Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-21/2026 19.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “08 fevral 2024-cü il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehdən 5300 manat pulun və 73 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 (Cavabdeh2 MMC-nin rəhbəri və ya cavabdeh) qarşı “cavabdehdən 5300 manat pulun və 73 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia tələbi üzrə tələbinin həcmini artıraraq “08 fevral 2024cü il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus Balakən şəhəri, Heydər Əliyev prospekti, 54 O ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh1 xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək icarəçinin müddətli istifadəsinə vermiş, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı xx.xx.2024-cü il tarixdən başlayaraq 300 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə icarə müddəti daha bir il müddətə uzadılmış hesab edilir. İddiaçı özünə məxsus Balakən şəhəri, Heydər Əliyev prospekti, 54 O ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binasını Zaqatala rayon Faldarlı kənd sakini Cavabdeh1 xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək hər ay 300 manat məbləğinə icarəyə vermiş və bu barədə icarə müqaviləsi də bağlamışdır. İcarə müqaviləsi bağlandığı vaxtdan bu günə qədər 19 ay vaxt keçir. Lakin cavabdeh indiyə qədər cəmi 400 manat pul ödəmişdir. 19 ayın icarə pulu 5700 manat təşkil edir, 5700 manatdan 400 manat ödənilmiş icarə haqqını çıxanda 5300 manat pul qalır. Həmin mülkiyyət bugün də cavabdehin icarəsindədir və onun istifadəsindədir. Lakin icarə haqqını ödəmir, çağırışlara gəlmir, telefonlara cavab vermir. Beləliklə, cavabdehin İddiaçı 5300 manat icarə haqqı borcu vardır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İcarəçi Cavabdeh1 xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır. İddaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən faktiki olaraq istifadə etmir. İddiaçı sahibkar olaraq öz mülkiyyətindən istifadə edə bilmir. Müqavilənin ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus Balakən şəhəri, Heydər Əliyev prospekti, 54 O ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 45 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh1 xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək icarəçinin müddətli istifadəsinə vermiş, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı xx.xx.2024-cü il tarixdən başlayaraq 300 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməmişdir. Tərəflər arasında bağanmış icarə müqaviləsi üzrə icarə haqqı xx.xx.2024-cü il tarixdən başlayaraq işin Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olduğu tarixə, yəni 2026-cı ilin yanvar ayına kimi 19 ay üçün icarə haqqı 5700 manat təşkil edir. Cavabdehin elektron kabineti mövcud olub məhkəmə iclaslarından məlumatlı olsa da, iddia tələbinə etirazını təqdim etməmiş və ya iddia tələbi üzrə icarə haqqı borcunun ödənişini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən icarənin ilk ayı 400 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilən məbləğ nəzərə alınarsa cavabdehin 5300 manat borcu yaranmış olur. Məhkəmə tərəfindən iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsinə münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsi gecikdirildiyi üçün icarə müqaviləsi ləğv edilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədindən iddia tələbi təmin edilərək 5300 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 73 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 73 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 08 fevral 2024-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh1 5300 manat borc və ödənilmiş 73 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(4-15)-21/2026
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-21/2026
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver