Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(5-108)-115/2026 11.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 16 sentyabr 2025-ci il təvəllüdlü X7 və X4 18 yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay minimum əmək haqqının 0,615 misli həddində alimentin və uşaqlar 3 yaşına çatana kimi qulluğa görə hər ay 100 (bir yüz) manat pulun, həmçinin mediasiya prosesi ilə əlaqədar ödədiyi 60 manat pulun Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 aprel 2024-cü il tarixdə rəsmi nikah qeydə aldıraraq evlənmişlər. Birgə nikahlarından əkiz uşaqları - 16 sentyabr 2025-ci il təvəllüdlü X8 və X7 doğulmuşlar. Cavabdehlə 2025-ci ilin sentyabr ayından faktiki olaraq ayrılmışlar və həmin vaxtdan ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan uşaqların hər ikisi də onun yanında qalmışdır. Ayrıldıqdan sonra, cavabdeh uşaqların saxlanılması üçün və uşaqların 3 yaşına kimi onlara qulluğa görə könüllü olaraq maddi yardım göstərməmişdir. Belə ki, uşaqlar azyaşlı və südəmər olduğundan, mütəmadi olaraq qulluğa, müayinə və müalicələri üçün maddi yardıma (alimentə) ehtiyacı var. Uşaqlar körpə və azyaşlı olduğuna görə onlara qulluq etdiyindən işləyə bilmir. Cavabdeh fərdi təsərrüfatla məşğul olmasına və aylıq gəliri yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında, eləcə də qeyd etdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşağın saxlanılması üçün aliment tələbi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədənkənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı qızıdır. İddiaçı Cavabdehla 2024-cü ildə rəsmi nikah qeydə aldırmaqla evlənmiş və birgə nikahlarından iki əkiz uşaqları doğulmuşdur. Uşaqlar doğulduqdan 1 ay sonra tərəflər arasında söz-söhbətlər yaranmış və faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqların ehtiyaclarını özü qarşılayır. Cavabdeh tərəfindən hər hansı maddi kömək göstərilmir. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2026-cı il tarixli, 3-16- 5/8-69-N-03/2026 saylı nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə X1 “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 26 aprel 2024-cü il tarixdə 215 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Nəzirov, arvada Nəzirova soyadı verilmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, AZ- V № 151171 və 151172 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 və X8 16 sentyabr 2025-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 19 yanvar 2026-cı il tarixli, MŞA/MT061-2026-00010 saylı arayışdan görünür ki, “aliment” tələbinin mübahisələndirilməsi üzrə 19 yanvar 2026-cı il tarixdə, saat 13:00-da keçirilmiş mediasiya prosesində Cavabdeh və İddiaçı iştirak etmişlər, lakin Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. ********** nömrəli, 15 yanvar 2026-cı il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Ağdaş 2 saylı Mediasiya Təşkilatının hesabına 50 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 26 aprel 2024-cü tarixdə 215 nömrəli akt qeydi əsasında nikaha daxil olmuşlar. Birgə nikahlarından 16 sentyabr 2025-ci il təvəllüdlü X7 və X8 doğulmuşdur. Tərəflər faktiki ayrı yaşayırlar və uşaqlar analarının himayəsindədir. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi yardım etmir. Hazırda iddiaçı uşaqların saxlanılmaları üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü tarixli, 15 nömrəli qərarı ilə əlavə edilmiş 8.4-1 yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Yuxarıda adı çəkilən qərara dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 2025-ci il yanvar ayının 01-dən qüvvəyə minmiş “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin minimum əmək haqqının 0,615 misli həddində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənləri, eləcə də 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, hər uşaq üçün hər ay minimum əmək haqqının 0,615 misli həddində alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməlidir. Məhkəmə, Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 16 sentyabr 2025-ci il təvəllüdlü X7 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 26 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə, Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarına istinadən iddianın “16 sentyabr 2025-ci il təvəllüdlü X7 və X4 3 yaşına çatana kimi qulluğa görə onun xeyrinə hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, bu münasibətləri tənzimləyən müddəalardan da göründüyü kimi, bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. Bununla belə, iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin nəticə etibarı ilə cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, göstərilənləri, habelə tərəflərin digər diqqətəlayiq olan maraqlarını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh iddiaçının saxlanılması üçün hər hansı zəruri vəsaitə malik olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz. “Mediasiya haqqında” Qanunun 3-cü və 28.1-ci maddələrinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı mediasiya prosesi ilə əlaqədar ödədiyi 60 manat pulun cavabdehdən alınaraq xeyrinə verilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş qəbzin surətindən, həmçinin ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 50 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair hissədə qismən təmin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3840 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 58,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 yanvar 2026-cı il tarixdən başlayaraq 16 sentyabr 2025-ci il təvəllüdlü X7 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. X2 keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 58,40 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(5-108)-115/2026
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-108)-115/2026
11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver