Məhkəmə qərarları › İş №e-2(3-10)-625/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-625/2026

02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-625/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı Məmmədova Almaz Süleyman qızının cavabdeh Babayeva Nəsibə Yusif qızına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı evin yaxınlığında kənd sakinləri dağdan su çəkmişlər. Həmin su böyük çənə yığılır və həmin ərazidə olan kənd sakinləridə həmin sudan istifadə edirlər. O cümlədən özüdə həmin sudan istifadə etmişdir. Belə ki, həmin su çənindən əllə su daşıyıb istifadə etmişdir. 2024-cü ilin iyun ayının 13-də su çəninin quraşdıran həmkəndlisi Əhməd Nəzir oğlunu görən zaman ondan su çənindən yaşadığı evə boru ilə su xətti çəkməsini xahiş etmişdir. Əhməd ona su çəkməsinə razılıq vermişdir. Bir neçə gündən sonra Əhmədi kənddə görən zaman ona su xətti çəkmək üçün yer göstərməsini bildirmişdir. Əhməddə həmin vaxt ona çəndən su götürən şəxslərlə danışdığını, həmin şəxslərin onun su xətti çəkməsinə razı olmadığını demişdir. Ona görə sonradan su çənindən götürən şəxslərdən təxminən on nəfəri ilə görüşmüş, söhbət zamanı onlara evinin həyətinə Əhmədin quraşdırdığı su çənindən su xətti çəkdirmək istədiyini və su xətti çəkməsinə narazı olub-olmamalarını soruşmuşdur. Həmin şəxslərin hamısıda ona evinin həyətinə su xətti çəkməsinə etirazları olmadıqlarını bildirmişlər. Həmin şəxslərin fikirlərinin biləndən sonra Əhmədin evinə getmiş və ona 10 nəfər su aparan şəxslərlə görüşüb danışdığını, həmin şəxslərin su xətti çəkməsinə narazı olmadıqlarını bildirmişdir.Əhməddə ona qonşuların ona su çəkmələrini etiraz etməmələrini deməsinə baxmayaraq, həqiqətdə çəndən su götürən şəxslərin onun su xətti çəkməsinə razı olmaldığını demişdir. Sonradan evinin həyətinə su çəkməyə razılıq verilmədiyi üçün kənd icra nümayəndəliyinə müraciət etmişdir.İcra nümayəndəliyindən ona Əhmədlə görüşüb su xəttinin çəkilməsi üçün çəkilən xərci verib su xəti çəkmələrini bildirdikləri üçün Əhmədlə görüşüb ona 300 manat pul versə də, Əhməd pulu qəbul etməmiş və qonşuların onun su xətti çəkməsinə narazılıq etdiklərini demişdir. Bundan bir neçə gün sonra Şəki şəhərinə Su İdarəsinə gəlib bu barədə məlumat vermişdir.Məlumat verdikdən təxminən bir həftə sonra Su İdarəsinin iki əməkdaşı yaşadıqları ünvana gəlmişlər. Su İdarəsinin əməkdaşlarından birinin adı Elgün idi, digərinin isə adını bilməmişdir. Həmin əməkdaşlarla birlikdə Əhmədin yaşadığı ünvana getmişlər. Su İdarəsinin əməkdaşları Əhməddən nə üçün ona su verilmədiyni soruşan zaman Əhməd ona su çəkən şəxslərin narazı olduqlarını bildirmişdir. Ona görə Əhmədin qonşuluğundakı iki ünvana getmişlər və həmin şəxslər ona su çəkilməsinə razılıq vermişlər. Üçüncü ünvana getmək istəyəndə yolda həmkəndliləri Nəsibə, Aygün və Şəlalə ilə rastlaşmışlar. Nəsibə Su İdarəsinin əməkdaşı Elgündən nə üçün gəldiyini, onu kimin göndərdiyni bildirərək nalayiq ifadələr işlətmişdir. Nəsibəyə nə üçün Su İdarəsinin əməkdaşlarına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, Şəlalə ilə Aygün onun qollarından tutmuş, Nəsibə isə əli ilə üzünü cırmış, həmçinin əli ilə üzünə və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Nəsibənin onu döyməsi nəticəsində burnu qanadığı üçün burnunun qanadığını görüb onu buraxıb çıxıb getmişlər. Bundan sonra çıxıb evinə getmişdir. Nəsibə ilə aralarındakı dava ## ####### 2024-cü il tarixdə təxminən saat 11 radələrində yaşadıqları Şəki rayonu, Baş Göynük kəndində küçədə baş vermişdir. Həmin vaxt yanlarında Su İdarəsinin Elgün və adını bilmədiyi başqa bir əməkdaşı, gəlini Vüsalə və hazırda xatırlamadığı qonşuları olmuşdur.Dava-dalaş zamanı Nəsibə əli ilə sifətinə və bədəninin müxtəlif nahiyyələrinə vurmuş, Aygün və Şəlalə isə qollarımı arxaya buraraq tutmuşlar.Özü isə dava zamanı heç kimi vurmamışdır.Dava-dalaş zamanı səsküyə qonşulardan Solmaz, Zərnigar və hazıırda xatırlamadığı şəxslər gəlmişlər. Baş vermiş dava-dalaş mübahisə ilə birlikdə təxminən yarım saat çəkmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 1000 manat ziyanın bir misli miqdarında, yəni 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, cavabdeh İlhamə Kərimova tərəfindən əmlakına 1000 manat maddi ziyan vurulması tam sübut olunur. Hesab edir ki, cavabdeh ona xəsarət yetirərək ziyan vurmuş, nəticədə mənəvi ziyan çəkmişdir. Cavabdehin mənəvi cəhətdən ona vurduğu ziyanın məbləğini 1000 manat miqdarında dəyərləndirir. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir və hesab edir ki, cavabdeh İlhamə Kərimovadan mənəvi ziyana görə 1000 manat məbləğində pul onun xeyrinə olaraq alınmalıdır. Eləcə də, cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində hüquqmühafizə orqanlarına, məhkəmələrə get-gələ düşdüyünə, habelə bununla bağlı əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara də cavabdeh ona dəymiş mənəvi ziyana görə kompensasiya ödəməlidir. Mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 1000 manat pul tələb edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəmədə iddia qaldırmağa məcbur olduğum üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə müxtəlif tarixlərdə ərizələr ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və mahiyyəti üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini rədd edərək iddia tələbinin əsassız olduğunu, onun evdar qadın olduğunu maddi imkanlarının çox aşağı olduğunu bildirərək məhkəmədən idda tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Azər Mövlayev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 300 manat məbləğində mənəvi zərər tutularaq iddiaçı Məmmədova Almaz Süleyman qızının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 30%-i, yəni 09 (doqquz) manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, qalan 21 (iyirmi bir) manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsinin dispozisya şərt sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmadır.

7. Məhkəmə qeyd etmişdir ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır.

8. İşin araşdırılan hallarından görünür ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı dəyən 1000 manat mənəvi zərər vurması halı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmış və qeyd edilən əmələ görə cavabdeh barəsində məhkəmə hökmü ilə cərimə cərimə cəzasına məhkum edilmişdir. İddia tələbinin 1000 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından və işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh qəsdən iddiaçıya xəsarət yetirmiş, nəticədə o, dərin stress, əsəb və mənəvi sarsıntı keçirmişdir. Bununla belə məhkəmə hesab edir ki, 1000 manat mənəv zərərin tutulması ədalətli hesab oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və mənəvi zərərin həcmi 300 manat məbləğində müəyyən edilməlidir.

9. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Cavabdeh 300 manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun 30%-i, yəni 9 manatı tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

13. Belə ki, birinci instansiya məhkəməsi ona cavabdeh tərəfindən 1000 manat mənəvi ziyanın vurulmasının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmasını qeyd etsə də daha sonra 1000 manat mənəvi ziyanın tutulmasının ədalətli hesab oluna bilməməsini qeyd edərək mənəvi zərərin həcmini 300 manat müəyyən etmişdir. İşə baxan birinci instansiya məhkəməsi nəyə görə ona vurulmuş mənəvi mənəvi ziyanın həcminin 300 manat müəyyən edilməsini öz qətnaməsində əsaslandıra bilməmiş sadəcə olaraq formal mülahizələr əsasında bu qənaətə gəlmişdir.

14. Birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsihaqqında” ## ###### 2025-ci il tarixli qərarına istinad etsə də birinci instansiya məhkəməsi tərəfindən mənə 300 manat mənəvi ziyanın vurulması ilə bağlı gəldiyi nəticə həmin qərara tamamilə ziddir.

15. Göründüyü kimi 300 manat mənəvi ziyanın təyin edilməsi ilə ona vurulmuş mənəvi ziyan tam həcmdə ödənilmir, keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevincinin və arzunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün kifayət etmir, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirmir, pozuntunun nəticələrinə uyğun deyil, onun keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etmir ki, bu da yuxarıda qeyd edilən qərara tamamilə ziddir. Belə ki, onun 69 yaşı var və bu yaşda kənd sakinlərinin gözü qarşısında onun cavabdeh tərəfindən döyülməyi nəticəsində onun alın nahiyəsinin, burun pərinin, alt dodağın və sol sifət nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər və II, III barmaqlarda hərəkət məhdudluğu iləmüşayət olunan II, III barmaqlarının əsaslarının arxa səthlərinin hemotoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, o, uzun zaman müalicə olunmuş, həmçinin onun ailə üzvləri də sarsıntı keçirmiş, o, kənd sakinlərinin arasında bu ahıl yaşımda rüsvay olmuşdur.

16. Həmçinin daha öncə Şəki Rayon Məhkəməsinin icraatında oxşar işlər olmuş və həmin çoxlu sayda işlərdə Şəki Rayon Məhkəməsinin hakimləri tərəfindən minimum 500 manat mənəvi ziyan müəyyən edilmişdir. Lakin onun işində birinci instansiya məhkəməsi vahid məhkəmə təcrübəsini kobud şəkildə pozaraq vahid məhkəmə təcrübəsindən olduqca aşağı miqdarda mənəvi ziyan müəyyən etmişdir. Halbu ki, həmin məhkəmə qətnamələrinin qəbul edilməsindən sonra dəfələrlə infilyasiya olmuş, mənəvi ziyanın miqdarı artmaq əvəzinə azaldılmışdır.

17. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı Cavabdeh alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Tərəflər məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun qərarları: “Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

22. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli Plenum Qərarı:

23. “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin ## ######## 2009-cu il tarixli Qərarı Mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-cı maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyator Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsini qismən iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ## ####### 2024-cü il tarixdə təxminən saat 11 radələrində yaşadıqları Şəki rayonu, Baş Göynük kəndində iddiaçı ilə cavabdeh arasında mübahisə baş vermiş və mübahisə zamanı cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı zor tətbiq etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)-**/**** nömrəli hökmün əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 128.1ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh Yuisf qızı iddiaçı İddiaçı qarşı fiziki zor tətbiq etməsi nəticəsində sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

33. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli qərarına istinad etsə də birinci instansiya məhkəməsi tərəfindən ona 300 manat mənəvi ziyanın vurulması ilə bağlı gəldiyi nəticənin həmin qərara tamamilə zidd olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025ci il tarixli qərarında göstərilən qaydalara uyğun ətraflı araşdırma aparılmış və düzgün olaraq iddianın qismən təmin edilməsi qənatinə gəlmişdir.

36. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Plenum qərarının 4.17-ci bəndində göstərilmişdir ki, delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən dispozisiya şərtlərinin yoxlanılması ardıcıllığı bu qərarın 4.12-ci bəndində göstərilən qaydada həyata keçirilməlidir.

37. Həmin qərarın 4.12-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

38. Həmin Qərarın 4.10-cu bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

39. Həmin Qərarın 4.26-cı bəndinə əsasən delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir.

40. Həmin Qərarın 4.27-ci bəndinə əsasən hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir.

41. Həmin Qərarın 4.34-cü bəndinə əsasən növbəti dispozisiya şərti olan şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır.

42. Həmin Qərarın 4.35-ci bəndinə əsasən həmin sarsıntı və (və ya) iztirabların cavabdehin hüquqazidd əməli nəticəsində baş verməsi iddiaçı tərəfindən sübut olunmalıdır.

43. Həmin Qərarın 5.4-cü bəndinə əsasən mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

44. Həmin Qərarın 5.9-cu bəndinə əsasən mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

46. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması yol verilməzdir.

47. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar