Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(3-6)-765/2026 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həbsdə saxlanıldığı 1 il 1 ay 8 gün müddətə mütənasib olaraq, maddi zərərə görə 16900 manat pulun, mənəvi zərərə görə 35000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-6169/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
4. Gəncə Şəhər Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı olaraq “ünvan 1an Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının təmsilçisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsaslanaraq mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin normada nəzərdə tutulan hallarda fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hazırkı iş üzrə iddiaçı isə mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində pulun tutulmasını xahiş etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddia ərizəsinə qeyd edilən normanın tətbiqi mümkün deyildir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(5-98)-123/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlar əsasında İddiaçı yaşayış yerinin Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mkr. Yataqxana 2 olduğu müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunsuz olaraq həbsdə saxlanılmasına istinad edib ona maddi və mənəvi zərər vuruluğunu iddia edir və zərərin əvəzinin Maliyyə Nazirliyindən alınaraq xeyrinə tutulmasını xahiş edir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7- ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.
9. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir.
10. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
11. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
12. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki işə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır.
14. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia əriəzsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir.
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-6169/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
16. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ümumi qayda olaraq iddia ərizəsinin cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulsa da, qanunverici iddiaçının seçməsinə görə aidiyyətin müəyyən edilməsi qaydalarını da təsbit edir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.
18. Həmçinin prosessual qanunvericiliyin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin sonradan başqa məhkəməyə aid olsa belə, işin mahiyyəti üzrə həmin məhkəmədə həll edilməsi nəzərdə tutulmuşdur.
19. Hazırki iş üzrə İddiaçı qızının yaşayış yerinin Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mkr. Yataqxana 2 ünvanı olması ilə bağlı işin fakitki hallarına əsasən kollegiya hesab edir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən mülki işin icraata qəbul edildikdən sonra məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi prosessual qanuvericiliyin tələblərinə uyğun olmamışdır.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov