Məhkəmə qərarları › İş №e-2(3-6)-2257/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2257/2026

28.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2257/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İman Elşad Həsən oğluna qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin tutulma üsulunun dəyişdirilməsi) Hakimlər: X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh İman Elşad Həsən oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh İman Elşad Həsən oğluna qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh İman Elşad Həsən oğluna qarşı alimentin tutulma üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İman Elşad Həsən oğlundan hər ay alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İman Elşad Həsən oğlu ilə İmanova Nigar Murad qızı arasında ## ####### 2012-ci il tarixdə Səadət Sarayında **** nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızı anası İddiaçı himayəsində saxlanılmış və ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İman Elşad Həsən oğlundan onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bir müddət cavabdehin işlədiyi yer üzrə aliment məbləği tutularaq iddiaçıya ödənilsə də, cavabdeh artıq işləmədiyindən 2025cü ilin yanvar tarixindən aliment məbləğinin tutulması təmin edilmir. Cavabdehin işdən çıxması barədə məlumatı isə çətinliklə də olsa əldə edə bilmişdir. Bununla əlaqədar olaraq mediasiyaya müraciət edib və Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış da verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İman Elşad Həsən oğlundan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh İman Elşad Həsən oğlundan alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, cavabdehin rəsmi iş yeri müəyyən edilmədiyindən alimentin əmək haqqının hissəsi kimi tutulması qeyri-mümkün olur və həm birgə nikahdan olan uşağın, həm iddiaçının mənafeyinə ciddi xələl gətirir. İddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və s. dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Eyni zamanda, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İman Elşad Həsən oğlundan hər ay alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli məbləğində müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh İman Elşad Həsən oğlu qətnamədən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 400 manat təşkil edən aylıq rəsmi gəlirinin 0.615 hissəsinə bərabər məbləğin aliment kimi müəyyən edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin imperativ tələlərinə zidd olaraq tərəflərin maddi və ailə vəziyyətinin, o cümlədən cavabdehin real gəlir imkanlarının və minimal yaşayış ehtiyaclarının nəzərə alınmaması ilə müşayiət olunmuş, bununla da hüquqi balans və ədalətlilik prinsipi pozulmuşdur, eyni zamanda belə tutulma nəticəsində cavabdehin sərəncamında qalan məbləğin yaşayış minimumundan aşağı düşməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək haqqından tutulmalar zamanı işçinin minimum təminat hüququnu qoruyan müddəaları ilə ziddiyyət təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdeh İman Elşad Həsən oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.

9. İddiaçı İddiaçı öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

- 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; -110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

12. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib.

13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən ## ##### 2022-ci il tarixdə verilən nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İmanov Elşad Həsən oğlu ilə İmanova Nigar Murad qızı aralarındakı nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən ##.##.2022-ci il tarixdə pozulmuşdur. Nikaha ##.##.2022-ci il tarixdə xitam verilmişdir.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi, İman Elşad Həsən oğlu ilə İmanova Nigar Murad qızı arasında ## ####### 2012-ci il tarixdə Səadət Sarayında **** nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının iddiaçı İmanova Nigar Murad qızının yanında saxlanılması, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh İman Elşad Həsən oğlundan onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı İmanova Nigar Murad qızına verilməsi, alimentin tutulmasının ##.##.2021-ci il tarixdən hesablanması qət edilmişdir.

20. Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak edərək, 50 manat mediasiya haqqı ödənilmişdir. İman Elşad Həsən oğlu isə iştirak etməmişdir.

21. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İman Elşad Həsən oğlu işəgötürən X6 ilə bağladığı əmək müqaviləsinə əsasən satıcı vəzifəsində çalışır və 400 manat əmək haqqı alır.

22. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında nikah bağlanmış və birgə nikahdan tərəflərin ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızı adlı uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaq ananın yanında saxlanılmış, ##.##.2013-cü il təvəllüdlü İman Elif Elşad qızının yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh İman Elşad Həsən oğlundan onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin artırılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli məbləğində alimentin tutulmasını xahiş edir.

23. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

24. Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemində axtarış zamanı müəyyən edilmişdir ki, hazırda cavabdeh İman Elşad Həsən oğlu satıcı işləyir 400 manat məbləğində əmək haqqı alır.

25. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, aylıq 400 manat gəlirinin 246 manat hissəsinin aliment olaraq tutulması ədalətli deyil, belə olan halda cavabdehin digər tələbatlarının ödənilməsi və s. hallar nəzərə alınmamışdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarla edilmiş dəyişikliyə əsasən “..Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** saylı qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #dən 400 manat müəyyən edilib.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş - hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin sabit pul məbləğində alimentin 0,615 misli həddi – indeksasiya olunmalı aliment məbləğinin minimal həddindədir və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna ən yaxın məbləğdir. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh İman Elşad Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar