Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3163/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı nümayəndə-vəkili vəkil2, Cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndə-vəkili vəkil1 İsax oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair ilkin, Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələr üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən İddiaçı, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ## ###### 2020-ci il tarixli,*** nömrəli müqavilə bağlanmış həmin müqaviləyə əsasən, Podratçı “xxxx” MMC Bakı şəhəri, Xətai r-nu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.molan ** №-li mənzili tikib “Sifarişçi” İddiaçı təhvil verilməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüş və müqavilənin 3.1-ci bəndinə əsasən,tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m qiyməti 1.000 AZN həcmində,mənzilin ümumi sahəsi 63,7 kv.m, ümumi dəyəri 63.700 AZN müəyyən edilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdehin hərəkətləri nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə ona ziyan vurulduğunu iddia edir və həmin ziyanın əvəzinin ödənilməsini xahiş edir. Bununla yanaşı İddiaçı ilə MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən cavabdehə müqavilədə göstərilən sahə üzrə mənzilin təhvil verilməsi, həmçinin həmin mənzilə dair tikinti altı sahə üzrə ödənilən vergi məbləğinin ilkin iddia üzrə iddiaçıdan tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MTK-dan zərərin əvəzi kimi 18.360 manat pulun və hazırkı iddianın verilməsinə görə ödənilmiş 145,10 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ##.##.2020-ci il tarixli *** №-li müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.molan ** №-li mənzili tikib iddiaçıya təhvil verməyi öhdənizə götürüb. Mənzilin 1 kv.m-nin qiyməti 1.000 manat olmaqla cəmi 63.700 manat müəyyən olunub və iddiaçı müqavilə bağlanan tarixdə həmin məbləği cavabdehə ödəyib. Müqavilədə dəyəri tam ödənilən mənzilin sahəsi 63.7 kv.m göstərilsə də, həmin mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış veriləndə onun lakin faktiki sahəsinin 52,90 kv.m, yəni müqavilədə göstəriləndən 10,8 kv.m az olduğu müəyyən edilib. Halbuki müqaviləyə əsasən iddiaçının cavabdehə ödədiyi 63.700 manat 1 kv.m-nin qiyməti 1.000 manat olmaqla, 63,7 kv.m sahə üçün ödənilib. Hazırda qeyd olunan ərazidə təmirli mənzilin bazar qiyməti orta hesabla 1 kv.m üçün 1.700 manat təşkil edir. Belə olan halda mənzilin faktiki sahəsinin müqavilədə göstəriləndən 10,8 kv.m az olmasına görə iddiaçıya 18.360 manat zərər vurulub (10.8 kv.m x 1700 AZN). Cavabdehin öhdəliyi müqaviləyə uyğun icra etməməsi nəticəsində iddiaçının məhrum olduğu 10,8 kv.m mənzil sahəsinə görə ona vurulmuş zərərin məbləği hazırda 18.360 manat təşkil edir. İddiaçı ##.##.2025-ci ildə cavabdehə pretenziya göndərərək, vurulmuş zərərin əvəzi kimi 18.360 manat pulun ona ödənilməsini tələb etsə də, cavabdeh bu tələbi yerinə yetirməyib olunur. Məhkəmə icraatı zamanı iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 iddianın həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh MTK-dan zərərin əvəzi kimi 7.040 manat pulun və hazırkı iddianın verilməsinə görə ödənilmiş 145,10 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin olunmuş mühəndis-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyinə görə iddiaçının mülkiyyətində olan mənzilin faktiki sahəsinin azalma əmsalları tətbiq olunmadan 60,5 kv.m, yəni müqavilədə göstəriləndən 3,2 kv.m az olduğunu, qiymətləndirmə rəyinə əsasən mənzilin bazar qiymətinin hazırda 1 kv.m üçün 2.000-2.200 manat təşkil etdiyini nəzərə alaraq iddia tələbini azaldaraq 7.040 manat məbləğində müəyyən edilir (3,2 kv.m x 2.200 = 7.040 manat). Bununla yanaşı qarşılıqlı iddia üzrə Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “pul ” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı zərərin əvəvəzi kimi 21.120 (iyirimi bir min yüz iyirimi) manat pulun və qarşılıqlı iddia ərizəsinə görə ödənilmiş (138,90+14,46=153,36) 153,36 manat dövlət rüsumunun alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(qarşılıqlı iddia tələbi dəqiqləşdirilmişdir). Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ##.##.2020-ci il tarixli *** №-li müqaviləyə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.m. olan ** №li mənzili tikib qarşılıqlı iddia üzrə cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m-nin qiyməti 1.000 manat olmaqla cəmi 63.700 manat müəyyən olunub və qarşılıqlı iddia üzrə cavabdeh müqavilə bağlanan tarixdə həmin məbləği qarşılıqlı iddia üzrə iddiaçıya ödəmişdir. Tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *** saylı müqavilədə mənzilin əhatə etdiyi tikinti altı sahə nəzərə alınmaqla sahəsi 63.70 kv.m. nəzərdə tutulmuşdur ki bu da layihə-smeta sənədlərində nəzərdə tutulan texniki normalara tam uyğundur. ## ###### 2021-ci il tarixli, Ö/****** saylı istismara hazırlıq aktına əsasən mənzillərin ümumi sahəsi S=25850,0 kv.m-dən ibarətdir. Azərbaycan Respublikası Vergilər Nazirinin ##.##.2017ci il tarixli 171704**********№li əmri ilə təsdiq olunmuş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə” əlavə 1-ə əsasən Cavabdeh MMC (VÖEN **********) Tikintinin vergiyə cəlb edilən sahəsi 27472.11 kv. metr, Tikintinin ümumi sahəsi isə 28696.11 kv. metrdir. Göründüyü kimi vergiyə cəlb olunan sahə (mənzillərinin 25850, 0 kv. metr sahəsinən 1622,11 kv. metr artıqdır) mənzillərin ümumi sahəsi deyil məhz tikintinin (o cümlədən mənzilin əhatə etdiyi tikinti altı sahələr nəzərdə tutulub) ümumi sahəsidir, bu səbəbdən müqavilədə 63.70 kv. metr mənzilin əhatə etdiyi tikinti altı sahə nəzərdə tutulduğundan qarşılıqlı iddia üzrə iddiaçı verginidə həmin sahəyə görə ödəmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən bir otaqlı mənzil onun tərəfindən təmir olunmuşdur, məlumata görə təmir zamanı mənzilin layihəsində müəyyən dəyişikliklər edilmiş, otaqların divarlarına suvaq və üstən şpaklyovka, mətbəx, sanitar qovşağının divarlarına isə kafel və sement qarışığı vurulmuş bunlar da təbii ki, mənzil sahəsi ölçülərinə təsirsiz ötüşməmişdir. Belə ki, ## ####### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində ekspert qarşısında qoyulan beşinci suala cavab olaraq bildirilmişdir ki, “Mənzildə aparılmış təmir işləri zamanı divarlara vurulmuş suvaq, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin faktiki ümumi sahəsinin azalmasına səbəb ola bilər. Sözügedən mənzildə aparılmış təmir işlərinə dair layihə sənədləri təqdim olunduqdan sonra mənzildə görülmüş təmir işləri zamanı faktiki ümumi sahədə azalmanın ölçüsünü müəyyən etmək olar.” Bununla yanaşı ekspert qarşısında qoyulan üçüncü suala cavab olaraq bildirilmişdir ki, “ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki 70 N-li mənzilin əhatə etdiyi tikinti altı sahəsinin (kənar divarlar da daxil olmaqla çöldən-çölə hesablanmış sahə) 73,3 kv.m olduğu müəyyən edilmişdir. Bu da ona dəlalət edir ki qarşılıqlı iddia üzrə cavabdehə ##.##.2020-ci il tarixli *** №-li müqavilədə nəzərədə tutlan 63.7 kv.m-dən 9,6 kv.m. sahə artıq verilmişdir ki həmin sahəsin dəyəri olaraq qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. xxxxnin ##.##.2026-cı il tarixli, 17№li rəyinə görə “ Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki ** saylı mənzilin 1 m2 üçün (təmirsiz) müqavilə bağlandığı tarixə 1.000 (min) manat, hazırki tarixə (təmirsiz) 2.000 (iki min) manat -2200 (iki min iki yüz) manat arasında dəyişir.” Bu rəy məhkəmə baxışı gedişində, yəni ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim olduğuna görə iddia tələbinin həcminin artırılmasına əsas yaranmışdır. Həmin rəyə görə hazırda qeyd olunan ərazidə təmirli mənzilin bazar qiyməti orta hesabla 1 kv.m üçün 2.200 manat təşkil edir. Belə olan halda mənzilin faktiki sahəsinin müqavilədə göstəriləndən 9,6 kv.m çox olmasına görə qarşılıqlı iddia üzrə iddiaçıya 21.120 (iyirimi bir min yüz iyirimi) manat zərər vurulub (9,6 kv.m x 2200 AZN=21120 AZN). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblər rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən əmlakın mülkiyyətçisidir və onlar arasında 2020ci ildən bu əmlakla bağlı müqavilə münasibətləri yaranmaqla davam etmiş, cavabdehə həmin mənzilə dair müqavilə üzrə mənzilin dəyərini ödədiyini, lakin müqavilədə göstərilən sahə üzrə təhvil verilmdəyinə dair cavabdeh ilə aralarında verilən yeni əmlakla bağlı aralarında mübahisələr yaranmışdır. Müəyyən edimişdir ki, tərəflər arasında mübahisə əmlakların müqavilə üzrə təhvil verilməli olmasından ibarətdir ki, hər bir tərəf bu müqavilə şərtlərinin pozulmasında bir-birini günahlandırırlar. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə əsaslanan tələbin rədd edilməsi üçün əsasdır. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçı tərəf cavabdehin ona ziyan vurulması faktını sübut edə bilmədiyindən iddiası bu hissədə əsassızdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə əsasən qarşılıqlı iddiaçı tərəfindən cavabdehə müqavilədə göstərilən sahə üzrə mənzilin təhvil verilməsi, həmçinin həmin mənzilə dair tikinti altı sahə üzrə ödənilən vergi məbləğinin ilkin iddia üzrə iddiaçıdan tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflərin arasında bağlanmış ## ###### 2020-ci il tarixli müqavilə ilə Podratçı” “xxxx” MMC Bakı şəhəri, Xətai r-nu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.m olan ** №-li mənzili tikib “Sifarişçi” İddiaçı təhvil verməsini öhdəsinə götürmüşdür. Artıq qeyd edildiyi kimi, iddia tələbində göstərilən mənzil İddiaçı təhvil verilsə də, mənzilin müqavilədə göstərilən sahə üzrə tərəflər arasında mübahisə yaranmışdır. Mənzillərin sahələrinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki və qiymətləndirmə ekspertizaları təyin edilərək, keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki 70 №li mənzilin azaltma əmsalları tətbiq edilmədən, ümumi sahəsinin 60,5 m², daxilində mövcud olan divarların və şaxtaların sahəsi hesablanmaqla ümumi sahəsinin 65,3 m² olduğu müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyində göstərilmişdir ki, mənzildə təmir işləri aparılmış və təmir işləri aparılan zaman mənzil layihəsində dəyişikliklər edilmişdir. Belə ki, mənzilin texniki pasportunda nəzərdə tutulan dəhliz hissəsinə əlavə divar hörülərək qarderob tikilisi inşa edilmiş, yaşayış otağı ilə mətbəx və dəhliz arasında nəzərdə tutulan arakəsmə divarların bir hissəsi sökülərək studio mətbəx kimi inşa edilmiş və əlavə divar inşa edilməklə yşayış otağından nisbətən kişik ölçüdə olan yataq otağı inşa edilmişdir. Eyni zamanda mənzilin balkonu istiqamətində yerləşən fasad divarı texniki pasportda qeyd olunan hissədən 0,25 sm balkona tərəf inşa edilərək yaşayış sahəsi artırılmış, balkonun sahəsi isə nisbətən azaldılmışdır. Mənzildə aparılan təmir işləri zamanı divarlara vurulmuş suvaq, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin faktiki ümumi sahəsinin azalmasına səbəb ola bilər. Mənzildə texniki pasportdan kənar arakəsmə divarların mövcud olduğu və onların altındakı sahəsinin 0,6 m² təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab etmişdir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Beləliklə, ekpert rəyi ilə təhvil verilməli olan mənzilin sahəsinin müqavilə ilə razılaşdırılandan əksik olması faktı müəyyən edilmir. Məhkəmə qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq azaltma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır. Oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçının mübahisəli mənzilə dair tikinti altı sahəsi üzrə ödənimiş vergi məbləğinin ilkin iddia üzrə iddiaçıdan tutulması ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Məhkəmə daha sonra qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəflərin arasında bağlanmış müqavilədə mənzilin qiyməti üçün tikinti altı sahənin hesablandığını bildirsə də, müqavilədən görünür ki, tərəflərin arasında mənzilin ümumi sahəsinin 63,7 kv.m olduğu razılaşdırılmışdır. Belə ola təqdirdə qarşılıqlı iddianın əsassız olduğu müəyyən edilir. Eyni zamanda cavabdehin – qarşılıqlı iddiaçının vergi orqanları qarşısında öhdəlikləri iddiaçı üçün hər hansı öhdəlik yarada bilməz. Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Həmin qətnamədən İddiaçı və cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbənd lərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəc cər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** №-li rəyinə görə mənzilin azalma əmsa lları tətbiq edilmədən ümumi sahəsi 60,5 kv.m, daxilində mövcud olan divarların və şaxtaların sahəsi hesablanmaqla ümumi sahəsi 65,3 m² təşkil edir. Ekspert rəyinə görə mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq edilmədən 60,5 kv.metrdir ki, bu da müqavilədə göstəriləndən 3.2 kv.m azdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbi də mənzilin məhz azalma əmsalı tətbiq olunmadan hesablanmış sahəsi ilə müqavilədə göstərilən sahəsi arasındakı fərqə görə az olan hissənin bazar dəyəri ilə əvəzinin ödənilməsindən ibarətdir. Rəydən də görünür ki, ekspertin azalma əmsalı tətbiq etmədən hesabladığı sahəyə dəhliz, qarderob, sanitar qovşaq, studio mətbəx, yataq otağı və balkon daxildir. Yəni rəydə mənzil daxilində hər hansı sahənin nəzərə alınmaması və ya azalma əmsalı tətbiq olunması halları mövcud deyil. Bundan başqa, mənzilin layihəsində edilmiş dəyişik lik lər onun ümumi sahəsinin azalmasına səbəb olmayıb. Belə ki, mənzilin balkon istiqamətində yerləşən fasad divarı texniki pasportda qeyd olunan hissədən 0.25 sm balkona tərəf inşa edilərək yaşayış sahəsi artırılıb, balkonun sahəsi isə nisbətən azaldılıb. Göründüyü kimi, bu dəyişiklik balkon sahəsinin azalmasına, yaşayış sahəsinin isə artmasına səbəb olub ki, bu da ümumi sahəni dəyişdirmir. Rəydə göstərilir ki, mənzildə aparılan təmir işləri zamanı divarlara vurulmuş suvaq, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin faktiki ümumi sahəsinin azalmasına səbəb ola bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə podratçı mənzili daxili hörgü və suvaq işlərini görülmüş vəziyyətdə sifarişçiyə təhvil verir. Ona görə də müqavilədə göstərilən 63.7 kv.m daxili divarları hörülmüş və suvanmış mənzilin ümumi sahəsidir və suvağın qalınlığı ümumi sahədən çıxıla bilməz. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2-ci bəndinə görə ölçmə işləri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində aparılır və bu zaman plintuslar hesaba alınmır. Suvaq, şpaklyovka, oboy və ya boya tamamlanmış divar və ya arakəsmə səthləri olduğu üçün onların qalınlığı ümumi sahənin hesablanmasında nəzərə alına bilməz. Mənzilin döşəmə səviyyəyində çıxıntılı hissələrindən yalnız plintusların qalınlığı ölçmə zamanı nəzərə alınır. Ekspert rəyi ilə mənzilin azalma əmsalı tətbiq olunmadan ümumi sahəsinin (60.5 kv.m) müqavilə ilə razılaşdırılan dan (63.7 kv.m) 3.2 kv.m az olması təsdiq olunsa da, məhkəmə ekspert rəyi ilə mənzilin sahəsinin müqavilədə göstəriləndən az olması faktının sübut edilmədiyi ni göstərmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilk iddia tələbinə dair hissədə ləğv olunması və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı hesab edir ki, 21.120 manat pul vəsaiti cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməlidir. Bundan başqa, qarşılıqlı iddia ərizəsi və dəqiqləşməyə dair ərizədə tərəf olaraq ekspert rəylərinə istinad edilmişdir, yəni tələbin ekspert rəyi ilə sübuta yetməsinə baxmayaraq məhkəmə tələbi təmin etməmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinad etmişdir, buna görə hesab etmişdir ki, məhkəmə bununla qanunu səhv təfsir etmişdir. Qətnamədə göstərilmişdir ki, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki ** saylı mənzilin 1 m2 üçün (təmirsiz) müqavilə bağlandığı tarixə 1.000 (min) manat, hazırki tarixə (təmirsiz) 2.000 (iki min) manat-2.200 (iki miki yüz) manat arasında dəyişir. Eyni zamanda digər ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki 70 №li mənzilinə qaydalar (azalma əmsalı) tətbiq edilməklə sahəsinin 56,0 m2 olduğu faktiki olaraq sahəsinin (azalma əmsalı tətbiq olunmadan) isə 60,5 m2 olduğu müəyyən edilmişdir. (rəyin tədqiqat hissəsində sxem göstərilmişdir) ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki ** №-li mənzilin daxilində mövcud olan divarların və şaxtaların sahəsi hesablanmaqla ümumi sahəsinin 65,3 m2 olduğu müəyyən edilmişdir, (rəyin tədqiqat hissəsində sxem göstərilmişdir) ünvan 1 ünvanında yerləşən evin 13cü mərtəbəsindəki ** №-li mənzilin əhatə etdiyi sahəsinin (kənar divarlar da daxil olmaqla çöldən-çölə hesablanmış sahə) 73,3 kv.m olduğu müəyyən edilmişdir.(rəyin tədqiqat hissəsində sxem göstərilmişdir). ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki ** №li mənzilində təmir işləri aparılmış və təmir işləri aparılan zaman mənzil layihəsində dəyişikliklər edilmişdir. Yəni cavabdehə təhvil verilmiş 63.7 kv.m. sahədən 9.6 kv.m artıq olması sübuta yetmişdir. Belə olan halda həmin 9,6 kv.m sahənin dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki ##.##.2020-ci il tarixli *** №-li müqavilədə kənar divarlar daxil olmaqla cavabdehə təhvil veriləsi sahə 63.7 kv.m-dən ibarət olması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul olunması, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən,yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ##.##.2012-ci il tarixli Qərarının: 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ## ###### 2020-ci il tarixli,*** nömrəli müqaviləyə əsasən podratçı “xxxx” MMC Bakı şəhəri, Xətai r-nu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.molan ** №-li mənzili tikib sifarişçi İddiaçı təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən, tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m qiyməti 1.000 AZN həcmindədir. Mənzilin ümumi sahəsi 63,7 kv.m-dır. Müqavilənin 3.2-ci bəndinə əsasən, mənzilin ümumi dəyəri 63.700 AZN-dir. İş materiallarında olan ## ###### 2020-ci il tarixli ödənilməmiş məbləğ aylar üzrə ödəniş bölgüsündən görünür ki, tərəflər arasında bağlanılan müqavilə üzrə 63.700 manat pul vəsaiti “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 702, 704, 705, mənzil 70 Yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 702, M13, m4 ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır ( evin ümumi sahəsi 52,90 kv.m göstərilmişdir) . İş materiallarında olan ##.##.2025-ci il tarixdə İddiaçı nümayəndəsi vəkil2 tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə göndərilmiş pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanılan ##.##.2020-ci il tarixli müqavilə üzrə mənzilin sahəsi 63.7 kv.m göstərilsə də, lakin faktiki sahə 52,90 kv.m,yəni 10,8 kv.m az təşkil edir.Hazırda qeyd olunan ərazidə təmirli mənzilin bazar qiyməti orta hesabla 1 kv.m üçün 1.700 manat təşkil edir. Belə olan halda mənzilin faktiki sahəsinin az olmasına görə İddiaçı 18.360 manat zərər vurulub. Qeyd olunanları nəzərə alaraq,18.360 manat pulu İddiaçı ödənilməsi xahiş edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış məktubdan görünür ki, “təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş 3 girişli, 16 mərtəbəli, sahəsi 2598.4 kv.m. olan zirzəmi sahəsi, kürsü mərtəbənin qeyri-yaşayış sahəsi 2647.0 kv.m., 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi 2712.0 kv.m., 240 mənzilli yaşayış binalarına Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 702, 70, 706 ünvanı verilərək * saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 702, 704, 706 ünvanında inşa edilmiş yaşayış binalarında yerləşən daşınmaz əmlakların qeydiyyatının aparılması üçün əmlak sahiblərinin Cavabdeh MTK tərəfindən təsdiq edilmiş sənədlərlə “ASAN Xidmət” mərkəzlərinə müraciət edəcəyi təqdirdə müraciətinizdə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacaqdır” qeydi aparılmışdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki tərəflər arasında mübahisə əmlakların müqavilə üzrə təhvil verilməli olmasından ibarətdir ki, hazırda hər bir tərəf bu müqavilə şərtlərinin pozulduğuna görə tərəflər iddia ərizələri ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə Kollegiyası ilk olaraq İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı mənzil sahəsinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki və qiymətləndirmə təyin etmişdir. Keçirilmiş ekspertizalarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin 13-cü mərtəbəsindəki 70 №li mənzilin azaltma əmsalları tətbiq edilmədən, ümumi sahəsinin 60,5 m², daxilində mövcud olan divarların və şaxtaların sahəsi hesablanmaqla ümumi sahəsinin 65,3 m²-dir. İş materiallarından da göründüyü kimi tərəflərin arasında bağlanmış ## ###### 2020-ci il tarixli müqavilə ilə podratçı “xxxx” MMC Bakı şəhəri, Xətai r-nu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.m olan ** №li mənzili tikib sifarişçi İddiaçı təhvil verməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi ekspert rəyi ilə azaltma əmsalları tətbiq edilmədən mənzilin ümumi sahəsinin 60.5 m² olması müəyyən edilsə də, daxilində mövcud olan divarların və şaxtaların sahəsi hesablanmaqla ümumi sahəsinin 65,3 m² olduğu müəyyən edilmişdir. Bu isə müqavilədə nəzərdə tutulmuş mənzilin ümumi sahəsindən əksik olmamışdır. Həmçinin, yuxarıda qeyd edilən ## ####### 2025-ci il tarixli, **/**** nömrəli rəyində eyni zamanda göstərilmişdir ki, mənzildə təmir işləri aparılmış və təmir işləri aparılan zaman mənzil layihəsində dəyişikliklər edilmişdir. Belə ki, mənzilin texniki pasportunda nəzərdə tutulan dəhliz hissəsinə əlavə divar hörülərək qarderob tikilisi inşa edilmiş, yaşayış otağı ilə mətbəx və dəhliz arasında nəzərdə tutulan arakəsmə divarların bir hissəsi sökülərək studio mətbəx kimi inşa edilmiş və əlavə divar inşa edilməklə yaşayış otağından nisbətən kişik ölçüdə olan yataq otağı inşa edilmişdir. Eyni zamanda mənzilin balkonu istiqamətində yerləşən fasad divarı texniki pasportda qeyd olunan hissədən 0,25 sm. balkona tərəf inşa edilərək yaşayış sahəsi artırılmış, balkonun sahəsi isə nisbətən azaldılmışdır. Mənzildə aparılan təmir işləri zamanı divarlara vurulmuş suvaq, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin faktiki ümumi sahəsinin azalmasına səbəb ola bilər. Mənzildə texniki pasportdan kənar arakəsmə divarların mövcud olduğu və onların altındakı sahəsinin 0,6 m² təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekpert rəyi ilə təhvil verilməli olan mənzilin sahəsinin müqavilə ilə razılaşdırılandan əksik olması faktı müəyyən edilmir.
Məhkəmə Kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Hazırda da tərəflər arasında bağlanmış müqavilə ilə mənzilin ümumi sahəsi müəyyən edildiyindən və əsaslılığına şübhə doğurmayan ekspert rəyi ilə mənzilin ümumi sahəsinin müqavilədə göstərilən sahədən əksik olması müəyyən edilmədiyindən ilkin iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır və qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbinin və qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri, Xətai r-nu, Zığ yolu, 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13cü mərtəbəsində 1 otaqlı, sahəsi 63.7 kv.m olan ** №-li mənzil artıq iddiaçıya təhvil verilmişdir. Lakin qarşılıqlı iddiaçı mənzilin sahəsinin artıq olmasını əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Məhkəmə Kollegiyası qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mübahisəli mənzilə dair tikinti altı sahəsi üzrə ödənimiş vergi məbləğinin ilkin iddia üzrə iddiaçıdan tutulması tələbi üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddiaçı tərəflərin arasında bağlanmış müqavilədə mənzilin qiyməti üçün tikinti altı sahənin hesablandığını bildirsə də, müqavilədən görünür ki, tərəflərin arasında mənzilin ümumi sahəsinin 63,7 kv.m olduğu razılaşdırılmışdır. Belə olan təqdirdə qarşılıqlı iddianı əsassız olduğu müəyyən edilir. Eyni zamanda cavabdehin qarşılıqlı iddiaçının vergi orqanları qarşısında öhdəlikləri iddiaçı üçün hər hansı öhdəlik yarada bilməz. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hər iki iddia üzrə iddiaçı tələblərinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddia tələbləri göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.