Məhkəmə qərarları › İş №e-2-2(4-12)-603/2026

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-12)-603/2026

17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-603/2026 17.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) Hakim Səfərli Xədicə Əlicabbar qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. I. İddiaçının tələbi

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən alqı-satqı münasibətləri çərcivəsində ona olan 20000 manat borc və əldən çıxmış faydanının 1500 manat ümumilikdə dəymiş zərər qismində 21500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ticarətlə məşğul olur. Buna görə də bu bir çox şəxslərlə ticarət əlaqələri olmuşdur. Həmin şəxslərdən biri də Cavabdeh olmuşdur. Həmin şəxslə onun uzun müddətdir ki, ticarət əlaqələri vardır. Bu əlaqələrin fonunda Cavabdeh bir çox mal-material satışı etmişdir. Aralarında olan alqısatqı münasibətlərində uzun müddət problem olmasa da, sonradan bir ödənişlərlə bağlı narazılıq yaranmışdır. Onun Cavabdehla olan alqı-satqı münasibətləri ilkin başlanğıcda kortəbii şəkildə olmuş yəni rəsmi müqavilə ilə ehtiva olunmamışdır. Bu ticarət əlaqələri bir müddət sonra da eyni formada davam etmiş və aralarında bir-birlərinə münasibətdə etimad formalaşmışdır. Həmin fonunda alqı-satqı münasibətləri onun müəyyən malmaterialı hissəvi şəkildə Cavabdeh vermişdir. Növbəti hissəni verdikdə isə Cavabdeh ona əvvəlki hissənin dəyərini ödəyir. Yəni aralarında olan münasibətlər hər növbəti dəfə verilən mal-material zamanı ödənildiyindən ödənilmiş ödəniş əvvəlki satılmış əşyaya münasibətdə hesablanılır. Bütün bu münasibətlər adət formasında uzun müddət davam etmişdir. Halhazırda da Cavabdeh ilə ticarət əlaqələri vardır. Lakin, onun ödəmədiyi ödənişlərə münasibətdə gecikmələr olduğu üçün o, 2024-cü il tarixində mal-material satışı zamanı Cavabdeh tərəfindən ödənişlər gecikdirilmişdir. Belə ki, ilk öncə Cavabdeh satdığı malların dəyərini ödəməsini istəsədə həmin pulları ödəyəcəyini lakin müəyyən qədər vaxta ehtiyac olduğunu bildirmişdir. Aralarında olan etimad və uzun müddətli ticarət əlaqələrini nəzərə alaraq, ilk başlanğıcda sözügedən ödənişləri etməməsinə baxmayaraq, tərəfindən yenidən bir necə dəfə mal-material göndərilmişdir. Cavabdeh isə hər dəfəsində qısa müddətə ödəniş edəcəyini bildirmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq, ödəniş etməmişdir. Yekunda 2024-cü ildən ödənilməmiş ödəniş dəyəri 20000 manat olmuşdur. Hal-hazırda da Cavabdeh ilə ticarət əlaqələri vardır. Lakin, onun ödəmədiyi ödənişlərə münasibətdə gecikmələr olduğu üçün o, Cavabdeh məhkəməyə vermək məcburiyyətində qalmışdır. Qeyd edilən ödənişin ödənilməməsinə münasibətdə Cavabdeh etirafıda səs yazısında əks olunmuşdur. Bu da onu göstərir ki, aralarında alqı-satqı münasibətləri olmuş və həmin münasibətlər fonunda ona 20000 manat borcu olduğunu etiraf etmişdir ki, bu da münasibətlərin sübutu üçün əsas hesab edilir. Sözügedən pulun ümumi mal-material satışı dövründə digər alqı-satqı münasibətlərində gələcəkdə istifadəsi zamanı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərdə tutularaq, əldən çıxmış fayda olaraq, 1500 manat pul dəyərləndiriləndirilməlidir.

II. Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

III. Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.

5. Belə ki, elektron sistemdən əldə edilərək iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əvvəlcə də Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24069 manat əsas borc, 165 manat dövlət rüsumu olmaqla ümumilikdə 24234 manat pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə Mehdi Hüseyin küçəsinin kəsişməsində sahibkarlıq obyekti var. Fəaliyyəti hər növ plastik ayna-qapı sistemlərinin yığılması, quraşdırılması və şüşə kəsilməsi ilə məşğul olmaqdır. Cavabdeh ilə onun arasında nisyə mal alqı satqısı olmuşdur. O, cavabdehə hər zaman plastik ayna-qapıya istifadə üçün nisyə şüşə satmışdır. Cavabdeh da pulunu ödəmişdir. Cavabdeh onun etibarını qazanmışdır. Ona olan borcunu ödəyəcəyini, narahat olmamağını dəfələrlə bildirmişdir. O, da illərdir cavabdehlə işlədiyi üçün heç nə deməmişdir. Cavabdehin ona yalan vəd verməkdə məqsədi ondan ibarət olmuşdur ki, ondan daha çox mal alıb daha çox pulunu ələ keçirtsin. Son haqq hesablarına əsasən cavabdehin ona 24069 manat borcu var. Həmin borcun ödənilməsini dəfələrlə şifahi qaydada tələb etsə də cavabdeh əməl etməmişdir. Bundan sonra o elektron məhkəmə sistemi vasitəsi ilə ona xx.xx.2024-cü il tarixdə yazılı pretenziya göndərmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır.

6. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

7. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən 19 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2-2(104)-165/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş materialları geri qaytarılmışdır.

9. Gəncə Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli e-2-2(115)-322/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, iddiaçıya apellyasiya şikayətinin qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti ilə müraciət etməsi üçün 10 (on) gün müddət müəyyən edilmişdir.

10. İddiaçı tərəfindən 05 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(115)- 322/2025 saylı qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

11. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(115)- 322/2025 nömrəli qərardadından şikayət vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərrdadı ilə Gəncə Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(115)-322/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-259/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Göründüyü kimi iddiaçı eyni əsasla, eyni predmet barəsində, eyni cavabdehə qarşı məhkəməyə müraciət edərək borcun tutulmasını xahiş etsə də, artıq həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

14. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir.

IV. Məhkəmənin gəldiyi nəticə

6. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

7. Bundan başqa, məhkəmə xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzə əsasən müəyyən edir ki, 150 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən həmin dövlət rüsumu da qaytarılmalıdır.

8. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar