Məhkəmə qərarları › İş №e-2(3-6)-1780/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1780/2026

01.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1780/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Vronchenko Elizaveta cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“alimentin tutulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Vronchenko Elizaveta cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Vronchenko Elizavetanın himayəsində olan ##.##.2011-ci il təvəllüdlü Süleymanova Aliya Anar qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh hər ay 600 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1979-cu il təvəllüdlü Vronchenko Elizaveta cavabdeh ##.##.1981-ci il təvəllüdlü Cavabdeh ilə birgə 15 ilə yaxındır qeyri-rəsmi nikah münasibətlərində olmuş, son zamanlar tərəflər arasında münasibətlər pozulmuş, qeyri rəsmi nikah zamanı tərəflərin bu münasibətdən ##.##.2011-ci ildə anadan olmuş Süleymanova Aliya Anar qızı (AA2388114) adlı birgə yetkinlik yaşına çatmayan övladları iddiaçı Vronchenko Elizavetanın himayəsindədir. Cavabdeh heç bir vaxt uşağın təlim və tərbiyəsində iştirak etməyib və onun zəruri ehtiyaclarının ödənilməsi üçün aliment ödəməyib. Uzun müddətdir ki, iddiaçı və yetkinlik yaşına çatmayan uşaqları ilə maraqlanmır və iddiaçı cavabdeh barədə məlumatlı deyil. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır və onların bütün xərcləri (kurs, məktəb, ərzaq, gündəlik tələbatlar, sağlamlıq və s.) iddiaçı tərəfindən qarşılanır. Lakin uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Hesab edir ki, birgə övladları olan Süleymanova Aliya Anar qızının saxlanılması üçün cavabdeh tərəfindən aliment ödənilməlidir. Belə ki, iddiaçının himayəsində olan uşaq yetkinlik yaşına çatmayıb, onun da öz növbəsində qayğıya ehtiyacı var və saxlanması üçün pul vəsaiti tələb olunur. Uşağın inkişafı üçün vacib olan kurslar, məktəb xərcləri, məktəb ləvazimatları, ərzaq, gündəlik tələbatlar, sağlamlıq və s. kimi xərclər ilə əlaqədar pul vəsaitinə ehtiyac vardır. İddiaçı uşağın yalnız hazırlıq kurslarına getməsi üçün aylıq 200 manat ödəniş edir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - AzeMis sistemindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.2011-ci il təvəllüdlü Süleymanova Aliya Anar qızı Bakı şəhərində doğulmuşdur, anası Vronchenko Elizaveta, atası isə Cavabdehdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ##.##.2025-ci il tarixdən başlayaraq Cavabdeh tərəflərin birgə nikahından doğulmuş ##.##.2011-ci il təvəllüdlü Süleymanova Aliya Anar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin hər ay 0,7 misli həddində alimentin tutularaq Vronchenko Elizavetaya ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.5, 78.1, 100.2, 110.1, 110.2; “Uşaq hüquqları haqqında“ BMT Konvensiyasının 3; Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadən tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, tərəflərin aliment məbləği ilə bağlı razılığını, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab etmişdir ki, ##.##.2011-ci il təvəllüdlü Süleymanova Aliya Anar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,7 misli həddində aliment müəyyən edilməklə tutulması ədalətli olar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 3360 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə 53,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat və iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini dəyişdirərək iddiaçının himayəsində olan ##.##.2011-ci il təvəllüdlü qızı Süleymanova Aliya Anar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat həddində alimentin müəyyən edilməsini xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2; Mülki Prosessual Məcəllənin 88, 217.3 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, Uşağa baxmamağı onun təlim-təribiyəsində iştirak etməməyi lazımı xərcləri ödəməməyi barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, uşaqla həmişə təmasdadır, onun ehtiyaclarının qarşılanmasına həmişə kömək etmiş və etməkdədir. Hətta xüsusi mülkiyyətində olan Bakı şəhəri, 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 3123, bina 1, blok 4, **** saylı mənzil ## ######## 2023-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən doğma qızı Süleymanova Aliya Anar qızına bağışlamışdır. Məhkəmə iclasında da göstərmişdir ki, hər gün 4-5 dəfə qızı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayır, onun bütün istəklərini maddi cəhətdən qarşılamağa çalışır. Özü ikinci dəfə ailə qurmuş və bu nikahdan iki övladı var. Ona görə də uşağın saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, tərəflərin aliment məbləği ilə bağlı razılığını, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, ##.##.2011-ci il təvəllüdlü Süleymanova Aliya Anar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,7 misli həddində aliment müəyyən edilməklə tutulması ədalətli olar. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının yanında olan ##.##.2011-ci ildə anadan olmuş Süleymanova Aliya Anar qızından başqa ikinci nikahdan iki övladı vardır. Hər uşağa 280 manat hesabı ilə 3 uşağın saxlanılması üçün 840 manat pul ödənilməlidir . Məlum olduğu kimi 3 uşağın saxlanması üçün qazancın və başqa gəlirlərin ½ hissəsi miqdarında aliment tutulmalıdır , bu halda onun ən azından hər ay gəliri 1680 manat olmalıdır. Belə bir gəlirləri isə mövcüd deyildir. Göründüyü kimi məhkəmə himayəsində olan digər 2 uşağın manefeyini nəzərə almamışdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hansı səbəbə görə iki uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli ( 400 x 0,7= 280)həddində aliment tutulmasının əsaslandırmamışdır. Qətnamə ümumi terminlərdən istifadə edilməklə heç bir əsaslandırma olmadan qəbul edilmişdir. Məlum olduğu kimi qətnamə dövlətin adından çıxarılır və hökmən icra edilməli aktdır. 280 manat alimenti heç cür ödəmək imkanına malik deyil və deməli qətnamə icra olunmamış qalacaqdır. Bu isə ədalət mühakiməsinin və məhkəmənin nüfuzuna zərər gətirir. Məhkəmə qəbul etdiyi qətnaməni icra edilə bilmə imkanın nəzərə almamışdır. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar

5. ##.##.2025-ci il tarixli Tələbə ilə Tədris Mərkəzi arasında müqaviləyə əsasən müəyyən edilir ki, tədris mərkəzi “Zəkalar Akademiyası”, tələbə Süleymanova Aliya Anar qızı olmaqla ilə abituriyent hazırlığı tədris proqramına görə aylıq ödənişin məbləği 200 AZN təşkil edir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 17. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Uşaq Hüquqları haqqında Qanunun tələblərinə əsasən: 4.Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *- */**** saylı qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

12. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməli və təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, ən əsası isə uşaqların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırki münasibətlərdən və apellyasiya şikayətinin dəlillərindən irəli gələrək qeyd edilməlidir ki, cavabdeh tərəfindən övladına mənzil bağışlaması və ya başqa övladlarının olması alimentlə təmin edilmək kimi uşağın mənafeyinə aid ola bilməz və bu barədə tərəflər arasında hər hansı saziş və ya digər sübut müzakirəyə təqdim edilməmişdir.

16. Diqqətə çatdırılmalıdır ki, uşaqların mənafeləri baxımından onların kimin yanında qalması valideynlərin hüquq və vəzifələrinin həyata keçirilməsinin məhdudlaşdırmasına xidmət etməməli, hüquqlarının təmin edilməsi çərçivəsində ziddiyyət yarandığı təqdirdə valideynlərin müvafiq icra hakimiyyəti orqanına müraciət imkanları və ya məhkəmə müdafiə hüquqlarının təmin edilməsi istisna edilmir.Kollegiya hesab edir ki, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün razılığa gəlmək imkanları müzakirə edilməli, razılıq olmadıqda isə dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı münasibətlər üzrə tərəflərin aliment məbləğinin dəyişdirilməsi və ya əlavə tələblərə yenidən baxılması mümkündür.

17. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

18. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar