Məhkəmə qərarları › İş №e-2(3-8)-816/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-816/2026

21.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-816/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xeyrinə ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə 2011-ci ildə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qətnamə ilə birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü Aylinin və ##.##.2015-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2019-cu il tarixdən başlayaraq ondan tələbkar Jalə Orucovanın xeyrinə hər ay, hər uşağa 160 manat olmaqla, cəmi isə 320 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində müəyyən edilmişdir. Hazırda bu məbləğdə alimenti ödəmək üçün maddi imkanı yoxdur. Bu səbəbdən də hazırda ödənilməmiş 5000 manat məbləğində aliment borcu vardır. Son zamanda səhhətində yaranmış ciddi xəstəliklər əmək qabiliyyətini çox zəiflətmişdir. Bundan əlavə ikinci dəfə ailə həyatı qurmuşdur. Həyat yoldaşı hazırda işləmir. Özünün isə son vaxtlar səhhətində ciddi xəstəlik yaranmışdır. Qərardadın bu şəkildə qəbul edilməsi həm ədalətli deyil, həm də maddi durumunu və yeni ailəsinin saxlanmasını ciddi şəkildə çətinləşdirəcək. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından göründüyü kimi borclu İddiaçı şikayəti qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qərardad dəyişdirilməsi və alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Lakin İddiaçı aliment ödəmir, onun 6000 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Hazırda “alimentin azaldılması” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qaldırılan iddia həqiqətə uyğun deyil, iddia ərizəsində göstərilən məlumatlar yalandır. Bildirir ki, iddiaçı İddiaçı maddi imkanı yaxşıdır, onun təqdim etdiyi tibbi sənədlər sonuncunu aliment ödəmək öhdəliyindən azad edə bilməz. Belə ki, “Аzərbаycаn Respublikаsındа 2026-cı il üçün yаşаyış minimumu hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununа əsаsən isə 2026-cı ildə yаşаyış minimumu ölkə üzrə uşаqlаr üçün 260 mаnаt məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadını icra etməkdən boyun qaçırır, borcu ödəməyə cəhd göstərmir, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmir, bununla inzibati məsuliyyət yaradır. İddiaçı İddiaçı qısa zamanda yeni əsaslar olmadan, təkrarən eyni əsasla, yəni tibbi sənədlərini təqdim edərək “alimentin azaldılması”nı tələb etməkdə haqlı deyildir. Himayəsində olan uşaqları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqların hazırlıq, dərs ləvazimatlarının alınması və gündəlik xərcləri yetərincə çox xərc tələb edir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi çox ağır gəlir. Belə ki, hal-hazırda heç bir yerdə işləmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “xxxx” ASC-də mühafizəçi işləyir və əmək haqqı 400 manat təşkil edir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.2, 78.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin alimentə dair hissəsində ləğv edilməsi və sabit pul məbləğində alimentin hər uşaq üçün 260 manat olmaqla cəmi 520 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını müəyyən etməmişdir. Belə ki, cavabdehin kifayət qədər qazancının olmasını nəzərə almamış və aşağı həddə aliment müəyyən etmişdir. Qeyd etmək istəyir ki, «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan RespublikasınınAilə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi alimentə bağlı əlavə ödənişin ödənilməsinə dair hissədə ədalətsizdir, beləki həmin pul ilə uşaqları saxlamaq qeyri-mümkündür. Qətnamə ilə hər ay 400 manat məbləğində aliment təyin edilmişdir. 400 manat məbləğində pul hansı xərcləri ödəyə bilər? Məhkəmə qətnamə qəbul edərkən birtərəfli mövqe göstərmişdir. Belə ki, cavabdehlə bağlı göstərdiyi sübutların heç birinə qiymət verməmişdir. Cavabdehin bütün qazanclarını müəyyən etməmişdir və beləliklə tərəflərin bərabərliyini pozaraq, faktlara əsaslanmayan qətnamə qəbul etmişdir

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, uşaqlar böyüyürlər, tələbatları çoxalır, əvvəlki aliment məbləğinin qalmasını istəyir. Qızının 13, oğlanın 11 yaşı var, hazırlıqları var. İddiaçı mənəvi cəhətdən uşaqlarının yanında olmasa da maddi cəhətdən yardım etməldir. Rəsmi işləmir, mühasibdir, bəzən mühasibatlıq işləri olanda işləyir. İddiaçının gəlirləri ilə bağlı özü məlumat verə bilər. Mühafizədə işləyir. İddiaçı uşaqlarının qeydiyyatda olduğu mənzili satıb, əlində pulu var.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mühafizə işləyir, 400 manat əmək haqqı alır, insult xəstəliyi keçirmişdir. 10 aydır ki, dərmanlarını ala bilmir. Cavabdehin 50000 manat dəyərində nəqliyyat vasitəsi var. Buna görə də şikayətin təmin rədd edilməsini xahiş edir. İşdə olan sübutlar

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, borclu İddiaçı şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi edilmiş ## ######## 2025-ci il tarixli qərardad dəyişdirilməsi və alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində müəyyən edilməsi qərara alınmışdır.

13. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, “xxxx” ASC-də mühafizəçi işləyir və əmək haqqı 400 manat təşkil edir

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqları saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı alimentin məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, işin mübahisəsiz halı qismində iddiaçının aliment borcu yaranmaqla, o, aliment borcu ilə yanaşı, müəyyən edilmiş aliment məbləğini də ödəməlidir. İddiaçı hazırda “xxxx” ASC-də mühafizəçi işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir. Məhkəmə kollegiyası iddiaçının tələb olunan həddə aliment ödəməsinə dair maddi imkanının olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməməsini, valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirakının zəruriliyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

19. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar