Məhkəmə qərarları › İş №e-2(3-6)-2272/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2272/2026

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2272/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Bilalov İgidağa Böyükağa oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənlməsi” tələbinə dair iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bilalov İgidağa Böyükağa oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənlməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı Bilalov İgidağa Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu cavabdeh “xxxx” MMC şirkətinin işçisi-sürücüsü olmuşdur. O, ## ###### 2025-ci ildə saat 10:30 radələrində Bakı Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrində 4 zolaqlı yolun sağ zolağı ilə idarə etdiyi “BMC” markalı, “PROCİTY 12MCNG” avtobus modelli, vaqon tipli, **JZ*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində iddiaçının bacısı X4 həyatını itirmişdir.

2. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlunun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun həmin müəssisədə qeydə alındığı andan hesablanması, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Bilalov İgidağa Böyükağa oğlu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və hüquqi yardımım göstərilməsi üçün 125 manat olmaqla, ümumilikdə 50125 manat pulun və 240,38 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının bacısının belə faciəvi şəkildə ölümündən sonra iddiaçı hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Bacısının faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Onun ölüm səbəbi “xxxx” MMC şirkətinin işçisinin və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər “xxxx” MMC-nin rəhbərliyi nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan “xxxx” MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, onun bacısını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətli yanaşsa idi, Qafidə xanım halhazırda həyatda olardı və iddiaçı bacısının ölməsinə görə mənəvi iztirab çəkməzdi. İddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində bacısının ölməsi və onun mənəvi sarsıntı keçirməsunə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçının bacısının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərər “xxxx” MMC-nin sürücüsünün ehtiyatsızlığı nəticəsində yetirilmişdir. Hesab edir ki, dəyən mənəvi zərərin əvəzində cavabdeh “xxxx” MMC-dən 50000 manat pulun tələb edilməsi qanuni və əsaslıdır. Bilalov İgidağa Böyükağa oğlu iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilənin bağlanması üçün 125 manat pul ödəmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya, hüquqi yardımın yardımın göstərilməsi üçün ödənilmiş 125 manat və dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Bilalov İgidağa Böyükağa oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X2)

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddiaçı Bilalov İgidağa Böyükağa oğlu yolnəqliyyat hadisəsi zamanı vəfat etmiş X4 qardaşıdır. İddiaçının bacısının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdeh “xxxx” MMCnin işçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə iddiaçının bacısının ölümünün cavabdeh təşkilatın işçisinin təqsirli hərəkəti nəticəsində baş verməsi və həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması öz təsdiqini tapır. məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi qanuni və əsaslıdır. Lakin məhkəmə tələb edilən kompensasiya məbləğini yüksək hesab edir və bu hissədə iddiaçının tələbi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, iddiaçı ona mənəvi zərərin vurulması və vurulmuş zərərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı tələbində haqlı olsa da, tələb etdiyi 50000 (əlli min) manat məbləğində kompensasiya ədalətlilik və mütənasiblik mayarlarına uyğun deyil. İş materiallarından görünür ki, məhkəmə tərəfindən dəvət olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclaslarında şəxsən iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə bunu prosessual pozuntu kimi qiymətləndirməsə də, nəzərə alır ki, hazırkı mübahisə şəxsin şəxsiyyət hüquqları və mənəvi zərərin həcmi ilə bağlıdır və bu zərərin müəyyən edilməsi zərərçəkənin yaşadığı mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsinin qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə araşdırmasında şəxsən iştirak etməməsi onun keçirdiyi mənəvi sarsıntıların, iztirabların və onların ağırlıq dərəcəsinin bilavasitə məhkəmədə tədqiq edilib araşdırılmasına imkan verməmiş, şəxsin yaşadığı sarsıntı və kədərin üçüncü şəxs vasitəsilə ifadə olunması onların intensivliyinin və real təsir gücünün obyektiv qiymətləndirilməsini çətinləşdirmişdir. Beləliklə, Məhkəmə mənəvi zərərin ağırlıq dərəcəsini işdə mövcud olan sübutlar əsasında qiymətləndirmişdir. Bundan başqa Məhkəkmə araşdırması zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsini törətmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (cavabdehin işçisi) hadisə nəticəsində həyatını itirmiş Qafidə Bilalovanın oğlu İslamov Elvin Ramiz oğlu ilə barışmış və vurulmuş ziyana görə ona on min manat pul ödəmişdir. Məhkəmə işin bu halı ilə bağlı qeyd edir ki, vəfat etmiş şəxsin ən yaxın ailə üzvü olan övladına vurulmuş ziyana görə 10000 (on min) manat məbləğində kompensasiya ödənilməsi və onun bu məbləğli məqbul hesab etməsi, hazırkı iş üzrə mənəvi zərərin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Hər bir şəxs üçün mənəvi zərərinin ağırlığının fərdi xarakter daşıması qəbul edilsə də, doğmalıq baxımından mərhuma ən yaxın şəxs olan övladın göstərilən məbləğlə razılaşdığı halda, iddiaçının (vəfat etmiş şəxsin qardaşı) daha ağır mənəvi sarsıntı keçirməsi və buna uyğun olaraq daha yüksək məbləğdə kompensasiya tələb etməsi işin müəyyən edilmiş faktiki halları, yaxınlıq dərəcəsi və mütənasiblik prinsipi baxımından kifayət qədər əsaslı hesab edilmir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2-ci, 21.3-cü, 23.1-ci, 23.2-ci, 23.3-cü, 23.4-cü. 23.5-ci, 23.6-cı, 1097.1-ci, 1099.1ci, 1099.2-ci,1108.1-ci, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ##.##.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 124.1-ci, 218.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarına, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı Bilalov İgidağa Böyükağa oğlu apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, bacısının ölməsinin ürəkdağlayan emosional itki olması, bu itkinin xüsusilə də hər hansı bir şəxsin təqsiri ucbatından baş verməsi onda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. İddiaçıda bacısının ölümü bacısı ilə bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bu cür halları mənəvi zərərin ən yüksən dərəcələrindən biri kimi hesab etmişdir. Bacısının ölümündən sonra dayağını itirməsini, hər gün yuxusuna girməsini daha ağır sarsıntı olmasını qeyd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək birinci instansiya məhkəməsinin bütün halları araşdıraraq düzgün qətnamə qət etməsini əsaslandıraraq, qətnamənin qüvvədə saxlanılmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı Bilalov İgidağa Böyükağa oğlu və onun vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bugünə təyin edilmiş iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki apellyasiya şikayətində iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdh tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur..

23. Hazırkı işin faktiki hallarına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu cavabdeh “xxxx” MMC şirkətinin işçisisürücüsü olmuşdur. O, ## ###### 2025-ci ildə saat 10:30 radələrində Bakı Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 24-cü kilometrində 4 zolaqlı yolun sağ zolağı ilə idarə etdiyi “BMC” markalı, “PROCİTY 12MCNG” avtobus modelli, vaqon tipli, **JZ*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində iddiaçının bacısı X4 həyatını itirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli hökmünə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

24. Göründüyü kimi, cavabdehin işçisinin təqsirindən iddiaçının bacısı ölmüşdür. Şübhəsiz ki, iddiaçının bacısının itirməsi onda mənəvi sarsıntılar kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.

26. Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.

27. Belə ki, yol-nəqliyyat hadisəsini törətmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (cavabdehin işçisi) hadisə nəticəsində həyatını itirmiş Qafidə Bilalovanın oğlu İslamov Elvin Ramiz oğlu ilə barışmış və vurulmuş ziyana görə ona on min manat pul ödəmişdir. Məhkəmə işin bu halı ilə bağlı qeyd edir ki, vəfat etmiş şəxsin ən yaxın ailə üzvü olan övladına vurulmuş ziyana görə 10000 manat məbləğində kompensasiya ödənilməsi və onun bu məbləği məqbul hesab etməsi, hazırkı iş üzrə mənəvi zərərin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Hər bir şəxs üçün mənəvi zərərinin ağırlığının fərdi xarakter daşıması qəbul edilsə də, doğmalıq baxımından mərhuma ən yaxın şəxs olan övladın göstərilən məbləğlə razılaşdığı halda, iddiaçının (vəfat etmiş şəxsin qardaşı) daha ağır mənəvi sarsıntı keçirməsi və buna uyğun olaraq daha yüksək məbləğdə kompensasiya tələb etməsi işin müəyyən edilmiş faktiki halları, yaxınlıq dərəcəsi və mütənasiblik prinsipi baxımından kifayət qədər əsaslı hesab edilmir.

28. Kompensasiyanın məbləğini müəyyən edərkən məhkəmə həmçinin, iddiaçının 65 yaşında olmasını, hadisədən (bacısının vəfatından) təxminən bir il sonra iddia qaldırmasını, cinayətin ehtiyatsızlıqdan törədilməsini, iddiaçı tərəfindən daha ağır mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsini də nəzərə almışdır.

29. Bu cür tələblər üzrə kompensasiyanın məqsədi zərərçəkən şəxsin pozulmuş mənəvi tarazlığının bərpasına yönəlmiş olsa da, təzminatın məbləği tərəflər arasında ədalətli balansın qorunmasına xidmət etməli, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə kollegiyası 3000 manat təzminatın təyin edilməsini ağlabatan hesab edir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuşdur. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuapellyatora aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Bilalov İgidağa Böyükağa oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar