Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1013/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması və uşaqların yanında saxlanması tələbinə dair iş üzrə, Cavabdeh uşaq, aliment, əmlaka pay hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə alınmış əmlakın satışından əldə olunmuş pulun yarısının ona verilməsi tələbi üzrə qarşılıqlı iddia tələbinə dair Masallı Rayon Мəhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında ##.##.2011-ci il tarixdə Masallı rayon İHB-nin Türkoba ərazi üzrə nümayəndəliyində 47 № ilə qeydə alınmış rəsmi nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmasını xahiş etmişdir. Bununla yanaşı, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ##.##.2012ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 onun, yəni ana Cavabdeh yanında qalması, ##.##.2012-ci il təvəllüdlü X1 və ##.##.2015-ci il təvəllüdlü X2 üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin ilkin iddia üzrə iddiaçı İddiaçı tutularaq ona, yəni uşaqların anaları Cavabdeh ödənilməsi, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2942, B bloku, 14-cü mərtəbə ** nömrəli mənzil üzrə onun, yəni Cavabdeh ½ (ikidə bir) hissədə pay hüququnun tanınması, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2942, B blokunun zirzəmisində olan avtomobil dayanacağının (qarajın), birgə nikah dövründə əldə olunmuş Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən torpaq sahəsinin iddiaçının qardaşı X3 adına keçirilməsi barədə müqavilənin etibarsız sayılması, iddiaçının adına birgə nikah dövründə əldə olunmuş “BMV” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun yarısının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Мəhkəməsinin (hakim Ellara Abbasova) ## #### 2026-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, qarşılıqlı iddianın icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1 və 155.2-ci maddələrinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Masallı Rayon Məhkəməsi tərəfindən cavabdehə göndərilmiş ## #### 2026-cı il tarixli məhkəmə bildirişi və iddia ərizəsinin surəti həftənin beşinci günü, ## #### 2026-cı il tarixdə Masallı rayonu Tüklə poçt şöbəsinə daxil olmuş və həftənin birinci günü, ## #### 2026-cı il tarixdə cavabdehin atası Hüseynov Əlövsətə verilmişdir. Mülki Prosessual Məcəlləsinin 155.1. və 154.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni 20 gün ərzində, ## #### 2026-cı il tarixdə qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Qanunun tələbinə görə əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər (Maddə 22.3). Qarşılıqlı iddiaçı şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.1 və 156.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın qismən təmin edilməsini aradan qaldırır, habelə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Şikayətə görə məhkəmə qarşılıqlı iddianı geri qaytarmaqda doğru nəticəyə gəlməmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 156.1-ci maddəsinin tələbinə görə, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən: 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə irəli sürülmüş bütün tələblər ilk iddia ilə əlaqəli deyil və bu tələblərin birgə baxılması mübahisənin tez və daha düzgün baxılmasına yönəlməmişdir. Kollegiya məhkəmənin- “qarşılıqlı iddia üzrə irəli sürülmüş bütün tələblər ilk iddia ilə əlaqəli deyil” hissəsi ilə tam razılaşmasa da hesab edir ki, aşağıdakı səbəblərdən qarşılıqlı iddia ərizəsi qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Qanunun tələbinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin hallarından görünür ki, hazırkı tələbində iddiaçının nikahın pozulması və birgə nikahdan doğulmuş qızlarının iddiaçının yanında saxlanması tələbi ilə yanaşı, qarşı tərəf qarşılıqlı olaraq övladlarının onun yanında saxlanılmasını, onların saxlanılması üçün hər ay cavabdehdən alimentin tutulmasını, birgə nikah dövründə əldə olunmuş mənzil üzrə ½ (ikidə bir) hissədə pay hüququnun tanınmasını, birgə nikah dövründə əldə olunmuş avtomobil dayanacağının (qarajın) və Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən torpaq sahəsinin iddiaçının qardaşı X3 adına keçirilməsi barədə müqavilənin etibarsız sayılmasını, iddiaçının adına birgə nikah dövründə əldə olunmuş “BMV” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun yarısının ona verilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbinin bir hissəsi qiymətləndirilən iddiadır. MPM-in 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələbinə görə hakim aşağıdakı hallarda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: -iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; ... -müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiymətindən asılı olaraq dövlət rüsumu ödənilməlidir. Bundan başqa, MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. MPM-in 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısı göstərilmişdir. Qanunun tələbinə görə iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Təqdim edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı ərizəsinə cəmi 100 manat məbləğində rüsumun ödənilməsi barədə qəbzin surətini əlavə etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı öz tələbində iddianın qiyməti barədə məlumatları, buna müvafiq olaraq dövlət rüsmunun ödənilməsini təsdiq edən sənədləri əlavə etməmişdir. Qanuna görə, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (Maddə 149.4). Qarşılıqlı iddia ərizəsində qiymətləndirilən hissədə iddianın qiyməti, eləcə də iddiaçınn öz tələbini əsaslandırdığı hallar üzrə istinad etdiyi fakt və hallar göstərilməmiş, bu barədə müvafiq sübutlar əlavə edilməmişdir. İddiaçının tələbinin bir hissəsi müqavilənin etibarsız sayılması ilə bağlıdır. İddiaçı bu hissədə müvafiq müqavilələrə istinad etməmiş, həmin müqavilələr barədə məlumat verməməklə yanaşı, müqavilələrin tərəfi barədə məlumatları qeyd etməmiş, eləcə də müqavilə tərəfini (tərəflərini) cavabdeh qismində göstərməmişdir. Kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Qarşılıqlı iddianı təqdim edərkən iddiaçı Qanunun tələblərinə əməl etməmiş, iddia ərizəsinin forması və məzmununa əməl etməmiş, eləcə də iddia ərizəsinə lazımi sənədləri əlavə etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytarmaqla mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddianın qaytarılması, maraqlı şəxsin göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək imkanını istisna etmir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Мəhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1013/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1013/2026
19.08.2026 · Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver