Məhkəmə qərarları › İş №e-2(3-7)-833/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-833/2026

24.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-833/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları

1. Tərəflər ##.##.2009-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X1 adlı iki övladları vardır.

2. Bərdə Rayon Məhkəməsinin *(***)****/**** saylı ## ######## 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında ##.##.2009-cu il tarixdə 125 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X1 cavabdeh İddiaçı himayəsində və yanında saxlanılması, ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı xeyrinə verilməsi qət olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahlarından doğulmuş ## ###### 2010-cu il təvəllüdlü X2 və ## #### 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli olmaqla (260 manat), iki uşaq üçün cəmi 1.3 misli həddində sabit pul məbləğində alimentin, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiyaya ödənilmiş rüsumun 50 (əlli) manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə ## ##### 2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdurlar. Birgə nikahdan ## ###### 2010-cu ildə Ayxan, ## #### 2012-ci ilə Ataxan adlı iki nəfər uşaqları olmuşdur. Aralarında ailə münasibətləri pozulduğu üçün cavabdeh məhkəməyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında isə uşaqların saxlanması üçün aliment tələb etmişdir. ## ######## 2019-cu il tarixdə qətnamə qəbul edilərək, onların aralarındakı nikah pozulmuş, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdehin əmək haqqısı 400-450 manat təşkil edir, iki uşaq üçün cavabdeh cəmi 150 manat pul ödəyir. O, hazırda sabit məbləğdə aliment tələb edir. Göstərilən miqdarda aliment uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Birgə nikahlarından doğulmuş uşaqlara tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Uşağa tək baxmağa imkanı yoxdur. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər maddi imkanı vardır.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Hacıyev Fəzail Hacı oğlu iddia tələbini müdafiə etdiyini bildirmişdir.

6. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, onun əmək haqqısı 400 manatdır. Ona uyğun iddia tələbini təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, qardaşının əmək haqqısı 400 manatdır. Ona uyğun iddia tələbini təmin edilməsini xahiş etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Fərman Abdullayev) ilə, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş ## ###### 2010-cu il təvəllüdlü X2 və ## #### 2012-ci il təvəllüdlü X1 adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq cavabdeh Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum əmək haqqının 0,45 misli həddində aliment tutulması, iş üzrə ödənilməmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə hüquqi xidmət üçün ödənilmiş 300 manat cavabdeh Cavabdeh alınaraq iddiaçı Məmmədova Şəms Tahir qızının xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli və uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin *(***)****/**** saylı ## ######## 2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək tərəflərin birgə nikahlarından doğulmuş ## ###### 2010-cu il təvəllüdlü X2 və ## #### 2012- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh hər ay bir uşaq üçün 180 manat olmaqla sabit pul məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il Qərarı)

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV hissəsinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 13 və 19-cu maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il ** nömrəli Qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, “xxxx” MMC-də fəhlə işləyir və bunun müqabilində 400 manat əmək haqqı almağı barədə məhkəməyə arayış təqdim etmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Qeyd etmək istəyir ki, o yenidən ailə qurmuşdur. O illərdir ki, alimenti vaxtıvaxtında ödəyir və aliment borcu yoxdur. Cavabdeh isə maddi imkanı olmadığı halda yüksək məbləğdə aliment tələb edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

22. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

27. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” Konvensiya

28. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında dəyişikliklər edilmişdir.

29. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, * nömrəli Qərarı

30. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan müəyyən olunur ki, o, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hiussəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər ##.##.2009-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşların. Onların birgə nikahından ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X1 adlı iki övladları vardır. Daha ssonra tərəflərin münasibətləri pisləşmiş və ayrılmışlar. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X1 cavabdeh İddiaçı himayəsində və yanında saxlanılması, ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı xeyrinə verilməsi qət olunmuşdur. Iddiaçı hazırda cavabdehdən tutulan alimentin dəyişdirilərək sabit pul məbləğində tutulmasını tələb edir.

49. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

50. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.

51. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

52. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün sabit pul məbləğində alimentin təyin edilməsində haqlı olmuş və onun miqdarını 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 mislinə uyğun sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

53. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

54. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir.

55. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

56. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir.

57. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqının 400 manat məbləğində, uşaqlar üçün yaşayış minimumunun isə 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir.

58. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.

59. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

60. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

62. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıya hər ay cavabdeh tərəfindən ödənilməli olan 360 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 4.320 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar