Məhkəmə qərarları › İş №e-2(3-6)-3224/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3224/2026

03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3224/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 46.136 manat borcun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı Cavabdeh da cavabdeh “xxxx” MMC-yə qarşı dəymiş zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62400 manat məbləğində dəymiş zərərin və ödənilmiş 276 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. ##.#.2026-cı il tarixdə Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ”xxxx" MMC-dən onun xeyrinə 134.240 manat qəbzlərə əsasən ödənilmiş pulun, həmçinin müqavilədən kənar Cavabdeh alınan qətləvan üçün ödənilmiş 9.600 manatın, tikintini aparan şirkətin nümayəndəsi İlqara ödənilən 5.000 manatın, pəncərələrə çəkilən 16.480 manatın, parapedin hörülməsi üçün ödənilən 3.800 manatın, evin pəncərələri arasındakı məsafələrin uyğunsuzluğunun aradan qaldırılması üçün Fərid ustaya ödənilmiş 3.200 manat zəhmət haqqının və bu işin üçün görülməsi üçün tələb olunan malmateriala görə 2.000 manatın cəmi 174.320 manatın və ödənilmiş 276 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) Cavabdeh ##.##.2026-cı il tarixli qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınıb. Qərardaddan Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizəsinin icraata qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb. Məhkəmə şikayətin təmin edilməməsi barədə qənaətində göstərib ki, məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair kifayət qədər əsas olmadığından şikayətin təmin edilməməsi qənaətinə gəlir. Şikayətin dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı artırılmış iddia qiymətinə uyğun müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərkən 62400 manat məbləğində pul tələb etmiş və iddianın qiymətinə uyğun olaraq 278 manat dövlət rüsumu ödəmişdir. Lakin hazırda qarşılıqlı iddia üzrə iddiaçı tələbin həcmini artıraraq 174320 manat tələb etdiyindən, iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu cəmi 464.32 manat təşkil edir. İddiaçı isə artıq 278 manat dövlət rüsumu ödədiyindən qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərkən tələbin artırılmış həcminə uyğun olaraq, 186.32 manat dövlət rüsumu ödəməli idi. Lakin o, dəqiqləşmə barədə ərizə verərkən tələbin həcmini artıraraq, 174320 manat məbləğində pul tələb etməsinə baxmayaraq artırılmış iddianın qiymətinə uyğun olaraq dövlət rüsumu ödəməmişdir. Buna görə də məhkəmə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi yazılı izahatda şikayətdəki mövqeyini təkrarlayaraq onun təmin edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edib göstərir ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin həcminin artırılmasına dair ərizəni geri qaytarmaqdan başqa, hazırlıq iclasını təxirə sala və ona ödənilmiş rüsumun kəsirinin ödənilməsini bildirə bilərdi. Həmçinin, məhkəmə qarşılıqlı iddia üzrə verilmiş iddiada əvvəlcədən 276 manat rüsumun ödənilməsini qiymətləndirməyərək onun iddiaya dair kəsir rüsumu ödəməməsinin sadəcə texniki imkanlar səbəbində olmasını nəzərə almamışdır. Nəzərə alınsa ki, iddia tələbinin həcminin artırılmasına dair dövlət rüsumunun kəsiri artıq ödənilib, bu halda mübahisələndirilən qərardadın artıq əhəmiyyəti qalmır. “xxxx” MMC tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi şikayətdə göstərilənlərlə razılaşır və hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: - 108.1.1. iddia ərizəsi verildikdə; Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən, iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh mübahisələndirilən qərardaddan şikayət verərkən, eyni zamanda rüsumun kəsir məbləğini də artırılmış iddia qiymətinə müvafiq olaraq ödəyib. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə uyğun baxarkən rüsumun kəsir məbləğinin də artırılmış iddia qiymətinə müvafiq olaraq ödənildiyini nəzərə alıb mübahisələndirilən qərardadını özü ləğv edə bilərdi, ancaq etməyib. Buna görə də, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar