Məhkəmə qərarları › İş №e-2(3-6)-3048/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3048/2026

02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3048/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-3048/2026 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı anasını itirmişdir. Lənkəran rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Hüseynov Asəf Əhmədağa oğlu Cavabdeh ASC-nin Cənub RETSİ-nin X8 Lənkəran şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyərkən öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X3 ölümünə səbəb olmasına görə məhkum edilmişdir.

2. İddiaçı hazırda cavabdehin işçisinin təqsiri ucbatından ailə üzvünü itirməsi səbəbindən keçirdiyi mənəvi sarsıntı və iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC-dən onun xeyrinə 30.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə əsasən ödənilmiş 300 manatın və ödənilmiş 181 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı bildirir ki, aana ölümü daha ağrılı acılı olur deyirdilər. Bunu yaşamayan bilməz. X5 2010-cu ildə vəfat etmişdi. Atasının vəfatından sonra anası onları min bir əziyyətlə böyüdüb boya-başa çatdırmışdır. Anası Lənkəran şəhər Mənziltəsərrüfat idarəsində sosial işçi kimi süpürgəçi işləməklə onları böyütmüşdür. Zəhmətkeş anası işinə məsuliyyətsiz orqanların əməkdaşlarının səhlənkarlığı ucbatından faciəvi surətdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Bundan sonra yetimliyin nə olduğunu, necə ağrılı-acılı olduğunu daha da dərindən hiss etmişdir. Anasına olan bağlılığı, aralarındakı şəfqət hisslərini sözlə ifadə etmək bir ayrı hisdir. O, duyğular yalnız hisslərlə yaşana bilir. Bu səbəbdən də anası ilə aralarında olan şəfqət bağlılığı və s. duyğularının hələ də onun faciəvi ölümündə keçirdiyi mənəvi sarsıntı və bu sarsıntıdan irəli gələn mənəvi iztirabları davam etməkdədir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin X8 Lənkəran şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən Hüseynov Asəf Əhmədağa oğlunun öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X3 ölümünə səbəb olmuşdur. Lənkəran rayon məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs Hüseynov Asəf Əhmədağa oğlu Azərbaycan Respublikasının CM-nin 314.2-cimaddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “xxxx” Publik Hüquqi şəxsin ## #### 2021-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində (elektrik vurğusu nişanəsindən başqa) sağ dirsək oynağı, sağ əl, sağ kürəküstü, döş qəfəsi nahiyələrində IIIII dərəcəli elektrik vurmadan yaranmış yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ölümündən əvvəl və ya ölüm anında elektrik vurma nəticəsində yaranmış yüksək hərarətin (alov) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər yüksək gərginlikli elektrik cərəyanına toxunmasından dərhal sonra çox qısa müddət ərzində baş vermiş və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2021-ci il tarixdə yüksək gərginli elektrik cərəyanına toxunması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. X3 ölümü zorakıdır, ölüm elektrik vurmadan baş vermişdir, bu fikri meyitin üzərində sağ əlin II barmağı nahiyəsində elektrik vurğusu nişanəsinin olması, daxili üzvlərin doluqanlığı, göz qapaqlarının selikli qişalarının və ağciyərlərin visseral plevralarının altına nöqtəvari qansızma, ürək boşluqlarında və iri damarların mənfəzində duru qanınolması ilə təsdiq edilir. X3 ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 5. Cinayət işinin materialalrına əlavə edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının ## ###### 2021-ci il tarixli, **/**** nömrəli rəyindən görünür ki, Lənkəran şəhəri, K,Kazımov küçəsi, 75/1 və **/* nömrəli binaların həyətində yerləşən X2 Təchizatı və Satışı İdarəsinin X8 balansında olan qapalı paylayıcı-çeviricinin qapısının qıfılla bağlı vəziyyətdə saxlanılmaması hadisənin baş verməsinin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.5-ci bəndinin və “110/35/20 kv-luq istismar şöbəsinin ustası”nın vəzifə təlimatının 8-ci bəndinin tələbləri pozulmuşdur. Lənkəran şəhəri, K,Kazımov küçəsi, 75/1 və **/* nömrəli binaların həyətində yerləşən qapalı paylayıcıçeviricinin giriş qapısının açıq vəziyyətdə olmasını aşkar etməsinə baxmayaraq həmin qurğunun girişini qıfılla bağlanılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 8-ci bəndinin və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin tələbləri X2 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləyən Hüseynov Asəf Əhmədağa oğlu tərəfindən pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.2- ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisəCavabdeh ASCninX2 Təchizatı və Satışı İdarəsinin X8 Lənkəran şəhər şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Uşaq atadan deyil, anadan yetim qalır. İddiaçı əziz anasını faciəvi surətdə itirmiş, bu itkini söz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum ananın ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdeh Cavabdeh ASCdən alınaraq ona ödənilməlidir.

5. Birinci instansiya məhkəməsində keşirilmiş iclasda iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, mərhumun digər uşaqlarına mənəvi zərərin əvəzi olaraq ayrı-ayrılıqda 30.000 manat və 10.000 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə istinad edərək, iddia tələbinin 1.000 manat məbləğində təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin qismən təmin edilməsi vurulmuş maddi zərərə görə 5000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına, Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.3, 9.3, 14.1, 14.2, 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və 5000 mənəvi zərər əvəzinin 1000 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılsmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədənailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə ki, qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyimiz xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən məhkəmənin hazırkı təcrübəsini, belə işlə bağlı Azərbaycan RespublikasıAli Məhkəməsinin mövqeyini, iddiaçının digər bacı və qardaşının hazırkı iş üzrə (hadisə üzrə) iki dəfə Cavabdeh ASC-dən mənəvi zərər tələbi ilə bağlı kifayət qədər kompensasiya məbləğinin alınmasını nəzərə alamamış və dəymiş zərərə görə 5.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını 5.000 manat olmasını hər hansı konkret dəlillərlə əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Cavabdeh ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz,keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Cavabdeh ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusəndə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edirik ki, qətnamə ilə təmin edilmiş pul məbləğinin çox olamaqla Cavabdeh ASC-yə ölkə miqyasınada strateji layihələrin həyatakeçirməsinə maneçilik törətmiş olur. İş materiallarından görünür ki, mərhum Kitabə Quliyevanın digər övladları olan Samir Quluzadə və Samirə Salayeva eyni hadisə ilə əlaqədar məhkəmə qaydasında mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmiş və onların xeyrinə müvafiq olaraq 30.000 manat və 10.000 manat məbləğində kompensasiyalar müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində bu halı təsbit etsə də, həmin faktın hüquqi nəticələrini tam tətbiq etməmişdir. Məhkəmənin özü tərəfindən müəyyən edilmiş hallardan görünür ki, ailə üzvlərinin bir hissəsinə artıq əhəmiyyətli məbləğdə kompensasiyalar ödənilmişdir. Bu halda iddiaçının xeyrinə əlavə olaraq 5000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyi ilə uzlaşmır. Məhkəmə təcrübəsinin vahidliyi prinsipinə uyğun olaraq hazırkı iş üzrə də mənəvi zərərin məbləği müəyyən edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

18. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı

20. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

21. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

22. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı

23. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.

Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarı:

24. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

25. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).

26. 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

27. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

28. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə qətnamə mənəvi zərərə görə müəyyən edilən kompensasiya məbləğinin 1000 manatdan yuxarı olan hissəsində, yəni 4000 manat pulun tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Kollegiya iş materiallarını və faktiki halları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunun tələblərinə uyğun olmuşdur.

38. İş materiallarından görünür ki, Lənkəran rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Hüseynov Asəf Əhmədağa oğlu Cavabdeh ASC-nin Cənub RETSİ-nin X8 Lənkəran şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyərkən öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X3 ölümünə səbəb olmasına görə məhkum edilmişdir.

39. Hökmdən həmçinin görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və X7 rayon şöbəsinin 1907.2021-ci il tarixli ** nömrəli ekspert rəyinə əsasən mərhum X3 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur.

40. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh ASC-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının yüksək gərginlikli elektrin cərəyənının təsirinə məruz qalmasına görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Cavabdeh ASC-nin əməkdaşının Cavabdeh ASC-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Hazırki işdə cavabdeh iddiaçının mənəvi zərərə cavabdehdən kompensasiya ödənilməsini tələb etmək hüququnu inkar etməmiş, yalnız kompensasiyanın məbləğini mübahisələndirərək onun 1000 manat həcmində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

41. Şübhəsiz ki, iddiaçının öz doğma anasını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında da göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

43. Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya müəyyənləşdirilməsini əsassız hesab edərək həmin məbləğin çox olması, mərhumun digər ailə üzvlərinə də təzminat ödənildiyi nəzərə alınaraq məbləğin 1000 manat həcmində təmin edilməli olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

44. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anasını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

45. İddiaçının anası ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncunun ölməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən ##.##.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Qərarda o da qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

47. Hazırki işin hallarına görə isə iddiaçı ilə anası arasındakı mənəvi bağlılığının möhkəmliyini, o cümlədən qeyd edilən şəxslərin birlikdə yaşamadıqlarını inkar edən hər hansı sübutlar məhkəmə araşdırması zamanı aşkarlanmamışdır. Odur ki, eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxsin digər yaxınlarına da cavabdeh təzminat ödəmiş olsa belə, övlad üçün ana itkisinin yaşatdığı sarsıntının dərəcəsini, övladın ana şəfqətindən əbədi məhrum olmasının onun mənəvi aləmində yaratdığı güclü neqativ emosianal vəziyyəti nəzərə aldıqda hazırki iddia tələbinin 5000 manat həcmdə təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin üzərinə həddindən artıq öhdəliyin qoyulması kimi qiymətləndirilə bilməz.

48. Məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 5000 manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab edir və qətnamənin tutulan məbləğin miqdarı ilə bağlı dəyişdirilməsinə hər hansı əsas görmür.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar