Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-386/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsəsdov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC) qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Maraqlı şəxs ASC-dən götürülmüş kredit borcuna görə ödənilmiş 5591,13 manatın ½ hissəsinin, yəni 2795,56 manat, hüquqi xidmətin göstərilməsinə görə 100 manat, mediasiya xərcinə görə 60 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinin surəti sifarişli-xəbərnaməli poçt göndərişi vasitəsilə Cavabdeh göndərilmiş və ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Bununla da, müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin adıçəkilən qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Qərardaddan Cavabdeh ## #### 2026-cı il tarixdə şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual hüquq normaları məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə apellyasiya şikayətini geri qaytararkən qərəzli olmuş, araşdırma aparmadan geri qaytarmışdır. Apellyasiya şikayətində qeyd etmişdir ki, o, Masallı rayonunda qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir ki, Sumqayıt şəhərində yaşayır. Məhkəmə iclaslarından məlumatı olmamış, məhkəmə iclaslarında iştirak etməmişdir. Qətnaməni almadığından apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə qərardadında MPM-in 360-cı maddəsinə istinad edir. Maddədə göstərilir ki, şikayət məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Məhkəmənin yeganə istinad etdiyi ##.##.2025-ci il tarixli poçt xəbərnaməsidir. Xəbərnaməyə kim tərəfindən imza edilib onu da bilmir. Atası vəfat etmiş, anası uzun müddətdir ki, qardaşı ilə birlikdə Türkiyə Respublikasında yaşayır. Rayonla onun bir bağlılığı yoxdur. Xəbərnaməyə kim tərəfindən imza edilib onun barədə məlumatı yoxdur. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materiallarına əsasən Cavabdeh Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsini ## ###### 2025-ci il tarixdə əldə etmişdir. MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ## ###### 2026-cı il tarixdə artıq başa çatmışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmışdır. Belə ki, məhkəmə bildirişləri qətnamənin göndərildiyi ünvana göndərilmiş, eyni zamanda ona SMS vasitəsilə də məlumat verilmişdir. Bu hal onu göstərir ki, bildirişlərin çatdırılması üçün zəruri tədbirlər görülmüş və həmin bildirişlərin cavabdehə çatdığı ehtimalı kifayət qədər əsaslıdır. Beləliklə, bütün göstərilənlərə baxmayaraq Cavabdeh prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki Masallı Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-386/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-386/2026
22.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver