Məhkəmə qərarları › İş №e-2(3-6)-2080/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2080/2026

07.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2080/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “pul”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismindəAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh MMC-də su maşını sürücüsü vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 230 manat məbləğində müəyyən edilmişdir.

2. Əmək haqqı ödənişlərinin cədvəlindən görünür ki, İddiaçı 2025-ci ilin aprel, may, iyun ayları üçün aylıq 215.25 manat məbləğində ödəniş olunmuşdur

3. İş materiallarından görünür ki, Cavabdeh MMC ilə (bundan sonra-Cəmiyyət) İddiaçı arasında ##.##.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

4. ##.##.2025-ci il tarixli, A/**-**-**/**-* saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən "Logistika şöbəsi" bölməsində "Sürücü" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış ************* nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025 tarixindən xitam verilmişdir. Bu ##.##.2025-ci il tarixli bildirişlə İddiaçı bildirilmişdir.

5. Cəmiyyət tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərindən İddiaçı 9 may, 28 may, 6 iyun, 26 iyun, 2025-ci il tarixləridə iş günü hesab edilməyən bayram günlərində Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbləri pozularaq işə cəlb edildiyi, həmçinin 28 yanvar, 07 mart, 19 mart, 27 may, 14 iyun və 25 iyun tarixlərində həmin Məcəllənin 108ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq iş vaxtına 1 saat qısaldılmanın edilmədiyi, bununla da qanunvericiliyin tələblərinin pozulduğu; habelə bayram günlərində İddiaçı işə cəlb edildiyinə görə əlavə olaraq ##.##.2025-ci il tarixində 141.81 vəsaitin ödənildiyi məlum olmuş, lakin iyul ayı üzrə əmək haqqının qanunvericiliyin tələblərini pozaraq əksik ödənildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin (şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır) tələblərinə uyğun olaraq digər vətəndaşın əmək hüquqlarının pozulması ilə bağlı yol verilmiş qanun pozuntularına görə Cəmiyyətin vəzifəli şəxsi ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilərək 10 gün müddətində müraciətin əsasında tələb olunan sənədləri tam olaraq Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur.

6. Cəmiyyətdən İddiaçı aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq Cəmiyyət inzibati xəta məsuliyyətinə cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aprel, may və iyun aylarına aid əmək haqqının ödənilməmiş nağd hissəsi, həmçinin şirkətə məxsus nəqliyyat vasitəsinin təmiri üçün şəxsi vəsaiti hesabına xərclənmiş, ümumilikdə 2.000 manat məbləğin tam şəkildə ödənilməsi, işəgötürənin və onun vəzifəli şəxsləri tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində ona dəymiş 1.500 manat məbləğində mənəvi zərərin, habelə işə buraxılmadığı müddət ərzində dəymiş maddi ziyanın işəgötürən tərəfindən tam həcmdə ödənilməsi, onun əmək funksiyasının yerinə yetirilməsinə yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması və əmək fəaliyyətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir neçə ildir, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışır. İşə başladığı tarixdən bu günə qədər əmək münasibətlərində ciddi qanun pozuntuları ilə qarşılaşmışdır. Belə ki, əmək haqqının ödənilməsi ilə bağlı şəffaflıq təmin olunmur, əmək haqqı tam şəkildə rəsmi qaydada ödənilmir. Aylıq əmək haqqı 700 manat təşkil etməsinə baxmayaraq, yalnız 215 manatı bank kartına köçürülür, yerdə qalan hissəsi isə nağd şəkildə və qeyri-rəsmi formada təqdim olunur. Bundan əlavə əmək haqqının ödənilməsində aylarla gecikmələr olur. # #### 2025-ci il tarixdə aprel, may və iyun aylarına aid ödənilməmiş əmək haqqını tələb etdiyi üçün Cavabdeh MMC-nin insan resursları üzrə mütəxəssisi Orxan və mühafizə rəisi Hüseyn tərəfindən təzyiq göstərilərək əmək fəaliyyətinə könüllü şəkildə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilmişdir. Bu təzyiqlərə baxmayaraq, ərizə yazmaqdan imtina etdiyi üçün mühafizə rəisi Hüseyn tərəfindən iş yerindən uzaqlaşdırılmış və digər mühafizəçilərə işə buraxılmamağı tapşırılmışdır. Bir müddət sonra o, iş yerinə çağırılaraq könüllü formada işdən çıxmaq barədə ərizə yazacağı halda ödənilməmiş əmək haqqının veriləcəyi bildirilmişdir. Lakin bununla razı olmadıqda yığılmış əmək haqqının ödənilməsindən imtina olunmuşdur. Hazırda əmək fəaliyyətini yerinə yetirməyinə qanunsuz olaraq maneə yaradılır, iş yerinə buraxılmır. Əmək funksiyalarını yerinə yetirmək üçün işəgötürən tərəfindən ona təhkim olunmuş iri tonajlı su daşıyan nəqliyyat vasitəsi texniki cəhətdən köhnə və nasaz vəziyyətdə olduğundan onun istismarı zamanı mütəmadi olaraq təmirə ehtiyac yaranırdı. Buna baxmayaraq, işəgötürən nəqliyyat vasitəsinin texniki vəziyyətinin təmin olunması və təmirinə dair öhdəliyini yerinə yetirməmiş, bu məqsədlə heç bir maliyyə vəsaiti ayırmamışdır. Nəticədə, nəqliyyat vasitəsinin istismarı zamanı yaranmış təmir xərclərini, o, şəxsi vəsaiti hesabına qarşılamışdır. Bu xərclərin sonradan ona ödəniləcəyi işəgötürən tərəfindən vəd edilsə də, bu günə qədər həmin vəsaitlər qaytarılmamışdır.

9. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək 2025-ci ilin aprel, may və iyun ayları üçün əmək haqqının nağd şəkildə ödənilməmiş qalan hissəsinin, avtomobilin təmiri üçün ümumilikdə, xərclədiyi 2.000 manat məbləğində, X2 və Mediasiya Təşkilatına pul ödədiyi üçün vurulmuş real zərərin əvəzi olaraq 660 manat məbləğində pulun qarşı tərəfdən alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qeyd etmişdir ki, bir neçə il cavabdeh Cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş və əmək münasibətlərində hüquqları mütəmadi olaraq kobud şakildə pozulmuşdur. Belə ki, işə qəbul edilərkən ona söz verildiyi kimi hər ayın sonunda ödənilməli olan 700 manat məbləğində əmək haqqının 215 manatı bank kartına köçürülür, qalan hissəsi isə kassadan hissə-hissə nağd şakildə ödənilir və əmək haqqının ödənilməsində aylarla gecikdirmələr olurdu. ##.##.2025-ci il tarixdə aprel, may və iyun aylarının ödənilməmiş əmak haqqını teləb etdiyinə görə Cavabdeh MMC-nin insan resursları üzrə mütəxəssisi nümayəndə1 və mühafizə rəisi Hüseyn Qurbanov iddiaçıya təzyiq göstərərək öz xahişi ilə işdən azad edilməyi haqqında ərizə yazmağa məcbur etdilər. Lakin onların qanunsuz tələbinə əməl edib ərizə yazmadığı üçün həmin tarixdən etibarən iş yerinə buraxılmamış, lakin bununla bağlı hər hansı bir sənəd verilməmiş və son haqq-hesab ona ödənilməmişdir. İşəgötürən tərəfindən su daşınması üçün ona təhkim olunmuş "MAN" markalı ağırtonnajlı avtomobil köhnə və texniki cəhətdən nasaz olduğu üçün istismar zamanı tez-tez onun təmirinə ehtiyac yaranırdı. Lakin işəgötürən tərəfindən bu məqsədlə heç bir maliyyə vəsaiti ayrılmadığı üçün təmir xərcləri onun şəxsi vəsaiti hesabına ödənilmiş, onların qarşılığının ona ödəniləcəyi işəgötürən tərəfindən vəd edilsə də, şifahi qaydada üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İIkin mediasiya sessiyasında iştirak etmək üçün Mediasiya Təşkilatına 60 manat, onu məhkəmədə nümayəndə qismində təmsil etmək üçün vəkil X2 600 manat məbləğində pul ödəmişdir.

11. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı kimi o da şirkətdə sürücü işləyib. Onu da qanunsuz işdən azad ediblər. Onlar hər ay 700 manat maaş alırdılar. 215 manat maaş kartına qalan hissə isə əlbəəl verilirdi. Hər gün bir neçə reys edir və Bakıya su daşıyırdılar.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, şirkətdə əlavə sürücü kimi işləyir. Kimsə işə çıxmayanda və ya ehtiyac olanda o sürücü kimi su gətirirdi. Nəqliyyat vasitəsi ağır tonnajlı idi, sürücülər hər gün bir neçə reys edirdilər. Hər gün gələndə qeydiyyatdan keçirdilər. İddiaçının nümayəndəsi tərəfindən ona təqdim edilən cədvəl və imzaları heç vaxt görməyib. Sürücü kimi 700 manat maaş alır həmin pulun bir hissəsi maaş kartına otururdu.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6943/2025 saylı, ## #### 2026cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf heç bir əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrinə münasibətdə isə məhkəmə həmin şəxslərin əvvəllər və hazırda da cavabdeh təşkilatla məhkəmə müstəvisində mübahisə apardığını, şahid Əhməd Talıbovun da Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı ilə bağlı tələbinin əmək haqqının verilməsinin gecikdirilməsinə görə pul vəsaiti xaric qalan hissədə tələbləri məhkəmə tərəfindən rədd edilmişdir. Belə vəziyyətdə adı çəkilən şahidlərin verdikləri ifadələrin həqiqəti və obyektiv reallığı hansı dərəcədə əks etdirdiyi bir qədər sual altındadır. Qeyd olunanlar isə iddiaçının öz tələbində irəli sürmüş olduğu arqumentlərin həqiqətə nə dərəcədə uyğun olmasına bir qədər kölgə salmış olur, halbuki Məhkəmə hər hansı iş üzrə qərar qəbul edərkən bütün ziddiyyətli məqam və şübhəli hallardan azad bir mövqe sərgiləməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.4, 154.1, 155.1, 156.1, 157.1, 172.5, 174.1, 174.2 və 195-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla yanaşı onun əmək hüquqları pozulmuş və mövcud olan və cavabdeh tərəfindən gizlədilmiş cinayət əməlləri örtbasır edilmişdir. Dəlilləri məhkəmə prosesində təqdim edilən sənədlərlə, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin məhkəmə tərəfindən araşdırma aparılarkən cavabdehin mövqeyinə uyğun olaraq araşdırma aparılmaqla nəticə olaraq göstərilən hüquq normasının tələblərinə zidd qərar qəbul etmişdir. Məhkəmə tərəfindən təqdim edilən sənədlərin pozulmuş hüquqların bərpası üçün deyil, cavabdehin müdafiəsi kimi əsaslanılaraq düzgün olmayan maddi hüquq norması tətbiq edərək iddianın rədd edilməsinə nail olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Belə ki, tərəfindən təqdim edilən malların qəbul edilməsi, qeydiyyatın aparılması barədə təqdim edilən sənədlərə qiymət verməyərək onların ksero-sürət olması səbəbindən əsassız hesab edilmişdir. Sual olunur ki, həmin sənədlərin, yəni cavabdehə məxsus olan sənədlərin əslinin əldə edilməsi tərəf olaraq tərəfindən necə mümkün olmalı idi? Həmin sənədlərin əldə edilməsi məhkəmənin təşəbbüsü olmaqla verilən vəsatətləirn əsaslı olmasına gətirib çıxaracaq və həqiqəti ortaya qoyacaqdı. Düzdür, hazırki iş az əhəmiyyət kəsb edən tələb olmaqla (iddianın qiyməti baxımından) əsaslı araşdırmanın göz önünə çıxarmır. Lakin iddianın kökündə pozulmuş hüquqlarla yanaşı faktiki cinayətin belə gizlədilməsini ortaya qoymuşdur. Onun təqdim etdiyi məhsul (su) kütləvi istifadə üçün nəzərdə tutulmasına baxmayaraq məhkəmədə həmin məhsulun qəbul olunma prosesi barədə sənədlərin əldə edilməsi təmin edilməmişdir ki, buda cavabdehin mövqeinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasına nail olunmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

24.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 25.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 26.99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 27.120-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 28.154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 29.165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 30.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 31.191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 32.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 33.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 34.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 35.195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. 36.196-cı maddəsinin 3-cü hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır. 37.197-ci maddəsinə əsasən, işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. 38.296.4 və 296.6-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

39. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

40. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Hazırkı məhkəmə araşdırmasının predmeti olan mübahisə Əmək Məcəlləsinin 191- 194-cü maddələrinin dispozisiya şərtləri əsasında həll edilməlidir. Belə ki, bu Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

45. Həmin normaların məzmununa görə də işçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir, tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur.

46. İşçiyə vurulan zərərə görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

47. İş materiallarından da göründüyü kimi işdə olan sübutlar əsasında, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının maddi zərərə uğradığı öz təsdiqini tapmamışdır. Belə ki, hazırki işdə zərərin yaranması, iddiaçının maliyyə itkilərinə məruz qalması, hüquqlarının pozulmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən edilməmişdir.

48. İnzibati xəta haqqında qərarlardan isə görünür ki, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi hazırkı mübahisənin predmetini təşkil edən hallarla bağlı olmamışdır. Bu səbəbdən həmin qərarlar hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında maddi məsuliyyət daşımasını və ya zərərin vurulmasında təqsirli olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

51. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6943/2025 saylı, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar