətinə qüvvədə olması barədə razılığa gəlmiş, icarəçi Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq həmin müqavilənin ləğvinə dair bildiriş təqdim etməklə ona xitam verməsinə, habelə icarə obyektini həmin dövrdə faktiki olaraq iddiaçıya geri təhvil verməsinə dair heç bir sübut təqdim etməmişdir. Belə olan halda isə, icarə müqaviləsi qüvvədə olmaqla icarəçinin müvafiq aylar üzrə icarə haqqını ödəmək öhdəliyi mövcud olmuşdur.

20. Iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahata əsasən ## ######## 2025-ci il tarixdə iddiaçının baş mühasibi cavabdeh tərəfə icarə haqqının ödənilməsi ilə bağlı müraciət etdikdə cavabdeh artıq obyektdən çıxdığını bildirmişdir. Bundan sonra cavabdeh tərəf iddiaçının baş mühasibinin müraciətinə əsasən vergi ödəyicisi kimi icarə obyektində olan təsərrüfat subyektinin qeydiyyatdan çıxarılması barədə ərizəni iddiaçıya təqdim etmiş, 10 sentyabrda iddiaçı tərəfin nümayəndələri obyektə baxış keçirərkən onun boş olduğunu müəyyən etmişlər. Iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkməsinə təqdim edilmiş, Cavabdeh MMC adından Novruzov soyadlı şəxs tərəfindən vergi orqanına ünvanlanmış ərizədə “Anbar 2” adlı təsərrüfat subyektinin fəaliyyətinin ləğvi barədə qərar qəbul edildiyi, səbəb kimi icarə müqaviləsinə xitam verilməsi (icarə müqaviləsinin müddəti bitdikdə) göstərilmişdir. Ərizənin mətnində onun tarixi göstərilməmişdir.

21. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış ## ##### 2025-ci il tarixli IM- *** nömrəli icarə müqaviləsini icarəyə götürən – cavabdeh tərəfindən X1 imzalamışdır. Qeyd edilən sübut birinci instansiya məhkəməsinə təqdim olunsa da, cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı tərəfindən təqdim edilmiş dəlillərə, həmin dəlillərə dair sübutlara, o cümlədən vergi orqanına ünvanlanmış müvafiq ərizəyə hər hansı münasibət bildirməmişdir.

22. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını müəyyən edən MPM-in 77.1-ci maddəsinə əsasən işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd olunan dəlilləri sübuta yetirəcək hər hansı dəlillər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edilməmiş, kifayət qədər vaxtı və prosessual imkanları olduğu halda cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə, iddiaçının tələb etdiyi icarə haqqının mövcudluğu barədə cavabdehin hər-hansı əlavə sübutlarla tamamlanmayan və tərəflər arasındakı müqaviləyə əsasən qarşılıqlı münasibətlərdə yaranmış praktikaya uyğun gəlməyən inkarı apellyasiya şikayətinin müvafiq dəlilinin əsaslı hesab edilməsi üçün kifayət etmir.

23. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə, habelə həmin müqavilə üzrə iddiaçı tərəfindən təqdim olunmuş elektron qaiməfakturalar əsasında icarə haqqının bir hissəsinin cavabdeh tərəfindən ödənilməsinə istinadən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar