Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-801/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində onun iştirakı olmadan aliment miqdarının dəyişdirilərək, indeksasiya olunmasına dair qərar qəbul olunmuşdur. Aliment indeksasiya olunan aydan etibarən o ödəmələrdə böyük çətinliklə üzləşmişdir. Buna aylıq gəliri imkan vermir. Artıq bir neçə aydır ki, borclar üst-üstə toplanmaqdadır. Bu günə qədər fasilə vermədən hər ay maaşının ən azı 70% miqdarında alimenti vaxtı-vaxtında köçürmüşdür (bütün qəbzlər vardır). Əlavə olaraq çalışdığı şirkətdən illik əmək haqqı cədvəlini alaraq PDF formasında işə daxil etmişdir. Həmçinin son məhkəmə iclası dönəmində onun yaşayış ünvanına göndərilən məktublar siyahısı haqqında “Azərpoçt”-a ərizə ilə müraciət etmiş və verilən cavabı və eyni zamanda Sumqayıt * saylı Mediasiya təşkilatından aldığı arayışı işə PDF formatında yükləmişdir.
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının alimentin azaldılması ilə bağlı tələbi əsassız və qanunsuzdur. Belə ki, alimentin azaldılması yalnız tərəflərin maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişikliklər baş verdiyi hallarda mümkündür. Lakin iddiaçı tərəfindən belə dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, hazırki vəziyyətdə uşağın (uşaqların) saxlanılması üçün tələb olunan xərclər artmış, yaşayış minimumu yüksəlmiş, gündəlik tələbat mallarının qiymətləri bahalaşmışdır. Bu baxımdan alimentin azaldılması uşağın mənafeyinə zidd olmaqla onun normal inkişaf və təminat hüquqlarını ciddi şəkildə pozacaqdır. Bundan əlavə iddiaçının real gəlirləri və maddi imkanları məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. İddiaçı öz gəlirlərini gizlətmək və ya az göstərmək yolu ilə aliment öhdəliyindən yayınmağa çalışır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən valideynlər uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşıyırlar və alimentin miqdarı uşağın maraqları nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan iddiaçının alimentin azaldılması tələbi uşağın qanuni mənafelərinə uyğun deyildir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentın indeksasiya olunması, ## #### 2015-ci il təvəllüdlü X2 və ## ##### 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən və tələbinə dair gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, alimentin azaldılaraq 400 manat təyin olunmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aylıq maaşının normal olmaması, minimum əmək haqqına yaxın olması alimentin hazırki məbləğinin ödənilməsində çox böyük çətinlik yaradır. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2021-ci ildə aliment hər uşaq üçün 175 manat olmaqla, 350 manat müəyyən edilmişdir. Həmin vaxt başqa iş yerində işləmiş və əmək haqqısı yaxşı olmuşdur. Oradan işindən ayrılandan sonra yüksək əmək haqqı alacağı iş tapa bilmədiyindən bir müddət işsiz qalmışdır. İşlədiyi yerlərdə minimal əmək haqqı alırdı. Cavabdeh 2024-cü ildə alimentin artırılması ilə bağlı məhkəməyə müracitə edilərək alimentin məbləğinin 450 manat olmasını istəyib. Məhkəmə alimentin məbləğini 450 manat müəyyən etdi. Hər ay 350 manatı ödəyib, 50 manat az ödəyib. Daha sonra indeksasiya ilə bağlı müraciət edilib. “xxxx” MMC-nin tərkibində Olivie firmasında xəzinədar işləyir. Hazırda evlənməyib, cavabdeh hazırda işləyir. Bonus aldığı aylarda 500 manat əmək haqqı alır. 400 manat aliment müəyyən edilməsini istəyir, 1000 manatdan çox borcu yığılıb. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixindən “xxxx” MMC-də kassir vəzifəsində çalışır. İşçinin 2025-ci ilin yanvar ayından 2025-ci ilin dekabr ayına kimi müqavilə üzrə əmək haqqı 442 manat, hesablanmış əmək haqqı yanvar ayı üzrə 452,57 manat, fevral ayı üzrə 555,43 manat, mart ayı üzrə 560,17 manat, aprel ayı üzrə 555,43, may ayı üzrə 555,43 manat, iyun ayı üzrə 555,43 manat, iyul ayı üzrə 679,93 manat, avqust ayı üzrə 586 manat, sentyabr ayı üzrə 575,43 manat, oktyabr ayı üzrə 702,79 manat, noyabr ayı üzrə 499,23 manat olmuşdur.
13. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin e- *(***)****/**** saylı, ## ##### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentın indeksasiya olunması, ## #### 2015-ci il təvəllüdlü X2 və ## ##### 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçüçn İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
14. ##.##.2026-cı il tarixli, №-MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı iştirak etmiş, və bununla bağlı 60 manat mediasiyaya dair xərc onun tərəfindən ödənmişdir.
15. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı 2024-cü ilin may ayından 2026-cı ilin aprel ayınadək hər ay müvafiq ödəniş sistemləri vasitəsilə 350 manat məbləğində aliment ödənişi etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası iddianın rədd edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamaqla, əlavə olaraq qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2024-cü il tarixli qətnaməsi ilə hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin tutulması müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə alimentin məbləği indeksasiya edilərək hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində (228 manat), yəni qətnamə ilə müəyyən edilmiş məbləğdən 28 manat, ümumilikdə 56 manat artıq müəyyən edilmişdir. İddiaçı da tələbində alimentin məbləğinin ümumilikdə 400 manat müəyyən edilməsini istəmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2026-cı il üçün isə müəyyən edilmilş 260 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2026-cı il üçün müəyyən edilmilş 260 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda bir uşaq üçün müəyyən edilmiş 228 manat aliment məbləği əsaslı hesab olunur. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.