Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2967/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək (solidar) qaydada iddiaçının əmlak hüquqlarının uzunmüddətli pozulması, onun sağlamlığına ağır zərər vurulması və mənəvi iztirablar keçirməsi müqabilində 150 000 (yüz əlli min) manat məbləğində mənəvi zərər kompensasiyasının tutulması; 2. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının ailə başçısının (həyat yoldaşının) ölümü ilə nəticələnmiş qanunsuz hərəkətlərə (və ya tibbi xidmətlərin lazımi səviyyədə göstərilməməsinə) görə 100 000 (yüz min) manat məbləğində mənəvi zərər kompensasiyası tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz, əsassız, prosessual və konstitusion hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisələndirilən qərardad kobud prosessual formalizm nümunəsidir. Məhkəmə iddia ərizəsini mahiyyəti üzrə araşdırmaq, tərəflərin mövqelərini dinləmək, sübutları tədqiq etmək və iş üzrə bütün hallara hüquqi qiymət vermək əvəzinə, prosessual normaları həddindən artıq formal və məhdudlaşdırıcı şəkildə tətbiq edərək iddianın icraata qəbulundan imtina etmişdir. Məhkəmə iddia ərizəsində irəli sürülmüş tələblərin əlaqəli olmadığını göstərmişdir. Lakin bu nəticə iddia ərizəsinin faktiki məzmununa uyğun gəlmir. Iddia ərizəsində göstərilmiş bütün hallar iddiaçıya vurulmuş vahid mənəvi zərərin yaranmasına səbəb olmuş hadisələr kompleksi təşkil edir. Iddiaçının əmlak və vərəsəlik hüquqlarının uzun müddət pozulması, cavabdehlərin qanunsuz hərəkətləri, psixoloji təzyiqlər, sağlamlığının ağırlaşması, ailə vəziyyətinin pisləşməsi və nəticə etibarilə həyat yoldaşının ölümü ilə bağlı keçirdiyi ağır mənəvi sarsıntılar bir-birindən təcrid olunmuş hallar deyil, vahid faktiki vəziyyətin tərkib hissələridir. Bu səbəbdən məhkəmənin tələblərin əlaqəli olmaması barədə nəticəsi əsassızdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Iddia ərizəsindən görünür ki, iddiaçının tələbi özündə bir neçə fərqli, bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə fərqli cavabdehlərə - “xxxx” MMC-nə, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı yönəlmişdir. Kollegiya qeyd edir ki, tələblərin əlaqəli sayılması üçün onların eyni faktiki əsaslardan (eyni hadisələrdən) törəməsi, eyni sübutlar bazasına söykənməsi və ya vahid hüquq münasibətindən qaynaqlanması tələb olunur. Təqdim olunmuş iddia ərizəsində isə tamamilə fərqli hüquq münasibətlərindən irəli gələn müstəqil tələblər birləşdirilmişdir. Iddiaçının tələbləri “mənəvi zərər”lə bağlı olsa da, iddia ərizəsinin məzmunundan və tələblərin iki yerə ayrılmasından görünür ki, iddiaçının bir iddia tələbində birləşdirdiyi tələblər bir-biri ilə bağlı deyil, ayrı-ayrı hallardan yaranmışdır. Iddiaçı əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin tutulması ilə həyat yoldaşının ölümünə görə mənəvi zərərin tutulması ilə bağlı tələbləri hər birini ayrı-ayrı cavabdehlərə yönəltmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin iddia ərizəsini qəbul etməkdən imtina etməsi ədalət mühakiməsinə çıxış hüququnun məhdudlaşdırılması (formalizm) deyil, əksinə, hüququn səmərəli qorunması məqsədilə prosessual qaydalara dəqiq riayət olunmasının təmin edilməsidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirildiyindən məhkmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2967/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2967/2026
16.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver