Məhkəmə qərarları › İş №e-2(3-7)-792/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-792/2026

13.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-792/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Qasımov İsrafil Aqif oğluna qarşı sabit pul məbləğində aliment və əvvəlki dövr üçün alimentin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamə məlumatlarından görünür ki, tərəflərin birgə nikahından ## #### 2021-ci il təvəlldlü Qasımlı Nurlana İsrafil qızı adlı uşaq doğulmuşdur.

2. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Qasımov İsrafil Afiq oğlunun İddiaçı ilə bağlanmış ## ###### 2021-ci ildə Qazax rayon Qeydiyyat Şöbəsinin *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması,## #### 2021-ci il təvəllüdlü Qasımlı Nurlana İsrafil qızı adlı uşaq İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

3. Elektron sorğudan görünür ki, Qasımov İsrafil Aqif oğlu barəsində mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.

4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-****** saylı məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ##.##.1989-cu il təvəllüdlü Qasımov İsrafil Aqif oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Qasımov İsrafil Aqif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ## #### 2021-ci il təvəlldlü Qasımova Nurlana İsrafil qızı adlı uşağın saxlanılması üçün aylıq minimum əmək haqqının 5 misli miqdarında alimentin alınaraq ona ödənilməsi və əvvəlki dövrü üçün ayrıldıqları vaxtdan, 2023-cü ilin dekabr ayının 18-dən aylıq 2.000 manat olmaqla alimentin hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qasımov İsrafil Aqif oğlu ilə ## ###### 2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan ## #### 2021-ci il tarixdə Nurlana adlı uşaq doğulmuşdur. 2023- cü ilin dekabr ayının 18-dən cavabdehlə ayrılmışdır və həmin uşağın saxlanılmasında iştirak etmir, könüllü olaraq bu məsuliyyəti öz üzərinə götürmək istəmir. Ayrıldıqları tarixdən cavabdehdən uşağın saxlanılması üçün dəfələrlə aliment tələb etsə də faydasız olmuşdur və həmişə “iş qururam, uşağımın gələcəyini düzəldirəm, ona görə də aliment verə bilmirəm” sözlərini demişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehlə nikahı pozulmuşdur və qızı onun himayəsinə verilmişdir. Cavabdeh özü TIR sürür, qeyri-rəsmi sahibkarlıqla məşğul olur və aylıq qazancı 4000-4500 manat arası dəyişir.

7. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim N.Məmmədova) iddiаnın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq ## #### 2021-ci il təvəlldlü Qasımlı Nurlana İsrafil qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Qasımov İsrafil Aqif oğlundan hər ay bir uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq hesab etmişdir ki, ## #### 2021-ci il təvəlldlü Qasımlı Nurlana İsrafil qızı adlı uşağın saxlanılması üçün Qasımov İsrafil Aqif oğlundan İddiaçı xeyrinə hər ay bir uşağa görə 260 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 100 və 112-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

10. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini iddia tələbinin təmin edilməyən hissələrində dəyişdirilərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki dövr üçün tələb etdiyi alimentin tələb etdiyini təsdiq edən “ilkin mediassiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2023-cü il tarixli, ***** nömrəli arayışı onda olmadığından ##.##.2026-cı il tarixdə Qazax * saylı Mediasiya Təşkilatından surət etdirib, haqqını ödəməklə ikinci ******* nömrəli etiket lövhəciyini vurdurmaqla məhkəməyə şəxsən iclas zamanı təqdim etdi. Həmin arayışın surətini isə özündə saxladı. Həmin arayış onda olmadığından və ona təqdim edilmədiyindən, yalnız ##.##.2026-cı il tarixdə əldə edib, məhkəmə baxış iclasında məhkəməyə təqdim edə bildi. Məhkəmə isə həmin sübuta heç bir hüquqi qiymət verməmiş və bu sübut barədə qətnamədə hər hansı qeydi yoxdur. Hətta qətnamədə qeyd etmişdir ki, “Bundan başqa, məhkəmə iddia tələbinin əvvəlki dövrü üçün, 2023-cü ilin dekabr ayının 18-dən aylıq 2.000 manat olmaqla alimentin hesablanıb ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericiliyə uyğun olaraq (Ailə Məcəlləsi maddə 100.2) aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Məhkəmə həmin tələblə bağlı həm təqdim etdiyi sübutu, eləcə də AR Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərini nəzərə almamış və həmin hissədə uşağının üstün mənafeyini pozmuşdur. Məhkəmə ümumiyyətlə həmin hissəni heç araşdırmamışdır. Həmin ##.##.2023-cü il tarixli arayış onda olsa idi, o, nə üçün yenidən mediasiyaya müraciət edib, hazırki iş üzrə prosessdən keçirdi və bu tələbi də mediassiyadan keçirərdi. Məhkəmə həmin arayışı ondan alıb, işə əlavə etsə də, qətnamədə həmin sübut barədə heç bir qeyd yoxdur. Məhkəmə baxışında sübut qəbul edilmirdisə (hərçəndki həmin gün əldə etmişdi) onda ondan niyə qəbul edirdi? Məhkəmə AR AM-nin 100.2-ci maddəsinə əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsi də ədalətsiz, əsassız və qanunsuzdur. Cavabdehin çox yüksək imkanı olduğu halda, məhkəməyə də aşkar hörmətsizlik edib, heç bir məhkəmə iclasına gəlmədiyi halda məhkəmə həmin məbləği də olduqca az məbləğdə müəyyən etmişdir. O, övladının üstün mənafeyi naminə işə baxılmasından və qəbul ediləcək qətnamədən narazı qalsa, Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ## ###### 2023-cü ildən bəri alimenti tələb edir. 2021-ci il ildə dekabrında rəsmi olaraq evlənmiş və 2024-cü il mart ayında boşanmışdır. Cavabdeh beynəlxalq yük daşıma ilə məşğuldur və maddi vəziyyəti olduqca yüksəkdir. İki ədəd tırı var. Xarici ölkələrdən avtomobil gətirir. Atasının obyekti var idi, onu da istifadə edir. Hər dəfə qazancı 40.000 manat olurdu. Amma evə pul vermirdi. Həmin tırlar şəxsi öz avtomobilləridir. Lakin etibarnamə əsasında idarə edir. Qazax rayonunda qayınatasıgildə yaşamışlar. 2 mərtəbəli ev idi. Həmin evdə 3 qardaşı və ailəsi və o yaşayırdı. Ona pul vermirdi, özünə xərcləyirdi. 2000 manat xərcləyirdi.

14. İddiaçı İddiaçı məhkəmə kollegiyasına elektron ərizələr ünvanlayaraq göstərmişdir ki, “Bildirirəm ki, iş üzrə işin obyektiv həlli üçün qazax rayon məhkəməsinə təqdimetdiyim vəsatətimə baxılmamışdır. Belə ki, cavabdehin əmlak məlumatları və eləcə də qazanc üçün getdiyi sərhədkeçmə məlumatları sorğulanmamışdır. Sizdən xahiş edirəm ki, cavadehin maddi imkanını müəyyən etmək üçün həminməlumatları elektron məhkəmə sistemindən əldə edilməsində köməklik edəsiniz.”, “Bildirirəm ki, mən məhkəmə baxış iclası zamanı əldə edib, məhkəməyə təqdim etdiyimmediasiya arayışını sübut kimi qəbul etsə də, qəbul etdiyi qətnamədə həmin sübuta heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə həmin sübutu niyə nəzərə almadığını əsaslandırmamışdır. Bütün mümkün ehtimallara əsasən həmin arayışın şəklini apellyasiya şikayətimə əlavə etmişəm. Sizdən xahiş edirəm ki, apellyasiya şikayətimi araşdırarkən qeyd etdiyim xüsusatların tam, hərtərəfli, obyektiv araşdırılmasında köməklik edəsiniz.”, “Bildirirəm kkii, hazırki iş üzrə cavabdeh, icra işi üzrə borclu qasımov israfil aqif oğlu25.06.2026-cı il tarixdə mənə 780 manat aliment borcundan ödəniş etmişdir. Cavabdeh çox ciddi maddi imkana sahib şəxsdir və onun qazancı çox yüksəkdir. Sadəcə olaraq, onun qazancının əsas hissəsi beyməlxalq yük daşımalarla bağlıolduğundan gəlirlərini tam şəkildə müəyyən etməm mümkün deyildir və xarici ölkələr arasında beynəlxalq yük daşımaları ilə bağlı olduğundan gəliri çoxyüksəkdir və müəyyən etmək mümkün deyildir. Mənə ödənilmiş alimentlə bağlı qazax rayon icra və probasiya şöbəsinə verdiyimqəbzin surətini sizə təqdim edirəm. Mənim apellyasiya şikayətim üzrə əsas tələbim, qətnaməni mübahisələndirdiyim hissələr iddiamın tam həcmi ilə bağlıdır. Belə ki, mən həm qət edilmiş alimentinməbləği və əvvəlki dövr üçün tələb etdiyim alimentin alınması ilə bağlıdır. Əvvəlkidövrdə t ələb etdiyim alimenti tələb etməyimlə bağlı bunu təsdiq edən mediasiyaarayışını əldə ettdiyim vaxt qazax rayon məhkəməsinə təqdim etmişəm və işə baxanhakim xanım nigar məmmədova qəbul etsə də ona heç bir hüquqi qiymət vermədən iddiamı həmin hissədə təmin etməmişdir. Sizdən xahiş edirəm ki, işin hallarını və övladımın üstün mənafeyini rəhbər tutaraq, apellyasiya şikayətimi təmin edəsiniz və iddiamı tam həcmdə təmin edəsiniz.”, “bildirirəm ki, cavabdeh qasımov israfil aqif oğlu faktiki olaraq özünə məxsus olan və digər şəxsin( şəxslərin) adına rəsmiləşdirdiyi avtomobillərə sonradan öz adınaetibarnamə alıb, elə idarə edir. Bununla da həm alimentdən yayınır, həm də birgə nikah dövründən əldə edə biləcəyim hüquqlarımı məhdudlaşdırır. Nəzərə almağınızı və həmin halı da araşdırmağınızı sizdən xahiş edirəm.”, “iddia tələbimin digər hissəsi olan ( əvvəlki dövr üçün alimenttələbim üzrə) məhkəməyə təqdim etdiyim əvvəllər cavabdehdən aliment tələb etdiyimə dair mediasiya arayışını və cavabdehin iş üzrə etirazının olmamasını nəzərə alaraq iddianı həmin hissədə də təmin edəsiniz.”, “iş üzrə cavabdehin adına sürücü kimi hər hansı əmək müqaviləsinin olmaması və qanunsuz yollarla qazanc əldə etmək üçün dövlət sərhəddindən quru yolla keçməsi də onu tam sübut edir ki, o beynəlxalq loqistika ilə məşğul olur. Sərhədkeçmə məlumatlarını sorğulasanız tam aydın olacaqdır. Ölkədə quru sərhədlərinin yalnız daşıma üçün açıq olduğunu nəzərə alsaq, cavabdehin maddi imkanları tam aydınlaşır. Bu barədə indi əldə etdiyim cavabdehə məxsus instagram və tiktok hesabında (gazi_052_logistics) paylaşdığı videoları sizə məhkəmə iclasında təqdim edəcəyəm. Sizdən xahiş edirəm ki, qətnamə qəbul edərkən uşağımın üstün mənafeyini nəzərəalmaqla ədalətli qətnamə qəbul edəsiniz.”

15. İş üzrə cavabdeh Qasımov İsrafil Aqif oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir.

25. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı iş üzrə qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirdiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxsi dinləyərək, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2026-cı il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 260 manat müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər ay ölkə üzrə minumum əməkhaqqının 0.65 misli həcmində (260 manat) olmaqla, alimentin alınaraq iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının çox olması, yüksək gəlirlərinin olması və yaxşı qazanc əldə etməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının istinad etdiyi həmin halları iş materialları ilə təsdiqini tapmamış, iddiaçı dəlillərini təsdiq edən heç bir mötəbər sübutu kollegiyaya təqdim etməmişdir. İddiaçı şikayətində göstərmişdir ki, cavabdeh iriqabaritli nəqliyyat vasitələri (tır) ilə Beynəlxalq yük daşımaları (malların bir ölkədən digər ölkəyə sərhəddə minimum gömrük maneələri ilə, əsasən avtomobil, dəmir yolu, dəniz və ya hava nəqliyyatı vasitəsilə daşınması prosesidir) ilə məşğul olur. Halbuki, məhkəmə araşdırması zamanı məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-****** saylı məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ##.##.1989cu il təvəllüdlü Qasımov İsrafil Aqif oğlunun adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Həmçinin, elektron sorğudan görünür ki, Qasımov İsrafil Aqif oğlu barəsində mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.

40. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Konstitusiya Məhkəməsi Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

41. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

42. Kollegiya hesab edir ki, uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın aliment öhdəliyi vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hər ay 0.65 misli (260 manat) aliment tutulması ilə bağlı qərarında məhz cavabdehin maddi durumunu nəzərə almışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı uşağın ümumi mənafeyi baxımından məqsədəmüvafiqdir, cavabdehi əlverişsiz vəziyyətə salmır, onun maddi imkanları daxilində uşaqların maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmır.

44. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. İddia tələbində isə alimentin miqdarının aylıq 2000 manat (ölkə üzrə minimum əməkhaqqının 5 misli) olmasını istəmişdir. Birinci instansiya məhkəməsi qətnamədə 260 manat aliment (ölkə üzrə minimum əmək haqqının 0,65 misli) həcmində aliment müəyyən etmişdir. Mübahisələndirilən hissə aylıq 1740 manat olmuşdur. Bir il ərzində ödəmənin məcmusu halında isə 20.880 (1740x12=20.880) manatdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti (mübahisələndirilən hissədə) beş min manatdan çox olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilər.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar