Məhkəmə qərarları › İş №e-2(3-6)-1465/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1465/2026

12.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1465/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Axundova (Zaidova) Xədicə Yusif qızına qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Axundova (Zaidova) Xədicə Yusif qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: ## ###### 2009-cu ildə X2 doğulub, atası İddiaçı, anası X3r.

2. İddiaçı ilə X3 arasında bağlanmış nikah ləğv edilib və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ## ###### 2013-cü il tarixdə 503 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Qurbanov”, qadına “Axundova” soyadı verilib.

3. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi isə ləğv edilib və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilib, tərəflərin birgə nikahından olan ##.##.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası - iddiaçı İddiaçı himayəsinə verilib, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli arayışına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ## #### 2025ci il tarixdə qanuni qüvvəyə minmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən ##.##.2026-cı il tarixli məşğulluq haqqında arayışa əsasən Axundova (Zaidova) Xədicə Yusif qızı ##.##.2023-cü il tarixdən işsizdir.

6. X10 çıxarışa əsasən Axundova (Zaidova) Xədicə Yusif qızının ##.##.2019-cu il təvəllüdlü X1 adlı övladı var.

Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı İddiaçı cavabdeh Axundova (Zaidova) Xədicə Yusif qızına qarşı aliment tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsibarədə ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci ilin aprel ayından başlayaraq qızı ## ###### 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 500 manat alimentin cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

8. İddiada göstərilib ki, qızı onun himayəsindədir. Cavabdeh qızı Suelin saxlanmasında iştirak etmir. Bu səbəbdən aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də yuxarıda qeyd etdiklərinə əsasən ## ###### 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 500 manat alimentin cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilərək ##.##.2026-cı il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan ##.##.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Axundova (Zaidova) Xədicə Yusif qızından iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisəsiz halı odur ki, tərəflərin ##.##.2009-cu il təvəllüdlü X2 vardır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025- ci il tarixli qətnaməsi ilə ##.##.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası-iddiaçı İddiaçı himayəsinə verilmişdir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir. İddiaçı yetkinlik yaşına çatmayan ##.##.2009-cu il təvəllüdlü X2 üçün aliment tələb edir. Məhkəmə ilk növbədə uşağın yüksək mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalı və tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə cavabdehdən hər ay uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. İddiaçı iddia tələbində ##.##.2009-cu il təvəllüdlü X2 üçün 500 (beş yüz) manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin əlavə gəlirlərinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən ##.##.2026-cı il tarixli məşğulluq haqqında arayışa əsasən Axundova (Zaidova) Xədicə Yusif qızı ##.##.2023-cü il tarixdən işsizdir. Həmçinin cavabdeh ikinci dəfə ailə həyatı qurmuş və onun həmin nikahdan ##.##.2019-cu il təvəllüdlü X1 var. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin dəyişdirilərək iddia tələbinin tam edilməsini xahiş edib göstərir ki, məhkəmə aliment məbləğini müəyyən edərkən uşağın real ehtiyaclarını və qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunu nəzərə almamışdır. Hal-hazırda Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu yuxarıda qeyd edildiyi kimi 260 manat təşkil edir. Məhkəmə isə alimenti minimum əmək haqqının 0.37 misli (təxminən 148 manat) məbləğində müəyyən etmişdir ki, bu da uşağın yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağıdır və onun normal inkişafı, qidalanması, təhsili və digər zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onun uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdeh Axundova (Zaidova) Xədicə Yusif qızı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 10.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Maddə 11. Hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir.

16. “Uşaq hüquqları haqqında” Konvensiya:

Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

17. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

18. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilsin.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi yaxud dəyişdirilərək iddianın tam təmin edilməsi üçün əsas ola bilməz.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. Təmin edilmədiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

29. Əvvəla, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən öz mövqeyini əsaslandırılıb və uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumunun nəzərə alınmaması şikayəti əsaslı etmir. Çünki müəyyən edilən məbləğ uşaqlar üçün olan yaşayış minumumundan aşağı olsa da cavabdehin himayəsində 1 azyaşlı uşağının olması və qazancı və gəlirinin tələb edilən məbləği təmin edəcək səviyyədə olmasına dair sübutun olmaması ilə bağlı olub.

30. Deməli cavabdeh ananın işsiz və başqa bir övladının olmasına görə, yəni hər iki uşağın mənafeyi nəzərə alınmaqla alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində tutulması ədalətsiz hesab edilə bilməz. Çünki qeyd olunan vəziyyətdə olan ananın tələb edilən məbləğdə aliment ödəmək iqtidarında olubolmadığı da nəzərə alınmalıdır.

31. Təbii ki, apellyasiya instansiyası məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı bu qənaəti kimin üçünsə anlaşılan görünməyə bilər. Lakin bu cür yanaşma tərəflərin maddi vəziyyəti və qarşılıqlı münasibətləri üzrə, o cümlədən cavabdeh ananın hər iki uşağı ilə bağlı valideyn olaraq hüquqi vəziyyəti ilə bağlı ədalətliliyi təmin etmiş olur.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar