Məhkəmə qərarları › İş №e-2(3-6)-3504/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3504/2026

17.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3504/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Repsublikası Müdafiə Nazirliyinə qarşı “gecikdirilmiş əmək haqqına görə kompensasiya, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(5-93) ***/**** saylı, ##.##.2026cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Repsublikası Müdafiə Nazirliyinə qarşı “gecikdirilmiş əmək haqqına görə kompensasiya, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə Binəqədi rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı işlə əlaqədar yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Repsublikası Müdafiə Nazirliyinə qarşı “gecikdirilmiş əmək haqqına görə kompensasiya, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatının dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin tətbiqi üçün başqa iş həll edilmədən hazırkı işə baxılmasının obyektiv mümkün olmaması sübuta yetirilməlidir. Lakin məhkəmə qərardadında belə bir halın mövcudluğunu təsdiq edən konkret hüquqi və faktiki əsaslar göstərilməmişdir. Hazırkı iddia üzrə tələblər müstəqil xarakter daşıyır və onların mahiyyəti üzrə baxılması digər iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsindən asılı deyildir. Buna baxmayaraq, məhkəmə kifayət qədər əsaslandırma aparmadan iş üzrə icraatı dayandırmış, nəticədə məhkəməyə çıxış və işə ağlabatan müddətdə baxılması hüququnu məhdudlaşdırmışdır. Daha sonra iddiaçı eyni məzmunlu şikayətini mülki prosessual qanunvericiliyin normalarına uyğun təkmilləşdirərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən məhkəmə ərizə və vəsatət daxil olmuşdur. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) "ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair" tələbinə dair iddiası qismən təmin edilmiş, iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsindən alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Repsublikası Müdafiə Nazirliyinə qarşı “gecikdirilmiş əmək haqqına görə kompensasiya, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhz Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icrasının cavabdeh tərəfindən süni şəkildə uzadılmasına əsaslanaraq cavabdehdən gecikdirilmiş əmək haqqına görə kompensasiya, maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Göründüyü kimi hazırkı işdə iddiaçının tələb etdiyi kompensasiya, maddi və mənəvi zərər müstəqil iddia tələbləri deyildir. Onlar birbaşa Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə həll edilmiş "ödənilməyən əmək haqqı və son haqq-hesab" öhdəliyinin mövcudluğundan və onun vaxtında icra olunmamasından doğan törəmə (əlavə) tələblərdir. Hazırda iş materialları ilə də müəyyən edildiyi kimi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya qaydasında mübahisələndirilmişdir. Göründüyü kimi, iddiaçının tələbləri (kompensasiya, mənəvi və maddi zərər) birbaşa Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamə ilə həll edilən borcun mövcudluğuna bağlı olduğundan, ilkin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qüvvəsini almadan hazırkı iş üzrə düzgün və ədalətli mühakimə yürütmək mümkün deyildir. Bu səbəbdən iddiaçının "işlər arasında əlaqə yoxdur" dəlili əsassız olmuşdur. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. İşə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçı İddiaçı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, dayandırılmağa əsas olmuş əsaslar artıq aradan qalxdığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə Kollegiyası sözügedən ərizə ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarların qanuniliyini yoxlanılmasını həyata keçirdir və hazırki iş üzrə də birinci instansiya məhkəməsinin icraatın dayandırılmasına dair qənaətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması nəticəsinə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin sözügedən qərardadından verilən şikayətə apellyasiya icraatı qaydasında baxılarkən işin icraatın dayandırılmağa əsas olmuş əsaslar artıq aradan qalxması kimi hallar mövcud olduğu təqdirdə, bu hazırki qərardadın ləğvi üçün əsas deyildir. Bunun üçün iddiaçının birinci instansiya məhkəməsinə müvafiq qaydada müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar