Məhkəmə qərarları › İş №e-2(3-9)-401/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-401/2026

26.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-401/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb MÜƏYYƏN ETDİ: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin ##.##.2024-cü il tarixdə X1 və ##.##.2025-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. “AZEMİS” EİS-dən əldə olunmuş Çıxarışdan görünür ki, Cavabdeh Mil-Muğan Hidroqovşağın İstismarı İdarəsində sahə rəisi vəzifəsində çalışmaqla aylıq 855 manat məbləğində əmək haqqı alır. “AZEMİS” EİS-dən əldə olunmuş Çıxarışdan görünür ki, Cavabdeh aylıq 80 manat məbləğində pensiya alır. İDDİA TƏLƏBİ: İddiaçı Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 300 manat aliment və uşağın üç yaşına çatanadək saxlanması üçün hər ay 400 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı faktiki nikaha daxil olmaqla ailə qurmuş, onların faktiki nikahından ##.##.2024-cü il tarixdə X1 və ##.##.2025-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Əvvəllər tərəflərin hər bir normal ailədə olduğu kimi ər-arvad münasibətləri olmuş və mehriban yaşamışlar. Birgə təsərrüfat apararaq uşağın qayğısına qalmışlar. Lakin son vaxtlar aillədə tez-tez münaqsişələr baş verir. Qeyd edilən hallar ailə bağlarının qırılmasına səbəb olmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrılmış, ərarvad münasibətlərinə xitam verilmiş və birgə təsərrüfat aparmırlar. Ailənin bərpa olunması mümkün deyildir. Uşaqlar anasının yanında qalırlar. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddianın qismən təmin edilməsi, ##.##.2024-cü il tarixdə anadan olmuş X1 və ##.##.2025-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh əlavə olaraq 68 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə köçürülməsi, alimentin tutulmasının ##.##.2025-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında uşağın saxlanmaları üçün aliment ödənilməsi barədə heç bir saziş yoxdur. ##.##.2024-cü il tarixdə anadan olmuş X1 və ##.##.2025-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 17-ci, 34-cü, “Uşaq hüquqları” haqqında Qanunun 19-cu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 75.1-ci, 75.4cü, 78.1-ci, 78.2-ci, 110.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsini, hər uşağa görə 100 (yüz) manat məbləğində alimentin təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmiş yəni, maddi vəziyyətinin çətin olması, gəlirlərinin olmaması nəzərə alınmamışdır. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli qətnaməsində iş tam araşdırılmadan və iclasda iştirakı olmadan cavabdehin xeyrinə qətnamə qəbul edilmişdir. Məhkəmə bununlada qərəzli mövqe nümayiş etdirmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Sübutlarını və vəsatətlərini təqdim etməyə imkan yaradılmayaraq məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Beləliklə də, maddi və prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki halı kimi maddi gəlirlərinin aşağı olması araşdırılmayaraq aliment yüksək məbləğdə təmin edilmiş, bu da qətnamənin gələcəkdə icrasını mümkünsüz etmişdir. Tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASI: Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işi müəyyən edilmiş faktiki hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ehtiva edilən göstərişlərə uyğundur. Belə ki, məhkəmə tərkibi “AZEMİS” EİS-dən Cavabdeh gəlir məlumatlarına dair Çıxarış əsasında müəyyən etmişdir ki, Cavabdeh Mil-Muğan Hidroqovşağın İstismarı İdarəsində sahə rəisi vəzifəsində çalışmaqla aylıq 855 manat məbləğində əmək haqqı və 80 manat məbləğində pensiya alır. Odur ki, alimentin minimum əmək haqqının 0,5 misli kimi təyin olunması həm uşaqların təminat mənafeyinə, həm də tərəflərin real maddi imkanlarına uyğun olmaqla ədalət prinsipinə cavab verir. Bununla yanaşı, onu nəzərə almaq yerinə düşər ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 2026-cı il üçün 260 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərkibi məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsi, sübut və vəsatətlərinin təqdim edilməsinə şəratit yaradılmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan məhkəmə bildirişləri, poçt göndərişlərinə dair izləmə məlumatları və digər prosessual sənədlərdən açıq şəkildə görünür ki, Cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılmışdır. Ona göndərilmiş bildirişdə prosessual hüquq və vəzifələri, o cümlədən etiraz vermək, sübut təqdim etmək, yazılı izahat və vəsatətlərlə çıxış etmək hüququ izah edilməklə onun müdafiə hüququnun və çəkişmə prinsipindən irəli gələn imkanlarının həyata keçirilməsi üçün kifayət qədər şərait yaradılmış, buna baxmayaraq, o, həmin hüquqlardan istifadə etməmiş və prosesdə fəal iştirak nümayiş etdirməmişdir. Beləliklə, Cavabdeh öz prosessual hüquqlarını həyata keçirməsi üçün zəruri imkanın yaradılması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh məhkəmə prosesindən xəbərsiz qalması və ya sübut təqdim etmək imkanından məhrum olması ilə bağlı hər hansı əsaslı səbəb göstərməmişdir. Bu səbəbdən çəkişmə prinsipinin pozulmasına, sübutların toplanmamasına və işin birtərəfli araşdırılmasına dair istinadlar məhkəmə tərkibi tərəfindən əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı, məhkəmə tərkibi tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar