Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1927/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Quluzadə Gülarə Knyaz qızına qarşı mülki iş (Açar sözlər: «gecikdirilmiş haqq, tapşırıq münasibətləri, podrat münasbətləri, mülki qanunvericiliyə zidd olmayan müqavilə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Quluzadə Gülarə Knyaz qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Quluzadə Gülarə Knyaz qızının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Quluzadə Gülarə Knyaz qızı ##.##.2019-cu il tarixdən VÖEN-ə (**********) malikdir, fəaliyyət istiqaməti “üzün massajı, manikür, pedikür, makiyaj və sair analoji işlər” kimi qeyd olunub.
2. ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vəzifəli şəxs Quluzadə Gülarə Knyaz qızı İddiaçı əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) Quluzadə Gülarə Knyaz qızının barəsində 3000 (üç min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən, Quluzadə Gülarə Knyaz qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən (inzibati xəta tərkibi olmadığından) xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə həmin iş üzrə Quluzadə Gülarə Knyaz qızı ilə İddiaçı arasında münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək məzmunlu deyil, mülki-hüquqi məzmunlu olması qənaətinə gəlmişdir və qənaətini belə əsaslandırmışdır: İddiaçı Quluzadə Gülarə Knyaz qızının icarə əsasında işlətdiyi gözəllik salonunda intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləndirmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi iş materialları ilə müəyyən edilə bilmir; İddiaçı və Quluzadə Gülarə Knyaz qızı arasında hakimiyyəttabeçilik münasibətləri olmamışdır; İddiaçı münasibətdə iş vaxtı, istirahət vaxtı, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar mövcud olmamışdır; İddiaçı münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi mövcud olmamışdır; İddiaçı əmək funksiyası olmamış, onun həmin tarixlərdə “LB CLİNİC” MMC ilə mövcud olan əmək müqaviləsi olmuşdur; İddiaçı göstərdiyi xidmətlər Quluzadə Gülarə Knyaz qızına icarə əsasında işlətdiyi gözəllik salonun əsas fəaliyyət sahəsinə dair işlər olmamaqla mütəmadilik təşkil etməmişdir; İddiaçı ilə Quluzadə Gülarə Knyaz qızı arasında xidmət göstərilməsi ilə bağlı şifahi müqavilə bağlanmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, İddiaçı ilə Quluzadə Gülarə Knyaz qızı arasında xidmət göstərilməsi ilə bağlı şifahi müqavilə bağlanmışdır.
5. İddiaçı tərəfindən Quluzadə Gülarə Knyaz qızına məxsus gözəllik salonu ilə bağlı (o cümlədən şahid İsmayılova Aydan Azər qızının əks olunduğu) reklam xarakterli videoçəkilişlər, postlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Quluzadə Gülarə Knyaz qızına qarşı gecikdirilmiş əmək haqqı və kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quluzadə Gülarə Knyaz qızından 210 manat əmək haqqının, gecikdirilmiş əmək haqqına görə 312,9 manat kompensasiyanın, 60 manat mediasiya xərcinin, faktiki ödəniş ediləcəyi günədək hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i dərəcəsi ilə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, iddiaçı İddiaçı cavabdeh Quluzadə Gülarə Knyaz qızı ilə ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək SMM (sosial media meneceri) vəzifəsində qeyri-rəsmi əmək münasibətləri əsasında çalışmışdır. Tərəflər arasında aylıq əmək haqqı 300 manat olaraq müəyyənləşdirilmişdir. İddiaçının işlədiyi dövr üzrə əmək haqqı (210 manat) cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində verilməli olduğu halda, bu günədək gecikdirilmişdir. İddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək, X1 Xidmətinin qərarına əsasən əmək haqqı tələb etdiyini, əslində onun iddia tələbinin gördüyü işin müqabilində pul tələbi olduğunun nəzərə alınmasını xahiş edib.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Quluzadə Gülarə Knyaz qızından 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş məhkəmə xərcinin 12 (on iki) manat hissəsinin tutularaq iddiaçı İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında tədqiq olunan sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, fotoşəkillərə, videogörüntülərə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanan məktubuna, qüvvədə olan məhkəmə aktlarına əsasən müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri olmasa da, müəyyən işlərin (cavabdehə məxsus gözəllik salonu ilə bağlı reklam xarakterli videoların, postların hazırlanaraq sosial şəbəkələrdə paylaşılması kimi) görülməsi barədə şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulan işləri icra etməyi, cavabdeh isə razılaşdırılmış pulu ödəməyi öhdəsinə götürmüşdür. Tədqiq olunan sübutlara, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatına, həmçinin tərəflərin məhkəmə aktlarında əks olunan izahatlarına, şahidin ifadəsinə, görülmüş işlər barədə fotoşəkillərə və videogörüntülərə, məhkəmə aktları ilə müəyyən edilən hallara əsasən müəyyən olunur ki, tərəflər arasında bir ay ərzində görülməli işlərə (xidmətlərə) görə razılaşdırılmış 300 manatın 20 gün üzrə icra edilmiş hissəsi olan 200 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə olmuş və iddiaçı həmin dövlət orqanının qərarına əsaslanaraq iddia ərizəsini əmək haqqı tələbi kimi tərtib etmişdir, sonradan məhkəmə aktları ilə tərəflər arasında əmək münasibətlərinin olmadığı, lakin xidmət göstərilməsi ilə bağlı şifahi müqavilənin mövcudluğu müəyyən edilmişdir, ona görə də iddianın əmək münasibətlərinin olmaması səbəbindən rədd olunması barədə cavabdeh tərəfin etirazı qanuni və ədalətli hesab oluna bilməz. Belə ki, iddiaçının məhkəmə prosesi gedişində iddia tələbinin gördüyü işlərin müqabilində pul tələbi ilə bağlı olduğunu yazılı və şifahi olaraq bildirməsinə, mülki işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə, məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddia ərizəsində göstərilmiş əmək haqqı, gecikdirilmiş günlər üçün kompensasiya tələbi tərəflər arasında əmək münasibətlərinin mövcud olmaması səbəbilə əsassız olsa da, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçıya ödənilməmiş pulun tutulmasına münasibətdə iddia qismən təmin edilməli, iddiaçıya ödənilməli olan 200 manat pulun cavabdehdən tutulması qət olunmalıdır. Məhkəmə, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ədalət mühakiməsinin məqsədləri, “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipi rəhbər tutulmaqla, tərəflərin hüquqi normaları deyil, faktları sübut etməli olduğu, məhkəmənin isə mübahisəyə tətbiq olunacaq hüquqi əsasları müstəqil müəyyən etməli olduğu, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, əmək münasibətlərinin mövcudluğuna əsaslanaraq irəli sürülmüş əmək haqqı barədə iddia tələbi araşdırılarkən əmək müqaviləsinin deyil, mülki-hüquqi müqavilənin mövcudluğu müəyyən edildiyi təqdirdə, əmək haqqı barədə iddia tələbi rədd edilməməli, prosessual qənaət prinsipi də əsas götürülməklə mübahisə həmin mülki-hüquqi müqavilənin şərtlərinə və müvafiq hüquq normalarına uyğun həll edilməlidir. Bu səbəbdən, hazırki mülki işdə iddiaçının tələbinin mahiyyəti görülmüş işlərin müqabilində cavabdehdən pul tələbi ilə bağlı olduğundan, iddia ərizəsinin sadəcə əmək haqqına dair normalara istinadla tərtib edilməsi onun rəddinə əsas hesab edilməməlidir. Ona görə də mübahisənin qanuni və ədalətli həlli məqsədilə məhkəmə müəyyən edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı şifahi bağlanan müqavilə üzrə ödənilməmiş 200 (iki yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülkihüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Quluzadə Gülarə Knyaz qızı apellyasiya şikayətində qətnamənin təmin edilmiş hissədə ləğv edilib iddianın həmin hissədə də rədd edilməsini, eyni zamanda hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 300 manat pul vəsaitinin iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı (İş № *(004)-7860/2025) və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı (İş № *(103)-3521/2025) ilə birmənalı şəkildə təsbit edilmişdir ki, tərəflər arasında nəinki əmək münasibətləri, ümumiyyətlə hər hansı müqavilə öhdəliyi yaradacaq hüquqi münasibət mövcud olmamışdır. Hər iki instansiya məhkəməsi iddiaçı İddiaçı şikayətini əsassız hesab edərək X1 Xidmətinin qərarını ləğv etmişdir. Ən mühüm və təkzibolunmaz fakt ondan ibarətdir ki, iddiaçı İddiaçı həmin dövrdə (##.##.2025 - ##.##.2026) “LB CLİNİC” MMC-də tam ştatlı rəsmi əmək müqaviləsi ilə çalışdığı müəyyən edilmişdir. İddiaçının həm “LB CLİNİC” MMC-də tam iş günü çalışması, həm də eyni vaxtda cavabdehin yanında “müqavilə” əsasında fəaliyyət göstərməsi fiziki və hüquqi baxımdan qeyri-mümkündür. Hakim bu mühüm faktı qiymətləndirməkdən yayınaraq, sadəcə WhatsApp yazışmalarını (hansı ki, bu yazışmalar yalnız ilkin məlumat mübadiləsi və təklif xarakteri daşımışdır) müqavilənin sübutu kimi qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, inzibati xəta üzrə hər iki məhkəmə tərəflər arasında hüquqi münasibətin olmadığını təsdiq etdiyi halda, hakim Fuad Hüseynovun “məhkəmə hüququ bilir” prinsipini sui-istifadə edərək yeni bir münasibət növü “kəşf etməsi” birbaşa MPM-in 82.4-cü maddəsinin pozulmasıdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini birbaşa pozaraq iddia tələbindən kənara çıxmışdır. İddiaçı İddiaçı “əmək haqqı” tələbi ilə müraciət etdiyi halda, məhkəmə bu tələbi özbaşına olaraq “görülmüş işin müqabilində pul tələbi” kimi tövsif etmiş və mülki-hüquqi xarakterli ödənişin tutulmasına qərar vermişdir. Məhkəmə bu hüquqi “manevrini” “iura novit curia” (məhkəmə hüququ bilir) və “prosessual qənaət” prinsipləri ilə əsaslandırmağa çalışsa da, bu yanaşma tamamilə qanunsuzdur. Çünki:
1. İddia predmetinin dəyişdirilməsi qaydası: MPM-in 53-cü maddəsinə görə, iddianın predmetini dəyişmək müstəsna olaraq iddiaçının hüququdur və bu, yalnız işin məhkəmə baxışına hazırlanması yekunlaşana qədər edilə bilər. Hakim iddiaçının əvəzinə iddia predmetini “təkmilləşdirə” və ya hazırlıq iclasından sonra bu cür köklü dəyişikliyə yol verə bilməz.
2. Hüquqi əsasın ziddiyyəti: İddiaçı X1 Xidmətinin (DƏMX) qərarına istinad edərək əmək münasibətlərindən irəli gələn tələb irəli sürmüşdür. Lakin inzibati icraat qaydasında tərəflər arasında əmək münasibətlərinin olmadığı qəti şəkildə müəyyən edildikdən sonra, hakim işə xitam vermək əvəzinə, sanki iddiaçının nümayəndəsi kimi çıxış edərək iddiaya “yeni nəfəs” verməyə çalışmış və onu mülki müqavilə müstəvisinə keçirmişdir. Əmək Məcəlləsinin 6-cı maddəsinə görə, podrat və ya xidmət müqaviləsi üzrə iş görən şəxslərə əmək qanunvericiliyi şamil edilmir. Hakim tərəflər arasında əmək münasibətlərinin olmadığını etiraf etdiyi halda, iddiaçının "əmək haqqı" tələbini mülki "pul tələbi" kimi təmin etməklə qanunvericilik sahələrini süni şəkildə qarışdırmış və cavabdehin maddi məsuliyyət hədlərini qanunsuz olaraq genişləndirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibəti yaratmağa yönəlmiş iradə ifadəsidir. İddiaçı İddiaçı cavabdehə məxsus salonda müştəri statusunda xidmət alıb ödəniş etdiyini etiraf etmişdir. Bir şəxsin eyni məkanda həm müştəri (istehlakçı), həm də icraçı (xidmət göstərən) olması hüquqi cəhətdən bir-birini istisna edir. MM-nin 324.6-cı maddəsinə görə, iradənin məzmunu müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Hakim bu fundamental ziddiyyəti nəzərə almayaraq uydurma müqavilə konstruksiyası yaratmışdır. Mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən vicdanla hərəkət etməlidirlər. İddiaçı İddiaçı həmin dövrdə (##.##.2025 - ##.##.2026) "LB CLİNİC" MMC-də tam ştatlı (09:00 - 18:00) rəsmi əmək müqaviləsi ilə çalışdığı rəsmi sənədlərlə sübut olunub. İddiaçının tam iş günü başqa yerdə çalışdığı halda, eyni vaxtda cavabdeh üçün də "müqavilə" icra etdiyini iddia etməsi həm fiziki, həm də hüquqi baxımdan vicdanlılıq və ağlabatanlıq prinsiplərinə ziddir. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı (və ya icraçı) işi şəxsən yerinə yetirməyə borcludur. İddiaçı özü etiraf etmişdir ki, reklam işlərini əslində Təbriz adlı tanışı həyata keçirmişdir. İşi şəxsən icra etməyən, sadəcə vasitəçilik edən şəxsin "zəhmət haqqı" tələbi ilə mülki müqavilə tərəfi kimi çıxış etməsi maddi hüquq normaları ilə birbaşa ziddiyyət təşkil edir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, müqavilə tərəflər onun bütün mühüm şərtləri barəsində razılığa gəldikdə bağlanmış sayılır. Birinci instansiya məhkəməsi tərəflər arasında "şifahi xidmət müqaviləsi" olduğunu müəyyən etsə də, iş materiallarında xidmətin dəqiq həcmi, icra müddəti və ödəniş qaydası kimi mühüm şərtlərin razılaşdırılmasını təsdiq edən heç bir sübut yoxdur. Sadəcə "məlumat mübadiləsi" xarakterli WhatsApp yazışmaları mülki öhdəlik yaradan müqavilə kimi qiymətləndirilə bilməz. Müqavilənin mühüm şərtləri üzrə razılığın olmaması: Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, müqavilə tərəflər onun bütün mühüm şərtləri barəsində razılığa gəldikdə bağlanmış sayılır. Birinci instansiya məhkəməsi tərəflər arasında "şifahi xidmət müqaviləsi" olduğunu müəyyən etsə də, iş materiallarında xidmətin dəqiq həcmi, icra müddəti və ödəniş qaydası kimi mühüm şərtlərin razılaşdırılmasını təsdiq edən heç bir sübut yoxdur. Sadəcə "məlumat mübadiləsi" xarakterli WhatsApp yazışmaları mülki öhdəlik yaradan müqavilə kimi qiymətləndirilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdeh Quluzadə Gülarə Knyaz qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 6, “d” bəndi. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, hər bir fiziki şəxs öz əmək qabiliyyətindən (bacarığından) əmək müqaviləsi ilə yanaşı, həm də mülki hüquqi müqavilələr üzrə istifadə edə bilər. Bu, müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar ola bilər. Demək ki, hər bir şəxsin azad və sərbəst seçimi əsasında həyata keçirdiyi fəaliyyət ilə bağlı əmək yaxud mülki hüquq münasibətlərinin yaranması mümkündür. Burada bəzi işlərin yerinə yetirilməsi ilə bağlı əmək münasibətləri obyektiv cəhətdən mülki dövriyyə subyektləri arasındakı mülki münasibətlərə oxşaya bilər. Ancaq bu münasibətlər bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Buna görə də həmin münasibətlər həqiqi mahiyyətinə uyğun əmək yaxud mülki hüquq normaları ilə tənzimlənməlidir. Bunun məcburiliyi əmək qanunvericiliyində imperativ qaydada qeyd edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi qəti şəkildə göstərilmişdir. 27.Əmək münasibətlərinin xarakterik cəhətlərinə bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Əmək münasibətlərinin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Burada əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.
28. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi prinsipi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur.
29. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir.
30. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır.Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Ona görə də Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.
31. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma X3 “Əmək hüquq münasibətləri haqqında” *** nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il # ##### tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Məhz buna görə də Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmişdir.
32. Bununla əlaqədar, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-3.3-cü maddəsinin Mülki Məcəllənin normaları ilə əlaqəli şəkildə müqayisə olunmalıdır. Qeyd olunan normanın tələbinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.
33. Lakin hazırkı mülki işdə və analoji işlərdə tərəflər arasında yaranan bu cür münasibətlərin əmək yaxud mülki hüquq münasibətləri olub-olmaması ilk növbədə işin faktiki halları, münasibətlərin xarakteri və həqiqi mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparılmaqla müəyən edilməlidir. Başqa sözlə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-3.3-cü maddəsinin məqsədləri baxımından tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə... ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilsə və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməsə də, Mülki Məcəllənin yuxarıda qeyd olunan və digər normalarının tələbləri baxımından tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə... ilə bağlı yarandıqda həmin münasibətlərin əmək münasibətləri və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qənaətinə heç də həmişə gəlmək olmaz.
34. Belə ki, Mülki Məcəllənin qeyd olunan normalarınının təhlili baxımından tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olduğu sezilmir. Üstəlik, onlar arasında yaranmış münasibətlərin xarakteri də belə qənaətə gəlməyə əsas verir. Əlbətdə ki, hazırkı mülki iş üzrə hüquqi dəyərləndirmə apararkən cavabdehin hüquqdan sui-istifadə etdiyini yeri gəlmişkən vurğulamaq da yerinə düşür. Çünki iddiaçı tərəfindən iddia edilən işlərin yaxud xidmətin cavabdeh üçün görülməsi və razılaşdırdıqları haqqın ödənilməli olduğu işin mübahisəsiz halına çevrilib. Ancaq cavabdeh müqavilədən əmələn gələn öhdəliyini yerinə yetirmir yaxud yetirmək istəmir. Bu cür vəziyyətdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlı olub, birinci instansiya məhkəməsi isə onun iddiasını mübahisələndirilən hissədə təmin etməkdə haqsız olmayıb. Lakin cavabdeh bununla razılaşmaq istəmir və dəlillərini apellyasiya şikayətində göstərib.
35. Bundan əlavə, cavabdeh şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı (İş № *(004)-7860/2025) və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının (İş № *(103)-3521/2025) məzmununu da təhrif etməyə cəhd edir. Çünki həmin qərarlarda göstərilməyib ki, tərəflər arasında ümumiyyətlə hər hansı müqavilə öhdəliyi yaradacaq hüquqi münasibət mövcud olmamışdır. Əksinə həmin qərarlarda tərəflər arasında əmək hüquq münasibətləri deyil, mülki hüquq münasibətləri yarandığı təsdiq edilib. Hətta həmin işlər üzrə bu cür mövqe sərgilənsə də, sərgilənməsə də həmin qərarların hazırkı mülki iş üzrə MPM-in 82.4-cü maddəsinin tələbləri baxımından heç bir məcburi qüvvəsi ola bilməz(ən azından həmin normada inzibati xəta haqqında işlər üzrə icraatdan deyil, cinayət təqibi üzrə icraatdan bəhs edilir). Çünki icraatların növü, predmeti və əsası fərqlidir. Eyni zamanda iddiaçınıın həmin dövrdə (##.##.2025 - ##.##.2026) “LB CLİNİC” MMC-də tam ştatlı rəsmi əmək müqaviləsi ilə çalışması da iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Başqa sözlə, iddiaçının əmək müqaviləsi ilə tam iş günü çalışması belə, həm eyni yaxud iş vaxtından sonra cavabdehə mülki hüquqi müqavilə əsasında iş yaxud xidmət göstərməyə maneə deyil, üstəlik bunun fiziki baxımdan mümkün olub-olmaması da cavabdehi narahat etməməlidir, hüquqi baxımdan isə hər hansı bir məhdudiyyət və qadağa da yoxdur. Olsa idi cavabdeh bunu ciddi hüquqi arqumentlərlə əsaslandırıb göstərməli idi, ancaq göstərə bilməyib. 36.Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsinin qətnamə çıxararkən MPM-in 218.3-cü maddəsinin tələblərini birbaşa pozaraq iddia tələbindən kənara çıxması və bunun əsaslandırılması ilə bağlı gətirilən digər dəlillər də açıq-aşkar əsassız sayılır. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
37. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbində əvvəlcə gecikdirilmiş əmək haqqının və kompensasiyanın ödənilməsini, sonradan isə gördüyü işə yaxud göstərdiyi xidmətə görə pul tələb etməsi bir-birini tamamlayan və mahiyyət etibarı ilə eyni məzmunlu tələblər olduğundan rədd olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bununla belə, iddiaçı iddiasının nə predmetini, nə də əsasını sonradan dəyişməyib. Yuxarıda qeyd olunduğu kimi iddiaçı öz əmək qabiliyyətindən (bacarığından) istər əmək müqaviləsi, istərsə də mülki hüquqi müqavilələr üzrə olsun, hər bir halda istifadə edərək cavabdeh üçün iş görüb yaxud ona xidmət göstərib. Demək ki, cavabdeh də razılaşdırdıqları bu işə görə iddiaçının haqqını hər bir halda ödəməyə borclu idi. Ona görə də birinci instansiya məhkəməsi icraata xitam verib iddiaçıya yenidən ayrıca icraatda fərqli formada iddia irəli sürməyi təklif edə bilməzdi. Çünki prosessual qənaət prinsipi də bu cür vəziyyətdə yaranmış mübahisənin bu qaydada həll edilməsini tələb və məcbur edir.
38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
39. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; apellyasiya şikayəti təmin edilmədiyindən isə şikayətin verilməsi üçün ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı,## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.