Məhkəmə qərarları › İş №e-2(3-6)-1593/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1593/2026

20.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1593/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 352 (üç yüz əlli iki) manat olmaqla, ümumilikdə 704 (yeddi yüz dörd) manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək azaldılmasına və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olan ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 onun, yəni ananın himayəsində saxlanılmış və hər uşağa 137 manat olmaqla ümumi iki uşağa 274 manat sabit pul məbləğində alimentin onun, yəni X6 xeyrinə tutulması qət edilmişdir. Sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq ona, yəni Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Cavabdeh “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı onun, yəni Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulmasının sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunmuşdur. Nəticədə hər uşaq üçün 352 manat olmaqla ümumilikdə 704 manat aliment məbləğinin tutulması qərara alınmışdır. Hal-hazırda maddi vəziyyəti qərardadda qeyd olunmuş aliment məbləğini ödəməyə kifayət etmir. Bildirir ki, yenidən ailə qurmuş və sonrakı nikahından ##.##.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Evli olmağı, himayəsində körpə uşağının və sair ailə xərclərinin olması, həmçinin, digər hallara görə məsrəfləri yetərincə artmışdır. Ailəsinin bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Bütün gəliri isə sadəcə aylıq 1198 azn əməkhaqqı kartına gələn puldan ibarətdir. İndiyə qədər təyin edilmiş ümumilikdə 320 azn aliment məbləğini və uşaqlarının digər xərclərini ödəmişdir, lakin bu məbləğin anidən 704 manata artırılması və birbaşa əməkhaqqına yönəldilməsi onu acınacaqlı hala salmışdır. Ayda ona özünü ailəsini saxlamaq üçün cəmi 494 manat vəsait qalır ki, bu da körpə uşağının xərclərini belə qarşılamağa imkan vermir. Bu səbəblə son dövrlərdə xeyli borclanmışdır. Bu hallar onun sağlamlığına və yenidən qurduğu ailəsi təsərrüfat etdirməyinə maneə törədir. Ailəsinin güzaranının qənaət-bəxş olmaması isə onu təmiz özündən çıxarır. Bütün bunlar əsas verir ki, hal-hazırda müəyyən edilmiş hər uşaq üçün 352 manat aliment məbləği dəyişdirilərək azaldılmalıdır. Hesab edir ki, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə təyin edilmiş 352 manat ümumilikdə 704 manat aliment məbləği azaldılmalı və hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək cavabdehə ödənilməlidir.

3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği minimum əmək haqqının 0.88 misli miqdarında indeksasiya olunmuşdur. Bundan sonra İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından narazı qalaraq alimentin azaldılması üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməyərək qüvvədə saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o işləmir və hal-hazırda işsiz kimi qeydiyyatdadır. Borclu İddiaçı aylıq 1355 manat əmək haqqı alır. Birgə nikahdan anadan olmuş övladları 2015 və 2016cı il təvəllüdlü uşaqlardır və uşaqlar böyüdükcə onların xərcləridə artır. İddiaçı alimentin azaldılması barədə verdiyi iddia uşaqların maraqlarına, inkişafına uygun gəlmir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilsin. ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, alimentin hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minimumundan aşağı məbləğ təşkil etdiyindən onların mənafelərinə uyğun hesab edilə bilməz. Digər tərəfdən, alimentin minimum əmək haqqının 0.88 misli həddində saxlanılması iddiaçının faktiki gəliri və maddi imkanları ilə müqayisədə ağır yük yaradır. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan bir azyaşlı övladı vardır. Qanunvericiliyə əsasən valideyn bütün uşaqlarına münasibətdə bərabər saxlanma öhdəliyi daşıyır. Bu baxımdan, iddiaçının dəyişmiş ailə vəziyyəti və himayəsində azyaşlı uşağın olması aliment məbləğinin müəyyən edilməsində nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aliment məbləğinin azaldılması barədə nəticəyə gələrkən uşaqların faktiki maddi ehtiyaclarını və onların gündəlik saxlanılması üçün tələb olunan real xərcləri araşdırmamışdır. Uşaqların qida, geyim, təhsil, tibbi xidmət və digər zəruri ehtiyacları ilə bağlı xərclər müəyyən edilməmiş və bu hallara hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının maddi vəziyyətinin əvvəlki dövrlə müqayisədə həqiqətən dəyişib-dəyişmədiyini də tam araşdırmamışdır. İddiaçının gəlir imkanları, əlavə gəlir mənbələrinin olub-olmaması, faktiki yaşayış səviyyəsi və digər iqtisadi imkanları barədə ətraflı araşdırma aparılmamışdır. Digər mühüm hal ondan ibarətdir ki, məhkəmə cavabdehin işsiz olması və uşaqların faktiki olaraq onun himayəsində yaşaması kimi halların uşaqların saxlanılması baxımından hansı nəticələr doğurduğunu lazımi qaydada araşdırmamışdır. Həmçinin məhkəmə aliment məbləğinin azaldılmasının uşaqların maddi təminat səviyyəsinə və onların normal inkişafına necə təsir göstərəcəyini də qiymətləndirməmişdir. Beləliklə, məhkəmə iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir ki, bu da qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasına səbəb olmuşdur.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

7. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. İş materiallarında olan * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2015-ci il tarixdə verilmiş AZ-III ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 ##.##.2015-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 873 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Hacıyeva Xanımana Camulla qızıdır.

9. İş materiallarında olan * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2016-cı il tarixdə verilmiş AZ-III ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 ##.##.2016-cı il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3449 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Hacıyeva Xanımana Camulla qızıdır.

10. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2018-ci il tarixində verilən AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və Hacıyeva Xanımana Camulla qızının ##.##.2018ci il tarixində nikaha xitam verilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 412 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Eyvazova soyadı verilmişdir.

11. İş materiallarında olan AZ-II ****** nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X5 ##.##.2020-ci il tarixdə nikahlarını Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Hacıyev", arvada "Hacıyeva" soyadı verilmişdir.

12. İş materiallarında olan * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2020-ci il tarixdə verilmiş AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 ##.##.2020-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 7248 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X4r.

13. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2019-cu il tarixli qətnaməsi ilə ##.##.2015ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunmuşdur.

14. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(004)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. İş materiallarında olan * saylı Bakı DOST Mərkəzinin ##.##.2025-ci il tarixli, 3-17- */*-E-*****/**** nömrəli arayışına əsasən Cavabdeh işsiz kimi qeydiyyata alınmışdır.

16. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı “X7" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 1355.43 manat təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin olunan hissədə ləğv olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndini, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2,110.2, 112.1-ci maddələrini, «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsini, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsini, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli *-*/**** nömrəli qərarının 8.14-cü bəndini, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarlarını nəzərə alaraq hesab edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir.

20. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

21. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

22. Beləliklə, iş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək, ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnamə ilə ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016- cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləği indeksasiya olunaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.88 misli həddində müəyyən edilmişdir. Həmin qərardaddan borclu İddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı İddiaçı ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 352 manat olmaqla, ümumilikdə 704 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin dəyişdirilərək azaldılması və hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, alimentin hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsi uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş yaşayış minimumundan aşağı məbləğ təşkil etdiyindən onların mənafelərinə uyğun hesab edilə bilməz. Digər tərəfdən, alimentin minimum əmək haqqının 0.88 misli həddində saxlanılması iddiaçının faktiki gəliri və maddi imkanları ilə müqayisədə ağır yük yaradır.

24. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan bir azyaşlı övladı vardır. Qanunvericiliyə əsasən valideyn bütün uşaqlarına münasibətdə bərabər saxlanma öhdəliyi daşıyır. Bu baxımdan, iddiaçının dəyişmiş ailə vəziyyəti və himayəsində azyaşlı uşağın olması aliment məbləğinin müəyyən edilməsində nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdeh Cavabdeh ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir (260 manat (2026-cı il üçün uşaqlara görə yaşayış minimumu) : (bölünsün) 400 manat (2026-ci il üzrə minimum əmək haqqı) =0,65 ).

26. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 27.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar