Məhkəmə qərarları › İş №e-2(3-6)-2640/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2640/2026

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2640/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 3.500.000 manat məbləğində kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə görə ödənilən 300 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh MMC-dən dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ödənilmiş hüquqi yardım haqqının əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, 150 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh MMC qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verilmiş və müvafiq olaraq məhkəmə qətnaməsinin “Qət etdi” hissəsində qeyd edilən 150 manat məbləğin 50%-i miqdarında – 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddia tələbi qiymətləndirilən tələb olmaqla, qiyməti 1.000.000 manatdan çoxdur. Qanunvericiliyin tələbinə əsasən belə olan halda apellyasiya şikayətinin verilməsinə görə 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi məbləğində dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 1.270 manat məbləğində ödənilməli olduğu halda, iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə burada dövlət rüsumu məbləğini iddianın təmin edilmiş hissəsindən hesablamalı olduğu halda ümumi iddia məbləğindən hesablamaqla səhvə yol vermişdir. Belə ki, cavabdeh qətnamə ilə təmin edilən 20.000 manat məbləği ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermişdir. Digər tərəfdən əgər cavabdeh apellyasiya şikayəti üçün 75 manat deyil, qərardadda qeyd edilən 1.270 manat ödəməli idisə o zaman nə üçün məhkəmə öz qətnaməsini qət etdi hissəsində cavabdehdən tutulmalı dövlət rüsumunun məbləğini 150 manat qeyd edirdi? Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun qeyd edilən maddəsinə əsasən 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qaydasında hesablanır ki, bu da 150 manat edir. Həmin qanunun apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarı qaydasında hesablanır ki, bu da öz növbəsində 75 manat edir. Beləliklə cavabdeh tərəfindən dövlət rüsumu düzgün hesablanaraq ödənilmişdir. Digər tərəfdən məhkəmə də öz qətnaməsində tutulmalı dövlət rüsumu olaraq 150 manat göstərmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMCdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.500.000 manat məbləğində pulun və “Ekol” Vəkil Bürosu tərəfindən göstərilən hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 300 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddiaçı dövlət rüsumu ödəməmişdir. Birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul tutduğundan məhz bu məbləğə uyğun olaraq cavabdehdən ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulu dövlət nəfinə tutmuşdur. Cavabdeh də həmin məbləği mübahisələndirərək, ondan 20.000 manat məbləğində pulun tutulmalı olmadığını vurğulayır. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən dövlət nəfinə tutulan dövlət rüsumunun məbləğini, bu qəbildən olan işlərdə iddiaçıların dövlət rüsumu ödəməkdən azad edildiyini və bu baxımdan onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq pul şəklində tələb etdikləri kompensasiyanın məbləğinə uyğun olaraq rüsum ödəmədiklərini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləğ etibarı ilə yetərlidir, apellyasiya şikayəti bu əsasla geri qaytarıla bilməz. Hər bir halda, nəzərə alınmalıdır ki, bu qəbildən olan işlər üzrə həddindən artıq yüksək məbləğlərin tələb edilməsinin mümkünlüyü, yüksək məbləğdə dövlət rüsumlarının ödənilməsi zərurətini yaratmış olur ki, bu da qeyd edilən mübahisələr üzrə tələb edilən məbləğlərlə ödənilməli olan dövlət rüsumuları arasında məbləğ etibarı ilə mütənasibliyi pozur. Bu halın mövcudluğu da cavabdehlərin məhkəmə aktlarının apellyasiya və kassasiya qaydasında mübahisələndirilməsi yolunda süni maddi maneələr yaratmaqla sui-istifadə hallarına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə apellyasiya şikayətini qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar