Məhkəmə qərarları › İş №e-2(3-6)-1430/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1430/2026

14.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1430/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin tutulması Hakimlər X13 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) faktiki (nikahdan kənar) münasibətlərindən ##.##.2023-cü il tarixdə X4 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh ##.##.2023-cü il tarixdə iddiaçıdan doğulmuş bu uşağın atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə qeyd aparılmışdır. Tərəflər hazırda ayrı yaşayır, uşaq iddiaçının yanında qalır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı “X2 Operation” MMC-də idarə qulluqçusu vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği 4.238.61 manat təşkil edir. Cavabdeh “X1 Consulting” MMC-də direktor vəzifəsində və “xxxx” ASC-də bölmə rəhbəri vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği müvafiq olaraq 3.412.57 manat və 5.570 manat təşkil edir.

2. Cavabdehin X7 ilə rəsmi nikahından ##.##.2008-ci il tarixdə X3 və ##.##.2009-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Onların arasında bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişinə əsasən cavabdeh həmin uşaqların bütün təhsil xərclərinin qarşılanması və uşaqların saxlanılması və sazişdə əks olunmayan bütün digər xərclərinin qarşılanması üçün uşaqların yetkinlik yaşına çatana kimi, hər ayın ilk həftəsi ərzində aylıq 3000 manat (bütün vergilər və icbari ödənişlər xaric) aliment məbləğinin uşaqların bank hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh onun bütün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin qeyri-rəsmi nikahından ##.##.2023-cü il tarixdə X4 anadan olmuşdur. Uşağa münasibətdə cavabdehin atalığı müəyyən edilmiş və bu barədə * saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Cavabdehlə bir ailə kimi bir müddət birlikdə yaşamışdır. Aralarında rəsmi nikahı olmasa da, uzun müddət birlikdə bir yerdə yaşayaraq normal ailə münasibətlərini davam etdirmişlər. Lakin sonradan cavabdehin hərəkətləri səbəbindən münasibətləri pozulmuş və həmin müddətdən sonra uşaqla birlikdə tək yaşamağa məcbur olmuşdur. Həmin vaxtdan etibarən cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmamış, uşağın saxlanılması üçün ona hər hansı maddi köməklik göstərməmişdir. Cavabdeh də onun kimi bir valideyn olaraq uşağın yetkinlik yaşınadək saxlanılmasında iştirak etməlidir. Belə ki, azyaşlı uşağın gündəlik tələbatının ödənilməsində, zəruri, o cümlədən təhsil, müalicə və digər xərclərində iştirak etməli, bir sözlə uşağın yetkinlik yaşınadək saxlanılması üçün aliment ödəməlidir. Artıq uzun müddətdir ki, uşaq onun himayəsində (yanında) qalır və onun saxlanılması ilə bağlı bütün zəruri xərc və məsrəflər məhz onun tərəfindən təkbaşına qarşılanır, cavabdeh isə uşağın saxlanılması üçün ona aliment ödəmir. Uşağın gündəlik dolanacaq və digər zəruri xərcləri kifayət qədərdir və bütün xərclər demək olar ki, onun tərəfindən təkbaşına qarşılanır. Bu isə olduqça çətindir. Cavabdeh bir valideyn olaraq bu övladını saxlamağa borclu olduğunu ya unudub, ya da ailə qanunvericiliyi ilə müəyyən edilmiş bu məsuliyyətini hələ də dərk etməyibdir. Bu səbəbdən uşağın yetkinlik yaşınadək saxlanılması üçün cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh tərəf iddiaya qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı ilə heç vaxt bir ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Lakin iddiaçının və uşağın qayğısına daimi qalmış, hər ay müntəzəm olaraq maliyyə vəsaiti köçürmüş, həmin vəsaitdən əlavə də xərclər çəkmişdir. Özü isə rəsmi nikahda olan arvadı və uşaqları ilə birlikdə yaşamışdır. İlk əvvəl iddiaçıya müntəzəm qaydada ayda 3.000 manat pul köçürür və ya nağd formada verirdi. Sonradan onun maliyyə vəziyyətinə dəyişikliklər olduğuna görə, iddiaçıya bank kartına köçürmə yolu ilə və ya nağd qaydada ayda 1.000 manat məbləğində vəsait ödəyirdi. 2025-ci ilin iyul ayından isə iddiaçı onun uşaqla ünsiyyətində maneələr yaratmağa başlamışdır. Halbuki, həmin ayda, hətta avqust ayında da iddiaçıya vəsait köçürmüşdü. Buna baxmayaraq, iddiaçı onun telefonlarını bloklamış və bank kartını da dəyişmişdi. Çünki, onun bank kartına köçürmə etmək istəsə də, bu əməliyyatı həyata keçirə bilməmişdir. Hətta uşağın ad günü münasibətilə ona iri oyuncaq almış və iddiaçının ünvanına gətirmişdir. Buna baxmayaraq, onu və hədiyyəni qəbul edən olmamışdır. Bu səbəbdən oyuncağı qapıda qoyaraq getmişdir. Oyuncaq isə sonradan götürülmüşdür. Bununla belə, iddia ərizəsində qeyd olunduğu kimi uşağı diqqətsiz qoymamış və qoymaq niyyəti də olmamışdır. İddiaçı aliment olaraq onun bütün gəlirlərinin 25%-i məbləğində aliment tələb etmişdir. Lakin nəzərə alınmalıdır ki, onun rəsmi nikahı olmuş, həmin nikahdan onun 2 uşağı olmuşdur. Onun rəsmi nikahdan olan arvadı nikahın pozulması ilə bağlı mediasiya sessiyasının başlanması məqsədi ilə ** saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin Təşkilatda mübahisənin məhkəmədənkənar həll olunması məqsədilə ##.##.2024-cü il tarixli barışıq sazişi tərtib edilmişdir. Həmin Sazişinin 2-ci bəndinin 6-cı yarımbəndində əsasən də o, hər birinə 1.500 manat olmaqla, bu uşaqlara hər ay 3.000 manat məbləğində aliment ödəməlidir. Onun hazırda əmək müqaviləsi ilə işlədiyi iki iş yeri var və onun həmin iş yerlərində aldığı ümumi əmək haqqı 8.000 manat təşkil edir. Əgər ondan Barışıq sazişi üzrə tutulan vəsaitdən əlavə gəlirlərin 25%-i də tutularsa, bu halda artıq mütənasiblik və onun hüquqları pozulmuş hesab olunmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi, 126,43 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. (hakim X9)

7. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, ##.##.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

8. Məhkəmə cavabdehin etirazlarına hüquqi qiymət verərək bildirmişdir ki, cavabdeh könüllü qaydada mediasiya sazişi bağlayaraq özünün əvvəlki nikahından dünyaya gəlmiş uşaqlarının maddi rifahını təmin edərkən özünün iradə ifadəsinə uyğun seçim sərbəstliyinə malikdir. Lakin cavabdehin digər övladlarının təminatı ilə bağlı mediasiya sazişində tərəf olması və bununla bağlı üzərinə könüllü şəkildə maddi öhdəliklər götürməsi hazırki iddianın təmin edilməməsi üçün əsas deyil.

9. Bundan başqa, məhkəmə ##.##.2023-cü il təvəllüdlü X4 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab etmişdir ki, alimentin tutulma müddəti iddianın verildiyi ##.##.2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, 126,43 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-76-cı, 78ci, 100.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119-cu, 234.2.1-ci maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 76.2.-ci bəndində qeyd edilmişdir ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Yəni Məhkəmə onun gəlirlərinin və digər qazancının dörddə bir hissəsini aliment olaraq təyin etdikdə həmin məbləğə təsir edə biləcək bütün halları nəzərə almalı idi. O, alimentin məbləğinə təsir edəbiləcək hal kimi, onun birinci nikahdan olan uşaqlarının saxlanması üçün alimentin ödənilməsini sübut edən Bakı ** saylı Mediasiya Təşkilatında bağlanmış##.##.2024-cü il tarixli barışıq sazişini təqdim etmiş və bildirmişdir ki, həmin barışıq sazişinə əsasən uşaqlarına hər ay 3.000 manat məbləğində aliment ödəyir. Habelə, o, alimentin ödənilməsini təsdiq edən bank hesabından çıxarışı da təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, onun barışıq sazişinə əsasən alimentin ödənilməsi hazırki iş üzrə tutulan alimentin məbləğinə təsir edə biləcək hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə hər hansı əsaslandırma etməmiş, barışıq sazişinin hansı səbəbdən nəzərə alınmamasına qiymət verməmişdir. Halbuki, mediasiya təşkilatında bağlanmış barışıq sazişi məhkəməyə iddianın rədd edilməsi məqsədilə deyil, tutulacaq alimentin məbləğinin azaldılması məqsədilə təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərar verilərkən, mediasiya tətbiq olunmurdu və təbii ki, mediasiyada bağlanmış barışıq sazişinə əsasən ödənilən aliment qərarda nəzərə alına bilməzdi. Lakin mediasiyada bağlanmış barışıq sazişi də məhkəmə qətnaməsinə bərabər tutulmalıdır. Çünki, həmin barışıq sazişi icra edilmədikdə, tələbkar sadəcə onun təsdiq edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edir və barışıq sazişi artıq məhkəmə aktı formasını alır. Göründüyü kimi, məhkəmə birinci nikahdan olan uşaqların saxlanması üçün barışıq sazişinə əsasən müəyyən edilən aliment məbləğini nəzərə almalı olduğu halda nəzərə almamış, nəzərə almamasını da hər hansı formada əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 2 yerdə işləyir, ümumi əmək haqqı məbləği 8.000 manata yaxındır. İlk nikahından olan 2 uşağı üçün barışıq sazişi əsasında 3.000 manat aliment ödəyir. Cavabdehin digər aliment öhdəliyinin olması iddiaçının aliment tələbinin rədd edilməsinə əsas deyil. Hazırda cavabdeh 1.250 manat aliment ödəyir, yalnız bir iş yeri üzrə tutulma aparılır. Həm mediasiya prosesi zamanı, həm birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı digər uşaqlara ödənilən məbləğə bərabər aliment ödənilməsini təklif etsə də, cavabdeh 750 manat aliment ödənişi təklif etmiş, daha sonra isə ümumiyyətlə bununla razılaşmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

17. “Azərbaycan Respublikasında 2025-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının: 8.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır; 8.7-ci maddəsin əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir; 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq olan başqa halları tam nəzərə almamış, bu səbəbdən işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tətbiq olunmalı olan hüquq normasını tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflərin faktiki (nikahdan kənar) münasibətlərindən ##.##.2023-cü il tarixdə X4 doğulmuşdur. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun qaydada cavabdehin bu uşağa münasibətdə atalığı müəyyən edilmiş və müvafiq qeydiyyat orqanı tərəfindən bu halı təsdiq edən şəhadətnamə verilmişdir. Uşaq yetkinlik yaşına çatmamış, iddiaçının yanında qalmaqla onun himayəsindədir. Onların arasında uşağa alimentin ödənilməsi barədə saziş yoxdur.

27. İddiaçı hazırda cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini bildirir və bu səbəbdən ondan bütün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin məhkəmə qaydasında tutulmasını tələb edir.

28. Cavabdeh əvvəllər uşağın saxlanılmasında iştirak etdiyini, bu məqsədlə iddiaçıya hər ay ilk vaxtlar 3.000 manat, sonradan maddi vəziyyətində dəyişilik olması səbəbindən isə 1.000 manat məbləğində pul verdiyini, lakin 2025-ci ilin iyul ayından iddiaçı onun uşaqla ünsiyyətinə maneə yaratmağa başladığını, bank kartlarını da blokladığını, nəticədə 2025ci ilin avqust ayından sonra ödənişlər edə bilmədiyini bildirir, eyni zamanda, rəsmi nikahından da iki uşağının olduğunu və həmin nikah üzrə arvadı ilə aralarında yaranmış mübahisənin nəticəsi olaraq mediasiya prosesində bağlanmış barışıq sazişinə əsasən üzərinə bu uşaqların saxlanılması üçün hər ay 3.000 manat məbləğində alimentin ödənilməsi öhdəliyi götürdüyünü qeyd edir və iddianın rədd edilməsini tələb edir.

29. Həm iddiaçı (“X2 Operation” MMC-də idarə qulluqçusu), həm də cavabdeh (“X1 Consulting” MMC-də direktor və “xxxx” ASC-də bölmə rəhbəri) rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olur və onların aylıq əmək haqqı müvafiq olaraq 4.238.61 manat və (3.412.57 + 5.570 = 8.982,57) 8.982,57 manat təşkil edir. Cavabdehin uşağın saxlanılmasında iştirak etməməsi bu məqsədlə ondan vəsaitin (alimentin) tutulmasını şərtləndirir. Cavabdehin rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla müntəzəm aylıq gəlirə malik olması isə alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasını mümkün edir və məbləğ etibarı ilə hər hansı çətinlik yaratmır.

30. Bununla belə, məhkəmə kollegiyası cavabdehin müntəzəm qazanca malik olmasını, həmin qazancın məbləğini, alimentin bu qazancdan tutulmasının mümkün olduğunu, habelə iddiaçının alimenti sabit pul məbləğində deyil, cavabdehin qazancın müəyyən hissəsi miqdarında tutulmasını tələb etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin alimentin tutulmaması ilə bağlı dəlilləri əsassızdır və aliment cavabdehin qazancının (başqa gəlirlərinin) müəyyən hissəsi miqdarında tutulmalıdır. Bu məsələdə birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur.

31. Lakin birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən, cavabdehin rəsmi nikahından olan digər iki uşağına da aliment ödədiyini nəzərə almamış və həmin uşağa bu qaydada saxlanılan tək uşaq kimi yanaşaraq, Ailə Məcəlləsinin 76.1.1ci maddəsinin tələblərinə uyğun olaraq onun saxlanılması üçün cavabdehdən hər ay onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutmuşdur. Nəticədə həm uşaqların hər birinin təminatında, həm də uşaqların ümumi sayına münasibətdə cavabdehdən bu qaydada tutulan alimentin ümumi miqdarı arasında qeyri-mütənasiblik yaranmışdır.

32. Belə ki, artıq müəyyən edildiyi kimi, cavabdehin X7 ilə rəsmi nikahından ##.##.2008-ci il tarixdə X3 və ##.##.2009-cu il tarixdə X5 adlı uşaqları doğulmuş, onların arasında mediasiya prosesində bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişinə əsasən cavabdeh həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 3.000 manat məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Belə olan halda, məbləğ etibarı ilə cavabdehin nikahdan olan iki uşağının hər birinin aylıq təminatı ortalama (3.000 / 2 = 1.500) 1.500 manat, iddiaçı ilə faktiki münasibətlərindən olan uşağın aylıq təminatı isə cavabdehin ümumi aylıq qazancının məbləği baxımından 2.000 manatdan artıq olur. Halbuki, uşaqlar bu məsələdə bərabər hüquqludur və bu hüququ pozmadan digər iki uşaqla müqayisədə ##.##.2023-cü il təvəllüdlü X4 üçün daha yüksək miqdarda alimentin tutulması üçün hər hansı əsas, o cümlədən bu uşağın daha üstün mənafeyi və ya diqqətəlayıq olan bir hal müəyyən edilmir.

33. Digər tərəfdən aliment qismində ödənilməli olan ümumi məbləğ (3.000 manat + ən azı 2.000 manat) 5.000 manatdan da yüksək bir məbləğ təşkil etmiş olur ki, bu da artıq onun maddi vəziyyətinə təsir edən bir hal kimi qiymətləndirilə bilər. Belə ki, qanunverici bu qaydada tutulan alimentin miqdarını uşaqların sayı baxımından (3 və daha çox) cavabdehin qazancın (başqa gəlirlərin) yarısı həddində (mövcud vəziyyətdə təxminən 4.500 manat) müəyyən etmişdir.

34. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və cavabdehin aylıq qazancının (əmək haqqının) ümumi məbləğini, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişinə əsasən onun nikahdan olan digər iki uşağının saxlanılması üçün də aliment ödəməsini, habelə diqqətəlayıq olan başqa halları nəzərə alıb belə qənaətə gəlir ki, bu payın miqdarı azaldılmalı və cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/5 (beşdə bir) hissəsi miqdarında müəyyən edilməlidir.

35. Belə ki, qanunverici uşaqların sayından asılı olaraq bu qaydada tutulan alimentin miqdarını dəqiq müəyyən etməklə yanaşı, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla bu payların miqdarının məhkəmə tərəfindən azaldılması və artırılmasının mümkünlüyünü də təsbit etmişdir. Yuxarıda göstərilənlər də qeyd edilən həddə payın miqdarının azaldılması üçün bilavasitə əsas yaradır. Belə ki, məhz bu halda, yəni həmin miqdar hesabına bu uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulan alimentin məbləği az fərqlə 1.500 manatdan artıq olacaqdır. Bununla da həm uşaqların hüquqları bərabər həddə təmin edilmiş olacaq (hər biri təxminən eyni miqdarda aliment alacaq), həm də cavabdehdən tutulan alimentin ümumi məbləği qanunvericinin bu sayda uşaq üçün müəyyən etdiyi həddə uyğun olacaqdır.

36. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının özünün də kifayət qədər yüksək aylıq gəlirə malik olduğunu (4.238.61 manat təşkil edir) və həm mediasiya prosesində, həm də işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehə digər uşaqlara ödənilən məbləğdə alimentin ödənilməsinin təklif etdiyini nəzərə almışdır. Nəzərə alınmalıdır ki, iddiaçının aylıq gəlirinin məbləği özü-özlüyündə hazırki münasibətlərə Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tətbiq edilməsini mümkün edir.

37. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, alimentin məbləği müəyyən edilərkən həmçinin, uşağın valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması da əsas tutulmalıdır. Bu halda, psixoloji və mənəvi baxımdan daha həssas təpəqə olan uşağın vərdiş etdiyi həyat tərzinin (təvəllüdünə uyğun istifadə etdiyi geyim və ləvazimatların, habelə qidanın dəyəri, ödəniş tələb edilən maraqları, o cümlədən asudə vaxtının keçirilməsi və sair) qorunub saxlanılması başa düşülür. Cavabdeh ilk öncə bu məqsədlə iddiaçıya hər ay 3.000 manat, sonradan isə 1.000 manat məbləğində vəsait vermişdir. Bununla belə, alimentin hazırda müəyyən edilmiş məbləği əvvəlki (sonuncu) ilə müqayisədə uşağın təminat səviyyəsini daha da yüksəkdir. Başqa sözlə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş miqdar hesabına bu tələbə də riayət edilmiş olur.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qarşılıqlı razılıq əsasında (cavabdeh və keçmiş arvadı) nikahdan doğulmuş iki uşaq üçün ödənilən alimentin məbləğinin sonradan azaldılması birmənalı şəkildə bu uşaq üçün ödənilən alimentin miqdarının da azaldılmasını və həmin uşaqlara ödənilən alimentin məbləği ilə eyniləşdirilməsini şərtləndirmir. Belə ki, buna oxşar hal baş versə də, cavabdehin əmək haqqı məbləğinin dəyişməməsi bu uşağa münasibətdə də azalmanın təmin edilməsini istisna edəcəkdir.

39. Məhkəmə kollegiyası alimentin tutulmasının başlanğıc tarixinə münasibətdə qeyd edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi, yəni ##.##.2025-ci il tarixdən tutulamalıdır.

40. Məhkəmə kollegiyası iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini və yuxarıdakı qənaətini nəzərə alaraq hesab edir ki, tutulması müəyyən edilmiş alimentin məbləğinə uyğun olaraq cavabdehdən 154,67 manat məbləğində dövlət rüsumu tutulaq dövlət büdcəsinə ödənilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, habelə diqqətəlayiq olan başqa halları nəzərə alıb, eyni zamanda, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməli, ##.##.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh onun qazancının (başqa gəlirlərinin) 1/5 (beşdə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumunun əvəzi olaraq 154,67 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ##.##.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh onun qazancının (başqa gəlirlərinin) 1/5 (beşdə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi olaraq 154,67 (bir yüz əlli dörd manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq, dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar