Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2286/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Vəkil İba oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birliyin işçilərinin xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində bacısı X1, habelə bacısı övladlarının – Dərya və Rövzətin dəm qazından zəhərlənərək vəfat etmələri ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzi olaraq 90.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 360 manat, aldığı hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, vəkilə etibarnamənin verilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 17,25 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Birliyin əməkdaşları xidməti vəzifələrinin icrası zamanı qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət etməmiş, iddiaçının bacısına məxsus yaşayış evində quraşdırılmış qaz avadanlıqlarına texniki baxış və nəzarət vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, nəticədə, iddiaçının bacısı və bacısının 2 övladı ##.##.2015-ci il tarixdə dəm qazından zəhərlənərək, vəfat etmişlər. Birliyin məsul vəzifəli şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü və 314.2-ci madələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmalarına dair cinayət işinə baxmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2015-ci il tarixli hökmündən görünür ki, cinayət işinin baxılması nəticəsində müəyyən edilmişdir ki, Birliyin həmin əməkdaşları öz vəzifələrinin icrasına laqeyd yanaşmış, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, səhlənkarlıq etmiş, nəticədə iddiaçının bacısının yaşadığı mənzildə qaz sızması nəticəsində iddiaçının bacısı və bacısının övladları dəm qazının sızmasından zəhərlənərək ölmüşdür. Həmin hökmlə cavabdehin Birliyin 3 nəfər əməkdaşı qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və müvafiq cəzalara məhkum edilmişlər. Hökm qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin, bu faciəvi itki nəticəsində dəymiş mənəvi zərərlə bağlı cavabdeh Birlik və ya Birliyin işçiləri tərəfindən iddiaçıya bu hər hansı ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Birlikdən onun xeyrinə ümumilikdə 90.000 manat məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 6.000 manat, iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 80 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 300 manat, vəkilə etibarnamə vermək üçün etibarnamənin notarial qaydada rəsmiləşdirilməsinə görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 17,25 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı cinayət işi üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş ##.##.2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, iddiaçının bacısı Gülmira Məmmədovanın və sonuncunun 2 övladının dəm qazından zəhərlənərək ölmələri ilə Birliyin bir sıra işçilərinin əməlləri arasında səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bacısının və bacısının övladlarının qeyd edilən şəraitdə ölməsi nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübhəsizdir. Buna görə də, cavabdeh Birlik, onun əməkdaşlarının ehtiyatsızlıqdan törətdikləri cinayət nəticəsində iddiaçıya vurduqları mənəvi zərərin əvəzini ödəməlidir. Mənəvi zərərin əvəzinin məbləğinə gəldikdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Birlikdən iddiaçının xeyrinə 6.000 manat məbləğində pul tutulmalı, qalan hissəsə isə iddia tələbi təmin edilməməlidir. c) apellyasiya şikayəti haqqında məlumat
5. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi 3 nəfər yaxın qohumlarının faciəvi şəkildə itirməsi nəticəsində iddiaçının keçirdiyi ağır mənəvi sarsıntının həcmini, hadisənin nəticələrinin ağırlığını, cavabdeh Birliyin əməkdaşlarının təqsirinin xarakterini və qanuni qüvvəyə minmiş cinayət hökmü ilə müəyyən edilmiş halları tam nəzərə almamış, nəticədə mənəvi zərərin əvəzinin məbləğini işin konkret hallarına uyğun müəyyən etməmişdir. Müəyyən edilmiş kompensasiya məbləği onun keçirdiyi mənəvi iztirabın ağırlığı ilə mütənasib olmadığından artırılmalıdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi haqqında məlumat
7. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini, habelə iddia tələbini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsinin qətnaməsinə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin kimdən tutulması qeyd olunmayıb. Məbləğ müəyyən edilərkən iddiaçının subay olması və qadın olması halları da nəzərə alınmayıb. Burada cinayət əməlini ört-basdır etmək niyyəti vardır. Cavabdeh Biliyin işçiləri qeyd edirlər ki, sənədlər vaxtında və lazımi qaydada hazırlanıb. Hadisə 2015-ci ildə baş vermişdir. Lakin hadisənin nə vaxt baş verməsindən asılı olmayaraq vurulmuş zərər ömür boyu davam edəcək, öz təsirini qoruyacaqdır. Yəni, zaman keçdikcə iddiaçının mənəvi zərərinin artması onların gündəlik mənəvi yük olmasını istisna etmir. Bundan başqa o, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli və *(*-*)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamələri təqdim edərək, bildirmişdir ki, halları oxşar işlər üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 1 nəfər ailə üzvünü faciəvi şəkildə itirmiş şəxsə mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul ödənilməlidir.
8. Cavabdeh Birlik apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə 376.2-ci maddəsinə əsasən Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri haqqında məlumat
9. Məhkəmə, hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iş üzrə cavabdeh Birlik həmin qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, o, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir.
11. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki MPM-in maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia Birliyin işçilərinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçının bacısı və bacısı uşaqlarının ölməsinə səbəb cavabdeh Birliyin əməkdaşlarının ehtiyatsızlıqdan törətdikləri cinayət hadisəsi olmuşdur və bu hal Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı cinayət iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş ##.##.2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir.
14. MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
15. Məhkəmə qeyd edir ki, qeyd edilən hökmdə təsvir edilmiş hadisə zamanı iddiaçının bacısı və bacısı övladlarının ölməsi ilə iddiaçıya mənəvi zərərin dəyməsi sübhəsizdir.
16. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin “iddiaçının psixoloji stress və emosional gərginlik və əzab çəkməsinin Rayon Məhkəməsi tərəfindən tam nəzərə alınmaması barədə” apellyasiya şikayətinin dəlili əsassızdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.).
18. Məhkəmə apellyasiya şikayətinin Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin əvəzinin məbləğinin işin hallarına uyğun olmaması və artırılmalı olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, mənəvi zərərin əvəzinin məbləği əvvəlcədən müəyyən edilmiş sabit meyarlar əsasında deyil, hər bir konkret işin hallarına uyğun olaraq müəyyən edilir. Bu zaman hüquqa zidd əməlin xarakteri, nəticələrinin ağırlığı, zərərçəkmiş şəxslə yaxınlıq dərəcəsi, mənəvi sarsıntı və iztirabın intensivliyi, habelə iş üzrə müəyyən edilmiş digər mühüm hallar nəzərə alınmalıdır.
19. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır (bənd 7.6.).
20. İşin hallarından görünür ki, Rayon Məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən iddiaçının yaxın qohumlarını faciəvi şəkildə itirməsini, hadisənin nəticələrinin ağırlığını, cavabdeh Birliyin əməkdaşlarının təqsirini, qanuni qüvvəyə minmiş cinayət hökmü ilə müəyyən edilmiş halları, eləcə də iddiaçının keçirdiyi mənəvi sarsıntını nəzərə almış, hadisənin baş verməsindən sonra uzun müddətin keçməsi, bu müddət ərzində iddiaçıya dəymiş mənəvi zərərin təsirinin artmasını təsdiq edə biləcək sübutların mövcud olmamasını iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirərək mənəvi zərərin əvəzinin məbləğini müəyyən etmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən iş üçün hüquqi əhəmiyyət kəsb edən halları nəzərdən qaçırmamışdır.
21. Apellyasiya şikayətində göstərilən hallar mahiyyət etibarilə Rayon Məhkəməsi tərəfindən araşdırılmış və hüquqi qiymət verilmiş halların təkrarından ibarətdir. Şikayətçi tərəfindən irəli sürülən dəlillər müəyyən edilmiş kompensasiyanın məbləğinin ədalətlilik və mütənasiblik prinsiplərinə açıq şəkildə zidd olduğunu və ya Rayon Məhkəməsinin kompensasiyanın məbləğini müəyyən edərkən hüquqi əhəmiyyət kəsb edən hər hansı halı nəzərə almadığını təsdiq etmir. Buna görə də Məhkəmə mənəvi zərərin əvəzinin artırılması üçün hüquqi əsas müəyyən etmir.
22. İddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı zamanı istinad etdiyi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən oxşar işlər üzrə qəbul etdiyi *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli və *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnamələrə istinad etdiyi üçün Məhkəmə bildirir ki, həmin məhkəmə aktları vahid məhkəmə təcrübəsini yaradan aktlar deyil, həmin aktlar qəbul edilərkən, həmin işləri halları həmin iş üzrə iddiaçı olan şəxslərə münasibətdə qiymətləndirilmişdir. Həmin qətnamələrdən görünür ki, həmin işlər üzrə iddiaçılar cavan və yeganə övladını itirmiş ana, digəri isə cavan ərini itirmiş və bununla da himayəsində azyaşlı uşaq qalmış qadın olmuşlar. Həmin iş üzrə iddiaçı olmuş şəxslər ilə bədbəxt hadisə zamanı ölmüş şəxslər ilə ailə üzvləri (bir-birini saxlamaq vəzifəsini daşıyan şəxslər) olmuşlar. Hazırkı iş üzrə iddiaçı isə bədbəxt hadisə zamanı ölmüş şəxslərin ailə üzvü sayılmır, o, həmin şəxslərin qohumudur.
23. Bu kimi hallar həmçinin iddiaçı tərəfin işə baxmış Rayon Məhkəməsinə oxşar işlər üzrə Xətai Rayon Məhkəməsinin qəbul etdiyi *(***)-****/**** saylı, ##.##.2023 tarixli qətnaməyə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərara da aiddir. Belə ki, həmin işlər üzrə iddiaçılardan biri cavan və yeganə övladını itirmiş ana, digəri isə övladını, kürəkənini və iki körpə nəvəsini (onlardan biri yeni doğulmuşdur) itirmiş qadın olmuşlar.
24. Yuxarıda göstərilən mövqedən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırkı iş üzrə nəticəyə gələrkən Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023 tarixli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında əks olunmuş nəticələri nəzərə almamaqda haqlı olmuşdur.
25. Odur ki, bu baxımdan göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçının xeyrinə tutulmalı olan məbləğin iddia ərizəsində qeyd edilən məbləğdə deyil, 6.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı Rayon Məhkəməsinin nəticəsi əsaslı və işin hallarına uyğundur.
26. Bu nəticəyə gələn Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki halları düzgün qiymətləndirmiş, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara onların məcmusunda hüquqi qiymət vermiş, mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmiş, mənəvi zərərin əvəzinin məbləğini isə hadisənin xarakteri, nəticələrinin ağırlığı, iddiaçının zərərçəkmiş şəxslərlə yaxın qohumluq münasibəti, keçirdiyi mənəvi iztirab və işin digər mühüm halları nəzərə alınmaqla müəyyən etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin dəyişdirilməsi üçün əsas vermir. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh Cavabdeh İstehsalat Birliyi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.