Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-984/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı və Cavabdeh arasında ##.##.2023-cü il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
2. ##.##.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı ##.##.2024-cü il tarixdə anadan olmuş uşaqları-X1 anası İddiaçı himayəsində saxlanılmasına dair qarşılıqlı razılığa gəlmişlər.
3. DIN Nəqliyyatda Baş Polis Idarəsinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** saylı arayışından görünür ki, DIN Nəqliyyatda Baş Polis Idarəsinin əməkdaşı Cavabdeh aylıq pul timinatı 874 (səkkiz yüz yetmiş bir) manat 65 qəpik təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qazancın dörddə biri hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2023-cü il tarixdə nikaha daxil olmuş və Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən *** nömrəli nikah haqqında şəhadətnamə ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan ##.##.2024-cü il tarixdə X1 dünyaya gəlmişdir. Evlilikləri ilk başlarda normal olsa da, çox az zaman sonra xasiyyətləri tutuşmamış, anlaşa bilməmişlər. Bu məsələ ilə bağlı cavabdehlə mediasiya sessiyası zamanı boşanmaya və digər məsələlərə dair razılıq əldə edilmişdir. Gəncə * saylı Mediasiya Təşkilatında əldə edimiş ##.##.2025-ci il tarixli MŞG/MT***/****-***** saylı barışıq sazişinə əsasən, tərəflər qarşılıqlı olaraq nikahın pozulmasına etiraz etməmişdir. Həmçinin, razılığa gəlmişlər ki, birgə nikahdan olan uşağı Nicat Quliyev onun himayəsində saxlanılsın. Eyni zamanda cavabdeh uşağın saxlanması üçün öz öhdəliklərini yerinə yetirəcəyinə söz verdiyindən aliment tələbi olmamışdır. Bununla bağlı Gəncə şəhər Məhkəməsinə müraciət etmiş və Məhkəmənin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında ##.##.2023- cü tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. Daha sonra aralarındakı sazişin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. O, birgə nikahdan olan övladının aylıq xərclərinin qarşılanmasında üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda X1 yetkinlik yaşına qədər saxlanması üçün cavabdehdən alimentin tutularaq ona ödənilməsinə zərurət vardır.
6. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi, vəkil Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizədə qeyd etmişdir ki, cavabdeh Cavabdeh aylıq gəliri 872 manat təşkil etməkdədir. Bu gəlirin 1/4 hissəsi olan pul məbləği 2026-cı il tarixə uşaqlar uçun yaşayış minimumu olan 260 manat məbləğini qarşılamamaqdadır. Odur ki, verdikləri idda tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Cavabdehin aylıq gəlirinin 1/4 hissəsi uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumun altında qaldığından cavabdeh Cavabdeh 260 manat sabit pul məbləğində alimentin X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutularaq X3 ödənilməsinə zərurət yaranmışdır. Odur ki, X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı rəsmi nikah münasibətlərindən ##.##.2024-cü il tarxdə anadan olmuş X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2026-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,65 mislinə uyğun sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər ##.##.2023-cü il tarixdə rəsmi nikah bağlamışlar və onların rəsmi nikah münasibətlərindən ##.##.2024-cü il tarixdə X1 adlı bir uşaqları doğulmuşdur. Hazırda tərəflər arasında olan rəsmi nikah pozulmuş və azyaşlı uşaq anasının yanında yaşayır. Cavabdeh həmin uşaq üçün iddiaçıya aliment ödəmir. məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağı saxlayan ananın həmin uşaq üçün cavabdehdən aylıq sabit pul məbləğində aliment tələb etməsini, uşaqlar üçün yaşayış minimumunun 2026ci ildə 260 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği hazırda hər ay uşaqlar üçün yaşayış minimumu həddinə uyğun olan sabit pul məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2, 100.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onunla rəsmi nikahda olmuş, boşanmışdır. ##.##.2024-cü il tarixdə doğulmuş Nicat adlı uşaqları var. Mediasiya təşkilatında uşağın saxlanılmasına dair razılıq əldə edilsə də, bir müddətdən sonra Səbinə razılığı pozub, ondan reallıqdan kənar olan ağlasığmaz miqdarda aliment tələb etmişdir. Onun fantastik tələbinə etirazını məhkəməyə təqdim edib, alimentin qanuna uyğun yəni maaşının 1/4 miqdarında tutulmasını xahiş etsə də, məhkəmə onun iddiasını tam təmin edib, ondan uşağının saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,65 mislinə uyğun sabit pul məbləğində alimentin tutulmasını qət etmiş, bununla da, ailə qanunvericiliyini əhəmiyyətli dərəcədə pozmuşdur. Hesab edir ki, bu qərara gələrkən məhkəmə Ailə Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mahiyyətinə varmamışdır. Yuxarıda qeyd edilən minimum əmək haqqı məbləğinin 0,65 misli 260 manat təşkil edir. O, hər ay 1040 manat təmiz maaş alsaydı, məhkəmənin qətnaməsi qanuna uyğun yəni əmək haqqımın 1/4 ola bilərdi. O, polis işçisidir. Yalnız və yalnız dövlətin polis işçisi üçün müəyyən verdiyi maaşla dolanır. Hər ay əlinə gələn təmiz maaş 770 manatdır. Evlidir. Yaxında uşağı doğulmalıdır. Maaşının qanunla müəyyən edilən 1/4–i təxminən 190 manat təşkil edir. Bu, o deməkdir ki, məhkəmə ondan hər ay 70 manat artıq pul tutulmasını qət etmişdir.
12. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Ilk növbədə Cavabdeh ilə arasında ##.##.2025-ci il tarixli mediasiya barışıq sazişi bağlanarkən cavabdeh azyaşlı uşağın saxlanılması ilə bağlı üzərinə düşən öhdəlikləri könüllü şəkildə yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Məhz bu səbəbdən həmin vaxt tərəfindən aliment tələbi irəli sürülməmişdir. Lakin, sonradan cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, uşağın saxlanılması xərclərində iştirak etməmişdir. Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etməyi tam qanuni və əsaslı olmuşdur. Beləliklə, aliment tələbinin irəli sürülməsi mediasiya sazişinin pozulması deyil, əksinə cavabdehin həmin saziş üzrə öhdəliklərini icra etməməsinin hüquqi nəticəsidir. Belə ki, Cavabdeh apellyasiya şikayətində iddia edir ki, aliment yalnız onun əməkhaqqının dörddə biri miqdarında müəyyən edilməli idi. Lakin bu arqument Azərbaycan Respublikası Ailə Məcəlləsinin mahiyyətinə ziddir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment, bir qayda olaraq, valideynin qazancının və ya digər gəlirlərinin müəyyən hissəsi kimi tutulur. Lakin həmin Məcəllənin 78-ci maddəsi məhkəməyə konkret işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və digər diqqətəlayiq halları nəzərə almaqla alimenti sabit pul məbləğində müəyyən etmək səlahiyyəti verir. Deməli, qanunvericilik alimentin yalnız gəlirin dörddə biri həcmində müəyyən edilməsini imperativ qayda kimi nəzərdə tutmur. Hazırkı iş üzrə cavabdehin aylıq gəlirinin dörddə biri uşağımızın minimum yaşayış ehtiyaclarının belə ödənilməsinə kifayət etmədiyindən, alimentin sabit pul məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə də məhz bu halları qiymətləndirərək alimenti uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun məbləğdə müəyyən etmişdir. Cavabdehin "minimum əməkhaqqının alimentə aidiyyəti yoxdur" barədə iddiası da əsassızdır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən uşağın normal inkişafı üçün zəruri olan yaşayış minimumunu, valideynlərin maddi vəziyyətini və uşağın üstün mənafeyini nəzərə almaqla qərar qəbul etmişdir. Alimentin məqsədi valideynin gəlirinə uyğun minimum ödəniş müəyyən etmək deyil, ilk növbədə azyaşlı uşağın normal saxlanılmasını təmin etməkdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində yeni ailə qurduğunu və yaxın zamanda övladının dünyaya gələcəyini qeyd etsə də, işə baxılması dövründə bu barədə nə məni, nə də məhkəməni məlumatlandırmışdır. Hazırda həmin hallara istinad etməklə aliment öhdəliyinin azaldılmasını tələb etməsi vicdanlılıq prinsipi ilə uzlaşmır. Hər bir halda, cavabdehin sonradan ailə qurması və ya övladının olması onun əvvəlki nikahdan olan azyaşlı övladını saxlamaq üzrə qanunla müəyyən edilmiş vəzifəsini aradan qaldırmır. Valideynin sonradan ailə qurması və ya başqa övladının olması əvvəlki övladının qanunla qorunan təminat hüququnu zəiflədən hal hesab edilə bilməz. Eyni zamanda, cavabdeh mənim əməkhaqqıma istinad edərək gəlir əldə etdiyimi bildirmişdir. Halbuki valideynlərdən birinin işləməsi digər valideyni uşağın saxlanılması üzrə qanuni öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Onun işləməyi cavabdehin aliment ödəmək öhdəliyini aradan qaldırmır. Cavabdeh "qanunla nəzərdə tutulmayan məbləğ", "fantastik tələb" kimi ifadələri yalnız subyektiv mülahizələrdən ibarətdir və məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almır. Aliment mənim rifahım üçün deyil, birbaşa azyaşlı oğlum Nicat Quliyevin saxlanılması və inkişafı məqsədilə müəyyən edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişl, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
17. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:
22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
24. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə alimentin sabit pul məbləğində tutulması hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Iş materiallarından görünür ki, tərəflər ##.##.2023-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından##.##.2024-cü il təvəllüdlü Nicat adlı uşaqları doğulmuşdur. Tərəflər sfaktiki ayrılmış və ##.##.2025-ci il tarixli barışıq sazişi ilə Cavabdeh ilə İddiaçı ##.##.2024-cü il tarixdə anadan olmuş uşaqları-X1 anası İddiaçı himayəsində saxlanılmasına dair qarşılıqlı razılığa gəlmişlər. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında ##.##.2023-cü il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə qeyd edilmiş nikahın pozulmuşdur. Iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası aliment məbləği hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aliment tutulmasında qanuni və əsaslı nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu onların konstitusion vəzifələridir. Valideynlər uşağın rifahı və inkişafı üçün lazım olan həyat şəraitini, zəruri olan qayğını, uşağın minimum tələbatlarını öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməlidir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin hər ay əlinə gələn təmiz maaş 770 manat olması, evli olması, yaxında uşağı doğulacağı, əmək haqqının qanunla müəyyən edilən ¼-nin təxminən 190 manat təşkil etməsi dəlilləri ilə bağlı qeyd edir ki, alimentin sabit pul məbləğində, yaxud əmək haqqının hissəsi ilə tutulması əsasları qanunverikildə konkret göstərilmişdir.
40. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dördə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
41. Göründüyü kimi, qanunverici ilkin olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda isə yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını nəzərdə tutmuşdur.
42. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsi əsasında aliment sabit pul məbləğində tutmuşdur. Cavabdeh isə alimentin hissə ilə tutulmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 770 manat əmək haqqı alır. Bu səbəbdən ondan tutulan aliment hissə ilə tutulmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının əmək haqqının olması sabit pul məbləğində alimentin tutulmasından imtina edilməsi üçün əsas deyildir. Şəxsin əmək haqqı olsa da, alimentin əmək haqqının hissə ilə tutulması tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda alimentin sabit pul məbləğində tutulması nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin əmək haqqına münasibətdə hissə ilə müəyyən edilməsi uşağın marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilərdi və birinci instansiya məhkəmə alimenti sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
43. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il sqətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.