Məhkəmə qərarları › İş №e-2(5-121)-55/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-55/2026

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-55/2026 08.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və əmlak tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış nikahın pozulmasına, birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasına, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh rəsmi iş yeri üzrə hər ay qazancının və ya bütün gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsinə, nikah dövründə əldə edilmiş “VAZ-21214” markalı, **-EU-*** dövlət nömrə nişanlı və “KİA Optima” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomaşınlara İddiaçı ½ hissədə pay hüququ tanınmaqla, əmlakların ½ hissədə dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə, mediasiya prosesi ilə bağlı xərclər üçün ödənilmiş 60 manat, məhkəməyə iddia ərizəsi verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 40 manat və vəkil xidmətinə görə ödənilmiş 325 manat vəsait olmaqla, ümumilikdə 425 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən olundu ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməmiş, tərəflərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), həmçinin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi) qeyd edilməmiş, həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumundan azad olunması barədə sübut əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, göstərilən hallar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən hallar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar