Məhkəmə qərarları › İş №e-2(3-6)-1931/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1931/2026

24.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1931/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Allaverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X oğlunun katibliyi, Iddiaçı İddiaçı Allaverdi oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı Allaverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(006)-5613/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır.

2. Xətai rayon prokurorunun ##.##.2024-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbə edilməsi barədə Xətai RPI-nin IŞ-nin ##.##.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Allaverdi oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş mənəvi ziyana görə 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1958-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. ** nömrəli orta məktəbi bitirməmiş, sonrakı illərdə müxtəlif zavod və fabriklərdə çalışmışdır. 66 yaşında – 2024-cü ilin aprel ayının 26-da həyatında gözlənilməz və ağır bir hadisə baş vermişdir. Bir nəfərin onunla şəxsi qərəzi olduğuna görə barəsində guya ona qarşı hədə-qorxu gələrək pul tələb etdiyini polisə əsassız şikayət verməsi nəticəsində o, Xətai Rayon Polis Idarəsinə çağırılmışdır. Idarəyə getdiyi gün 4 nəfər polis əməkdaşı onu idarədən çıxarıb əllərini bağlayaraq yaxınlıqdakı qəbiristanlıq ərazisinə aparmışlar. Orada onun üzərinə külli miqdarda narkotik vasitə qoymaq istəmişlər. O, heç bir cinayəti etiraf etmədiyinə görə həmin şəxslər onu döyərək xəsarət yetirmişlər. Sonradan bu xəsarətlər Bakı Istintaq Təcridxanasının tibb hissəsinin ##.##.2024-cü il tarixli arayışında təsdiq edilmişdir. Hadisədən sonra qırmızı rəngli “Prius” markalı avtomobildə gələn başqa polis əməkdaşları onu 36-cı Polis Bölməsinə aparmışlar. Orada da əlləri bağlı vəziyyətdə saxlanılmış, təzyiq və zorakılıq davam etdirilmişdir. Ona demişlər ki, guya üzərindən 2–3 qram marixuana çıxacaq, bu halda yalnız inzibati qaydada cərimə tətbiq ediləcək və 72 saatdan sonra azad olunacaqdır. Lakin, o, narkotik vasitə saxladığını boynuna almamışdır. Bu inadı nəticəsində polis əməkdaşları onu yenidən döyərək işgəncəyə məruz qoymuşlar, çəkiliş aparmışlar və sonda haqsız olaraq barəsində cinayət işi başladılmışdır. Daha sonra o, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 ay müddətinə həbs qətimkan tədbiri ilə tutulmuşdur. Halbuki, istintaq materiallarında onun üzərində hər hansı narkotik vasitənin olmasını təsdiqləyən obyektiv sübut mövcud deyildir. Prokurorun ##.##.2024-cü il tarixli qərarı ilə təqsirləndirilmə qərarı əsassız sayılmış, cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmişdir. Beləliklə, o, ##.##.2024-cü ildən ##.##.2024cü il tarixinədək qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Həbsdə olduğu müddətdə fiziki zorakılıq, mənəvi sarsıntı, alçaldıcı rəftar və işgəncələrə məruz qalmışdır. Bu hərəkətlər onun şəxsi həyatını, sağlamlığını və mənəvi dəyərlərini ciddi zədələmiş, həm fiziki, həm də psixoloji əziyyətlərə səbəb olmuşdur.

5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.S.Fərəcova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə iddiaçı İddiaçı 4.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibətdə cinayət təqibinin aparılması və onun azadlıqdan məhrum edilməsi sonradan bəraətverici əsaslarla aradan qaldırılmışdır. Bu hal artıq özlüyündə iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsinin və azadlıqdan məhrum edilməsinin əsassız olduğunu göstərir. Belə olan halda, iddiaçının pozulmuş əsas hüququ məhz azadlıq hüququ olmuşdur və bu pozuntu öz mahiyyətinə görə şəxsin şəxsiyyət hüquqlarına ciddi müdaxilə təşkil edir.

8. Məhkəmə iş üzrə bütün halları, xüsusilə iddiaçının təqsiri olmadan təxminən 4 ay müddətində azadlıqdan məhrum edilməsini, bunun onun psixoloji vəziyyətinə və sosial nüfuzuna təsirini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hər ay üçün 1.000 manat məbləğində kompensasiya müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilə bilər.

9. Məhkəmə həmçinin cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin istinad olunan normalarının məzmunundan aydın olur ki, hüquq mühafizə orqanlarının bu kimi hallarda yol verdiyi qanunsuz hərəkətlər nəticəsində şəxslərə dəymiş zərərə görə məsuliyyəti bilavasitə Azərbaycan Respublikası daşıyır.Belə məsuliyyət hüquqi mahiyyətinə görə təqsirdən asılı olmayan (təqsirsiz) məsuliyyət növüdür. Bu yanaşma hüquqi dövlət prinsipindən və şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən effektiv müdafiəsi zərurətindən irəli gəlir. Çünki dövlət adından fəaliyyət göstərən hüquq-mühafizə və istintaq orqanlarının qanunsuz qərar və hərəkətlərinin nəticələrinə görə riskin və məsuliyyətin də məhz dövlət tərəfindən daşınması hüquqi ədalətin və hüquqi müəyyənliyin təmin edilməsinin vacib elementidir.

10. Eyni zamanda məhkəmə nəzərə alır ki, belə hallarda zərərin ödənilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Dövlət büdcəsinin icrası və idarə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği dövlət büdcəsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, Mülki Məcəllənin 43.3, 1096.1, 1096.2, 1097.3, 1101.1-ci maddələrinə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli Plenumunun qərarının 2.5.1, 2.5.2, 2.5.3, 4.46, 4.47, 4.50, 4.51, 4.52, 4.57, 4.58, 4.59, 7.1, 7.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin # ###### 2009cu il tarixli, ** nömrəlin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 121.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Milli Məclis tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Milli Məclis tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Nazirliyin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 4000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Eyni zamanda , mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — 330 manat, ona qarşı ağır cinayət törədildikdə — 165 manat, ona qarşı az ağır cinayət törədildikdə — 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — 11 manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrincə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 4.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin qeyd edir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki haları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcələ, Mülki Prosessaul Məcələsi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Xətai rayon prokurorunun ##.##.2024-cü il tarixli qərarı ilə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş, təqsirləndirilmə qərarı əsassız sayılaraq ləğv edilmişdir. Beləliklə, onun cinayət məsuliyyətinə cəlb edilməsinin və azadlıqdan məhrum edilməsinin hüquqi əsasının mövcud olmadığı rəsmi qaydada təsdiqlənmişdir. Bu faktlar iş materiallarında olan sənədlərlə (Penitensiar Xidmət Bakı Istintaq Təcridxanasının məlumatı, prokurorluğun qərarı) tam sübut edilmişdir. Birinci instansiya məhkəməsi bu sənədləri araşdıraraq haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi MM-in 1101.1-ci maddəsini düzgün tətbiq etmişdir: həmin maddəyə əsasən zərəri Azərbaycan Respublikası ödəyir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" ##.##.2025-ci il tarixli qərarının 4.50 və 4.51-ci bəndlərində açıq şəkildə qeyd edilmişdir ki, belə işlərdə cavabdeh qismində məhz Maliyyə Nazirliyi cəlb edilməli, qətnamənin nəticə hissəsində isə ödəmənin dövlət büdcəsindən Maliyyə Nazirliyi vasitəsilə həyata keçirilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsi məhz bu tələbə tam uyğun qətnamə qəbul etmişdir. MM-in 1101.1-ci maddəsi birbaşa müəyyən edir ki, qanunsuz cinayət məsuliyyətinə cəlb etmə nəticəsində vurulmuş zərər hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq ödənilir (təqsirsiz məsuliyyət). Ali Məhkəmə Plenumunun yuxarıda adıçəkilən qərarının 4.46 və 4.47-ci bəndləri də bunu təsdiqləyir. Reqres tələbi (MM 1114.3) müstəqil bir mexanizmdir və hazırkı iddia predmetindən kənarda qalır; bu, ilkin ödəmənin rədd edilməsi üçün əsas deyildir. Büdcə icrası ilə bağlı texniki çətinliklər iddiaçının qanuni hüququnun inkar edilməsi üçün əsas ola bilməz. Büdcə prosedurları dövlət daxili inzibati məsələdir; onların mövcudluğu vurulmuş mənəvi zərərin kompensasiya edilib-edilməməcəyini müəyyənləşdirmir. Üstəlik, Ali Məhkəmənin Plenum qərarının 4.50-ci bəndi Maliyyə Nazirliyinin dövlət büdcəsi vəsaitindən istifadəyə nəzarəti həyata keçirdiyini nəzərə alaraq onu məhz bu işlərdə cavabdeh kimi görmüş, qərar icrasının mexanizmini isə Nazirliyin öz səlahiyyəti daxilindəki məsələ saymışdır. Barəsində qanunsuz həbsin tətbiq edilməsi, işgəncəyə məruz qalmağı, cinayət icraatının bəraətverici əsaslarla xitam verilməsi faktları iş materiallarındakı sənədlərlə tam isbat edilmiş, bu isə mənəvi iztirab yaşadığını sübut etmək üçün kifayətdir. CPM-nin 190-cı maddəsi zərər çəkmiş şəxslərə münasibətdə cinayət icraatı çərçivəsindəki ayrı bir kompensasiya mexanizmini tənzimləyir. Bu norma mülki qaydada mənəvi zərərin ödənilməsi üzrə tələblərə şamil edilən qadağan edici norma deyil, yalnız analogiya kimi nəzərə alınan bir meyardır. Birinci instansiya məhkəməsi mövcud bütün meyarları — hüquq pozuntusunun xarakteri, azadlıqdan məhrum edilmənin müddəti (4 ay), fiziki zorakılıq faktı, psixoloji sarsıntı — nəzərə alaraq hər ay üçün 1.000 manat olmaqla 4.000 manat məbləğini ağlabatan və ədalətli hesab etmişdir. Bu məbləğ nə Maliyyə Nazirliyi üzərinə həddən artıq yük qoyur, nə də iddiaçıya əsassız varlanma imkanı yaradır. Ali Məhkəmənin Plenum qərarının 4.50-ci bəndində açıq şəkildə qeyd edilmişdir ki, qanunsuz cinayət təqibi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı işlərdə cavabdeh qismində Maliyyə Nazirliyi cəlb edilməlidir. Deməli, birinci instansiya məhkəməsinin Maliyyə Nazirliyini cavabdeh kimi tanıması mövcud məhkəmə praktikasına tamamilə uyğundur. Iddianın baxılmamış saxlanılması üçün MPM-də nəzərdə tutulmuş əsaslar bu işdə mövcud deyildir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

16. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, II hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

20. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

22. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ##.##.2025-ci il tarixli Qərarı: 4.45. Təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.48. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «Insan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

28. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «Insan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

29. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

30. «Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

31. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14cü maddəsində

32. də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».

33. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək təqribən 4 ay müddətinə qanunsuz olaraq həbsdə saxlanılmışdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» ## #### 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edilməsi, onun həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

37. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

38. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

39. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

40. Kollegiya həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxılanılması və ya iş üzrə icraata xitam verilməsi üçün mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı hər aya görə 1.000 manat olmaqla, ümumilikdə 4.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

42. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(006)-5613/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar