Məhkəmə qərarları › İş №e-2(3-6)-2872/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2872/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2872/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X3 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2872/2026 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X3 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən iddiaçının xeyrinə 50000 (altmış min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmbeş) manat və ödənilmiş 240,38 ( iki yüz qırx manat otuz səkkiz qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 50365,38 (əlli min üç yüz altmış beş manat otuz səkkiz qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zeynalov Rauf Süleyman oğlu ## #### 2023cü il tarixdə, saat 15 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət etdirərkən, saatda 50 kilometrdən artıq sürətlə hərəkət etməməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64.1- ci maddəsinin tələblərini pozaraq Sabirabad rayonu, Çöl-Beşdəli kəndi ərazisində nəqliyyat vasitəsini 93 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü və 50.1-ci maddələrinin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbləri pozmuşdur. Belə ki, avtomobilin ön hissəsi ilə yolun hərəkət hissəsini sağ kənardan sola doğru keçən velosipedçi X2 və velosipedin arxa oturacağında əyləşmiş X5 vurmuşdur. X7 təpə, sol gicgah-ənsə nahiyələrində baş beynin sərt və yumşaq qişalarında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızmalar, təpə və sol gicgah nahiyələrində, sağ ayağın üst səthində yaralar, sol qamış və incik sümüklərinin qapalı yerdəyişən sınıqları, eləcə də bədənin müxtəlif nahiyələrində sıyrıqlar əmələ gəlmiş, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilmişdir. Suliddin Əliyev aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində vəfat etmişdir. Həmçinin X5 təpə-gicgah və ənsə nahiyələrində baş beynin sərt və yumşaq qişalarında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızmalar, həmin nahiyələrdə yaralar, sol tərəfdən 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu qabırğaların qapalı yerdəyişən sınıqları, sınıqların proyeksiyasında yumşaq toxumalarda qansızmalar, eləcə də bədənin müxtəlif hissələrində sıyrıqlar və digər ağır xəsarətlər yetirilmişdir. Bu xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilmişdir. X5 aldığı xəsarətlərlə əlaqədar Bakı şəhərində yerləşən “CitHospital”da stasionar müalicə almış, lakin ## #### 2023-cü il tarixdə başın qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızmadan vəfat etmişdir. İddiaçı göstərmişdir ki, hadisə nəticəsində həyatını itirmiş X5 onun doğma bacısı qızı olmuşdur. İddia ərizəsində qeyd olunmuşdur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmə əsasən Zeynalov Rauf Süleyman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Mənəvi ziyanın əsaslandırılması kimi iddiaçı bildirmişdir ki, mərhum X5 onun üçün yalnız bacısı qızı deyil, həm də övladı kimi yaxın və əziz bir şəxs olmuşdur. İddiaçı iki oğul övladının olduğunu, Xədicəyə isə qızı kimi baxdığını və onun qayğısına qaldığını qeyd etmişdir. Xədicənin faciəvi şəkildə, üçüncü şəxsin təqsiri nəticəsində həyatını itirməsi iddiaçıda dərin mənəvi sarsıntı, ədalətsizlik hissi və psixoloji iztirablar yaratmışdır. İddiaçı hesab etmişdir ki, mərhumun ölümü ilə bağlı gələcək planları və arzuları puç olmuş, o, mənəvi boşluq hissi keçirmiş və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini yaşamışdır. Bundan əlavə, baş vermiş yol-nəqliyyat hadisəsi cavabdeh xxxx MMCnin əməkdaşının səhlənkarlığı və məsuliyyətsiz davranışı nəticəsində baş vermişdir. Onun fikrincə, cavabdehin aidiyyəti əməkdaşları öz vəzifələrini vicdanla və məsuliyyətlə yerinə yetirmiş olsaydılar, həmin faciə baş verməzdi. Bu səbəbdən də vurulmuş mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddiaçı X3 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, bacısı qızının ölməsi bir dayı üçün ürəkdağlayan emosional itkidir. Bacısı qızının itkisi xüsusilə də hər hansı bir şəxsin təqsiri ucbatından baş verdikdə dayıda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Xədicənin ölümü mərhumla bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxarır. Övladı qədər əziz bir şəxsin faciyəvi şəkildə ölümü bir dayı üçün həm şəxsi, həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. Hər gün yuxusuna girməsi sanki hər gün ona daha ağır sarsıntı yaşadır. Çox çalışsa da, onu unuda bilmir. Onun qız övladı olmayıb və onu övladı kimi böyütmüşdür. Bacısının maddi vəziyyəti ağır olduğu üçün onun himayəsində olub, ona görə də bacısının övladlarını öz övladı kimi böyütmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə baxışı zamanı iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, şikayətin məzmununa uyğun izahat vermişdir.

9. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, şikayətə etirazın məzmununa uyğun izahat vermişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

16. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı

17. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

18. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

19. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı

20. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarı

21. Bənd 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

22. Bənd 5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.).

23. Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

24. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

25. Bənd 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

26. Bənd 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır.

27. Bənd 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması.

28. Bənd 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.

29. Bənd 9.1.5. Yaxınların mənəvi zərər tələbləri baxımından dairəsi qanunla müəyyən edilmiş yaxın qohumlara münasibətdə mənəvi yaxınlıq prezumpsiyası bunun əksi sübuta yetirilənədək qüvvədədir. Bu kateqoriyaya aid olmayan digər şəxslərə münasibətdə mənəvi yaxınlığını isə iddiaçı sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, şəxsin yaxını dedikdə, şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, mənəvi yaxınlığı olan, həyatında mühüm yer tutan qohumu və ya qohum olmayan digər şəxs başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə iddiaçı tərəfindən qətnamənin ləğvi xahiş edildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

40. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə Zeynalov Rauf Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Zeynalov Rauf Süleyman oğlunun təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Zeynalov Rauf Süleyman oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

41. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Dünya Əliyevanın istintaq orqanına və məhkəməyə ünvanlandığı 02 avqust və ## ######## 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyan ödənilmiş, hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur.

42. Hazırki işin hallarından da məlum olur ki, cavabdehin işçisinin hüquqazidd əməli nəticəsində həyatını itirən şəxs iddiaçının bacısı qızıdır və iddiaçı dayı kimi keçirdiyi stres və mənəvi iztirabın əvəzinin ödənilməsini xahiş etmişdir.

43. Lakin kollegiya iddianın dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının bacısı qızı ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncunun ölməsi nəticəsində iddiaçının mənəvi ziyanın tələb edilməsinə əsas olacaq qədər sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən ##.##.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

45. Bundan əlavə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarında qeyd edilmişdir ki, yaxınların mənəvi zərər tələbləri baxımından dairəsi qanunla müəyyən edilmiş yaxın qohumlara münasibətdə mənəvi yaxınlıq prezumpsiyası bunun əksi sübuta yetirilənədək qüvvədədir. Bu kateqoriyaya aid olmayan digər şəxslərə münasibətdə mənəvi yaxınlığını isə iddiaçı sübuta yetirməlidir. Nəzərə alınmalıdır ki, şəxsin yaxını dedikdə, şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, mənəvi yaxınlığı olan, həyatında mühüm yer tutan qohumu və ya qohum olmayan digər şəxs başa düşülür.

46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohumlar valideynlər və övladları, baba-nənə və nəvələri, doğma yaxud ögey qardaşbacılardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin “Qeyd” hissəsinə görə iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir.

47. Beləliklə, müxtəlif qanunvericilik aktlarında əks olunduğu kimi dayı “yaxın qohumlar” anlayışının daxilində öz yerini tapmamışdır. Odur ki, hazırda iddiaçı ilə mərhum bacısı qızı arasındakı mənəvi bağlılığının möhkəmliyinə dair sübutlar təqdim edilməli idi ki, bu barədə hər hansı dəlil məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

48. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarına əsasən zərərçəkmiş şəxsin hüquqi varisi Dünya Əliyevanın istintaq orqanına və məhkəməyə ünvanlandığı 02 avqust və ## ######## 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyan ödənilmiş, hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur.

49. Göründüyü kimi artıq eyni hadisə ilə bağlı zərərçəkmişin hüquqi varisləri təqsirləndirilən şəxslə barışığa nail olmuş və sonuncuya münasibətdə hər hansı əlavə tələblərinin olmadığını bildirmişlər. Bu halda mərhumun dayısının hazırki tələblə çıxış etməsi üçün istinad olunan əsaslar ağlabatan görünmür.

50. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsinin mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab edir və qətnamənin ləğvinə dair hər hansı əsas görmür.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar