Məhkəmə qərarları › İş №e-2(3-6)-2462/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2462/2026

14.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2462/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin arasında ##.##.2006-cı il tarixdə bağlanmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuş nikahdan doğulmuş və həmin qətnamə ilə onun yanında saxlanılmış 1 uşağın – ##.##.2010-cü il təvəllüdlü Nigarın yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk dəfə mediasiya təşkilatına müraciət edildiyi ##.##.2024-cü il tarixdən başlayaraq cavabdehin qazancının və gəlirinin 1/4 hissəsi miqdarında alimentin cavabdehdən onun xeyrinə hər ay tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin birgə nikahından 2 uşağın doğulmasına, uşaqlardan birinin artıq yetkinlik yaşına çatmasına baxmayaraq onların münasibətləri pozulmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə nikaha xitam verilməsi, yetkinlik yaşına çatmamış Nigarın anasının (hazırkı iş üzrə iddiaçının) yanında saxlanılması qət edilmişdir. İş üzrə cavabdeh işləsə və kifayət qədər yüksək əmək haqqı alsa da, uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərmir. Aliment barədə iş üzrə tərəflər razılığa gələ bilmədikləri üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat

3. İşə cavabdehin iştirakı olmadan baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi ##.##.2026-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddia ərizəsində adı qeyd edilən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iddia ərizəsi məhkəməyə daxil olduğu ##.##.2026-ci il tarixdən başlayaraq cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti haqqında məlumat

4. Cavabdeh qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və alimentin 200 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin nikahdan doğulmuş digər övlad artıq yetkinlik yaşına çatsa da, faktiki olaraq cavabdehin yanında yaşayır və tələbə olduğu üçün cavabdehin himayəsindədir. Aylıq əməkhaqqısı 1.772 manat təşkil edən cavabdeh həmin övladının təhsili ilə bağlı bankdan 23.000 manat məbləğində kredit almış və hazırda həmin kreditə görə banka hər ay 694 manat ödəniş edir. Ondan iddiaçının xeyrinə tutulmalı olan 443 manat məbləğində aliment də nəzərə alındıqda onda müəyyən edilir ki, yerdəqalan məbləğ (1.772-694-443=) 635 manat təşkil edir ki, bu da cavabdehin özünün və faktiki himayəsində olan tələbə övladının dolanması üçün kifayət etməyəcək, çünki kommunal xidmətlərə görə xərclər və gündəlik xərclər də nəzərə alınmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, tanınmış iaşə şirkətinin Xətai rayonunda yerləşən filialında ofisiant işləyir və kifayət qədər yüksək məbləğdə gəlir əldə edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Buna görə də, cavabdeh təklif edir ki, 1 uşağın saxlanılması üçün ondan iddiaçının xeyrinə tutulmalı olan aliment 200 manat məbləğində müəyyən edilsin. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

6. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin əsaslarına uyğun izahat verdi.

7. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının həddi barədə məlumat

8. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı cavabdehdən onun xeyrinə alimentin ilk dəfə mediasiya təşkilatına müraciət edildiyi ##.##.2024-cü il tarixdən başlayaraq tutulmasını xahiş etsə də, işə baxmış Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə alimentin iddia ərizəsi məhkəməyə daxil olduğu ##.##.2026-ci il tarixdən başlayaraq tutulmasını qət etmişdir. Lakin iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır.

9. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini şikayətdə xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnaməni qismən, yəni alimentin məbləğinin müəyyən edilməsi barədə hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir.

10. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-in 372.6-ci maddəsinin tələbini nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür və tərəflər arasında mübahisə doğurmur ki, birgə nikahdan onların 2 övladları olsa və onların övldlarından biri artıq yetkinlik yaşına çatsa da, iş üzrə tərəflərin münasibətləri pozulmuş, onlar ayrılmış, nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, yetkinlik yaşına çatmayan uşaq isə həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçının yanında saxlanılmışdır. Yetkinlik yaşına çatmamış həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan alimentin məbləği ilə bağlı iş üzrə tərəflər arasında razılıq yoxdur.

13. Apellyasiya baxışının predmetini təşkil edən hissədə Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği müəyyən edilərkən uşağın üstün maraqları, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 76-cı maddələrinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin tələbləri və cavabdehin işləməsi nəzərə alınmalıdır.

14. Bunları nəzərə almış Rayon Məhkəməsinin hesab etmişdir ki, cavbadehdən iddiaçının xeyrinə 1 uşağa görə tutulmalı olan alimentin miqdarı Ailə Məcəlləsinin 76.1.1ci maddəsinin tələbinə görə cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında müəyyən edilməlidir.

15. Məhkəmə bildirir ki, nəzərə alınsa ki, cavabdeh işləyir və onun aylıq əməkhaqqısı 1.772 manat təşkil edir, onda müəyyən edilir ki, Rayon Məhkəməsinin təyin etdiyi alimentin məbləği 443 manat təşkil edir.

16. Cavabdeh isə artıq yetkinlik yaşına çatmış tələbə övladının onun himayəsində olmasını, həmin övladının təhsili üçün bankdan götürdüyü krediti təkbaşına ödəməsini əsas götürərək, alimentin sabit pul məbləğində - 200 manat müəyyən edilməsini xahiş edir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).

19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının tələlərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).

21. Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - aliment ödəməli olan valideynin qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur (maddə 76.1.1.).

22. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə Məhkəmə qeyd edir ki, cavabdehin yuxarıda qeyd edilən məbləğdə aliment ödəmək üçün maddi imkanının olmaması barədə dəlili əsassızdır. Çünki bir valideyn olaraq cavabdeh, işləyibişləməməsindən, işləyirsə əməkhaqqısının az olmasından, yetkinlik yaşına çatmış övladının təhsili ilə bağlı banka kredit borcunun ödəməsindən asılı olmayaraq yetkinlik yaşına çatmamış uşağı saxlamağa borcludur. Uşağın isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyaiysa şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiyanın nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

30. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((443 manat – 200 manat ) x 12 ay=) 2.916 manat təşkil edir.

31. İddiaçı da hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki onun təmin edilməmiş tələbi yoxdur.

32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar