Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1559/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, iddiçı qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş formaya uyğun sənəd təqdim etmədiyindən, mediasiya mərhələsindən istifadə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkməsinə göndərilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə iddiaçı tərəfindən mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlıdır. Lakin qeyd olunmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olduğu mübahisələr konkret olaraq müəyyən edilmişdir. Həmin normaya əsasən məcburi mediasiya mərhələsi yalnız ailə və əmək münasibətlərindən irəli gələn müəyyən kateqoriyalımübahisələrə tətbiq olunur. Qanunverici tərəfindən məcburi mediasiya mərhələsindən keçməli olan mübahisələrin dairəsi dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Həmin siyahıda mənəvi ziyanın ödənilməsi ilə bağlı mübahisələr nəzərdə tutulmamışdır. Bu baxımdan, hazırkı iddianın predmeti olan mənəvi ziyanın ödənilməsi tələbi qanunvericiliyə görə məcburi mediasiya mərhələsindən keçməli olan mübahisələr kateqoriyasına aid edilə bilməz. Başqa sözlə, qanunvericilik məcburi mediasiya tətbiq edilən mübahisələrin dairəsini məhdud və konkret şəkildə müəyyən etdiyindən, həmin siyahıya daxil olmayan mübahisələr üzrə mediasiya mərhələsindən keçmək tərəflərin hüququ olsa da, qanuni öhdəlik kimi müəyyən edilməmişdir. Bu səbəbdən də hazırkı mübahisə üzrə mediasiya mərhələsindən keçilməməsi iddia ərizəsinin geri qaytarılması üçün hüquqi əsas hesab edilə bilməz. Qeyd olunmalıdır ki, tərəflər ər və arvad olsalar da, hazırkı mübahisə öz hüquqi mahiyyətinə görə ailə hüquq münasibətlərindən irəli gələn mübahisə deyil, mülki hüquq mübahisəsidir. Belə ki, iddia tələbi tərəflər arasında ailə münasibətlərinin tənzimlənməsi, nikahın pozulması, aliment, uşağın saxlanılması və ya ailə hüququndan irəli gələn digər məsələlərlə bağlı olmayıb, konkret olaraq mənəvi ziyanın ödənilməsi tələbinə dair irəli sürülmüşdür. Bu səbəbdən də mübahisənin tərəflərinin ər-arvad olması həmin mübahisəyə avtomatik olaraq ailə mübahisəsi statusu vermir və belə mübahisə hüquqi mahiyyətinə görə ümumi mülki mübahisə kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, hazırkı iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun məcburi mediasiya mərhələsinə dair müddəalarının tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında mübahisə ilə bağlı faktiki olaraq mediasiya prosesi keçirilmişdir. Belə ki, tərəflər mediasiya prosesində iştirak etmiş və həmin prosesin nəticəsi olaraq ##.##.2026-cı il tarixdə barışıq sazişi bağlanmışdır. Sözü gedən barışıq sazişində mediasiya prosesinin keçirildiyi, tərəflərin mediasiya sessiyasında iştirak etdiyi, mediatorun və mediasiya təşkilatının məlumatları, habelə tərəflər arasında əldə edilmiş razılaşmanın şərtləri açıq şəkildə öz əksini tapmışdır. Beləliklə, iş materiallarında mövcud olan barışıq sazişi tərəflər arasında mediasiya prosesinin keçirildiyini, tərəflərin mediator iştirakı ilə danışıqlar apardığını və mediasiya nəticəsində yazılı razılaşma əldə etdiyini açıq şəkildə sübut edir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş sənədlərin hüquqi mahiyyətini qiymətləndirmədən və mediasiya prosesinin faktiki keçirildiyini nəzərə almadan iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsi yalnız o halda geri qaytarıla bilər ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda belə iştirak edilməmiş olsun. Lakin hazırkı iş üzrə, bir tərəfdən mübahisə qanunvericiliyə görə məcburi mediasiya mərhələsindən keçməli olan mübahisələr kateqoriyasına aid deyil, digər tərəfdən isə tərəflər arasında faktiki olaraq mediasiya prosesi keçirilmiş və bu prosesin nəticəsi olaraq barışıq sazişi bağlanmışdır. Bu səbəbdən də məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə istinad edilməklə iddia ərizəsinin geri qaytarılması üçün hüquqi əsas mövcud olmamışdır.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Belə ki, iddiaçı mənəvi zərərlə bağlı tələbini cavabdehin valideyn hüquqlarını və azyaşlı uşağın qanuni mənafeyini kobud şəkildə pozaraq iddiaçının məlumatı və razılığı olmadan azyaşlı uşaqları X1 tibbi müdaxilə, əməliyyət etdirməsinə razılıq verməsi ilə, habelə uşaqla ünsiyyətin təmin edilməsinə dair məhkəmə aktının icrasının cavabdeh tərəfindən icra edilməməsi ilə əsaslandırmışdır.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
12. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mediasiya prosessindən keçməməsinə görə iddia ərizəsini geri qaytararkən iddiaçının hazırkı tələb üzrə mediasiyadan keçməsinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır.
13. Bundan başqa iş materiallarına Bakı * saylı X8 mediasiya sessiyasında iştirak edilməməsi barədə MBŞ/02_0354 nörməli, ##.##.2026-cı il tarixli arayış əlavə edilmişdir.
14. Kollegiya hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edildiyindən iddiaçının hazırkı tələbi üzrə mediasiya prosesinin zərurliyinə hüquqi qiymət verilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılmasına zərurət vardır.
15. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.