Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3343/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, X2 və Əhmədov Əhməd Heybətqulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdirlər. Əhmədov Əhməd Heybətqulu oğluCavabdeh ASC-nin əməkdaşı olmuşdur. Hazırda iddiaçı cavabdeh “xxxx" ASC-dən iddiaçının xeyrinə 50.000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat olmaqla, ümumilikdə 50.125 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edərək, bildirmişdir ki, atasının ölüm səbəbi Cavabdeh ASC-nin əməkdaşının məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər Cavabdeh ASC-nin aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar, bu faciə baş verməyəcəkdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" ASC-dən iddiaçının xeyrinə 50.000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat olmaqla, ümumilikdə 50.125 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ##.##.2023-cü il tarixdə saat 18 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C 300” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Samux küçəsi ilə şəhər Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini 60 km/saat sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirərək, həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə də əməl etməyib, yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman şəhərin Samux küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan və Samux küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi yol ayırıcının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, əks hərəkət istiqamətinə çıxıb, sola dönmək istəyən sürücü Əhmədov Əhməd Heybətqulu oğlunun idarə etdiyi “Qaz 3110” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuş, avtomobillərin toqquşması nəticəsində “Qaz 3110” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sərnişinlər zərərçəkmiş şəxs X1 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəlləbeyin travması, baş-beynin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sağ baldır sümüklərinin açıq sınıqları, sol bazu və sol dirsək oynağı sümüklərinin qapalı yerdəyişən sınıqları xəsarətləri, zərər çəkmiş şəxs X3 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan alın nahiyəsinin və sol dirsək nahiyəsinin açıq yaraları, döş qəfəsinin qapalı travması, sağ 3-10-11-12-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, 1-2-5-6-cı fəqərələrin qapalı yerdəyişən kompression sınıqları nəticəsində inkişaf edən travmatik şok xəsarətləri, “Qaz 3110” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Əhməd Heybətqulu oğluna yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan - sağ kürək sümüyünün qapalı yerdəyişən sınığı, qabırğaları çoxsaylı sınıqları, sağ tərəfli hemotoraks, sağ ağ ciyərin əzilməsi xəsarətləri, özünün idarə etdiyi “Mercedes Benz C 300” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər zərərçəkmiş şəxs X5 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərəvurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan kəllə əsası və üz sümüklərinin qapalı yerdəyişən sınıqları, baş beyin əzilməsi, kəllə daxili qanaxma, sağ bud və sağ dirsək sümüklərinin sınıqları, 5-ci boyun fəqərəsinin sınığ xəsarətləri, zərərçəkmiş şəxs İbrahimli Çingiz Nicat oğluna sağlamlığı uzun müddət müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyan sol mil sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticə də X1 travmatik beyin daxili qanaxmadan ##.##.2023-cü il tarixdə, X3 alın nahiyəsinin və sol dirsək nahiyəsinin açıq yaraları, döş qəfəsinin qapalı travması, sağ 3-10-11-12-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, 1-25-6-cı fəqərələrin qapalı yerdəyişən kompression sınıqları nəticəsində inkişaf edən travmatik şokdan ##.##.2023-cü il tarixdə, X5 isə açıq kəllə-beyin travması nəticəsində inkişaf edən travmatik beyin ödəmindən ##.##.2023-cü il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşlər. Hadisə nəticəsində həyatını itirmiş X3 iddiaçının doğma atası olmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən Cavabdeh ASCnin X6 Elektrik Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi vəzifəsində işləyən Əhmədov Əhməd Heybətqulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hadisə nəticəsində iddiaçı hesab edir ki, ona 50.000 manat mənəvi ziyan dəymişdi. İddiaçının mərhum atası X3 yuxarıda qeyd edilən bu hadisə nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Bir oğul üçün gənc yaşda atasının ölməsi ürəkdağlayan emosional itkidi. Valideyn itkisi xüsusilə də faciyəvi şəkildə hər hansı bir şəxsin təqsiri ucbatından baş verdikdə övladda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Atasının ölümü övladda gələcək planlarının, xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir atanın faciəvi şəkildə ölümü bir oğul üçün həm şəxsi, həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. İddiaçı evin tək övladıdır, onun dayağı atası idi, bu hadisə nəticəsində o, tək qalmışır. Atasının ölüm səbəbi Cavabdeh ASC-nin əməkdaşının məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər Cavabdeh ASCnin aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar, bu faciə baş verməyəcəkdi. Ona görə də bu ziyan Cavabdeh ASC tərəfindən ödənməlidir. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 manat pul ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dəymiş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atası baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin hadisə Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyindən, həmin hökmün faktların mövcudluğu və şəxslərin hadisəyə aidiyyəti hissəsində hazırkı mülki iş üçün preyudisial əhəmiyyət daşıması Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə uyğun olaraq məhkəmə üçün məcburidir. Belə ki, cinayət işi materialları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunur ki, yolnəqliyyat hadisəsi həm X2, həm də Cavabdeh ASC-nin əməkdaşı olan Əhmədov Əhməd Heybətqulu oğlunun yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Hər iki sürücünün hərəkətləri arasında qarşılıqlı səbəbli əlaqə mövcud olmuş və həmin hərəkətlərin birgə təsiri nəticəsində zərərli nəticələr (ölümlər və ağır xəsarətlər) yaranmışdır. Deməli, hazırkı işdə zərərçəkənin mərhum atasının ölümünün cavabdeh təşkilatın işçisinin əmək vəzifələrinin icrası zamanı törətdiyi qanunsuz hərəkətlərlə və eyni zamanda digər sürücünün yol hərəkəti pozuntusu ilə birgə səbəbli əlaqədə baş verməsi müəyyən edilmişdir. Bu baxımdan, zərərin yaranması tək bir səbəbdən deyil, bir neçə hərəkətin məcmusu nəticəsində baş verdiyindən, mülki hüquq baxımından birgə delikt münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi şəxs öz işçisinin əmək vəzifələrini icra edərkən törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır və həmin zərərin əvəzini ödəməyə borcludur. İş materiallarından və qanuni qüvvəyə minmiş hökmün məzmunundan müəyyən olunur ki, Əhmədov Əhməd Heybətqulu oğlu hadisə zamanı Cavabdeh ASC ilə əmək münasibətlərində olmuş və idarə etdiyi nəqliyyat vasitəsindən əmək funksiyalarının icrası çərçivəsində istifadə etmişdir. Buna görə də cavabdeh hüquqi şəxsin delikt məsuliyyəti yaranmışdır. Eyni zamanda, Mülki Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun mənasına görə zərərçəkmiş şəxs zərərin əvəzinin ödənilməsini həmin şəxslərdən birindən, bir neçəsindən və ya hamısından tələb etmək hüququna malikdir. Bu səbəbdən iddiaçının yalnız Cavabdeh ASC-yə qarşı iddia qaldırması onun hüququdur və digər təqsirli şəxsin ayrıca cavabdeh qismində cəlb olunmaması iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının atasının ölüm faktı onun üçün qaçılmaz mənəvi sarsıntı və iztirablarla nəticələnmişdir. Bu hal həyatın təbii gedişinə uyğun olaraq yaxın ailə üzvünün itirilməsi ilə bağlıdır və belə hallarda mənəvi zərərin mövcudluğu ayrıca sübuta ehtiyac olmadan ehtimal edilir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə konkret məbləğ müəyyən edilməmişdir və bu məbləğ işin faktiki hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman hüquqazidd əməlin xarakteri və təhlükəlilik dərəcəsi, nəticələrin ağırlığı, zərərçəkənin keçirdiyi mənəvi iztirabın intensivliyi və davamlılığı, təqsirin forması (ehtiyatsızlıq), həmçinin ədalət və ağlabatanlıq prinsipləri nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, baş vermiş hadisənin ağırlığı, nəticədə ölüm hallarının baş verməsi və iddiaçının atasını itirməsi ilə yaranmış dərin mənəvi sarsıntı nəzərə alınmaqla, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi, iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsinin həm Əhmədov Əhməd Heybətqulu oğlunun, həm də X2 hərəkətləri nəticəsində baş verməsi, hər iki şəxsin hadisənin yaranmasında iştirak dərəcəsi və məsuliyyət payı tam, hərtərəfli və obyektiv araşdırılması, mənəvi zərərin məbləğini müəyyən edilərkən hadisənin yaranmasında iştirak etmiş bütün təqsirkar şəxslərin təqsir dərəcəsi və onların hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini və ya apellyasiya məhkəməsi iddianın tam rədd edilməsini mümkün hesab etmədiyi halda, birgə təqsir və məsuliyyət prinsipləri nəzərə alınmaqla müəyyən edilmiş kompensasiya məbləğinin azaldılması və iş üzrə qanuni, əsaslı və ədalətli məhkəmə aktı qəbul edilməsi barədə qətnamə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə ki, qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən məhkəmənin hazırkı təcrübəsini dəymiş zərərə görə 15.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını 15.000 manat olmasını hər hansı konkret dəlillərlə əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Cavabdeh ASC-nin əsas missiyası ölkənin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Cavabdeh ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən hesab edilir ki, qətnamə ilə təmin edilmiş pul məbləğinin çox olmaqla Cavabdeh ASC-yə ölkə miqyasında strateji layihələrin həyata keçirməsinə maneçilik törətmiş olur. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi birgə təqsirin hüquqi nəticələrinin düzgün qiymətləndirməmişdir. Belə ki, iş materialarından, o cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən görünür ki, yol-nəqliyyat hadisəsi yalnız Cavabdeh ASC-nin əməkdaşı Əhmədov Əhməd Heybətqulu oğlunun hərəkətləri nəticəsində deyil, eyni zamanda X2 yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsi özü də qətnamədə hadisənin hər iki sürücünün hərəkətlərinin məcmusu nəticəsində baş verdiyini qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən digər təqsirli şəxsin davranışının nəticələrə təsir dərəcəsini, təqsirin bölgüsünü və məsuliyyətin proporsionallığını nəzərə almamış, mənəvi zərərin məbləğini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə qətnaməsində 15.000 manat məbləğinin hansı konkret meyarlar əsasında müəyyən edildiyini göstərməmişdir. Qətnamədə yalnız ümumi mülahizələr qeyd edilmiş, lakin iddiaçının fərdi mənəvi iztirablarının həcmi, mənəvi nəticələrin intensivliyi, cavabdehin təqsirinin dərəcəsi, digər təqsirli şəxsin hadisəyə təsirini və analoji məhkəmə təcrübəsini ətraflı araşdırılmamış və qiymətləndirilməmişdir. Buna görə də, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği faktiki hallarla mütənasib əsaslandırılmadığından qətnamə bu hissədə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Mülki Məcələnin 1099.1-ci maddəsinə istinad etməklə hüquqi şəxsin məsuliyyətinin həddini düzgün müəyyən etməmişdir. Belə ki, Cavabdeh ASC-nin məsuliyyət daşıdığını qeyd etsə də, hüquqi şəxsin məsuliyyətinin həcmini müəyyən edərkən hadisənin yaranmasında digər şəxsin mühüm rolunu nəzərə almamışdır. Qanunvericilik birgə məsuliyyət nəzərdə tutsa da, bu hal məhkəməni kompensasiya məbləğinin müəyyən edilməsində təqsirin xarakterini və hər bir iştirakçının hadisəyə təsir dərəcəsini nəzərə almaq vəzifəsindən azad etmir. Göründüyü kimi qətnamədə məhz 15.000 manat məbləğinin seçilməsinin hüquqi və faktiki əsasları, kompensasiya məbləğinin hesablanmasına təsir edən meyarlar, digər təqsirli şəxsin hadisədə iştirakının kompensasiya məbləğinə təsirini aydın şəkildə göstərilməmişdir. Bu isə qətnamənin əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilməsinə mane olur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsinin yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ##.##.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
2. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarı:
4.36. Əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. 4.37. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri müəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, iddiaçının atası baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi həm X2, həm də Cavabdeh ASC nin əməkdaşı olan Əhmədov Əhməd Heybətqulu oğlunun yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Hər iki sürücünün hərəkətləri arasında qarşılıqlı səbəbli əlaqə mövcud olmuş və həmin hərəkətlərin birgə təsiri nəticəsində zərərli nəticələr (ölümlər və ağır xəsarətlər) yaranmışdır. Bundan başqa iş materiallarından, qanuni qüvvəyə minmiş hökmün məzmunundan müəyyən olunur ki, Əhmədov Əhməd Heybətqulu oğlu hadisə zamanı Cavabdeh ASC ilə əmək münasibətlərində olmuş və idarə etdiyi nəqliyyat vasitəsindən əmək funksiyalarının icrası çərçivəsində istifadə etmişdir. Buna görə də cavabdeh hüquqi şəxsin delikt məsuliyyəti yaranmışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının yalnız Cavabdeh ASC-yə qarşı iddia qaldırmaqla məhz ondan mənəvi zərərin ödənilməsini xahiş etməsi onun hüququ olmaqla digər təqsirli şəxsin ayrıca cavabdeh qismində cəlb olunmaması iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamədə hadisənin hər iki sürücünün hərəkətlərinin məcmusu nəticəsində baş verdiyini qeyd etməsinə baxmayaraq mənəvi zərərin məbləğini müəyyən edərkən digər təqsirli şəxsin davranışının nəticələrə təsir dərəcəsini, təqsirin bölgüsünü və məsuliyyətin proporsionalığını nəzərə almaması mənəvi zərərin məbləğini kifayət qədər əsaslandırmaması, 15.000 manat məbləğinin hansı konkret meyarlar əsasında müəyyən edildiyini göstərməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının atasının məhz cavabdehin də işçisinin qanuna zidd əməlləri nəticəsində ölməsi faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərərin vurulması, mənəvi zərərin ödənilməsi barədə tələbə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını düzgün müəyyən etməklə bərabər iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsini araşdırmış və kollegiyanın qənaətinə görə cavabdehin mənəvi zərərin məbləğ həddinə dair etirazı iddiaçının yaşadığı sarsıntının obyektiv reallığını təkzib edə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, baş vermiş hadisənin ağırlığı, nəticədə ölüm hallarının baş verməsi və iddiaçının atasını itirməsi ilə yaranmış dərin mənəvi sarsıntı nəzərə alınmaqla, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. Belə ki, Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. Bu səbəbdən, Məhkəmə Kollegiyası iddiaçının mənəvi ziyana görə tələb etdiyi 50.000 manat məbləğində kompensasiyanı qeyd olunan meyarlara uyğun olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bu baxımdan Məhkəmə Kollegiyası iddia tələbinin mübahisələndirilən hissədə mahiyyət etibarı ilə əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.