Məhkəmə qərarları › İş №e-2(5-121)-895/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-895/2026

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(5-121)-895/2026 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4, İddiaçı Cavabdeh qarşı aliment borcunun məbləğinin azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun müəyyən edilməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun məbləğinin azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş aliment məbləğinin xx.xx.2025-ci il tarixdən azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun olaraq 150 manat həcmdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qərarı ilə pozulmuşdur. Həmin məhkəmə qərarına əsasən, xx.xx.2017-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının dörddə bir hissəsi məbləğində aliment tutulması və Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı qəbul edilən zaman o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir rütbəsində həqiqi hərbi xidmətdə olmuş və daimi rəsmi gəlirə malik olmuşdur. Rəsmi gəliri 1200 manat civarında olmuşdur. 2019-cu il tarixdən hər ay onun maaşının dörddə bir hissəsi və il ərzində maaşına aldığı əlavələrdən aliment tutulmuşdur. Lakin “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən, yəni xidmət müddətinin başa çatması ilə əlaqədar olaraq, xx.xx.2025-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda daimi iş yeri yoxdur və rəsmi gəlir əldə etmir. Hal-hazırda yeganə gəlir mənbəyi veteran statusuna görə aldığı aylıq 80 (səksən) manat məbləğində təqaüddür. Həmin təqaüd də alimentin tutulması üçün hesablana bilməz. Mövcud maddi vəziyyəti əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə pisləşmişdir və əvvəl müəyyən edilmiş aliment məbləğini ödəmək imkanı yoxdur. xx.xx.2025-ci il tarixdən indiyədək iş axtarsa da yaşının çox olması səbəbindən heç bir yerdə iş tapa bilməmişdir. Cavabdeh ilə Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında aralarında barışıq sazişi bağlanmışdır. O, xx.xx.2025-ci il tarixdən etibarən rəsmi nikahdan dünyaya gəlmiş övladı X1 üçün cavabdeh tərəfə hər ayın sonu 150 (yüz əlli) manat məbləğində aliment ödəməyi öhdəlik götürmüşdür. Onun maddi vəziyyətində baş vermiş ciddi dəyişiklik alimentin azaldılması üçün əsas hesab edilməlidir. Bildirir ki, övladının saxlanılmasında iştirak etməkdən yayınmır. Lakin hazırkı işsiz və maddi çətin vəziyyəti nəzərə alınmaqla, alimentin əvvəlki məbləğdə ödənilməsi onun üçün mümkünsüzdür. Odur ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş aliment məbləğinin xx.xx.2025-ci il tarixdən azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun olaraq 150 manat həcmdə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli barışıq sazişinin surətindən görünür ki, İddiaçı xx.xx.2026-cı il tarixindən etibarən rəsmi nikahdan dünyaya gəlmiş övladı X1 üçün hər ayın sonu X3 150 manat ödəməyi öhdəlik götürmüşdür. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş aliment məbləğinin xx.xx.2025-ci il tarixdən azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun olaraq 150 manat həcmdə müəyyən edilməsini xahiş etsə də, iş materiallarında olan barışıq sazişindən görünür ki, tərəflər alimentin 150 manat ödənilməsinə dair xx.xx.2026-cı il tarixdən razılaşma əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcu məbləğinin xx.xx.2025-ci il tarixdən azaldılması və tərəflər arasında barışıq sazişi ilə müəyyən edilmiş aliment miqdarı həcmində müəyyən edilməsi barədə tələblə iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddiaçıya hazırki tələblə məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun məbləğinin azaldılması, aliment məbləğinin onun hazırkı maddi vəziyyətinə uyğun həcmdə müəyyən edilməsi tələblərinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, hazırki tələblə məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar