Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2871/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızının cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «faktiki çəkilmiş əlavə xərcin tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızının və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili İbadov Nail Ramiz oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(001)- ****/**** saylı qətnaməsi ilə iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızı ilə cavabdeh Cavabdeh arasında * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ####### 2021-ci il tarixdə bağlanmış və *** nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan ## #### 2022-ci il təvəllüdlü X1 və ## ##### 2024-cü il təvəllüdlü X2 iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızının himayəsində saxlanılmaları, ## #### 2025-ci il tarixdən başlayaraq ## #### 2022-ci il təvəllüdlü X1 və ## ##### 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə cavabdeh Cavabdeh iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində alimentin tutulması, “Hyundai İ 30” minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildə ½ hissədə Bağırova (Babayeva) Rizvanə Ramiz qızının və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “xxxx” MMC-də əməliyyat üzrə menecer vəzifəsində işləyir, aylıq əmək haqqı 568,05 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızı cavabdeh Cavabdeh qarşı aliment və xəstəliyə görə əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin mediasiya sessiyasının keçirildiyi vaxtdan, ## #### 2025-ci il tarixdən başlayaraq, ## ##### 2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin, ## #### 2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərinə görə hər ay 500 manat, onun tərəfindən ## #### 2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərcin ½ hissəsinə uyğun olaraq 4590 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilib ki, birgə nikahların olan uşaqlarının xəstəliyi ilə əlaqədar əlavə xərcin tutulması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə əlavə xərcin tutulması ilə bağlı iddia tələbinə ayrıca icraatda məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Birgə nikahlarından doğulmuş ## #### 2022-ci il təvəllüdlü X1 doğulduğu vaxtdan Autizm spektr müşahidə olunduğundan, sağlamlığında problemlər olduğundan, daimi müalicə və müşahidəyə ehtiyacı vardır. Uşaq artıq 3 yaşı tamam olmasına baxmayaraq danışa bilmir. Hər ay pediatr və loqoped tərəfindən müalicələrə ehtiyacı vardır. Cavabdeh isə uşağın maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Himayəsində 2 azyaşlı uşağı olduğundan və heç yerdə işləmədiyindən, uşağın müalicə xərclərinin ödənilməsində iştirak etmir. Cavabdehdən ## #### 2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərinə görə hər ay 500 manat alınaraq ona verilməlidir. Belə ki, o, ## #### 2022-ci il təvəllüdlü X1 ağır xəstə olmasına, bununla əlaqədar hər ay yaranmış yaxud yaranacaq xərclərə dair məhkəməyə mötəbər sübut təqdim etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbinin qismən təmin edilərək ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün ##.##.2026-cı il tarixindən başlayaraq cavabdeh Cavabdeh iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızının xeyrinə 100 manat sabit pul məbləğində alimentin tutulması; cavabdeh Cavabdeh ##.##.2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərcin ½ hissəsinə uyğun olaraq 3455 (üç min dörd yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızına ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi; cavabdeh Cavabdeh 54,55 (əlli dörd manat, əlli beş qəpik) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ##.##.2024-cü il təvəllüdlü X2 qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi ##.##.2024-cü il təvəllüdlü X2 3 yaşına çatana qədər 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində əsaslı olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddianın ##.##.2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə 500 manatın tutulması hissəsində hesab edir ki, əsassızdır. Hazırda iddiaçı ##.##.2024-cü il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay konkret hansı məbləğdə ödəniş edildiyini sübuta yetirməmişdir. Belə ki, təqdim olunmuş qəbzlərdən görünür ki, uşağın xəstəliyi ilə əlaqədar edilən ödənişlərin məbləğləri hər ay üzrə fərlqi olmuş, hazırda cavabdehdən hər ay 500 manat məbləğində pulun tutulması onu maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşməyə aparacaqdır. Məhkəmə iddianın ##.##.2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq faktiki çəkilmiş xərcin ½ hissəsinə uyğun olaraq 4590 manatın tutulması hissəsində hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Hazırda iddiaçı faktiki çəkilmiş məbləğin yarısının 4590 manat olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamış, iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən olunmuşdur ki, faktiki çəkilmiş xərclərin ümumi məbləği 6909,31 manatdır. Bu məbləğində ½ hissəsi də 3455 manat məbləğində müəyyən edilir. Qanunvericliyin tələbindən də göründüyü kimi, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, cəlb edə bilər. Bu səbəbdən də 3455 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əlavə olaraq, məhkəmə həmçinin iddianın alimentin tutulmasının ilkin mediasiya sessiyasının keçirildiyi vaxtdan, ##.##.2025-ci il tarixdən hesablanması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının nümayəndəsi və vəkili alimentin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh (və nümayəndəsi və vəkili İbadov Nail Ramiz oğlu) apellyasiya şikayətində qətnamənin qismən - ## #### 2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərcin 1/2 hissəsinə uyğun olaraq 3455 manat məbləğində pul vəsaitin tutulması hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd edilməsini xahiş etmiş və Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad edərək şikayətində göstərib ki, azyaşlı Camal Bağırovun "ağır xəstə" olduğunu təsdiq edən rəsmi dövlət sənədi yoxdur. Qətnamədən sonra uşağın rəsmi qeydiyyatda olduğu ** saylı dövlət uşaq poliklinikasından alınan rəsmi arayış sübut edir ki, uşaqda heç bir autizm, əlillik və ya ağır patologiya yoxdur. Sənəddə yalnız bu yaş qrupunda olan uşaqlar üçün tamamilə xarakterik və keçici olan "inkişafın ümumi pozuntusu və ifadə nitqinin pozulması" (nitq gecikməsi) qeyd olunub. 3 yaşlı uşağın hələ tam formalaşmamış nitqi üçün ananın narahatlığı başa düşüləndir, lakin inkişaf ləngiməsini "ağır xəstəlik" kimi qələmə verərək heç bir tibbi zərurət olmadan uşağı klinika-klinika gəzdirmək və əsassız xərclər yaratmaq müstəsna hal sayıla bilməz. Tibbi mütəxəssislərin rəyinə görə, bu yaşda nitq problemi olan uşaqların əsas ehtiyacı təcrid olunmuş və kommersiya yönümlü seanslar yox, digər uşaqlarla sosiallaşma və bağça mühitidir. Lakin iddiaçı uşağı dövlət tərəfindən təmin edilən pulsuz bağçalara qoymaqdan imtina edir. Bundan əlavə, ölkədə dövlət xətti ilə tamamilə pulsuz fəaliyyət göstərən reabilitasiya mərkəzləri, o cümlədən "X5 Mərkəzi" mövcuddur. İddiaçı anaya dəfələrlə uşağı dövlətin ödənişsiz, yüksək ixtisaslı mərkəzinə aparmaq tövsiyə olunsa da, o, qeyri-rəsmi və kommersiya maraqları olan özəl mərkəzlərə üstünlük vermişdir. Bu isə onun xərcləri süni şəkildə şişirtmək və cavabdehə maddi ziyan vurmaq niyyətini sübut edir. Təqdim olunan qəbzlərdən də görünür ki, aylarla davam edən bu pullu seansların uşağın nitq inkişafına heç bir müsbət təsiri və real nəticəsi olmamışdır. Həmçinin, uşağın qeydiyyatda olduğu ** saylı poliklinikada psixiatr, psixoloq və loqoped xidmətləri mövcuddur. Burada loqoped xidməti ödənişli olsa da, özəl klinikalardan dəfələrlə ucuzdur. İddiaçıya uşağı bu dövlət mərkəzlərinə aparmaq mütəmadi tövsiyə olunsa da, o, qəsdən və israrla bahalı özəl klinikaları seçmişdir. Heç bir hüquqi və tibbi zərurət olmadan sırf ananın subyektiv istəyi ilə süni şəkildə yaradılmış bu kommersiya borcunun yarı hissəsinin cavabdehin üzərinə qoyulması maddi hüquq normasının tələblərinə tamamilə ziddir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh "xxxx" MMC-də əməliyyat üzrə menecer işləyir və aylıq əmək haqqı cəmi 568.05 manatdır. Eyni zamanda, iş materiallarında rəsmi sübut var ki, cavabdeh digər məhkəmə qərarı ilə iki uşağa görə hər ay 500 manata yaxın aliment ödəyir. Atanın sərəncamında özünün minimum dolanışığı, yemək və nəqliyyat xərcləri üçün ayda cəmi 68-70 manat pul qalır.Belə bir maddi vəziyyətdə olan, həmçinin alimentdən əlavə olaraq imkan daxilində uşaqlarına digər maddi dəstəyi də əsirgəməyən atanın üzərinə birdəfəlik 3455 manatlıq yükün qoyulması qanunun ədalət prinsiplərinə tamamilə ziddir. İddiaçı uşağın ağır xəstə olduğunu iddia edir, lakin məhkəməyə yalnız özəl kommersiya klinikalarının daxili qəbzlərini, kassa çeklərini və subyektiv daxili arayışlarını təqdim edir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, bir şəxsin tibbi statusu, xəstəliyinin ağırlıq dərəcəsi və əlilliyi özəl klinikanın pullu kağızı ilə sübut oluna bilməz! Bunun üçün yalnız dövlət xəstəxanalarının və TSEK-in (Tibbi-Sosial Ekspert Komissiyasının) rəsmi rəyi tələb olunur. İddiaçı qanunun tələb etdiyi mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı sübut etmə vəzifəsini icra etmədiyi halda məhkəmə onun iddiasını təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili İbadov Nail Ramiz oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçı Bağırova (Babayeva) Rizvanə Ramiz qızı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 34, IV və V hissələri. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2015-ci tarixli Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki: ... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ## #### 2022-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar faktiki çəkilmiş xərcin 1/2 hissəsinə uyğun olaraq 3455 manat məbləğində pul vəsaitin tutulması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, məhkəmə faktiki çəkilmiş əlavə xərclərin tutulmasının təmin edilməsi barədə səhv nəticəyə gəlməyib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun əsaslandırıb.
25. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə bu hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
26. Çünki iddiaçı tərəfindən uşağın müayinə və müalicəsi üçün məhkəmənin müəyyən etdiyi məbləğin faktiki çəkilmiş xərclər olması mübahisə doğurmadığından, həmin məbləğin ½ hissəsinin, yəni 3455 manatın iddiaçının xeyrinə tutulması da əsassız olmamışdır.
27. İddiaçının dövlət tibb müəssisəsinin deyil, özəl tibb müəssisələrinin xidmətlərindən istifadə etməsi də faktiki çəkilmiş xərclərə görə iddianın əsassızlığına dəlalət etmir və qətnamənin o hissədə ləğv edilməsinə səbəb ola bilməz. Çünki qanunvericilikdə iddiaçının mütləq dövlət tibb müəssisəsinin xidmətlərindən istifadə etməli olduğuna dair məcburi bir göstəriş nəzərdə tutulmayıb.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.