Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(5-116)-30/2026 03.03.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun keçmiş arvadıdır. Onların rəsmi nikahından 21 aprel 2016-cı ildə “Aylin” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə ayrılmışlar. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahından 21 aprel 2016-cı ildə anadan olmuş X1 (ana) Cavabdeh yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qərardadına əsasən hər ay 468 (dörd yüz altmış səkkiz) AZN (400x1.17=468) sabit pul məbləğində aliment ödəməlidir. Lakin onun hər ay 468 (dörd yüz altmış səkkiz) AZN məbləğində alimenti ödəməyə imkanı yoxdur. Belə ki, o, ikinci dəfə 04 iyun 2024-cü il tarixdə “Yemən” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların rəsmi nikahından 20 sentyabr 2025-ci ildə “Ömər” adlı 1 (bir) oğlan uşaqları anadan olmuşdur. Bundan başqa, arvadı Yemən xanımın birinci rəsmi nikahından anadan olmuş “Elmir” adlı oğlan uşağı da hal-hazırda onun yanında qalır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla yanaşı, o, Cavabdeh maddi imkanını nəzərə alaraq, rəsmi nikahlarından 21 aprel 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 220 (iki yüz iyirmi) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsinə də etiraz etmir. Bütün bunları nəzərə alaraq, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı əsasında hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş alimentin miqdarının 150 (yüz əlli) AZN sabit pul məbləği həddində azaldılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş əridir. Onların rəsmi nikahından 21 aprel 2016-cı ildə “Aylin” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə ayrılmışlar. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahından 21 aprel 2016-cı ildə anadan olmuş X1 özünün yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, hal-hazırda övladları X3 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Bir neçə müddət əvvəl övladları X3 appendisit xəstəliyindən əməliyyat olmuşdur. Onu da qeyd edir ki, o, heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin İddiaçı işləyir və onun kifayət qədər gəliri vardır. İddiaçı azaldılmasını iddia etdiyi 150 (yüz əlli) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan uşaqları Aylinin tələbatı ödənilmir. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 789857 №-li, 20 iyun 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahından 21 aprel 2016-cı ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahından 21 aprel 2016-cı ildə anadan olmuş X1 (ana) Cavabdeh yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) İddiaçı qazancından 136 (yüz otuz altı) AZN sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 441356 №-li, 18 noyabr 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 25 oktyabr 2017-ci il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 307 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “İbrahimli” soyadı verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 606982 №-li, 04 iyun 2024-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 04 iyun 2024-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 64 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-V 161572 №-li, 25 sentyabr 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 rəsmi nikahından 20 sentyabr 2025-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı "xxxx" MMCdə telekommunikasiyalar üzrə “mühəndis” vəzifəsində işləyir və əmək haqqısı 715 (yeddi yüz on beş) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh rəsmi gəliri yoxdur. İlk növbədə qeyd edilməlidir ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında uşaqlarla bağlı mübahisələrə baxılan zaman hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Valideynlər arasındakı nikah pozulduqdan sonra uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşıyırlar. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıdır, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Düzdür, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu səviyyəsi nəzərdə tutulur, bununla belə yaşayış minimumu həddində tutulan aliment belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilən zaman uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olması, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşıması, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olması, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artması, valideynlərin uşaqları saxlamağa borclu olması, eləcə də diqqətəlayiq olan hallar nəzərə alınır. Bununla yanaşı, alimentin miqdarı müəyyən edilən zaman həm aliment alanın, həm də aliment verənin maddi və ailə vəziyyəti nəzərə alınır. Belə ki, hər iki valideyn uşağı saxlamaqla məsuliyyət daşıyır. Aliment yalnız cavabdehin üzərinə düşən yük olmamaqla yanaşı, hər iki valideynin övladın saxlanmasında iştirakı tələb olunur. Həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları rəsmi nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün atadan ananın xeyrinə aliment tutulmasını zəruri edir. Məhkəmə qeyd edir ki, aliment məsələləri həll edilən zaman alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Aliment hüquq münasibətlərinin əsas məqsədi yetkinlik yaşına çatmayan uşaqların maddi təminatının qorunması olsa da, bu məqsəd aliment öhdəliyinin valideyn üçün icrası mümkün olmayan və real vəziyyətlə uzlaşmayan məbləğdə müəyyən edilməsinə haqq qazandırmır. Uşağın mənafeyi yalnız alimentin nominal məbləği ilə deyil, həmin alimentin davamlı və real icra oluna bilməsi ilə təmin olunur. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Hər bir halda aliment miqdarı müəyyən edilən zaman mütənasiblik, balans və faktiki vəziyyətə uyğunluq prinsipləri gözlənilməlidir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qeyd edir ki, aliment hüquq münasibətlərinin əsas məqsədi yetkinlik yaşına çatmayan uşağın maddi təminatının həyata keçirilməsi olmaqla yanaşı, bu təminatın real, ağlabatan və faktiki şəraitə uyğun şəkildə müəyyən edilməsidir. Aliment institutu valideyni həddindən artıq maliyyə yükü altına salmaq üçün deyil, uşağın normal inkişafı və minimum yaşayış ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Bundan başqa, ailə münasibətləri dinamik xarakter daşıyır və zaman keçdikcə tərəflərin maddi vəziyyətində, sosial şəraitində və ailə yükündə dəyişikliklərin baş verməsi mümkündür. Bu səbəbdən aliment məbləği sabit və dəyişməz kateqoriya kimi deyil, mövcud faktiki vəziyyətə uyğunlaşdırılan hüquqi mexanizm kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, aliment məbləği nə formal yanaşma ilə, nə də mexaniki hesablamalar əsasında müəyyən edilə bilər. Alimentin miqdarı uşağın mənafeyi ilə aliment ödəyən şəxsin real maddi imkanları arasında tarazlıq yaradılmaqla müəyyən edilməlidir. Hüquqi baxımdan uşağın mənafeyinin qorunması anlayışı, aliment ödəyən şəxsin faktiki vəziyyətindən tam təcrid olunmuş şəkildə şərh edilə bilməz. Uşağın mənafeyinə uyğunluq yalnız aliment məbləğinin nominal olaraq yüksək olması ilə ölçülmür. Əksinə, alimentin davamlı, icra oluna bilən və real gəlir şəraitinə uyğun olması uşağın mənafeyinin qorunmasının əsas şərtidir. Faktiki imkanlardan kənar müəyyən edilmiş aliment məbləği icra olunmayan və ya icrası çətinləşən öhdəlik yaratmaqla, uzunmüddətli perspektivdə uşağın maraqlarına da zidd nəticələrə gətirib çıxara bilər. Eləcə də aliment məbləğinin real imkanlardan kənar müəyyən edilməsi gələcəkdə aliment borcunun yığılmasına, icra tədbirlərinin tətbiqinə, inzibati və ya cinayət məsuliyyəti risklərinin yaranmasına səbəb ola bilər ki, bu da nə valideynin, nə də uşağın uzunmüddətli mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən biridir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli Qərarında qeyd edilmişdir ki,... nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Həmin Qərarda qeyd edilmişdir ki,... alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, aliment məbləğinin real imkanlardan kənar, yüksək həddə müəyyən edilməsi iddiaçının həm birinci rəsmi nikahından, həm də ikinci rəsmi nikahından anadan olmuş uşaqlarının maddi vəziyyətinə mənfi təsir göstərə bilər və həm də ədalətli sayıla bilməz. Bundan başqa, gələcəkdə alimentin ödənilməsi imkanını azalda bilər, aliment borcunun yığılmasına, icra tədbirlərinin tətbiqinə, inzibati və ya cinayət məsuliyyəti risklərinin yaranmasına səbəb ola bilər. Bu da nə valideynin, nə də uşağın uzunmüddətli mənafeyinə uyğundur. Bununla yanaşı, məhkəmə alimentin miqdarını müəyyən edən zaman hər iki valideynin maddi imkanlarını və eləcə də İddiaçı ikinci rəsmi nikahından anadan olmuş uşağının təminat səviyyəsinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X1 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, İddiaçı uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də alimentin miqdarının azaldılmayacağı təqdirdə bunun iddiaçının ikinci rəsmi nikahından anadan olmuş uşağının təminat səviyyəsinə və aliment ödəyən şəxsin maddi vəziyyətinə mənfi təsirini, aliment verməyə borclu olan iddiaçının (ata) aliment verməsinə dair maddi imkanlarını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...), ümumiyyətlə mütənasiblik, balans və faktiki vəziyyətə uyğunluq prinsiplərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı əsasında hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində azaldılmalı və tərəflərin rəsmi nikahından 21 aprel 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməlidir. (Qeyd: Məhkəmə alimenti 220 manat həddində müəyyən etmək qənaətinə gəldiyi üçün 2025-ci il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə hesablama aparmışdır...) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2715/2017 saylı, 11 sentyabr 2017ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-350/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərardadı əsasında hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində azaldılsın. Tərəflərin rəsmi nikahından 21 aprel 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(5-116)-30/2026
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-116)-30/2026
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver