Məhkəmə qərarları › İş №e-2(3-6)-1809/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1809/2026

20.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1809/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı və bir hissəsini qaytarmadığı borcun ödənilməsi məqsədi ilə 13.500 manat, borcun ödənilməsinin gecikdirilmiş 2 il müddəti üçün illik 5 faiz hesabı ilə 1.350 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,69 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2015-ci ilin fevral ayında iddiaçıdan 25.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq 42.500 manat), 2022-ci ilin iyun ayında isə əlavə olaraq 3.000 manat borc almışdır. Cavabdeh aldığı borcu hissə-hissə qaytarsa da, 13.500 manat məbləğində borcu qaytarmamışdır. Təqdim edilən “WhatsApp” yazışmalarından görünür ki, 2025-ci ilin fevral ayında cavabdeh tərəfindən iddiaçıya 500 manat ödəniş edildikdən sonra 14.000 manat borcun qaldığını, 2025-ci ilin may ayında isə növbəti 500 manat ödənişdən sonra qalıq borcun 13.500 manat təşkil etdiyini cavabdehə bildirmişdir. Cavabdeh sonuncu mesaja cavab olaraq 22-si gələcəyini, imkanı yaxşı olarsa 1.000 manat verəcəyini, əks halda iddiaçının dediyi qaydada hərəkət edəcəyini bildirmişdir. Buna baxmayaraq, həmin vaxtdan etibarən, cavabdeh borcunun qaytarılması məqsədi ilə iddiaçıya heç bir ödəniş etməmiş, baxmayaraq ki, iddiaçı ödənişin edilməsini cavabdehdən dəfələrlə tələb etmişdir. Bu səbəbdən də, iddiaçı, cavabdehin hərəkəti haqqında ərizə ilə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında 28-ci PŞ-də müəyyən araşdırılma aparılsa da, ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya izah edilmişdir ki, onunla cavabdehi arasında yaranmış mübahisə mülki xarakterlidir və buna görə də, o, “pul tələbi barədə” iddia ərizəsi ilə müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 137,69 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı xahiş edir ki, cavabdehin ondan aldığı və bir hissəsini qaytarmadığı borcun ödənilməsi məqsədi ilə 13.500 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulsun. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, 2023-cü ilin ortalarından borcun qısa müddətdə qaytarılmasını cavabdehdən tələb etmiş və cavabdeh də hər dəfə söz vermişdir ki, borcu tez zamanda ödəyəcək. Buna baxmayaraq cavabdeh vədlərinə əməl etməmişdir. Buna görə də, iddiaçı hesab edir ki, borcun ödənilməsinin gecikdirilmiş 2 il müddəti üçün illik 5 faiz hesabı ilə cavabdehdən onun xeyrinə 1.350 manat məbləğində faiz də tutulmalıdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. İddiaçının nümayəndəsi (qardaşı) X2 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qismən etiraf edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, iddiaçıdan borcu Novruz Vəliyev adlı tanışları üçün almışdır. Avtomobillərin alğı-satqısı ilə məşğul olan Novruz həmin pul məbləğlərini öz fəaliyyətinə buraxmalı və əldə etdiyi gəlirdən iddiaçının borcunu qaytarmalı və onlara əlavə olaraq mükafat da verməli idi. Lakin Novruz onları aldatmışdır və hazırda dələduzluq əməlini törətdiyinə görə həbsdədir. Onlar Novruza ümumilikdə 50.000 ABŞ dolları pul vermişlər, onun 40.000 dollarını iddiaçı özü vermişdir. Pul batdıqdan sonra o, pulun bir qismini özü 2017-2019-cu illərdə iddiaçıya əlbəəl qaytarmış və iddiaçıya hazırda təxminən 7.000 manat məbləğində borcu qalmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan pul vəsaiti aldığını və iddiaçı qarşısında qalıq borcunun olduğunu özü də inkar etməmiş, yalnız qalıq məbləğin iddiaçının göstərdiyi 13.500 manat deyil, 7.000 manat olduğunu bildirmişdir. Borcun mövcudluğu cavabdeh tərəfindən etiraf edildiyi üçün, borc məbləğin iddiaçının bildirdiyi məbləğdə deyil, daha aşağı məbləğdə olmasını sübuta yetirmək öhdəliyi artıq cavabdehin üzərinə düşür, lakin o, borcun cəmi 7.000 manat məbləğində olmasını sübuta yetirə bilmir. İddiaçının təqdim etdiyi “WhatsApp” yazışmalarından isə əksinə müəyyən edilir ki, borcun məbləği 13.500 manat təşkil edir. Buna görə də, iddiaçı, cavabdehin ondan aldığı və bir hissəsini qaytarmadığı borcun ödənilməsi məqsədi ilə 13.500 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa işin hallarından müəyyən edilir ki, iddiaçı, həmin borcun qısa müddətdə qaytarılmasını iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 2 il əvvəl cavabdehdən tələb etməyə başlamış, lakin cavabdeh borcu qaytarmamışdır. Buna görə də, iddiaçı, borcun ödənilməsinin gecikdirilmiş 2 il müddəti üçün illik 5 faiz hesabı ilə cavabdehdən onun xeyrinə 1.350 manat məbləğində faizin də tutulmasını tələb etməkdə haqlıdır. İddia əsaslı hesab edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsinə dair (cavabdehin etiraf etdiyi 7.000 manat hissəsində) yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, cavabdehin ona olan borcunun 7.000 manat məbləğində deyil, 13.500 manat məbləğində olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Rayon Məhkəməsinin ötən 2 ilə görə illik 5 faiz hesabı ilə 1.350 manat məbləğində pulun tutulması barədə nəticəsi də səhvdir. Çünki iddiaçı tərəfindən verilmiş pul vəsaiti faktiki olaraq cavabdehdə qalmamış, Novruz Vəliyevdə qalmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

9. Apellyator – iş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil isə Məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasının təyin edildiyi tarixdə ölkə xaricində olacağı üçün iclasda iştirak edə bilməyəcək. Bu səbəbdən də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı da ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Odur ki, Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, qeyd edilən normanın tələbini və apellyatorun sərgilədiyi mövqeyi nəzərə almış Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin mübahisələndirdiyi həcmdə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Cavabdeh bir tərəfdən, borcun iddiaçı tərəfindən ona deyil, Novruz Vəliyev adlı şəxsə verildiyini bildirsə də, digər tərəfdən borcun ona verildiyini bildirir.

17. Digər tərəfdən Məhkəmə nəzərə alır ki, cavabdeh, borcun tam və ya bir hissəsinin iddiaçı tərəfindən ona deyil, məhz Novruz Vəliyevə verildiyini bildirsə də bu halı təsdiq edə biləcək sübutu məhkəmələrə təqdim etməmişdir.

18. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdehin bu kimi ziddiyyətli mövqeyi onun mülki məsuliyyətdən yayınmaq cəhdindən irəli gəlir.

19. Buna görə də qəbul edilməlidir ki, cavabdehin iddiaçıdan müəyyən məbləğdə pulu borc alması və həmin borcun cavabdeh tərəfindən iddiaçıya tam deyil, qismən qaytarılması, yəni cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra edilməsi işin mübahisəsiz halını təşkil edir.

20. İşin qeyd edilən halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələri əlaqəli şəkildə şərh edərək, həmin məsələ ilə bağlı qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarında qeyd etmişdir ki, borc müqaviləsi şifahi qaydada bağlanmışsa, borc müqavilələrinə dair mülki mübahisələrə baxan məhkəmələr iş üzrə təqdim edilmiş sübutların mötəbərliyinə qiymət verməlidir.

22. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş, iddiaçı ilə cavabdeh arasında baş vermiş “WhatsApp” yazışmalarından görünür ki, 2025-ci ilin fevral ayında cavabdeh tərəfindən iddiaçıya 500 manat ödəniş edildikdən sonra 14.000 manat borcun qaldığını, 2025-ci ilin may ayında isə növbəti 500 manat ödənişdən sonra qalıq borcun 13.500 manat təşkil etdiyini cavabdehə bildirmişdir.

23. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin ondan aldığı və bir hissəsini qaytarmadığı borcun ödənilməsi məqsədi ilə 13.500 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.

24. Apellyasiya baxışının nəticəsi ilə həmçinin müəyyən edilir ki, iddiaçı, həmin borcun qısa müddətdə qaytarılmasını iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən 2 il əvvəl cavabdehdən tələb etməyə başlamış, lakin cavabdeh borcu qaytarmamışdır.

25. İşin bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

26. Odur ki, işin halını və qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı, borcun ödənilməsinin gecikdirilmiş 2 il müddəti üçün illik 5 faiz hesabı ilə cavabdehdən onun xeyrinə 1.350 manat məbləğində faizin də tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə də aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar