Məhkəmə qərarları › İş №e-2(5-123)-267/2026

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-123)-267/2026

18.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(5-123)-267/2026 18.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşağa görə aylıq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həcmində sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi – vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında mövcud olmuş nikah Göyçay Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən edilmişdir. Hazırda uşaqlar iddiaçı ilə birlikdə yaşayırlar və onların saxlanılması iddiaçının maddi vəsaiti hesabına təmin edilir. Cavabdeh isə uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılır. Uşaqların saxlanılması üçün yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər bir uşağa görə aylıq 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment ödəməyə razıdır. O, həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 700 manat təşkil edir və vergilər çıxıldıqdan sonra faktiki olaraq 598 manat gəlir əldə edir. Bu səbəbdən hər bir uşağa görə aylıq 150 manat aliment ödəmək imkanında olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər:

1. Göyçay 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli MŞG/MT059- 2026-00054 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan müəyyən olunur ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

2. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də fəhlə kimi çalışır və aylıq əmək haqqı 700 manat təşkil edir. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelunumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının: 8.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.5-ci bəndində qeyd edilmişdir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixdən etibarən 400 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə iş materiallarında olan sübutları, tərəflərin izahatlarını və tətbiq edilməli hüquq normalarını hərtərəfli, tam və obyektiv qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqlar – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının yanında yaşayır və onların saxlanılması faktiki olaraq iddiaçı tərəfindən təmin edilir. Cavabdeh isə uşaqların saxlanılması üçün mütəmadi maddi köməklik göstərmir. Məhkəmə nəzərə alır ki, cavabdeh rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olsa da, onun aylıq gəliri 700 manat təşkil edir və bu gəlir dəyişkən xarakter daşıyır. Bu səbəbdən alimentin sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan minimum əmək haqqının 0,7 misli həcmində aliment məbləği cavabdehin maddi imkanlarına uyğun deyildir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehin gəlirini, uşaqların ehtiyaclarını və onların əvvəlki təminat səviyyəsini nəzərə alaraq hər bir uşaq üçün minimum əmək haqqının 0,38 misli həcmində aliment müəyyən edilməsini ədalətli və əsaslı hesab edir. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 12 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də aliment həmin tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hər bir uşaq üçün aylıq 152 manat olmaqla, iki uşaq üçün ümumilikdə aylıq 304 manat təşkil edir. Bu məbləğin bir il üzrə cəmi 3648 manat təşkil edir. Bu səbəbdən dövlət rüsumu 56.48 manat təşkil edir. Odur ki, həmin məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göyçay 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli MŞG/MT059- 2026-00054 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarından müəyyən olunur ki, ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən Göyçay 1 saylı Mediasiya Təşkilatına ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyi nəzərə alınaraq ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə aylıq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,38 misli həcmində sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 56.48 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikasının “Elektron məhkəmə” informasiya sistemi üzərindən yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Camalzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar