Məhkəmə qərarları › İş №e-2(3-6)-2841/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2841/2026

21.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2841/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabdeh Cavabdeh qarşı “qızıl-zinət əşyaları, olmadıqda onların dəyərinin ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “qızıl-zinət əşyaları, olmadıqda onların dəyərinin ödənilməsi” tələbi) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçı İddiaçı qızının, Cavabdeh Cavabdeh oğlunun iştirakları ilə MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qızıl-zinət əşyaları, olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd komplekt birilliant qaşlı 750 əyarlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) - dəyəri 3500 manat; bir ədəd tac klonlu 585 əyarlı sep-dəyəri 300 manat; 1 ədəd pandora dəsti 585 əyar (qolbaq və sırğa)-dəyəri 700 manat; bir ədəd taclı üzük 585 əyar-dəyəri 350 manat olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, (bu mükün olmadıqda isə dəyərinin konpensasiya ilə əvəz olunaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə), 50 manat ödənilmiş dövlət rüsumu və mediasiya üçün ödənilmiş 60 manat rüsumun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə ##.##.2022-ci il tarixdə nikaha daxil olmuş və nikahları * saylı Bakı “ASAN xidmət” X3 tərəfindən 3654 № ilə qeydə alınmışdır. Birgə nikahdan ##.##.2023-cü il tarixdə X1 adlı bir uşaqları anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Iddiaçıya toydan əvvəl və toydan sonra qızıl-zinət əşyaları alınmışdır ki, iddiaçı cavabdeh tərəfindən evdən qovulan zaman götürmək imkanı olmamışdır və bütün bunlar cavabdehlə yaşadığı mənzildə qalmışdır. Mənzildə qalan qızıl-zinət əşyaları bunlardır: bir ədəd komplekt birilliant qaşlı 750 əyarlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa); bir ədəd tac klonlu 585 əyarlı boyunbağı; 1 ədəd pandora dəsti 585 əyar (qolbaq və sırğa); bir ədəd taclı üzük 585 əyar. Yuxarıda göstərilən əşyalar iddiaçıya hədiyyə olaraq verilmişdir. Dəfələrlə cavabdehdən qızılzinət əşyalarını verməsini tələb etsə də, nəticəsiz qalmış, o, azmış kimi iddiaçıya qabaqdangəlmişlik edərək guya iddiaçının razılığı ilə satıldığını əsas gətirərək geri qaytarmaqdan yayınır. Qızıllar satılmamış və cavabdehin özündədir. Bu isə iddiaçının hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, nikah dövründə aralarındakı münasibətin gərginləşməsi səbəbi ilə cavabdeh iddiaçının valideynlərinə zəng vuraraq gəlib onu aparmalarını xahiş etdi. Özü isə evdən getdi. Həmin gün iddiaçının valideynləri anası və atası və yaxın qohumları - qardaşı və dayısı cavabdeh evdə olmayan zaman mənzillərinə gəlmişlər. Iddiaçı evdən sərbəst, qohumları ilə çıxmışdır. Yəni, iddiaçının qeyd etdiyi kimi evdən qovulma hadisəsi olmamış, o, evdən gedən zaman isə ümumiyyətlə cavabdeh evdə olmamışdır. Iddiaçı evi tərk edən zaman cavabdehin valideynləri sözügedən mənzildə idi. Valideynləri iddiaçı evi tərk edərkən heç bir maneə yaratmamışlar. Valideynləri bu iş üzrə şahid qismində iştirak edə bilərlər. Iddiaçının qeyd etdiyi mübahisəli qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olunmuşdur və bu əşyalar daimi olaraq onun öz istifadəsində olmuşdur. Odur ki, şərh olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Ülkər Yusifova) ilə iddia tələbi təmin edilməmişdir.

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır.Tələb olunan əşyalar onda olsaydı, o hansı qərəzlə belə bir iddianı qaldırar və məhkəmə xərclərini çəkərdi. Bu məntiqsiz və ağılsızlıq olardı. Hətta o qızılları istəyəndə belə bir yazışması da olmuşdur ki, cavabdeh ondan soruşur ki, evdən gətirmişdin ki, geri istəyirsən? Həmin yazışmanı işə əlavə etmiş, lakin rayon məhkəməsi bu barədə heç araşdırma belə aparmamışdır. O, tələb olunan qızılların cavabdehdə olmasını birmənalı olaraq hər hansı sübutla təsdiq etməyin mümkünsüz olduğu üçün məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsinin 2024-cü ilin iyul ayında o, evdən gedərkən özünün, uşağın paltarlarını və şəxsiyyət vəsiqəsini götürməsini, qardaşı və valideynlərinin isə boşandıqdan sonra gedib onun cehizlərini götürdüklərini bildirməyini, eyni zamanda da nişan üzüyünün özündə olmasını nəzərə alaraq, tələb edilən əşyaları da götürməsi barədə qənaəti yalnışdır. Belə ki, nişan üzüyü daim əlində olduğundan gələndə özündə olması birmənalıdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda da bildirdi ki, o evdən gedərkən atası, anası və qardaşı da onun yanında olmuşlar.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi və əlavə olaraq da bildirdi ki, iddiiaçı evdən özü getmiş, o evdən gedərkən anası, atası ,qardaşı və dayısı da onun yanında olmuşlar, iddiaçı həmin vaxt bütün əşyalarını sərbəst şəkildə yığıb aparmışdır, o özü isə həmin vaxt evdə olmamışdır. Sübutların tədqiqi:

10. “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ## ### 2025-ci il tarixli, M SB\2- 00338\**** nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir.

11. Gədəbəy Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında ##.##.2022-ci il tarixində bağlanmış, * saylı Bakı “ASAN xidmət” X4 tərəfindən həmin tarixli, **** nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

12. Mərkəzi Ekspertiza Bürosunun MEB-***-**** nömrəli ##.##.2025-ci il tarixli hesabata əsasən, qızıl-zinət əşyalarının hazırki vaxta ümumi dəyəri 7790 manat təşkil edir. Qeyd olunmalıdır ki, zinyət əşyaları baxışa təqdim olunmadığından, qiymətləndirmə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır.

13. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir.

14. Iddiaçının təqdim etdiyi fotoşəkillər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 17.Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın

19. hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. ”Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı:

21. 1.6. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi.

22. 2.1. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ərarvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur.

23. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

24. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.

25. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

26. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə xatırladır ki, mülki mübahisənin düzgün həlli ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda iddiaçı özünə məxsus əşyaların cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edir və tələb olunan əşyaların onda olmadığını bildirir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 152.1.,157.1., 157.2., 225.2., 225.3-cü maddələri və Ailə Məcəlləsinin 34.1., 34.2-ci maddələri təşkil edir.

43. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarına əsasən ... Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il ## ##### tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur.

44. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı tələbində iddiaçı ərizəsində göstərilən əşyaların ona məxsus olduğunu və həmin əşyaların cavabdehdə qaldığını iddia edərək onların qaytarılmasını, həmin əşyalar mövcud olmadıqda isə onların dəyərinin ödənilməsini tələb edir.

45. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Belə olan halda məlum olur ki, oxşar hallarda qızıl-zinət əşyaları da daxil olmaqla əşya tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci - tələb olunan əşya mövcuddur; Ikinci - tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü - tələb olunan əşya cavabdehdədir; Dördüncü - tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.

47. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.

48. Bu baxımdan qeyd olunan qaydanın hazırkı işə tətbiq edilməklə tərəflərin təqdim etdikləri sübutlar araşdırılmalı və müvafiq olaraq da qiymətləndirilməlidir.

49. Iddiaçı rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində 4 adda qızıl-zinət əşyasının qaytarılmasını tələb etmişdir. Iddiaçı ərizəsində tələb etdiyi əşyaların qiymətlərini qeyd etmişdir, həmin hesablamalara görə tələb edilən əşyaların ümumi qiyməti 4850 (dörd min səkkiz yüz əlli) manat kimi göstərilmişdir.

50. Cavabdeh həm rayon məhkəməsində, həm də apellyasiya baxışı zamanı izahatlarında iddianı qəbul etməmiş və tələb olunan əşyaların iddiaçının özündə olduğunu, başqa sözlə, cavabdehdə olmadığını bildirmişdir.

51. Belə olan halda prosessual qanunvericiliyin tələbinə əsasən (MPM, maddə 77.1.) iddiaçı hazırkı ərizəsində cavabdehdən tələb etdiyi əşyaların mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını, əşyaların cavabdehdə qalmasını və cavabdehdə qalmanın qanunsuz olmasını sübut etməlidir. Iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının yalnız fotoşəkillərini təqdim etmiş, prosessual qanunvericiliyin həmin tələbinə uyğun olaraq öz tələbinin əsaslandığı halları sübut edə bilməmişdir.

52. Mülki iş materiallarına əsasən həmin əşyaların mövcudluğu və onun iddiaçıya məxsus olması müəyyən edilsə də, həmin əşyaların cavabdehdə qalması müəyyən edilmir.

53. Məhkəmə qeyd edir ki, həm iddiaçı, həm də cavabdehin izahatlarından iddiaçının 2024-cü ilin iyul ayında evdən gedərkən iddiaçının atasının, anasının, qardaşının, dayısının (?) da cavabdehin evində olduğu, iddiaçının özünün və uşağın geyimlərini, şəxsiyyət vəsiqələrini özü ilə götürdüyü müəyyən edilmişdir. Nişan üzüyü həmişə barmağında olduğundan iddiaçı onu da özü ilə aparmışdır. Tərəflərin nikahı pozulduqdan sonra isə iddiaçının valideynləri və qardaşı cavabdehin evinə gələrək, cehiz əşyaları aparmışlar. Belə olan halda Məhkəmə qeyd edir ki, iddiaçının atasının, anasının və qardaşının da yanında olduğu bir vəziyyətdə özünün və uşağının geyimlərini, şəxsiyyət vəsiqələrini və digər zəruri əşyalarını sərbəst şəkildə götürmək üçün imkanı - şəraiti olduğu halda, kiçik həcmdə yer tutan qızıl-zinət əşyalarını özü ilə aparmaması, buna imkanının olmaması və ya unutması barədə dəlilləri inandırıcı və ağlabatan görünmür.

54. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının tələb etdiyi əşyaların cavabdehdə qalması sübut edilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

57. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

59. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəticə:

60. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

62. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

63. Hazırkı halda iddianın qiyməti 4850 (dörd min səkkiz yüz əlli) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

64. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar