Məhkəmə qərarları › İş №e-2(3-6)-3401/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3401/2026

07.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3401/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh "xxxx” MMC, cavabdeh2 MMC və “xxxx" MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh "xxxx” MMC, cavabdeh2 MMC və “xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.000 manat nəqliyyat vasitəsinin alınması ödənişlərin, 9.950 manat yas mərasiminin xərclərini, 20.000 manat bankdan götürülmüş kreditin, ümumilikdə 46.950 manat maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, ##.##.2010-cu il təvəllüdlü X6 və ##.##.2013- cü il təvəllüdlü X1 18 yaşına çatanadək hər birinə ayrı ayrılıqda 256 manat zərər əvəzi hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi ödəliyinin cavabdehlərin üzərinə qoyulması, 50.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı ##.##.2025-ci il tarixli ərizə ilə müraciət edərək, təqdim edilmiş sənədlərə əsasən cavabdehlər “X4” MMC-nin və “xxxx” ASC-nin iddia tələbinə aidiyyəti müəyyən edilmədiyindən onlara münasibətdə tələb həcminin azaldılmasını və cavadehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçı ##.##.2026-cı il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.T.Əhmədov) apellyasiya şikayəti geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və əks təqdirdə işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində qətnamənin təqdim edilməsi tarixi ##.##.2026-cı il qeyd edilsə də, məhkəmə tərəfindən bu tarix saxtalaşdırılaraq iddiaçı şikayət hüququndan məhrum edilmişdir.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Q.Y.Əliyeva) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Iddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatətlərlə müraciət edərək, elektron məhkəmə sistemində yaranmış xəta ilə bağlı arayış verilməsi məqsədilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət etdiyindən, müraciətə cavab alınana kimi iclas vaxtının təyin edilməsinə möhlət verilməsini və işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir.

10. Vəsatətdə qeyd edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindəki kabinetimdəə qərarların yerləşdirilmə tarixi ilə bildiriş tarixləri arasında fərq yarandığından tərəfindən verilən şikayətlər gecikməyə düşərək məhkəmələr tərəfindən geri qaytarılır. Belə gecikmələrdən biri nəticəsində artıq vətəndaşın şikayət hüququ pozulmuş, Sumqayıt Apelyasiya Məhkəməsi şikayətində bunu qeyd etsə də, əhəmiyyət verməyərək müddət ötürülməsi səbəbindən şikayəti təmin etməmişdir. Təqdim etdiyi arayış da təsdiq edir ki, onun dediyi fakt həqiqətdir və müddət ona məxsus kabinetdəki tarixlə hesablanmalıdır. Bu fakt eynilə hazırkı işə baxan brinici instansiya məhkəməsinə müraciət olunaraq bildirilsə də, hakim məzuniyyətdə olduğundan digər hakim tərəfindən bu diqqətdən qaçaraq müddət ötürülməsi səbəbilə bu iş də geri qaytarılmışdır. Hazırda onun kabinetində yerləşən və şikayətə əlavə edilən bildirişdən təsdiq edilir ki, o, şikayəti vaxtında vermişdir. Bundan ötrü onun əlavə arayış almağına zərurət olmadığı halda, buna şübhə varsa xahiş edir ki, bu iş üzrə də arayış verilməsi üçün məhkəmə tərəfindən işə baxılmasında vaxt verilsin. Dediklərinin həqiqət olduğu digər işi üzrə alınan cavabdan öz təsdiqini tapır. Müddət ona məxsus kabinetdəki bildiriş əsasında heablanmalıdır. Qeyd edilənlər nəzərə alınaraq xahiş edir ki, tərəfindən qətnamənin kabinetində nə vaxt yerləşməsi və nə vaxt bildiriş daxil olması barədə arayış alınana kimi məhkəmə iclasının təyin edilməsinə möhlət verilsin və iclas şifahi icraat qaydasında təyin edilsin.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Işdən görünən odur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçıya və onun nümayəndəsi və vəkilinə məxsus elektron kabinetlərə yerləşdirilmişdir.

17. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir.

18. Iddiaçı isə ##.##.2026-cı il tarixdə, yəni qətnaməni rəsmi şəkildə qəbul etdikdən bir aydan çox müddət keçdikdən sonra ondan şikayət ilə məhkəməyə müraciət etmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür.

19. Həmçinin, iddiaçı tərəfindən prosessual müddətin bərpa olunması barədə ərizə də təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətdə göstərilən dəlillər (elektron məhkəmə informasiya sistemində texniki xəta yaranması nəticəsində elektron kabinetdə tarixlərin fərqli görünməsi) məhz buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilər. Bunun üçün qətnamədən verilən şikayətlə birlikdə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə də məhkəməyə təqdim edilməlidir.

21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar